Xocavənd əməliyyatı (Şexer-Zərdanaşen-Çağadüz cəbhəsi) (1-ci hissə)

Xocavənd əməliyyatı (Şexer-Zərdanaşen-Çağadüz cəbhəsi) (1-ci hissə)

Martuni şəhəri keçmiş DQMV-də azərbaycanlı əhalinin yaşadığı ən böyük yaşayış məntəqələrdən biri idi. 1979-cu il statistikasına əsasən, burada 1862 azərbaycanlı məskunlaşmışdı ki, onlar ümumi əhalinin 33,9 faizini təşkil edirdi. Eyni zamanda şəhərə bitişik Xocavənd, Əmiranlar, Muğanlı kəndlərinin əhalisi azərbaycanlılardan ibarətdi. Əsrin əvvəlində molokanların yaşadığı Kuropatkino kəndində də Sovet dövründə azərbaycanlılar məskunlaşmışdı. Şəhərin həm qərb, həm də şərq tərəfdən azərbaycanlılar yaşayan məntəqələrlə əhatələnməsi buranın əhəmiyyətini artırırdı. Bundan başqa, Martuni digər DQMV şəhərləri ilə müqayisədə düzən ərazidə yerləşdiyi üçün iqtisadi olaraq Aran Qarabağ ilə daha yaxındı. Bu iqtisadi və coğrafi amil münaqişənin başlanmasından sonra Azərbaycana hərbi və iqtisadi üstünlük vermişdi.

1991-ci ilin yaz-yay əməliyyatlarından sonra Sovet və Azərbaycan hərbçiləri Martuni şəhərinə nəzarəti ələ aldılar. Lakin həmin ilin avqustunda Moskvada baş verən hərbi çevrilişdən sonra SSRİ-nin süqutu sürətləndi və ermənilər tezliklə əraziyə nəzarəti ələ keçirdilər. 1991-ci ilin payız aylarında regionda etnik zəmində toqquşmalar başladı. Həmin ilin noyabrın 19-da erməni silahlı birləşmələri Xocavənd kəndini tuta bildilər (Vəliməmmədov, 2021:269). Martuni şəhərinin yaxınlığındakı Xocavənddə baş verən qarşıdurmadan sonra Azərbaycan və Sovet nümayəndələrindən ibarət heyət vəziyyəti araşdırmaq üçün Ağdamdan Martuniyə yollandı (Melik-Şaxnazarov, 2009:597). Lakin yarı yolda Qarakənd üzərində helikopter erməni silahlıları tərəfindən vuruldu. Terror aktı nəticəsində Azərbaycan Baş prokuroru İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, Daxili İşlər Naziri Məhəmməd Əsədov həlak oldu. Bu terror Azərbaycan hökumətinin Qarabağla bağlı siyasətini tamamilə dəyişdirdi və hadisədən 6 gün sonra DQMV ləğv edildi. Həmin qanunla Martuni şəhəri yaxınlıqdakı Xocavənd kəndi ilə birləşdirilərək Xocavənd adlandırıldı (Melik-Şaxnazarov, 2009:508).


Birinci Qarabağ müharibəsi dövründə Xocavənd

1992-ci ildən etibarən regionda hərbi toqquşmalar başlandı. Keçmiş Martuni rayonunun azərbaycanlılar yaşayan məntəqəsi Qaradağlının blokadada qalması burada vəziyyəti ağırlaşdırdı. Erməni hərbçilər 1992-ci ilin fevralında kəndə hücuma keçərək buranı ələ keçirdilər. İşğal zamanı 12-si uşaq olmaqla 50 mülki şəxs öldürüldü. Bu münaqişə tarixindəki ilk kütləvi qətliam idi. Bu hadisədən sonra ərazidəki cəbhə xətti 6 ay boyunca sabit qaldı.

1992-ci il sentyabrın ortalarında Azərbaycan komandanlığı Xocavənd şəhərini azad etmək məqsədi daşıyan hücum əməliyyatlarına başladı. Bu hücumda iştirak etmək üçün polkovnik-leytenant Mikayıl Hacıyevin komandanlığı ilə Lənkərandakı 820-ci motoatıcı alay Xocavənd rayonuna köçürüldü. 1992-ci il sentyabrın 16-da Beyləqan rayonunun Daşburun dəmir yolu stansiyasına 1500 nəfərlik hərbi qulluqçu, 72 zirehli texnika (tank, piyada döyüş maşını və zirehli transportyor) və 12 “Qvozdika” özüyeriyən artilleriya qurğusu gətirildi. Xocavənd rayonundakı müdafiəni Monte Melkonyanın komandanlığı altında Martuni müdafiə bölgəsinə daxil olan erməni birləşmələri həyata keçirirdi.

