Taliban hakimiyyətinin ikinci ili: Tarix təkrarlanır?

Taliban hakimiyyətinin ikinci ili: Tarix təkrarlanır?

Tarix boyu əcnəbi dövlətlərin marağını cəlb etmiş və səngiməyən döyüşlərə meydan olmuş Əfqanıstan çətin relyef xüsusiyyətləri, yerli əhalinin müqaviməti və s. kimi səbəblərdən imperiyalara baş əymədən müstəqil kimliyini qoruyub saxlaya bilmişdir. Dənizə çıxışı olmayan bu dağlıq ölkəni nəzarəti altına almağa çalışmış sonuncu böyük dövlət ABŞ olmuşdur. 20 ilin sonunda bu cəhdin əbəs olduğunu amerikalılar da başa düşərək ölkəni tərk etmiş və beləcə, Əfqanıstan tarixində yeni səhifə açılmışdır.

Əfqanıstanda ABŞ-ın buraxdığı güc boşluğunu Taliban böyük çeviklik göstərərək doldurmuş və ikinci dəfə ölkənin idarəsinə yiyələnməyi bacarmışdır. Bir neçə həftə əvvəl isə Taliban hakimiyyətinin 2-ci ili tamamlanıb. Bu məqalədə son 2 ildə taliblərin hakimiyyəti altındakı Əfqanıstanda nələrin baş verdiyini və bu vəziyyətin gələcəkdə nələrə yol aça biləcəyi araşdırılacaq.

 

Tarixi kontekst

10 il boyunca davam edən Sovet müdaxiləsi sərt müqavimətlə üzləşdiyi, xüsusən Qərb tərəfindən dəstəklənən dinçi mücahidlər SSRİ ordusunu ağır itkilərə məruz qoyduqları üçün sözügedən qoşunlar 1989-cu ildə Əfqanıstanı tərk edir. Beləcə, uzun illər davam edəcək vətəndaş müharibəsinə start verilmiş olur. SSRİ-yə arxalanan hakimiyyətin devrilməsinin ardınca müxtəlif dini qruplar arasında hakimiyyət uğrunda mübarizə başlamış, 1996-cı ildə paytaxt Kabili ələ keçirməklə Taliban bu yarışda üstünlük əldə etmişdir. Buna baxmayaraq, təşkilatın legitimliyini Pakistan, Səudiyyə Ərəbistanı və BƏƏ-dən başqa heç bir dövlət tanımamışdır.

Molla Məhəmməd Ömərin qurucusu olduğu təşkilatın adı farsca və pəştunca “tələbələr” mənasına gəlir ki, bu ad seçimi də təsadüfi deyil. Çünki ilk dövrlərdə Taliban başlıca olaraq Pakistana sığınmış və oradakı mədrəsələrdə dini təhsil alan əfqan tələbələri öz sıralarına cəlb edirdi. Əl-Qaidə ilə ideoloji yaxınlığı olan təşkilat qısa bir müddət sonra sırf bu səbəbdən mənfi mənada bütün dünyanın diqqətini cəlb edəcəkdi. 2001-ci ilin 11 sentyabrında Əl-Qaidənin Qoşa Qüllələrə və Pentaqonun binasına təşkil etdiyi hücum ABŞ başda olmaqla NATO ölkələrinin Əfqanıstana hərbi müdaxiləsini şərtləndirmişdir.

