Növbəti kürd muxtariyyəti: bu dəfə Suriyada?
İyun ayının 18-də ABŞ-ın vasitəçiliyi ilə Suriyanın iki böyük kürd partiyası arasında razılıq əldə olunub. Demokratik Birlik Partiyası (PYD) və Kürd Milli Məclisi (ENKS) arasında konsensusun yaradılması artıq Suriyada da Şimali İraqda olduğu kimi kürd muxtariyyətinin qurulacağı ehtimalından xəbər verir. Bu proses, 1992-ci Şimali İraqda Bərzani ailəsinə məxsus Kürdüstan Demokratik Partiyası (KDP) və Tələbani ailəsinin Kürdüstan Vətən İttifaqı (PUK) arasındakı analoji razılığı xatırladır.
Suriyadakı prosesinin uzun müddətdir ki, müzakirə olunduğu və danışıqlarda Fransa və Rusiyanın da yaxından iştirak etdiyi məlumdur. Buradakı digər maraqlı məqam, Türkiyənin terror təşkilatı kimi qəbul etdiyi PYD və Türkiyə ilə isti münasibətləri olan ENKS-nin razılığa gəlməsidir. Və Ankaranın bu prosesə hansı səviyyədə reaksiya verəcəyi hələlik məlum deyil. İstənilən halda Suriyada kürd muxtariyyətinin yaradılması ABŞ-ın qısamüddətli hədəflərindən biridir və Vaşinqton bu hədəfə xeyli yaxınlaşıb.