Azərbaycan komandanlığı 1992-ci il sentyabrın 18-də Xocavənd rayon mərkəzinə hücum planı tərtib etdi və əməliyyat başlandı. Hücum 820-ci motoatıcı alay və 702-ci motoatıcı briqadanın 350 nəfərdən ibarət 831-ci və 250 nəfərdən ibarət 849-cu batalyonları tərəfindən həyata keçirilirdi (Vəliməmmədov, 2019:95). Azərbaycan Ordusunun Yağlıvənd kəndindən Maçkalaşen istiqamətindəki hücumu uğursuz başa çatdı. 17 zirehli texnika itirən bölmələr geri çəkilməli oldu. 1992-ci il sentyabrın 18-19-da gedən döyüşlər zamanı 702-ci motoatıcı briqadanın komandir müavini, polkovnik-leytenant Xəlif Səfərov həlak oldu.

Cəmi beş gün sonra, 1992-ci il sentyabrın 23-də 702-ci motoatıcı briqadanın komandanlığı 831-ci və 848-ci batalyonlara Xocavənd şəhərinin tutulması haqqında əmr verdi. Bu batalyonlar Muğanlı ərazisinə köçürüldü, bundan sonra onlar Xocavənd şəhəri yaxınlığındakı erməni qoşunlarının mövqelərinə hücum etdilər. 2 gün ərzində Azərbaycan əsgərləri düşmənin müdafiə birləşmələrini ağır itkilər hesabına sıxaraq bəzi istiqamətlərdə şəhərə daxil ola bildi (Jiroxov, 2012:264). Lakin hücumu davam etdirmək imkanı yoxdu. 70 nəfər şəhid və yaralı verən Azərbaycan bölmələri ilkin mövqelərinə geri çəkildilər. Bu uğursuz hücumlar və komandanlığın ziddiyyətli əmrləri Xocavənd rayonundakı taborlarda mənəvi-psixoloji vəziyyəti daha da pisləşdirdi.

1992-ci il oktyabrın 2-də səhər saat 5 radələrində Monte Melkonyanın komandanlığı ilə erməni qoşunları güclü artilleriya hazırlığından sonra Əmiranlar və Muğanlı kəndlərinə hücuma keçdilər. Kəndləri müdafiə edən Azərbaycan ordusunun bölmələri saat 15:00-dək müqavimət göstərdikdən sonra geri çəkildilər. Hücumu davam etdirən erməni tərəfi Muğanlı, Əmiranlar və Kuropatkino kəndlərini, eləcə də strateji əhəmiyyətli Böyük Oxlu yüksəkliyini ələ keçirdilər. Bu döyüşlərdə 831-ci Xocavənd özünümüdafiə batalyonunun komandiri Əbdürrəhman Əsgərov və 43 hərbçi həlak oldu (Vəliməmmədov, 2019:96). Bununla da 1992-ci ilin sonunda keçmiş Martuni rayonunda azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələri ermənilər tərəfindən işğal olundu.

Azərbaycan hərbi komandanlığı 1994-cü ilin yanvarında Kuropatkino, Əmiranlar və Muğanlı kəndlərini nəzarətə götürmək və Ağdam-Xocavənd-Füzuli yolunu kəsmək üçün yeni bir hücum əməliyyatı hazırladı. (Buna qədər 1993-cü ilin aprelində həyata keçirilən “Böyük Oxlu əməliyyatı” uğursuzluqla nəticələnmişdi.) Azərbaycan bölmələri bəzi istiqamətlərdə 10-15 km irəliləsə də Xocavənddə cəbhəni yarmaq mümkün olmadı və təmas xətti dəyişməz olaraq qaldı (Vəliməmmədov, 2021:552).

Atəşkəsin imzalanmasından Xocavənd rayonunun yalnız Nərgiztəpə adlanan hissəsi (114 min m²) Azərbaycanın nəzarətində qalmışdı. Erməni mənbələri isə Azərbaycanın keçmiş Martuni rayonunun təxminən 160 km² (Lixtenşteynin sahəsi qədər) ərazisinə nəzarət etdiyini bildirirdi. Müharibədən sonra regionun 13 minə yaxın azərbaycanlı əhalisi Azərbaycanın əsasən Beyləqan rayonu, eləcə də müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşdılar.


