Fransanın Qarabağ münaqişəsi ilə bağlı ambisiyaları və reallıqlar
Fransanın Azərbaycan torpaqlarında davam edən hərbi əməliyyatlar barədə ədalətsiz mövqe sərgiləməsi Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurur. Fransa, Ermənistan-Azərbaycan arasındakı sülh prosesinin vasitəçilərindən biridir və rəsmi Parisin tərəfli mövqe sərgiləməsi onun vasitəçilikdən daha çox, himayəçilik prinsipini əsas tutduğunu göstərir. Əslində qəribə olan Fransanın mövqeyi deyil, onun hələ də vasitəçi kimi fəaliyyət göstərməsi, ya da elə görünməyə çalışmasıdır. Bu səbəbdən, Dağlıq Qarabağın azərbaycanlı icmasının bu gün, oktyabrın 2-də Fransanı vasitəçi kimi tanımadığını bəyan etməsi gecikmiş də olsa, çox yerində qərardır.
Təbii ki, Fransanın uzun illərdir ki, münaqişə ilə bağlı formalaşmış mövqeyinin Prezident Emmanuel Makron tərəfindən dəyişdirilməsini gözləmək reallıqdan uzaq olardı. Hazırda daxili siyasətdə sıxışdırılmış vəziyyətdə olan Makronun oturuşmuş siyasi ritorikalardan istifadə etməyə çalışması anlaşılandır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə siyasi rəqabətinin çox kəskinləşdiyi bir dövrdə Makron Fransanın mövcud ermənipərəst mövqeyini daha da sərtləşdirməkdə xeyli maraqlıdır.
Buna baxmayaraq, Türkiyənin “oyun zonası”na daxil olan Cənubi Qafqazda Makronun praktiki olaraq meydanda hansısa addım atması Fransa baxımından çox risklidir. Regionun coğrafi yaxınlığı və region əhalisinin etnik-dini strukturunun böyük əksəriyyətinin dəstəyi Türkiyənin lehinədir. Təbii ki, belə bir qeyri-bərabər situasiyada Fransanın həlledici addımlar atacağını gözləmək çətindir.