Rusiya-Ukrayna müharibəsinin uzanması Suriyadakı dinamikaları dəyişə bilərmi?
Ukraynada aparılan hərbi kampaniyanın uzanmasının Rusiyanın aktiv olduğu digər cəbhələrdən Şərqi Avropaya dəstək qüvvələr cəlb etməsinə yol açacağı ilə bağlı proqnozlar özünü doğrultmaqdadır. Son günlərdə bir sıra media orqanlarında Rusiyanın Ukraynaya göndərmək məqsədilə Suriyanın müxtəlif bölgələrindəki hərbi bazalardan hərbçilərini çıxarması ilə bağlı məlumatlar dərc olunur.
Rusiyanın hərbi mövcudluğunda baş verən dəyişiklilər Suriyada maraqlı olan digər ölkələrin manevr imkanlarını artıra bilər. İddialara görə, Rusiyanın boşaltdığı mövqelərə İran İslam İnqilabi Keşikçilər Korpusunun (Sepah) hərbçiləri və Livan Hizbullahının silahlıları yerləşdirilir. Sözügedən mövqe dəyişikliklərinin Suriyanın mərkəzində, Hüms quberniyası (mühafəzə) ərazilərində müşahidə olunduğu bildirilir. Belə bir situasiyada Suriya prezidenti Bəşər Əsədin 8 mayda Tehrana səfər edərək İran ali lideri Əli Xameneyi ilə görüşməsi xüsusi diqqət çəkir. Əsədin 2 il sonra Tehrana ilk səfərinin əvvəlcədən elan olunmaması mətbuatda yayılan son iddiaları təsdiqləyir. Aydındır ki, Rusiyanın diqqətinin Ukraynaya cəmləşdiyi bir vaxtda Əsəd rejimi İrandan gələn dəstəyin artmasına ehtiyac duyur.
Yeni yaranmış əlavə manevr imkanları son illərdə Rusiya tərəfindən Suriyada sıxışdırılan və arxaplana salınan Tehranı məmnun etməyə bilməz. Lakin Suriyada mövcudluğu artırmaq İran üçün yeni məsuliyyətlər və əlavə maddi və hərbi xərclər deməkdir. Çünki bu proses həm də Suriyada İran mövcudluğundan narahat olan qüvvələrin, xüsusilə İsrailin təzyiqi artırmasına səbəb olacaq. İsrailin 2013-2021-ci illər arasında Suriyaya endirdiyi yüzlərlə aviazərbələr nəticəsində 600-dən çox Suriya və İran silahlısı öldürülüb. Ölənlər arasında Sepahın yüksək rütbəli zabitləri də var. Aviazərbələrin İsrail və Rusiya arasında koordinasiya edildiyi, İranın isə Moskvanın bu mövqeyindən xeyli narazı olduğu məlum idi. Son proseslər nəzərə alınarsa, İsrailin Suriya hava məkanı üzərində hərəkət qabiliyyətinin daha da arta biləcəyi, İranın genişlənməyə çalışmasının Təl-Əviv tərəfindən təhdid kimi görüləcəyi, bu məsələnin də Suriyada İsrail hava əməliyyatlarının kəskin şəkildə artmasına yol aça biləcəyini təxmin etmək olar. Bu səbəbdən də, yəqin ki, Tehran da Suriyada yeni mövqelərdə aktivləşmənin canlı qüvvə və hərbi texnika itkisini artıra biləcəyi reallığının fərqindədir. İranın Suriyada yetərincə hava qüvvələri və havadan müdafiə sistemlərinin olmaması Tehranın regiondakı manevr imkanlarını xeyli məhdudlaşdırır.