Müdaxilə nəticəsində ABŞ qüvvələri bütün ölkə ərazisini çox vaxt sərf etmədən nəzarətə götürsə də, ölkədə sabitliyi təmin edəcək mərkəzi hökumət və ordu inşası missiyasını eyni səlisliklə icra edə bilməmişdir. Heç bir əyaləti və ya şəhəri tam idarə etməsə belə, ucqar ərazilərdə varlığını qorumağı bacarmış Taliban mərkəzi hökumətə qarşı etimadın zəifliyi, sərhəd qaçaqmalçılığının rahatlığı, tayfalararası münasibətlər və digər faktorlardan faydalanaraq müttəfiq qoşunları və Əfqanıstan ordusuna qarşı tez-tez hücumlar təşkil edirdi. Əl-Qaidənin başçısı Üsamə bin Ladenin 2011-ci ildə Pakistanda zərərsizləşdirilməsi olduqca xərcli olan Əfqanıstan missiyasının əhəmiyyətini Qərb cəmiyyətlərinin nəzərində daha da sual altında qoydu. Müdaxilənin əsas səbəbinin Əl-Qaidənin bu ölkədə möhkəmlənməsinin qarşısını almaq olduğu, Əfqanıstanda yeni dövlət, ordu, hətta milli kimlik yaratmaq kimi məsələlərin isə sonradan gündəliyə salındığı və mühüm olmadığı fikri getdikcə daha çox dəstək toplamış, nəticədə Tramp administrasiyası ilə Taliban təmsilçiləri arasında 29 fevral 2020-ci ildə imzalanmış Doha razılaşmaları ilə Vaşinqton qoşunlarını Əfqanıstandan çıxaracağını bəyan etmişdir. Tramp elə həmin il keçirilən seçkilərdə məğlub olduğundan, bu prosesin icrası Bayden administrasiyasının üzərinə düşmüşdür. 2021-ci ilin avqustunda tamamlanan və tələsik olması, evakuasiya olunmalı olan bəzi əfqanların Talibanın ümidinə tərk edilməsi kimi səbəblərdən sərt tənqid olunan bu missiya Talibanın Əfqanıstanda şəksiz hakimiyyət qurmasına gətirib çıxarmışdır.

 

Daxili vəziyyət

Heç bir etnik qrupun mütləq çoxluq təşkil etmədiyi, mozaik bir demoqrafiyaya sahib Əfqanıstanda idarəçiləri və üzvlərinin çoxu pəştunlardan ibarət, həyatları döyüşərək keçmiş taliblərin birdən-birə dinc bürokratik vəzifələrə gəlməsi, habelə Taliban daxilində Haqqani, qurucu Molla Ömərin oğlu Molla Yaqub, Heybətullah Axundzadə, Əbdülqani Bəradər kimi nüfuzlu şəxslər arasında güc çəkişməsi ehtimalı bu təşkilatın hakimiyyətə gəldikdən sonra həm öz içində, həm də ölkə üzrə sabitliyi təmin edə bilməyəcəyini və xaosa yuvarlanacağını deməyə əsas verirdi. Lakin Əfqanıstan İslam Əmirliyinin 2 illik mövcudluğu nəzərdən keçirildikdə, vəziyyətin heç də təxmin edildiyi qədər qeyri-sabit olmadığı, Talibanın öz daxili iyerarxiyasını mühafizə edərək bütün ölkə ərazisinə tam nəzarət etdiyi və müxalif səsləri susdurduğu aydın olur. Taliban hakimiyyətinin ilk 10 ayında döyüş, partlayış və digər zorakılıq hallarının sayı keçən ilin eyni dövrü ilə müqayisədə 5 dəfə azalmışdır. Həmçinin, uzun müddətdir davam edən münaqişə nəticəsində evlərini tərk etməli olmuş məcburi köçkünlərin sayında da artım müşahidə olunmur.