Şexer döyüşləri

Azərbaycan Ordusu 27 sentyabr 2020-ci ildə başlanmış hərbi əməliyyatlar zamanı keçmiş Martuni rayonu ərazisinə Şexer kəndi istiqamətindən daxil oldu. Şexer kəndi rayon mərkəzi Xocavənddən 45, Xankəndidən isə 42 km məsafədə yerləşən böyük yaşayış məntəqəsidir. Kəndin 935 hektar ərazisinin 513 hektarını kənd təsərrüfatı əraziləri, 303 hektarını isə meşə torpaqları təşkil edir. Bu kənddə müharibə ərəfəsində 110 təsərrüfat olmaqla 407 nəfər yaşayırdı. 2018-ci il oktyabrın 22-də Şexer kəndinin icma rəhbəri Mxitar Manqasaryan ilə Fransanın Arnuvil (Arnouville) şəhərinin meri Paskal Doll arasında “Dostluq Bəyannaməsi” imzalanmışdı. Maraqlıdır ki, Azərbaycan Ordusunun kənddəki əməliyyatları məhz bu bəyannamənin imzalandığı tarixdə, oktyabrın 22-də başladı.

Oktyabrın 22-nə qədər Şexer kendində 20-25 nəfərlik özünümüdafiə dəstəsi və 25 nəfərlik kiçik qrup fəaliyyət göstərirdi. Onlar oktyabrın 7-dək Şexerin mərkəzindən təxminən 1,5 km şərq istiqamətində, Qırmızı Bazardan Zoğalbulağa gedən yollara nəzarət edən möhkəmləndirilmiş mövqelərdə xidmət edirdilər. Azərbaycan bölmələrinin Hadruta girməsi xəbərindən sonra kənd özünümüdafiə dəstəsinin 30 üzvü Şexerin cənubundakı ərazidə, 1115,0 yüksəkliyinin yaxınlığında mövqeləndi.

Oktyabrın 21-də Azərbaycan bölmələri Zoğalbulaq kəndinin 5 kilometrliyinə yaxınlaşdı. Vəziyyət ciddi olduğu üçün kənd icra nümayəndəsi Mxitar Manqasaryan lazımı silah-sursat üçün Qırmızı Bazara getdi və burada kəndin müdafiəsi üçün kömək istədi. Oktyabrın 22-də Azərbaycan bölmələri Zoğalbulaq kəndinin şimalını azad edərək burada səngər qazmağa başladı. Hücumu ləngitmək üçün Arpadüzü kəndindəki erməni artilleriya bölmələri Zoğalbulaqdakı Azərbaycan mövqelərini artilleriya ilə hədəfə aldı. Həmin gün günorta saatlarında Hadrut atıcı diviziyasından təxminən 70 nəfər, “Drmbon” hava desant batalyonundan 35-40 nəfər Şexer kəndinə gəldi. “Drmbon” batalyonunun tərkibində Şuşa həbsxanasından buraxılan bir qrup məhkum da vardi. (Ümumilikdə müharibə zamanı erməni tərəfində 11 məhkum döyüş əməliyyatlarında iştirak edib və əfv olunub.) Şexer kəndinin ümumi müdafiəsinə Müdafiə Ordusunun Döyüş Hazırlığı İdarəsinin yüksək rütbəli zabiti, polkovnik-leytenant Sergey Barseqyan rəhbərlik edirdi. 700 metrlik müdafiə xətti təşkil edən batalyon könüllülərlə birlikdə əsas yüksəkliklərdə mövqeləndi. Cəbrayıl alayının 3-cü batalyonunun qumbaraatan dəstəsindən ibarət Hadrut diviziyasının qrupu (35-40 nəfər) kəndin daxilindəki yol ayrıcında, Qırmızı bazara gedən yolun yaxınlığında dayanmışdı. Bu bölmələrin mövqeləri kənddən uzaqda yerləşdiyi üçün faktiki olaraq Qırmızı Bazara gedən yola nəzarət edirdi və manevr imkanları azdı. Həmin gün, oktyabrın 22-də Şexer kəndinə 3-cü müdafiə rayonunun tərkibində vuruşan daha 24 nəfər gəldi.

