Azərbaycan İsraildə səfirlik açacaq: Niyə məhz indi?
Azərbaycan uzun illərdir İsraillə hərbi-siyasi əməkdaşlıq etsə də, özünü İslam dünyasından aralı salmamaq və İranla əlaqələrini pozmamaq üçün ehtiyatlı davranmış və İsraildə səfirlik açmamışdır. Ötən il İsraildə Azərbaycanın Ticarət və Turizm Nümayəndəliklərinin yaradılması isə iki ölkə arasındakı əlaqələri daha da genişləndirmişdir. İsrail prezidenti İsaak Hersoq bu ilin əvvəlində İsraillə Azərbaycan arasında münasibətlərin qurulmasının 30 illiyi şərəfinə məktub yazmış və prezident İlham Əliyevi İsrailə səfərə və səfirlik açmağa dəvət etmişdir. Məktubda səfirlik açmağın münasibətlərdə yeni bir mərhələnin başlanğıcı olacağı qeyd edilmişdir.
“İbrahim Razılaşmaları” ilə 2020-ci ildən etibarən başlayan İsrail və Ərəb dünyası arasındakı normallaşma prosesləri Azərbaycanın da bu mövzudakı mövqeyinin yüngülləşməsinə səbəb olmuşdur. “İbrahim Razılaşmaları” ilə yanaşı, Türkiyə ilə İsrail arasındakı münasibətlər də illər sonra yenidən bərpa edilmişdir. Daha sonra İsrail prezidenti İsaak Hersoq, baş nazir Yair Lapid və müdafiə naziri Benni Qantz Türkiyəyə səfər etmiş, davamında hər iki ölkə diplomatik münasibətləri yenidən qurmaq üçün qarşılıqlı olaraq səfir təyin etmişdir. Həmçinin, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da 2005-ci ildən sonra ilk dəfə İsrailə səfər edəcəyi gözlənilir.
Heç şübhəsiz Türkiyə-İsrail münasibətlərinin yaxşılaşması hər iki ölkə üçün də etibarlı tərəfdaş və müttəfiq olan Azərbaycan üçün ən yaxşı nəticə sayılır. Belə ki, Ərəb ölkələri və Türkiyənin İsraillə münasibətləri normallaşdırması Azərbaycanın ehtiyatlı davrandığı “səfirlik” məsələsini də bir daha gündəmə gətirmişdir.
Müsəlman ölkələrinin İsraillə münasibətləri normallaşdırdığı bir dövrdə Azərbaycanın cənub qonşusu İran qarşı addımlar atmağa başlamışdır. İlk olaraq, cari ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhəd toqquşması zamanı və “Zəngəzur dəhlizi” məsələsində İran hərbi-siyasi rəhbərlərinin “Ermənistanın sərhədləri İranın qırmızı xəttidir” bəyanatları Azərbaycanda birmənalı qarşılanmamışdır. Davamında isə Azərbaycanla sərhəddə yerləşən Ermənistanın Qafan şəhərində (Azərbaycan prezidenti çıxışı zamanı bu ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu qeyd etmişdir) İranın konsulluq açması münasibətlərdəki gərginliyi daha da artırmışdır.
Ötən il İslam İnqilabı Keşikçiləri Korpusunun Azərbaycanla sərhəd ərazilərdə genişmiqyaslı hərbi təlimlərindən sonra Azərbaycan prezidenti İlham Əliyev bu təlimlərlə bağlı açıq şəkildə öz reaksiyasını ifadə etmişdi. İran XİN aparatı isə “Biz sionistlərin İran sərhədlərində olmasını qəbul etməyəcəyik” – deyə cavab vermişdir. İran tərəfinin iddiasına görə işğaldan azad edilən Zəngilan rayonu ərazisində İsrail hərbçiləri, silahları və kəşfiyyatı yerləşdirilmişdir. Sonuncu təlimlərdə isə İranın istər dövlət, istərsə də müxalif mətbuatında Azərbaycan və İsrail açıq şəkildə təhdid edilmişdir. İki ölkə arasındakı münasibətlərin qopma mərhələsinə çatması isə İran prezidenti İbrahim Rəisinin Ermənistan baş naziri Nikol Paşinyanı Tehrana dəvət etməsindən sonra baş verdi. Daha sonra Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti İran kəşfiyyatı tərəfindən Azərbaycanda təxribatlar törədilməsi üçün yaradılan və hərbi təlimlər keçirilən qanunsuz silahlı dəstəni ifşa etdiyini açıqladı. Rəsmi açıqlamaya görə, qanunsuz dəstənin transport işlərində İranın Bakıdakı səfirliyi də iştirak etmişdir. Bir gün sonra isə Azərbaycan SQ-nin XTQ bölmələri İranda sərhəddə hərbi təlimlərə başlamışdır.
Açıq-aydın müşahidə edilir ki, Azərbaycanla İran arasında münasibətlər artıq qopma mərhələsindədir, Ərəb dünyası və Türkiyə isə İsraillə normallaşma prosesi çərçivəsində artıq diplomatik münasibətləri də bərpa etməyə başlayıb. Bununla da, Azərbaycanın İsraildə səfirlik açması məsələsində artıq heç bir narahatlığı qalmayıb və ehtiyatlı davranması üçün bir səbəb yoxdur. İsraildə səfirliyin açılması Azərbaycan-İsrail münasibətlərinin inkişafı və yeni bir mərhələyə qədəm qoyması ilə yanaşı, Azərbaycanın İrana tutarlı cavabı ola bilər.