Astanadan Tehrana: Nəticə verməyən üçlük formatı
İyulun 19-da Tehranda İran, Türkiyə və Rusiya dövlət başçısının üçtərəfli görüşü keçirilib. Görüşün əsas mövzusu Suriya vətəndaş müharibəsinin gedişatı olub. Məlum olduğu kimi, bu üç ölkə 2015-ci ildən bəri “Astana prosesi” kimi də tanınan Suriya münaqişəsinin həll edilməsi platformasında ortaq səylər göstərir.
Elə budəfəki görüş də ciddi fikir ayrılıqları fonunda baş tutub. Türkiyənin bir müddətdir Suriyanın şimalında yeni bir hərbi əməliyyata hazırlaşdığı, lakin İran və Rusiyanın bu əməliyyata sərt şəkildə qarşı çıxdığı məlumdur. Tehran görüşünün bu anlaşmazlığı həll etməyəcəyi ilə bağlı gözləntilər özünü doğrultdu deyə bilərik. İran və Rusiya tərəfi Suriyada yeni bir əməliyyatın stabilliyi pozacağı, Türkiyə tərəfi isə terrorizmə qarşı mübarizəyə davam ediləcəyi ilə bağlı mövqeyini qorudu.
Ümumiyyətlə, artıq yeddincisi keçirilən “Astana formatı”nın münaqişənin həlli ilə bağlı effektivliyi suallar doğurur. Üç ölkənin Suriyadakı başlıca yerli aktorları bir araya gətirərək Konstitusiya Komissiyası qurmaq vədləri də uzun müddətdir ki, nəticəsiz qalıb. Digər tərəfdən, “Astana formatı” Suriya münaqişəsinin həll edilməsindən daha çox Moskva, Ankara və Tehranın bir-birilə “geosiyasi sövdələşmə” məqsədilə istifadə etdikləri vasitəyə çevrilib. Hazırda isə görünən odur ki, üçlük format nəinki Suriya münaqişənin həllini qadirdir, hətta tərəflər arasındakı maraq toqquşmalarını balanslaşdırmaqda da effektiliyini itirib. İddia edə bilərik ki, bu format üç ölkənin Suriya məsələsindəki anlaşmazlıqlarının birbaşa silahlı toqquşmalara proyeksiya olunmasını gecikdirməyə xidmət edir.
Başqa ifadə ilə, Suriya meydanı regiondakı böyük güclər tərəfindən hələ də şahmat taxtası kimi görülməyə davam edir. Reallıq da budur ki, Suriya münaqişəsinin suriyalılarsız müzakirəsindən fərqli bir nəticə hasil olacağını gözləmək yersizdir.