Hadrut diviziyasının komandiri Karen Arstamyanın əmri ilə Mxitar Manqasaryan bir neçə həmkəndlisi ilə birlikdə Zoğalbulaq kəndinə gedən yolu müşahidə etmək üçün birinci Qarabağ müharibəsi zamanı möhkəmləndirilmiş mövqelərə baxış keçirdi. Lakin onlar yolda olarkən kəndə atəş səslərinin gəlməsi haqqında məlumat verildi. Azərbaycan xüsusi təyinatlıları Şexer kəndinə əsas yol yerinə Kxanaxut dağı ətrafındakı 932,3892 yüksəkliyi istiqamətində meşə massivi vasitəsilə daxil olmuşdu. Bu amil kəndi müdafiə edən qüvvələrdə ruh düşkünlüyü yaratdı. Onların Birinci Qarabağ müharibəsi zamanı möhkəmləndirilmiş mövqelərdə dayanmasının heç bir anlamı qalmamışdı. Hücum kəndin müdafiə xəttinin yan istiqamətindən aparıldığı üçün könüllülər hər biri 8 nəfər olmaqla qrup şəklində meşələrdə mövqelənməyə başladılar. Azərbaycan xüsusi təyinatlılarının ilk hücumu kəşfiyyat xarakterli idi və kəndə daxil olan qrup bir müddətdən sonra yenidən meşələrə girərək gözdən itdi.

Oktyabrın 23-də “Drmbon” batalyonunun bir neçə kənd sakinindən ibarət iki ayrı dəstəsi Şexer kəndində Azərbaycan bölmələrinin qalmamasından əmin olmaq üçün ətraf ərazilərdə kəşfiyyat aparmağa başladı. Kənd icra nümayəndəsi Mxitar Manqasaryan xatırlayır: “Kəndin ətrafını yaxşı-yaxşı axtardıq, lakin heç kəsi tapmadıq. Gedib tövlədən heyvanları buraxdıq, kəndin kənar evlərini yoxlayıb yenidən dağa çıxdıq. Hələ mövqelərimizə çatmamışdıq ki, Zoğalbulaq kəndinin meşələrindən “Allahu Əkbər” nidalarını eşitdik. Yenidən biz gözləmədiyimiz istiqamətdən kəndə daxil olmuşdular. Əvvəlcə həmin ərazilərin koordinatını Araler təpəsindəki artilleriya bölmələrini ötürdük və oralar bombalandı.” Bu hücumu dayandırmadı və Azərbaycan xüsusi təyinatlıları kəndin meşə hissəsinin kənarından Şexerə daxil oldular.

Desant batalyonunun taqım komandiri David Hovhannisyan xatırlayır: “Kəşfiyyat taqımımızın uşaqları mənimlə əlaqə saxladılar ki, bu ərazidən (meşədən) səslər eşidilir. Üç nəfəri götürüb o istiqamətə getdik. Sonra ərazini yoxlamaq üçün bir az aşağı enəndə böyük bir qrup, təxminən 30 nəfərin ermənicə danışdığını gördüm. Şübhələnməyə başlamışdım. Dönüb onların qarşısını kəsməyə başlayanda bizi gördülər və atışma başlandı. Bir əsgərimiz çiynindən yaralanmışdı, biz təpəyə çıxıb müdafiəni təşkil etdik. Döyüş təxminən 30 dəqiqə davam etdi. Sonra yenidən ərazini yoxlamaq üçün aşağı enəndə onların əşyalarından anladıq ki, bu, xüsusi təyinatlı dəstədir.” Atışmadan sonra ərazinin müdafiə xəttini təşkil edən batalyon buranın koordinatlarını Araler ərazisindəki artilleriya bölmələrinə bildirərək buradan geri çəkildi. Azərbaycan bölmələri artıq kəndə cənub, cənub-şərq və şərq istiqamətdən yaxınlaşmışdı. Həmin gün Şexerin şərq istiqamətindən atılan mina atışı zamanı “Drmbon” batalyonunun hərbi qulluqçuları Artaşes BağdasaryanSeyran Simonyan öldürüldü, üç nəfər isə yaralandı.

Oktyabrın 23-də Qırmızı Bazar ərazisindəki 2 erməni tankı Şexer istiqamətinə hərəkət edərək meşələrdəki xüsusi təyinatlıları ərazidən çıxarmağa çalışdı. Lakin həmin gecə “Bayraktar TB-2” dronu həmin tankları aşkarladı və məhv etdi. Dron zərbəsi nəticəsində sıravi əsgərlər Qorq Cavaxyan, Səməd Sloyan və sürücü Kaçik Kərəmyan həyatını itirdi.