Əsəd rejiminin İranın dəstəyinə daha çox arxalanmağa çalışması isə son dövrlərdə Suriya və Ərəb ölkələri arasında davam edən yumşalma proseslərinə ciddi mənfi təsir göstərə bilər. 12 il sonra ilk dəfə mart ayında Körfəzə səfər etməsi Əsədin Ərəb monarxları tərəfindən yenidən legitim siyasi fiqur kimi qəbul edilməyə başlanmasının ən bariz sübutu idi. Suriyanın bərpası və yenidən qurulması üçün Körfəz sərmayesinə ciddi ehtiyac var. Körfəz monarxları isə Əsədlə normallaşmanın İranın Suriyadakı təsirlərini azalda biləcəyi qənaətindədir. Körfəz-Dəməşq normallaşması həm də Rusiyanın maraqları çərçivəsindədir və bu proses Moskvanın koordinasiyası ilə aparılır. Lakin son proseslər bu düsturun dəyişə və ya uğursuzluqla nəticələnə biləcəyinə işarə edir. Belə bir reallıq qarşısında Əsədin İrana getməsi rejimin təhlükəsizliklə bağlı çox ciddi narahatlıqlarının olduğunu sübut edir.
Rusiyanın Suriyadakı mövqelərinin zəifləməsindən məmnun olan digər bir ölkə isə, heç şübhəsiz ki, Türkiyədir. Ankaranın son proseslərdə təkcə gözləmə mövqeyində qalmaması, Rusiyanın Suriya ilə birbaşa təmaslarını kəsməyə çalışması diqqət çəkir. Ukrayna müharibəsinin ilk günlərində Montrö Boğazlar Konvensiyası çərçivəsində Rusiya hərbi gəmilərinin Qara dənizə daxil olmasını və çıxışını məhdudlaşdıran Türkiyə faktiki olaraq Rusiyanın Suriya sahillərindəki hərbi limanı ilə əlaqəsini kəsmişdi. Aprel ayının sonlarında isə Ankara öz hava sahəsindən Rusiyanın Suriyaya hərbi və mülki təyyarələrlə hərbçi daşımasına qadağa qoyduğunu açıqladı. Beləliklə də, Rusiyanın Suriya ilə dəniz və Türkiyə üzərindən hava əlaqəsi kəsildi. Bununla yanaşı, son həftələrdə Türkiyə Suriya ilə sərhədə yaxın bölgələrdə yerləşən Suriya Demokratik Qüvvələrinin (SDF) mövqelərinə intensiv şəkildə artilleriya zərbələri endirməyə başlayıb.
Bütün bu indikatorlar Ankaranın ortaya çıxacaq fürsətdən maksimum yararlanmağa çalışacağını göstərir. Təbii ki, Türkiyənin əsas hədəfləri SDF/YPG-nin Rusiya ilə birlikdə nəzarət etdiyi hərbi mövqelərdir. Burada əsasən Fərat çayının qərb sahillərindəki Tel Rıfat, Mənbic və Türkiyə və Rusiyanın birgə patrul yerinə yetirdiyi Eyn ül-Ərəb (Kobani) bölgələri önəmlidir. Təxmin etmək olar ki, bu istiqamətlərdən Rusiyanın önəmli ölçüdə çəkilməsi Ankaranın hərbi əməliyyatlara başlamasının önünü aça bilər.
Təbii ki, hazırkı reallıqlar Rusiyanın Suriyadan tamamilə çəkilməyə hazırlaşdığı kimi oxunmamalıdır. Suriyadakı Tərtus hərbi dəniz donanması və Hmeymim hərbi hava bazası 49 illik Rusiyanın mülkiyyətinə verilib. Rusiya üçün katastrofik ssenarilər baş vermədikcə Moskvanın bu bazalardan çıxması real deyil. Lakin Ukraynadakı mövcud gedişata nəzər saldıqda, Moskva nəzdində Suriyanın prioritet əhəmiyyətinin azalmasının qaçılmaz olduğunu iddia etmək olar. Bundan əlavə, Rusiyaya qarşı Suriyadan ikinci cəbhə açılacağı ilə bağlı ekstremal proqnozlar da olduğunu qeyd etmək yerinə düşər. Burada xüsusilə, İdlibdə möhkəmlənən cihadçı “Heyəti Təhrir Şam” (HTŞ) qruplaşmasının Rusiyaya yeni hərbi problemlər yaratması ehtimalı ön plana çıxarılır. Rusiyaya qarşı olmasa belə, HTŞ-nin Əsəd rejimi və İran dəstəkli qüvvələrə qarşı aktivliyinin ciddi miqyasda artırması gözlənilir.
Mövcud situasiya Suriyada maraqlı olan qüvvələr və yerli aktorlar arasında fundamental mövqe dəyişikliklərinin ola biləcəyinə işarə edir.