Bununla belə, ölkədəki hər şeyin qaydasında olduğunu demək qeyri-mümkündür. ABŞ və digər NATO qoşunlarıyla birlikdə beynəlxalq təşkilatların çoxu da Əfqanıstanı tərk etdiyi və Taliban rejimini hələ də heç bir dövlət ölkənin legitim hakimiyyəti kimi tanımadığı üçün onsuz da ürəkaçan olmayan iqtisadi vəziyyət xeyli pisləşib. Dünya Qida Proqramı 2023-cü ilin mart ayında 13 milyon insana qida yardımı həyata keçirirdisə, iyul ayının əvvəlində bu göstərici 5 milyona enib. Qurumun ölkə ərazisində 15 milyon aclıqla üzləşən insan olduğuyla bağlı məlumatı nəzərə alındıqda, təqribən 10 milyon insanın, yəni ölkə əhalisinin ¼-nin qidalanma kimi ən təməl ehtiyacını qarşılaya bilmədiyini görmək olar. Təşkilatın fəaliyyətinə qışda da davam edə bilməsi üçün 1,2 milyard $ maliyyə resursuna ehtiyac duyulur. Beş yaşdan kiçik 3,2 milyon uşaq natamam qidalanmadan əziyyət çəkir. BMT İnkişaf Proqramının 2022-ci ildə yayımladığı hesabata görə, ölkədəki, demək olar ki, hamı yoxsulluq həddindən aşağı səviyyədə həyat sürür. Taliban hökuməti keçən il 2,7 milyard $ həcmində ilk büdcəsini açıqlasa da, 520 milyon $-lıq kəsrlə üzləşib. Ölkəyə hər həftə 40 milyon $ miqdarında maliyyə yardımı göstərilir ki, bu yardım əsasən yerli valyuta olan əfqaninin dəyərinin sabit saxlanılması üçün xərclənir. Bundan başqa, Əfqanıstanın 7 milyardı ABŞ və 2 milyardı Avropa banklarında olmaqla ümumilikdə 9 milyard $ həcmindəki hesabları dondurulub. Əmirliyin narkotik tərkibli xaşxaş əkinini qadağan etməsi xüsusən cənub bölgələrində yaşayan əkinçilərin əsas gəlir mənbəyini itirmələrinə səbəb olub. İqtisadi vəziyyətin ağırlaşmasında pandemiya və 3 ildir davam edən quraqlığın da payı var.

Talibanın hakimiyyətə qayıdışından ən çox əziyyət çəkən əhali qrupu isə qadınlardır. Son 2 ildə qadın haqlarını məhdudlaşdıran 50-dən çox qərar qəbul edib ki, bu da hər ay 2-dən çox bu cür qərarın verildiyi deməkdir. Bunlardan bəziləri qadınların orta təhsil almaq, dövlət vəzifələrində çalışmaq, ictimai yerdə niqabsız gəzmək, kişi qəyyum olmadan səfər etmək, yerli və xarici QHT-lərdə çalışmaq kimi hüquqlardan məhrum olunmalarıdır. Bundan başqa, Taliban hökuməti məişət zorakılığına məruz qalan qadınların sığındığı təhlükəsiz evləringözəllik salonlarının da fəaliyyətinə son verib. Hazırki vəziyyət bəzi mütəxəssislər tərərfindən gender əsaslı aparteid siyasəti kimi də qiymətləndirilir.

Talibanın gəlişindən sonra təzyiqlərə məruz qalan digər qrup türk-monqol əsilli, şiə həzaralardır. Əfqanıstanın Həzaristan və ya Həzaracat da adlandırılan mərkəzi bölgələrində məskunlaşan bu xalq ölkədəki sünni çoxluqdan fərqli olaraq şiə İslamı mənimsəyib. Taliblər sələfilikdən təsirlənmiş hənəfi-sünni təriqəti olan deobəndiliyin yetirmələri olaraq şiə İslamla kəskin fikir ayrılıqlarına sahibdirlər. Talibanın 90-cı illərdəki ekstremist meyilləri nisbətən zəifləsə də, indi də Kərbəla döyüşünün ildönümünün qeyd olunduğu Aşura mərasimlərinə qarşı məhdudlaşdırıcı siyasət davam etdirilir. Keçən ay yayımlanan bir videoda isə, əzadarlıq yürüşündə iştirak edən azyaşlı uşağın taliblər tərəfindən güllələndiyi iddia olunur.