Oktyabrın 24-ü və 25-də kəndin cənub və cənub-şərq meşə massivində Azərbaycan bölmələrinin fəallığını artmağa başladı. Eyni zamanda Zoğalbulaq istiqamətindən Şexerin cənub-şərqi boyunca yeni bölmələr gətirildi. Oktyabrın 25-nə keçən gecə Azərbaycan xüsusi təyinatlıları kəndin cənub-şərq hissəsindən yenidən Şexerə daxil oldu. Lakin ilk hücum uğursuz alındı. Gecəgörmə cihazının köməyi ilə 100-ə yaxın Azərbaycan bölməsinin hərəkətini izləyən erməni dəstəsi şəhərin mərkəzindəki köhnə anbarların yaxınlığına çatanda kəndin təpəsində olan artilleriya bölmələri tərəfindən atəşə tutuldu. Kəndin şərqindəki yüksəkliklərdə yerləşən erməni hərbçilərinin mövqeləri əlverişli idi və müdafiəni nisbətən asanlaşdırırdı. Lakin növbəti gün həmin mövqelərə endirilən zərbələr, eyni zamanda həmin əraziyə gedən əsas cığırın Azərbaycan xüsusi təyinatlıları tərəfindən ələ keçirilməsi vəziyyəti tamamilə dəyişdirdi. Kəndin ərazisinə müxtəlif istiqamətlərdən imitasiya xarakterli hücumlar nəticəsində ərazinin perimetr boyunca müdafiəsini qeyri-mümkün etmişdi.

2 gün davam edən döyüşlərdən sonra Azərbaycan xüsusi təyinatlıları kəndi faktiki olaraq iki hissəyə böldü. "Drmbon" hava-desant batalyonunun qoşunları davamlı döyüşlərdən tədricən tükəndi. David Hovhannisyan xatırlayır: “Mən ordumuzla və baş qərargah rəisimiz, ehtiyatda olan zabit Valeri Sərkisyanla birbaşa təmasda idim. Döyüşlərdə qərargah rəisimiz Artur Fəxradyan yaralanmışdı. Gündüz vaxtı kəndin içərisinə girən xüsusi təyinatlıları çıxartsaq da gecələr onlar bir digər istiqamətdən əraziyə daxil olurdular. Artıq fiziki baxımdan çatdıra bilmirdik. Əsgərlərdə döyüş əhval-ruhiyyəsi pis idi. Stimul olmayacağı təqdirdə dəstəmiz təslim ola bilərdi. Lakin yuxarı komandanlığa verdiyim bütün məlumatlar cavabsız qaldı.” Kənddəki son döyüşü riyaziyyat müəllimi Georgi Avşaryan belə xatırlayır: “Son üç gün döyüşlər çox gərgin keçdi. Gündə bir neçə dəfə bir-iki saat vuruşurduq. Azərbaycanlılar kənddən çıxıb bir başqa istiqamətdən əraziyə daxil olurdular. Axırıncı gün, oktyabrın 27-də bizə elə gəldi ki, vəziyyət yaxşıdır, qüvvələr nisbəti bizim tərəfimizə keçib. Günortadan sonra qurbanlıq quzu kəsmişdik. Həmin gün saat 6 radələrində düşmən bir neçə istiqamətdən birdən-birə, daha çox qüvvələrlə kəndə hücuma keçdi. Qurban ətini belə götürə bilmədik. Gecə ilə kənddən çıxdıq.”

Mxitar Manqasaryan xatırlayır: “Oktyabrın 27-də şiddətli döyüşlər gedən zaman “Drmbon” hava-desant batalyonunun qoşunlarının kəndi tərk etdiyi barədə məlumat aldım. Əsgərləri kəndin mərkəzində qarşıladım. Onlardan mövqelərini tərk etmələrinin səbəbini soruşdum. Əsgərlər komandanlığın onlarla maraqlanmadığını bildirdilər. Komandanlıqla əlaqə saxladım, vəziyyəti təqdim etdim, amma ordunun əhval-ruhiyyəsi ilə bağlı daim məlumatlandırılmağıma baxmayaraq heç kim tədbir görmədi. Əsgərlərə tərəf dönüb dedim: “Uşaqlar, kəndi tərk etməyin.” Bununla belə, anlayırdım ki, onların qarşısını almaq çətin olacaq və mən də onlarla birlikdə aşağı düşdüm. David Hovhannisyan əsgərlərini yığaraq kənddən çıxdı”. (Bu batalyon Şexer kəndindən çıxarıldıqdan sonra 4 noyabr tarixində Şuşa döyüşlərində iştirak edib.)

