Vişeqrad Qrupu Avropa siyasi arxitekturasında

Vişeqrad Qrupu Avropa siyasi arxitekturasında

Polşa, Çexiya, Macarıstan və Slovakiyadan ibarət Vişeqrad Qrupu (V4) bu il yaradılmasının 32-ci ilini qeyd edir. Şərq blokunun dağılmasından sonrakı dövrdə Mərkəzi və Şərqi Avropada uğurlu subregional əməkdaşlıq platformasına çevrilən Qrup Ukrayna-Rusiya müharibəsi fonunda yaranmış yeni reallıqlar səbəbilə fəaliyyət göstərməkdə çətinliklərlə üzləşir. Bu məqalə Vişeqrad Qrupunun Avropa siyasi arxitekturasındakı yerinə nəzər yetirməklə yanaşı Qrupun son illərdə üzləşdiyi böhranlı vəziyyəti oxucuların diqqətinə çatdırmağı hədəfləyir.

Qeyd etmək vacibdir ki, məqalədə müzakirə olunan Vişeqrad platforması yaxın tarixi və mədəni əlaqələri, oxşar təhdid və siyasi orientasiyaları olan qonşu dövlətlər üçün nümunə olmaqda davam edir. Cənubi Qafqaz regionuna münasibətdə oxşar subregional platformanın yaradılması hazırda real səslənməsə də, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasından sonra bu məsələ aktuallıq qazana bilər. Bu baxımdan, Vişeqrad Qrupu və digər oxşar təcrübələrin öyrənilməsi yaşadığımız region üçün yaxın gələcəkdə əhəmiyyətli ola bilər.
 

Vişeqrad Qrupu (1991-2004)

1990-cu illərin əvvəlləri Mərkəzi və Şərqi Avropa ölkələri üçün bir çox yeniliklərlə yadda qaldı. Varşava Paktının dağılması ilə yaranmış siyasi vakum region ölkələri üçün bir sıra yeni fürsətlər yaratdı. Yeni siyasi sistemlərin formalaşdırılması, xarici siyasətdə baş verən əhəmiyyətli dəyişikliklər, siyasi və iqtisadi islahatlar və lustrasiya kimi addımlar yeni bir siyasi dövrün başladığının göstəricisi idi. Tarixən həm şərq, həm də qərbdən böyük qonşuları tərəfindən təzyiqlərə məruz qalmış Mərkəzi və Şərqi Avropa ölkələri sonunda regionun gələcəyini müstəqil müəyyən etmək üçün fürsət əldə etmişdi. Yaxın tarixi və mədəni əlaqələr, müstəqillik sonrası oxşar siyasi proseslər, oxşar risk və təhdidlərin mövcudluğu, eləcə də regionun gələcəyi ilə bağlı baxışların yaxınlığı Polşa, Macarıstan və Çexoslovakiya kimi ölkələrin əməkdaşlığını labüd edən amillər arasında idi.

Çexoslovakiya prezidenti V. Havel Polşa parlamentində çıxışı zamanı dövrü belə xarakterizə etmişdi: “Tarixdə ilk dəfə olaraq, Habsburq İmperiyasının dağılmasından sonra Mərkəzi Avropada yaranan böyük siyasi boşluğu həqiqətən mənalı bir şeylə doldurmaq üçün real imkanımız var. Bizim Mərkəzi Avropanı əsasən tarixi və mənəvi bir fenomendən siyasi fenomenə çevirmək imkanımız var”.

Adını 1991-ci ildə Vişeqrad Qalası yaxınlığında Polşa, Macarıstan və Çexoslovakiya liderlərinin görüşündən götürən Vişeqrad Qrupu yaranmış yeni reallıqda Mərkəzi və Şərqi Avropa regionunda siyasi vakumu doldurmaq məqsədilə irəli sürülən əsas regional təşəbbüslərdən biri oldu. Qrupun gündəliyində duran əsas məsələlər kommunist keçmişin təsirlərindən azad olmaq, liberallaşma prosesi zamanı aparılan siyasi və iqtisadi islahatlarla bağlı əməkdaşlıq, Avropa siyasi institutlarına və NATO-ya inteqrasiya idi. Çexoslovakiyanın bölünməsindən sonra Çexiya və Slovakiyanın ayrı üzvlər kimi Vişeqrad Qrupuna qoşulması ilə Qrup üzvlərinin sayı dördə çatdı.

