Fransa və İran: Cənubi Qafqazda yeni ortaqlıq?
Azərbaycan Müdafiə Nazirliyinin 30 mart 2023-cü ildə yayımlanan məlumatında Fransa və İran Ermənistanın 2 əsas müttəfiqi kimi qeyd olunur. Maraqlıdır ki, Cənubi Qafqazda strategiyalarını Ermənistan mərkəzli quran İran və Fransanın maraqları bir sıra regional məsələlərdə də üst-üstə düşür. Bu da Fransa və İran ikilisinin bağlı qapılar arxasında Cənubi Qafqaz strategiyalarını koordinasiya edib etmədiyi barədə suallar yaradır.
İlk olaraq, həm Fransa, həm də İran Türkiyənin Cənubi Qafqazda təsirlərinin artmasından çox ciddi narahatdır. Ankara son illərdə həm Azərbaycan, həm də Gürcüstanda siyasi və iqtisadi cəhətdən dayaqlarını möhkəmləndirə bilib. İrəvan və Ankaranın normallaşması halında Türkiyənin iqtisadi olaraq Ermənistanda da güclənməsi qaçılmaz olacaq. Bunu nə Tehran, nə də Paris istəmir. Yəni, Türkiyə kontekstində İran və Fransanın maraqları kəsişir.
İkincisi, Rusiyanın regiona təsirlərinin azalması fonunda ABŞ Cənubi Qafqaza diqqətini artırıb. Fərqli səbəblərə görə nə İran, nə də Fransa Vaşinqtonun Ermənistanda aparıcı güc olmasını istəmir. Fransa Rusiyanın zəifləməsindən sonra ictimai dəstəyinin güclü olduğu Ermənistanın protektoru olmaqda maraqlı görünür, ona görə ABŞ-ın ölkədə təsirlərini artırmasını istəmir. İranın da sərhədlərinə ABŞ-ın yerləşməsindən narahat olduğu barədə xüsusi danışmağa ehtiyac yoxdur. Deyə bilərik ki, İran və Fransanın Ermənistanda meydanı Vaşinqtona verməməklə bağlı ortaq maraqları var. Bənzər proses Livanda da müşahidə olunur. Fransa Livanda protektorluq rolunu ələ keçirmək arzusundadır və bu məqsədlə İran dəstəkli Hizbullahla da əməkdaşlıq etməkdən də çəkinmir. Makronun son Livan səfərində Hizbullahla da görüşdüyü məlumdur.
Üçüncü kontekst Britaniya-Fransa rəqabətidir. Həm Fransa, həm də İran Britaniyanın Cənubi Qafqazda təsir gücünü artırmasına qarşıdır. Xüsusilə, getdikcə dərinləşən Britaniyanın Türkiyə ilə yaxınlaşması Tehran-Paris ikilisini əməkdaşlığa sövq edə bilər.
Tehran prizmasından baxdıqda Rusiya kimi İran üçün də NATO müttəfiqləri arasında parçalama strategiyası önəmlidir. Cənubi Qafqaz Türkiyə, Fransa, Britaniya və ABŞ kimi NATO ölkələrinin maraq göstərdiyi bir regiondur və İran Fransa ilə əməkdaşlıqla müttəfiqlər arasında bölünmə yaranmasında maraqlı ola bilər. Azərbaycanı regiona qeyri-region ölkələrini gətirməkdə ittiham edən və təhdid dilində danışan İran rəhbərliyinin Fransanın Ermənistandakı aktivliyinə reaksiyası isə formal xarakter daşıyır. Fransanın təşəbbüsü ilə Avropa İttifaqının Ermənistan sərhədlərinə monitorinq missiyası göndərməsinin İranı cidd şəkildə narahat etməməsi də diqqət çəkir.
Ortaq maraqlar və ortaq təhdidlər əməkdaşlıqların yaranmasının, ittifaq və paktların qurulmasının əsas səbəbidir. Bu qədər ortaq maraq və ortaq təhdidlərin olduğu bir vəziyyətdə Fransa və İranın Cənubi Qafqaz üzrə koordinasiyada olduqları iddiası da gözardı edilməməlidir.