Ölkədəki digər vacib problem isə terror aktlarıdır. Xüsusən Əfqanıstan və Pakistanda aktivlik göstərən, İŞİD-lə əlaqəli Xorasan Vilayəti İslam Dövləti (XorVİD) terror təşkilatı 2021-ci ilin mayında şiə həzara məhəlləsində, qızlar məktəbdən çıxarkən təşkil olunan bomba hücumunda 90, eyni ilin avqustunda, ABŞ hərbçilərinin ölkədən təxliyyəsi zamanı baş verən hücumda isə 13-ü ABŞ əsgəri olmaqla 180-dən çox insanın həyatına son verərək Əfqanıstanda Talibanın üçün əsas təhdid və potensial destabilizasiyanın başlıca səbəbi kimi adını məşhurlaşdıra bilib. 30 avqust tarixində ABŞ-ın XorVİD-ə qarşı təşkil etdiyi dron hücumunda isə 7-si uşaq olmaqla bir ailənin 10 üzvü həyatını itirmişdi. XorVİD təhdidi hələ də Taliban üçün aktuallığını qorumaqdadır. Bundan əlavə, ABŞ və Taliban arasındakı razılaşmanın əsasını təşkil edən Əl-Qaidə məsələsi, yəni Talibanın bu təşkilatla arasında məsafə qoyması və üzvlərini Əfqanıstana buraxmaması tələbinə nə dərəcədə riayət olunduğu da şübhə doğurur. 31 iyul 2022 tarixində Əl-Qaidənin başçısı Əymən əl-Zəvahirinin ABŞ tərəfindən dron zərbəsi ilə öldürülməsi buna əyani sübutdur. Lakin bu, Talibanla ABŞ arasında Əl-Qaidəyə qarşı yürüdülən gizli bir əməkdaşlığın sübutu da ola bilər, çünki Zəvahirinin koordinatlarını Talibanın vermə ehtimalı da var.

 

Xarici siyasət

2021-dən əvvəl ABŞ və NATO ölkələrinin yaxın müttəfiqi kimi çıxış edən Əfqanıstan Talibanın hakimiyyəti yenidən ələ keçirməsindən sonra tamamilə fərqli trayektoriyada hərəkət etməyə vadar oldu. Əfqanıstan İslam Əmirliyinin əsasının qoyulmasından 2 il keçsə də, hələ ki, heç bir dövlət Talibanı Əfqanıstanın legitim idarəçisi kimi tanımağa tələsmir. Bu isə ölkənin beynəlxalq ictimaiyyətdən təcrid olunmasına gətirib çıxarır. Lakin bu, heç bir dövlətin Taliban Əfqanıstanı ilə münasibətlərinin olmadığını deməyə əsas vermir.

Talibanın iqtisadi dirçəlişə yardım üçün ümid bəslədiyi ölkələrdən ən başlıcası qonşu ölkə Çindir. Bu ilin yanvarında Taliban Çin dövlət şirkəti “Xinjiang Central Asia Petroleum and Gas Company” (“CAPEIC”) ilə Amudərya hövzəsindən neft hasilatı ilə bağlı müqavilə imzalayıb. Müqavilə ilk ildə 150, növbəti 3 ildə isə 540 milyon $ məbləğində yatırımı özündə ehtiva edir. Bundan başqa, Əfqanıstanın rəsmi xəbər agentliyinin məlumatına görə, “CAPEIC” və Əfqanıstanın “Vətən” qrupunun ortağı olduğu “Fan China Afghan Mining Processing and Trading” kooperasiyası iyul ayında, müxtəlif sektorları əhatə edəcək 350 milyon $-lıq yatırım paketi açıqlayıb. Bu ilin aprel ayında Çin şirkəti “Gochin” Əfqanıstana litium yataqlarının istismarı məqsədilə 10 milyard $ həcmində yatırım təklif etsə də, bu təklifin reallaşması bir qədər sual altındadır. 2007-ci ildə də Çin tərəfi 3 milyard $ ödəyərək Mis-Eynək yatağını icarəyə götürsə də, o vaxtdan bəri heç bir iş görülməyib.