Əməkdaşlığın ilk illərinə nəzər yetirsək Vişeqrad formatının üzv ölkələr üçün kifayət qədər uğurlu olduğu qənaətinə gəlmək olar. Belə ki, artıq 1999-cu ildə Polşa, Çexiya və Macarıstan NATO-ya üzv olaraq qəbul edildilər. Slovakiyanın Şimali Atlantika alyansına üzvlüyü həmin dövrdə bu ölkədə hibrid rejimin hakimiyyətdə olması səbəbilə daha gec – 2004-cü ildə baş tutdu. Bununla yanaşı, Vişeqrad ölkələrinin gündəliyində duran digər vacib məsələ - Avropa siyasi institutlarına inteqrasiya - da uğurla nəticələndi. Polşa, Çexiya, Macarıstan və Slovakiyanın 2004-cü ildə Avropa İttifaqına üzv olması ilə Vişeqrad subregional əməkdaşlığının əsas hədəflərindən olan Avro-Atlantik institutlara üzvlük məsələləri öz həllini tapdı.

 

Vişeqrad Qrupu Avro-Atlantik institutlara üzvlükdən sonra

Yaradılan zaman əsas məqsədi Aİ və NATO-ya üzvlük olan Vişeqrad Qrupu üzvlük prosesinin tamamlanmasından sonra yeni hədəflər müəyyən etməyə ehtiyac duyurdu. Qrup üzvlərinin 2004-cü ildə qəbul etdiyi Kromeriz Deklarasiyası Vişeqrad subregional əməkdaşlıq platformasının mövcudluğu və yeni prioritetləri ilə bağlı məsələlərə aydınlıq gətirdi. Deklarasiyaya əsasən, Polşa, Çexiya, Macarıstan və Slovakiya platformanın vacibliyini qeyd edərək regional layihələri davam etdirmək, eləcə də Mərkəzi Avropa regionu kimliyini daha da gücləndirməklə bağlı razılığa gəldi. Həmçinin, Qrup üzvləri Avropa İttifaqının Şərqi və Cənub Şərqi Avropa ölkələri ilə bağlı siyasətinin formalaşdırılması və İttifaqın genişlənməsi məsələlərində aktiv iştirak etməyi qərara aldı.

Növbəti illər Vişeqrad ölkələrinin Avropa siyasi arxitekturasındakı rolunun güclənməsi ilə yadda qaldı. Belə ki, ortaq maraq və təhdidlərin mövcudluğu şəraitində Qrup üzvləri Avropa İttifaqı daxilində vahid mövqedən çıxış etməklə qərarların qəbulunda təsir imkanlarını gücləndirdi. Bu, xüsusilə də Aİ-nin genişlənməsi və Avropa Qonşuluq Siyasəti ilə bağlı strategiyasının müəyyən edilməsi zamanı müşahidə olunurdu. Aİ-nin şərq sərhədlərində yerləşən Vişeqrad regionu ölkələri İttifaqın xarici sərhədlərinin şərq istiqamətində növbəti genişlənməsində maraqlı idi. Bu həm də tarixən formalaşmış narahatlıqlarla bağlı idi. Belə ki, ötən əsrlərdə yaxın qonşuluqda olan imperiyaların ekspansionist siyasətindən böyük zərər görmüş Polşa və digər Vişeqrad ölkələri Mərkəzi Avropa və Rusiya arasında “bufer zonanın” mövcudluğunda maraqlıdır. Bu baxımdan, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” təşəbbüsü (2008) heç də təsadüfi deyildi. İdeya olaraq ilk dəfə Polşa tərəfindən irəli sürülən və İsveçlə əməkdaşlıq şəraitində qəbul edilən təşəbbüs Aİ-nin qonşuluğunda yerləşən Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna ilə əməkdaşlığın gücləndirilməsini özündə ehtiva edirdi. Qeyd etmək lazımdır ki, təşəbbüsün rəsmi olaraq reallaşdırılması Praqada keçirilən Şərq Tərəfdaşlığı Sammitində (7 May 2009) mümkün oldu və prosesdə həmin dövrdə Avropa İttifaqı Şurasına rəhbərlik edən Çexiyanın xüsusi rolu vardı. Eyni zamanda, növbəti illərdə Xorvatiyanın Aİ üzvlüyünə qəbulu və Ukrayna ilə Aİ arasında Assosasiya Sazişinin imzalanmasında da Vişeqrad ölkələri vacib rol oynadı.