Batalyon kəndi tərk etdikdən sonra Şexerdə kənd özünümüdafiə dəstəsinin 30 nəfərlik üzvü qaldı. Şexerin 70 faizinə Azərbaycan bölmələri nəzarət edirdi və mühasirənin tamamlanması üçün qərb hissəsindəki mövqeləri ələ keçirmək lazımdı. Oradan keçən cığır kəndi arxa hissəsi ilə birləşdirən yeganə yoldu. Mühasirənin halqasının daralması geri çəkilən erməni dəstəsinə böyük problemlər yaratdı. Manqasaryan və dəstəsi artilleriyanın köməyi ilə çətinliklə də olsa oktyabrın 27-i gecə vaxtı Şexer kəndindən çıxa bildi. Ertəsi gün, ayın 28-də Manqasaryan kənd camaatı ilə birlikdə Martakert alayının dəstəsinin də yerləşdiyi Qırmızı Bazara gəldi və buradan kəndi yenidən geri almaq üçün əməliyyat hazırladı. Ancaq Azərbaycan bölmələrinin Şuşa istiqamətində sürətli hücumu və tezliklə Qırmızı Bazar ətrafında döyüşlərin başlaması bu planın həyata keçirilməsinə imkan vermədi.

Beləliklə, Azərbaycan xüsusi təyinatlıları 5 gün davam edən orta intensiv döyüşlərdən sonra Şexer kəndini azad etdi. (Ermənistan MN nümayəndəsi Artsrun Hovhannisyan oktyabrın 28-də verdiyi məlumatda Şexerin Azərbaycan bölmələrinin nəzarətində olmasını faktiki olaraq etiraf edib.) Kənddə gedən döyüşlər zamanı Azərbaycan bölmələri 1 “Sand Cat” markalı zirehli avtomobil, 2 “Kamaz” markalı yük maşını və 5 tank əleyhinə idarə olunan raket itirdi. Oktyabrın 30-da “Sand Cat” zirehli avtomobilinin vurulma kadrları yayımlandı. Qeyd edilən videoda zərbənin Şexerin cənub-qərbindəki erməni mövqelərindən endirildiyi müşahidə edilir. Əməliyyatlar zamanı Azərbaycan tərəfinin canlı qüvvə itkisi ilə bağlı məlumat yoxdur. Ermənilər isə yuxarıda qeyd edilən 2 nəfər əsgərlə birlikdə 2 mülki şəxs itirdilər. Xəstə atası Amayak Mirzoyana baxdığı üçün kənddə qalan Qayana Mirzoyan müharibədən sonra erməni tərəfinə qaytarıldı. Bundan başqa, müharibə zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə ölmüş və kənddə basdırılmış Hayk Qulyanın cəsədi eksqumasiya edilərək ailəsinə təhvil verildi.


Zərdanaşen döyüşləri

Zərdanaşen kəndi rayon mərkəzi Xocavənddən 44, Xankəndidən isə 48 km məsafədə yerləşən kiçik yaşayış məntəqəsidir. Kəndin 995 hektar ərazisinin 479 hektarını meşə torpaqları təşkil edir. Bu kənddə müharibə ərəfəsində 25 təsərrüfat olmaqla 101 nəfər yaşayırdı.

2020-ci il sentyabrın 27-də başlayan müharibədən dərhal sonra digər kəndlərdə olduğu kimi Zərdanaşendə də səfərbərlik başladı. Azərbaycan bölmələrinin Cəbrayıldan Hadrut istiqamətində sürətlə irəliləməsindən sonra oktyabrın 15-də kənddəki qadınlar, qocalar və az yaşlı uşaqlar köçürüldü. Həmin gün kənddə ərazinin müdafiəsi ilə bağlı iclas keçirildi. Zərdanaşendəki erməni müdafiə dəstəsinə keçmiş hərbçi Ararat Melkumyan başçılıq edirdi. Kənddə ümumilikdə 43 nəfər hərbçi vardı. Onlardan 16 nəfəri kəndin qərbində, 27 nəfəri isə şərq hissəsində mövqeləndi. Oktyabrın 22-də səfərbərliklə orduya çağırılan kəndin 8 sakini Zərdanaşenə qayıtdı və həmin bölmələrə qoşuldu.

Azərbaycan xüsusi təyinatlıları oktyabrın 23-dən 24-ə keçən gecə kəndin cənubundakı dağlarda erməni bölmələri ilə döyüşə girdi. Oktyabrın 24-ü saat 02:30-03:00 baş verən toqquşmalarda 5 erməni hərbçisi həlak oldu, 5 nəfər isə yaralandı. Azərbaycan XTQ-si kənd istiqamətində hücuma keçərkən iki yerə ayrıldı. Əsas qüvvələr Moşxmhat (Quşçubaba) (müharibədən sonra adı Baharlı olaraq dəyişdirilib) üzərinə, ordan isə Şuşa istiqamətinə doğru, kiçik qruplar isə qərb istiqamətindəki kəndlərə yönəldi. Bu döyüşlər gedən zaman Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovannisyan ölkə ictimaiyyətinə Hadrutun şimalında “təxribat qrupu”nun məhv edildiyi barədə dezinformasiya verirdi. (“DQR” prezidentinin mətbuat katibi Vahram Poqosyan bu “məlumatı” təkrarlamışdı.)

