Fransa-Türkiyə rəqabətinin Qafqaz cəbhəsi
25 noyabrda Fransa Senatı qondarma "Dağlıq Qarabağ Republikası"nın tanınması ilə bağlı tövsiyə xarakterli qətnamə qəbul edib. Qətnamənin qəbul edilməsinin əsas motivasiyalarından biri də Fransa və Türkiyə arasındakı geosiyasi rəqabət ola bilər.
Bu iki dövlət arasındakı güc mübarizəsi son illərdə dünya geosiyasətinin başlıca dinamikalarından birinə çevrilib. Türkiyənin fəaliyyətlərinin Aralıq dənizindən Afrikanın mərkəzinə doğru genişləməsi buradakı əsas söz sahibi Fransanı çox ciddi narahat edir. Rəsmi Paris də, Ankaranın Afrikada genişləməsinə Yaxın Şərqdə Türkiyəni əhatələmək siyasəti ilə cavab verməyə çalışır. Onlar arasında mübarizə Liviya, Livan, Şərqi Aralıq və Qərbi Afrika cəbhələrində şiddətli hiss olunmaqdadır.
Qarabağ münaqişəsinin əmələ gətirdiyi Qafqaz cəbhəsi də Türkiyə-Fransa rəqabətinin çox aşkar hiss edildiyi cəbhələrdən biridir; burada hər iki ölkə münaqişə tərəflərinin ənənəvi və ən yaxın müttəfiqləridir. Türkiyə bütün imkanları ilə Azərbaycanı, Fransa isə Ermənistanı dəstəkləyir. Fransa həm də münaqişənin həllində vasitəçi olan 3 ölkədən biridir. Bununla belə, Qarabağ müharibəsinə son qoyan 10 noyabr bəyanatında Fransanın heç iştirakı olmadı, eləcə də Fransanın açıq şəkildə dəstəklədiyi Ermənistan ağır məğlubiyyətə uğradı. Bu azmış kimi bəyanatda Türkiyənin iştirakı da öz əksini tapdı. Başqa sözlə, 10 noyabr bəyanatı Fransa üçün “soyuq duş” effekti yaratdı.
Elə buna görə də, Qafqaz cəbhəsində Türkiyə qarşısında ciddi xallar itirən Fransa, Qarabağ münaqişəsini daha çox diqqət mərkəzində saxlaması və buradakı iştirakını mümkün qədər çox təmin etməyə etməyə çalışması başa düşüləndir.