Çinlə Taliban arasındakı yeganə maraq doğuran məsələ iqtisadi əlaqələr deyil. Çin üçün mühüm təhdid mənbəyi təşkil edən Şərqi Türküstan İslam Partiyasının (ŞTİP) silahlıları hələ də Əfqanıstanda mövcudluqlarını davam etdirirlər. 2021-ci ilin oktyabrında Talibanın ŞTİP-ə mənsub yaraqlıları Çinlə həmsərhəd olan Bədəxşan vilayətindən çıxararaq başqa bir əraziyə relokasiya etməsi İslam Əmirliyinin Çinlə münasibətləri pisləşdirmək istəmədiyinə dəlalət etsə də, təşkilatın dini-ideoloji prinsipləri islamçı uyğurları ölkədən kənarlaşdırmağa icazə vermir.

Taliblərin Pakistanla əlaqələri də dəyişkən xarakterə sahibdir. Talibanın bir təşkilat kimi doğuş yeri də Pakistan, xüsusən də bu ölkədəki əfqanıstanlı qaçqınlar və onların getdiyi dini mədrəsələrdir. Pakistan tez-tez Talibana dəstək göstərməkdə günahlandırılsa da, rəsmi İslamabad bu iddiaları inkar edir. İstənilən halda, Talibanla Pakistan arasında dərin bağların olduğunu nəzərə alsaq, Əfqanıstanda İslam Əmirliyinin təsis olunmasının Pakistan tərəfi üçün geosiyasi uğur hesab etmək olar. Lakin bu məsələdə qətiyyətli fikir bildirmək heç də asan deyil, çünki Talibanla Pakistan arasında sərhəd toqquşmaları, separatizm, qaçaqmalçılıq kimi müxtəlif məsələlərdən meydana gələn qarşıdurma da mövcuddur. Talibanın “əkiz qardaşı” hesab olunan və pəştunların Pakistan idarəsi altından çıxaraq müstəqil olması fikrini müdafiə edən Təhriki-Taliban Pakistan (TTP) İslamabad üçün əsl baş ağrısıdır. Bölgənin dağlıq relyefi və pəştun çoxluqlu Xeybər Paxtunxua regionunda əhalinin köçəri həyat tərzi sürərək tez-tez Əfqanıstana keçib-qayıtması TTP ilə mübarizəni daha da qəlizləşdirir. Pakistan Taliban hakimiyyəti ələ keçirməzdən əvvəl də Kabili TTP yaraqlılarına göz yummaqda günahlandırırdı və Talibanın hakimiyyətə gəlişini bu mövzuda vəziyyəti yaxşılaşdıracaq bir dəyişiklik kimi nəzərdən keçirirdi. Lakin görünən odur ki, Taliban hökuməti açıq-açıq TTP-yə dəstək verməsə belə, bir qrup talibin sərhədin o tərəfindəki soydaşlarına simpatiyası var və pəştun separatizmi məsələsi İslamabad üçün hələ uzun müddət qanayan yara olaraq qalmaqda davam edə bilər.