Həmin gün Azərbaycan xüsusi təyinatlıları qarşıdakı müdafiə xəttinə avtomobillə gələn Ararat Melkumyan və adamlarını pusquya saldı. Atışma zamanı 4 nəfər erməni hərbçi yaralandı. Qarşıda dayanmağın təhlükəli olduğunu görən Melkumyan geri qayıtmağa məcbur oldu.

Oktyabrın 24-ü gecə saatlarında Azərbaycan xüsusi təyinatlıları kəndə girmək üçün cəhd etdi. Döyüş zamanı snayper atəşi ilə Taqavard kənd sakini Ovik Avakyan öldürüldü. Bu istiqamətdə döyüşən 16 erməni hərbçisinin yaşlı şəxslər olması və silahla düzgün rəftar etməyi bacarmamaları müdafiə xəttinin yarılması təhlkəsini yaratmışdı. Bu səbəbdən cənub istiqamətində müdafiənin yarılmasının qarşısını almaq üçün Xankəndidən daha 54 nəfər əraziyə gətirildi. Onlar cənub istiqamətdə 4 post quraraq müdafiəni təşkil etdilər.

Oktyabrın 25-də səhər Azərbaycan XTQ-si kəndə girmək üçün həmlə etdi, lakin müqavimətə görə tezliklə hücum dayandırıldı. Günorta saat 16:00 radələrində Zərdanaşen mövqeləri istiqamətində ikinci hücum başladı. Bu döyüş zamanı Aşot Vaqifisyan həlak oldu, bir nəfər isə yaralandı, bu dəfə də müdafiə xəttini yarmaq mümkün olmadı.

Oktyabrın 26-da Azərbaycan xüsusi təyinatlıları yenidən kəndə hücuma cəhd etdi. Bu dəfə erməni bölmələri artilleriya ilə müdafiə olundu. Yüngül silahlarla hücuma keçən xüsusi təyinatlılar bir erməni hərbçini yaraladıqdan sonra geri çəkildilər. 1 gün sonra Azərbaycan hərbçiləri bu dəfə böyük qüvvə ilə əməliyyata başladı. Xüsusi təyinatlılar oktyabrın 27-də səhər saatlarında Zərdanaşen istiqamətində qumbaraatanlarla hücuma keçdi və saat 6:30-7:00 arasında müdafiəni yara bildi. Zərdanaşen kəndinin icra nümayəndəsi Volodya Danielyan həmin döyüşü belə xatırlayır: “Mən Çağadüzdəki artilleriyamıza Azərbaycan hərbçilərinin hücuma keçdiyi əraziləri vurmağı tapşırdım. Artilleriya yaxşı işlədi, lakin düşmənin sayı çox idi. Buna görə də müqavimətin bir faydası yox idi və biz geri çəkildik”. Müdafiə xəttinin yarılma əməliyyatında xüsusi təyinatlı baş leytenant Məmmədhəsən Sadıqlı həlak oldu. Bu döyüşlərdə ermənilər 3 hərbçisini - Serjik Petrosyan, Armen AvanesyanLevon Minasyanı itirərək geri çəkildilər. Kənddən tələsik çıxan erməni dəstələri Çağadüz istiqamətində gedən yeganə yolla həmin kəndə yola düşdülər. Burada yenidən Zərdanaşeni tutmaq üçün əməliyyat planlaşdırıldı. Lakin ani hücum ilə iki kəndin ortasındakı rabitə stansiyasını ələ keçirən Azərbaycan xüsusi təyinatlıları buna imkan vermədi. Burada baş verən atışmalardan sonra vəziyyətin ümidsiz olduğunu görən Ararat Melkumyan və dəstəsi Çağadüzə geri qayıtdı, ordan isə Sığnaq kəndi uğrunda gedən döyüşlərə qatılmaq üçün qeyd edilən kəndə yola düşdü. Bununla da Zərdanaşen uğrunda olan döyüşlər Azərbaycan XTQ-sinin qələbəsi ilə yekunlaşdı.


