Koronavirus və qlobal dəyişikliklər: Yeni “Yeni Kurs”
Koronavirus pandemiyası və ölkələrin virusun yayılmasına qarşı reaksiyaları dünyanı elə bir nöqtəyə gətirdi ki, artıq keçmiş dünyaya geri dönüş mümkün deyil. Böhranın ortasında olmağımız bəzi mövzular şişirtsə də, hökumətlərin müdaxiləsinin miqyası baş verən bəzi dəyişikliklərin geridönülməz olacağını göstərir. Uzunmüddətli təsirlərə malik bəzi tendensiyalara nəzər yetirərək onları dəyərləndirək.
Qərb hökümətlərinin özəl sektorlara çoxmilyardlı (ABŞ-da isə hətta trilyonlarla ölçülən) kömək paketlərini çatdırmasından sonra pandemiyadan əvvəlki sərbəst neoliberal tənzimləmə rejiminə qayıtmağa hazır olacağını düşünmək sadəlövhlükdür. Əksər iqtisadi sahə və şirkətlərin dövlət köməyi olmadan böhrandan sağ çıxmağa şansı olmadığından, onlar bunun müqabilində daha çox planlaşdırmaya əsaslanan və yuxarıdan aşağıya idarə olunan iqtisadi modelə keçidi təmin etməli olacaq. Fiskal və monetar sabitliyin təmin olunması külli miqdarda resursların biznes və vətəndaşlardan dövlət tərəfinə, dövlət tərəfindən isə ən böyük zərər çəkmiş sektor və insanlara köçürülməsini, eləcə də strateji əhəmiyyətli araşdırmalara (təkcə tibb deyil, həm də digər sahələrdə) daha çox vəsaitin mütəmadi olaraq yönləndirilməsini tələb edəcək. “21-ci əsrdə kapital” adlı kitabında çağdaş fransız iqtisadçı Tomas Piketti (Thomas Piketty) 20-ci əsrin müharibə və inqilablarının səbəb olduğu vəsait yerdəyişməsinin miqyasını və onun sonrakı rifah dövləti və kütləvi istehlak iqtisadiyyatını necə təmin etdiyini nümayiş etdirmişdir. Eyni zamanda, bir sıra ekspertlərin son illərdə qeyd etdiyi kimi, Çin çağırışı ilə ayaqlaşmaq üçün Qərb dövlətləri daha mərkəzləşdirilmiş və məlumat (data) əsaslı sosial-iqtisadi modelə keçməyə məhkumdur. Böyük ehtimal ki, post-pandemiya dövründə sözügedən keçid qaçılmaz olacaq.