Azərbaycan üçün NATO çətiri?

Azərbaycan üçün NATO çətiri?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın erməni işğalından azad edilmiş Qarabağı ziyarət edən ilk xarici lider olması təəccüb doğurmamalıdır, ələlxüsus Ankaranın bu işğala son qoyulmasında həlledici rolunu nəzərə alsaq. Ərdoğanın 15 iyun Şuşa səfəri yalnız simvolik elementləri deyil, həm də daha geniş geosiyasi nəticələri özündə ehtiva edir.

Əliyev və Ərdoğanın Şuşada imzaladığı müqavilə iki qardaş xalq arasında onsuz da yüksək səviyyəli münasibətləri yeni bir səviyyəyə qaldırmağa hesablanıb. Əvvəlcədən genişmiqyaslı bir razılaşma kimi elan edilmiş sənəd, ikitərəfli əlaqələrin daha da genişləndiriləcək bir çox aspektlərini əhatə edir.

Şuşa razılaşmasının ən maraqlı müddəalarından biri qarşılıqlı təhlükəsizlik zəmanətləri ilə bağlıdır. Azərbaycan və Türkiyənin müdafiə strukturları uzun əməkdaşlıq tarixinə malik olsalar da (bu əməkdaşlığın zirvəsi 2020-ci il Qarabağ müharibəsinə təsadüf etmişdir), üçüncü ölkənin təcavüzünə qarşı qarşılıqlı hərbi yardım demək olar ki, hərbi pakt anlamına gəlir.

NATO-nun əsas sütunlarından birinin təhlükəsizlik zəmanətini təmin etməklə, Azərbaycan dolayı yolla NATO çətirini də təmin etmiş olur (bu kontekstdə Ərdoğanın səfəri və Şuşa sazişinin NATO sammitindən dərhal sonra baş verməsini də nəzərə alaq). Bəlkə də dolayı bir NATO çətiri, xüsusən də NATO-ya tamhüquqlu üzv olmağa can atan, lakin hələ də buna nail olmayan digər ölkələr, xüsusən Gürcüstan və Ukrayna ilə bağlı da nümunə kimi tətbiq oluna bilər.