Çağadüz döyüşləri

Çağadüz kəndi rayon mərkəzi Xocavənddən 50, Xankəndidən isə 35 kilometr aralıda yerləşən orta böyüklükdə yaşayış məntəqəsidir. Kəndin 977 hektar ərazisinin 271 hektarını meşə torpaqları təşkil edir. 1969-cu ildə əsası qoyulan kəndin ilkin adı Sarkisaşen idi. 29 dekabr 1992-ci ildə Azerbaycan Respublikası Milli Məclisinin qərarı ilə yaşayış məntəqəsinin adı Çağadüz olaraq dəyişdirildi. Müharibə ərəfəsində Çağadüz kəndində 65 təsərrüfat olmaqla 285 nəfər yaşayırdı.

Zərdanaşendən sonra Azərbaycan hərbçilərinin bu istiqamətdə əsas hədəfi Çağadüzdü. Bu kənd Füzuli-Qırmızı Bazar-Xankəndi yoluna yaxın olduğu üçün vacib əhəmiyyət daşıyırdı. Çağadüzdə də digər kəndlərdə olduğu kimi müharibənin başlanmasından sonra səfərbərlik həyata keçirildi və kəndin 20 sakini döyüşlərə qatıldı. Hadrut istiqamətində cəbhənin yarılmasından sonra kəndin əhalisi evakuasiya edildi.

Oktyabrın 15-da kənddə 27 nəfərdən ibarət özünümüdafiə dəstəsinin iclası keçirildi. Burada Hadrut və Füzulini tərk etmiş Müdafiə Ordusunun bölmələri də var idi. Lakin müxtəlif səbəblərdən onlar kənd uğrunda döyüşə qatılmadılar. Sonuncu əsgərlər kəndi oktyabrın 25-də tərk etdi. Kəndin meri Xaçik Xaçatryan xatırlayır: “Ümumilikdə 250-yə yaxın şəxsi heyət olub, lakin kəndin müdafiəsi vaxtı gələndə hamı çıxıb getdi.”

Zərdanaşendə olduğu kimi, Çağadüz kəndinə də Azərbaycan bölmələri oktyabr 24-də gəlib çatdı. Oktyabrın 24-də Moşxmhat (Quşçubaba) kəndinin kənarına yaxınlaşan Azərbaycan bölmələrini 8 nəfərdən ibarət erməni dəstəsi atəşə tutdu. Onlara daha sonra Qarabulaq kəndinin dəstəsi də qoşuldu. 15 dəqiqəlik atışmadan sonra Azərbaycan bölmələrinin meşənin içi ilə Kirs istiqamətində getdiyi müşahidə edildi (Bu bölmələr Şuşa əməliyyatını həyata keçirirdi.). Həmin gün Çağadüzdə yaşayan az sayda ermənilər kəndin şərqində və qərbində mövqelənməyə başladı. Oktyabrın 27-də Zərdanaşeni müdafiə edən qüvvələrin Çağadüzə geri çəkilməsi kənddə ciddi panika yaratdı. Kənddəki erməni hərbçilərinin sayı cəmi 6 nəfərdi. Oktyabrın 28-də Çağadüz və Zərdanaşen kəndlərinin icra nümayəndələri və digər 4 nəfər hərbçi kəndi tərk etdilər.

Oktyabrın 29-da 25 nəfərdən ibarət dəstə ilə ermənilər Çağadüzü yenidən ələ keçirmək üçün əməliyyata başladı. Lakin həmin gün Yuxarı Tağaverdin və Çağadüzün qərbindəki kəndlərin Azərbaycan hərbçilərinin nəzarətinə keçməsi xəbərindən sonra mühasirə təhlükəsi olduğu üçün erməni tərəfi bu əməliyyatdan imtina etdi. Buna baxmayaraq, 1 gün sonra Çağadüzə girmək üçün növbəti uğursuz cəhd olundu. Bu dəfə Zərdanaşen-Çağadüz kəndlərinin ortasındakı rabitə qülləsinin ətrafında baş verən atışmada itkilər verən ermənilər geri çəkilməyə məcbur oldu. Oktyabrın 31-də səhər saatlarında kəndin icra nümayəndəsi az sayda erməni hərbçi ilə kəndə girmək üçün son cəhdə əl atdı. Bu dəfə kəndin içində baş verən atışmada Azərbaycan bölmələrinin say üstünlüyünə tam əmin olan ermənilər kəndi meşə istiqamətdən tərk etdilər. Bu atışmalar zamanı kənddəki evlərdə yanğınlar baş verdi. Belə ki, bu yanğının tüstüsü həmin gün “Sentinel” peykindən müşahidə edilirdi. Beləliklə, Çağadüz istiqamətində aşağı intensivlikdə davam edən döyüşlər oktyabrın 31-də Azərbaycan hərbçilərinin tam qələbəsi ilə başa çatdı.