2015-ci ildə başlayan Avropa Miqrasiya Böhranı Vişeqrad əməkdaşlığının əhəmiyyətini bir daha göstərdi. Yaxın Şərqdən gələn miqrant axını nəticəsində yaranan böhranı həll etmək məqsədilə Almaniya və Fransanın təklif etdiyi həll planı başda Vişeqrad Qrupu üzvləri olmaqla bir qrup Mərkəzi və Şərqi Avropa ölkələri tərəfindən müqavimətlə qarşılandı. Gələn miqrantların kvotalar üzrə Aİ ölkələri arasında bölünməsini nəzərdə tutan plana münasibətdə Vişeqrad Qrupu birgə bəyanatla çıxış etdi və İttifaqın miqrasiya probleminə münasibətdə birgə həll planının qəbuluna maneə törətdi. Bu baxımdan, vaxtilə Avropa siyasətində xüsusi çəkisi olmayan Vişeqrad ölkələrinin artıq Aİ-nin siyasətinə birgə lobbiçilik səyləri vasitəsilə real təsiri bu ölkələr üçün əhəmiyyətli hadisə idi.

 

Uğurlu əməkdaşlıqdan daxili bölünməyə doğru

Aİ və NATO-ya üzvlükdən sonrakı dövrdə Avropa siyasi arxitekturasında daha vacib rol oynamağa başlayan Vişeqrad Qrupu ölkələri son illərdə birgə fəaliyyət göstərməkdə bəzi çətinliklərlə üzləşir. Bir çoxları platformanın artıq əvvəlki dövrlərdəki kimi effektiv olmadığı və populyarlığını itirdiyi qənaətindədir.

Qrupun fəaliyyətinə maneə yaradan əsas faktorlardan biri son illərdə Polşada və Macarıstanda illiberal demokratiya kimi xarakterizə edilən idarəetmənin güclənməsidir. Sağ-mühafizəkar və populist partiyaların hakimiyyətə gəlməsindən sonra Polşa və Macarıstanda qanunun aliliyi məsələsi bu ölkələrin Avropa İttifaqı ilə münasibətlərində problemlərin yaranması ilə nəticələnmişdir. Bu səbəblə, Vişeqrad dördlüyü hazırda faktiki olaraq Brüssellə problemli münasibəti olan Macarıstan və Polşa bir tərəfdə, Avropa mərkəzi cərəyanına yaxın olan Çexiya və Slovakiya digər tərəfdə olmaqla 2+2 formatda qütbləşməyə məruz qalıb.

Bundan əlavə, 90-cı illərdə oxşar xarici siyasət orientasiyaları olan Vişeqrad ölkələri arasında artıq qlobal və regional güclərə münasibətdə fərqli yanaşmalar müşahidə olunur. Son illərdə Macarıstan çoxqütblü dünya nizamında maraqlı olduğunu gizlətmir və Çin və Rusiya ilə iqtisadi və enerji sahələrində əməkdaşlığa önəm verir. Digər tərəfdən Polşa ABŞ-la daha sıx əməkdaşlıqda maraqlıdır və NATO daxilində daha aktiv fəaliyyət göstərməyə çalışır. Çexiya və Slovakiya isə Aİ daxilində fəal olmağı prioritetləşdirir. Qlobal və regional aktorlara fərqli münasibətin formalaşması Vişeqrad Qrupu daxilindəki həmrəyliyi pozur və birgə subregional fəaliyyətə maneə törədir.