Talibanla gərginlik yaşayan yeganə dövlət Pakistan deyil. İran və qonşu Mərkəzi Asiya ölkələri də İslam Əmirliyi ilə anlaşmazlıq içərisindədir. Uzun müddətdir davam edən quraqlıq Əfqanıstan və qonşuları arasında da gərginliyə yol açıb. Başlanğıcını Hindiquş dağlarından götürən Hirmənd çayı 150 ilə yaxındır ki, İranla Əfqanıstan arasında gərginliyə səbəb olub. 1973-cü ildə tərəflər arasında sözügedən çayın suyundan istifadə qaydalarını tənzimləyən müqavilə imzalansa da, artan temperaturlar nəticəsində çaydakı su miqdarının ciddi ölçüdə azalması, habelə Taliban hökumətinin çay üzərində yeni bənd inşası həyata keçirməsi sonda İranla sərhəd toqquşmasına gətirib çıxarıb ki, nəticədə 2 iranlı və 1 əfqanıstanlı sərhəd qulluqçusu həlak olub. Hirmənd çayı İranın yoxsulluqdan və quraqlıqdan əziyyət çəkən Sistan və Bəlucistan əyaləti üçün olduqca vacib su mənbəyi olduğundan, rəsmi Tehran bölgədəki su çatışmazlığı və onun doğurduğu sosial narazılığı aradan qaldırmaq üçün Talibana təzyiq göstərməyə çalışır. Bunu İran prezidenti İbrahim Rəisinin bölgəyə səfəri zamanı Talibanın ünvanına səsləndirdiyi fikirlərə əsasən də demək mümkündür. Talibanın Amudərya çayından kanal çəkməyi planlaşdırması Özbəkistan tərəfini də ölkənin kənd təsərrüfatı infrastrukturu üçün çox böyük əhəmiyyət daşıyan suvarma resurslarından məhrum qalmaqla təhdid edir.

Qeyd olunmalı digər bir məqam isə immiqrasiya məsələsidir. Talibanın hakimiyyətə gəlişi səbəbilə təkcə İrana gündə 4-5 min nəfər olmaqla 300 min əfqanıstanlı qaçqın üz tutub. Beləcə, İranda məskunlaşan əfqanların ümumi sayı 3,6 milyona çatıb ki, bunların sadəcə 780 mini qaçqın statusuna sahibdir. Pakistanda 3,7 milyon əfqan qaçqının yaşadığı hesablansa da, bunlardan sadəcə 1,3 milyonu qeydiyyatlıdır. Əfqanıstandan ciddi miqyasda köç alan başqa bir ölkə də Türkiyədir. Türkiyə hökuməti 300 min əfqanın ölkədə yaşadığını bildirir. Hər üç ölkənin iqtisadi çətinliklərlə mübarizə apardığını nəzərə alsaq, Əfqanıstandakı acınacaqlı iqtisadi vəziyyətin nəinki təkcə bu ölkə, həm də bütün region üçün böyük problem olduğu ortaya çıxır.

 

Nəticə

Onilliklərdir davam edən vətəndaş müharibəsindən qalib ayrılan və əvvəlki ekstremist ambisiyalarını nisbətən yumşaldaraq imicini təzələyən Taliban Əfqanıstan xalqının üzləşdiyi çətinlikləri aradan qaldırmaqda uğurlu ola bilməmişdir. Yürütdüyü daxili siyasətlə azlıqları və qadınları təzyiq altında saxlayan, üzləşdiyi beynəlxalq izolyasiyadan çıxmağa hələ də nail ola bilməmiş və dünya iqtisadi sistemindən qopuq qaldığı üçün əhalini aclıqla üz-üzə qoyan taliblər bu çağırışları həll edə bilmək üçün uzun illərdir topladıqları döyüş təcrübəsindən daha çox, dövlət idarəçiliyi təcrübəsinə ehtiyac duyurlar.  Bunun üçün əlzəm olan xarici dəstəyi hələ də görməyən Talibanın üzləşdiyi böhran vəziyyətini hələ bir müddət də həlsiz qoyacağı ən realist ssenaridir. Dünya ictimaiyyətinin Taliban rejiminin legitimliyini tanıması ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına kömək göstərə bilər, lakin bu, xüsusən qadınlara qarşı yürüdülən qəddar siyasətə haqq qazandırmaq mənasına da gələ bilər. Müharibələrin itki və dağıntıdan başqa bir şey gətirmədiyi Əfqanıstanı hazırki dilemmadan çıxara biləcək yeganə yol diplomatiya və iqtisadi əlaqələrdir.