Vişeqrad platformasının populyarlığını itirməsinin digər bir səbəbi Mərkəzi və Şərqi Avropa regionunda yeni regional əməkdaşlıq modellərinin yaranmasıdır. Belə plaformalar arasında “Üç Dəniz Təşəbbüsü” (Three Seas Initiative) geosiyasi perspektivdə mühüm əhəmiyyət daşıyır. Baltik, Qara və Adriatik dənizlərinin arasında yerləşən Avropa İttifaqına üzv 12 ölkənin daxil olduğu təşəbbüs bu ölkələr arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini və Avropa siyasi arxitekturasında Mərkəzi və Şərqi Avropa regionunun daha aktiv mövqe tutmasını hədəfləyir.  Eyni zamanda, “Slavkov üçbucağı” (Slavkov triangle), “Lüblin üçbucağı” (Lublin triangle), “Buxarest doqquzluğu” (Bucharest 9) kimi digər əməkdaşlıq platformalarının da son illərdə əhəmiyyət qazanması Vişeqrad Qrupuna marağı azaldan amillər sırasındadır.

Yuxarıda qeyd olunan faktorların fonunda Ukrayna-Rusiya müharibəsi də Vişeqrad Qrupu daxilindəki fraqmentasiyanı daha da gücləndirmişdir. Xüsusilə də, Ukraynaya birmənalı dəstək göstərən Polşa, Çexiya və Slovakiya ilə müqayisədə Macarıstanın balanslı mövqe tutması Vişeqrad dördlüyünün ənənəvi həmrəyliyinə mənfi təsir göstərir. Ötən ilin mart ayında keçirilməli olan Vişeqrad ölkələri müdafiə nazirlərinin, eləcə də noyabr ayında parlament spikerlərinin görüşləri Qrup üzvlərinin Macarıstana etiraz əlaməti olaraq iştirakdan imtina etməsi ilə baş tutmayıb.

 

Nəticə

Artıq 32 ildir ki fəaliyyət göstərən Vişeqrad Qrupu uğurlu subregional əməkdaşlıq modeli kimi qiymətləndirilə bilər. Bipolyar sistemin dağılmasından sonra Mərkəzi Avropada yaranan siyasi vakumu doldurmaq və regionun gələcəyini birgə müəyyən etmək məqsədilə yaradılan platforma ilkin mərhələdə Qrupun üzvləri olan Polşa, Çexiya, Macarıstan və Slovakiyanın Avro-Atlantik institutlara üzvlüyü məsələsinə böyük töhfə verdi. Sonrakı illərdə Avropa siyasi məkanında Mərkəzi Avropa regionunun qeyri-formal təmsilçisinə çevrilən Vişeqrad Qrupu Aİ-nin genişlənməsi və qonşuluq siyasətinin formalaşdırılmasında vacib rol oynadı. Platformanın effektivliyinə nümunə kimi Aİ Şərq Tərəfdaşlığı təşəbbüsünün yaradılması və Avropa Miqrasiya Böhranına münasibətdə regionun maraqlarının təmin edilməsini göstərmək olar. Lakin, son illər ərzində Polşa və Macarıstanın Brüssellə münasibətlərində problemlərin yaranması, Macarıstanın xarici siyasət orientasiyasındakı dəyişikliklər, yeni regional əməkdaşlıq təşəbbüslərinin formalaşması, və nəhayət, Ukrayna-Rusiya müharibəsinə münasibətdə Macarıstanın balanslı mövqe tutması Vişeqrad əməkdaşlığınının populyarlığının azalması ilə nəticələnmişdir. Hazırda platformanın gələcəyi ilə bağlı suallar artsa da, Vişeqrad Qrupu subregional əməkdaşlıqda maraqlı olan ölkələr üçün nümunə olmaqda davam edir və bu təcrübənin öyrənilməsi aktualdır.