Avropa İttifaqının növbəti enerji böhranı: Rusiya-Ukrayna münaqişəsi fonunda İttifaqın qaz təchizatı və alternativ axtarışları (1-ci hissə)

Avropa İttifaqının növbəti enerji böhranı: Rusiya-Ukrayna münaqişəsi fonunda İttifaqın qaz təchizatı və alternativ axtarışları (1-ci hissə)

2022-ci ilin 24 fevralından etibarən Rusiyanın Ukrayna ərazisində başladığı hərbi əməliyyatlar Avropa İttifaqının Rusiyadan enerji asılılığını, xüsusən təbii qaz təchizatında Rusiyanın vacib rolunu bir daha gündəmə gətirdi. Müharibənin ilk günlərindən enerji qiymətlərində artım və təchizatın dayanması riskləri İttifaqın enerji, o cümlədən qaz təchizatı çatışmazlıqları ilə üzləşməsi vəziyyətini mümkün edirdi. Hadisələrin belə gedişatı Avropa İttifaqını mövcud enerji siyasətini yenidən gözdən keçirməyə və qaz təchizatı mənbələrinin Rusiyadan diversifikasiyası istiqamətində təcili addımlar atmağa sövq etmişdir.

İki hissədən ibarət olan məqalənin hazırkı birinci hissəsində (ikinci hissəyə keçid bu linkdədir) İttifaqın enerji təhlükəsizliyində Rusiya-Ukrayna müharibəsindən əvvəlki vəziyyət, müharibənin başlanmasından sonra Aİ tərəfindən Rusiyaya qarşı enerji sanksiyalarının tətbiqi, İttifaq ölkələrinin təbii qaz təchizatında Rusiyanın rolu, Rus qazının alışının rublla həyata keçirilməsi, Avropa İttifaqının yeni enerji strategiyası və təbii qaz saxlanclarının təminatı üçün yeni mexanizm barəsində danışılır. 


“Fırtınadan əvvəl fırtına”

Avropa İttifaqında enerji böhranı müharibədən daha əvvəl başlamışdı. Ötən ilin sentyabr-oktyabr aylarından etibarən İttifaq ərazisində təbii qaz təchizatı problemləri və rekord təbii qaz qiymətləri hökm sürürdü. Post-pandemiya dövründə iqtisadi aktivliyin bərpası və enerjiyə tələbatın artması fonunda enerji, o cümlədən təbii qaz ehtiyatlarının kifayət qədər olmaması təbii qaz və elektrik qiymətlərini daha əvvəl müşahidə olunmayan həddə qədər yüksəltmişdi. Sözügedən dövrdə Avropa İttifaqının qaz saxlancı səviyyəsi 70-75% civarında olmaqla əvvəlki illərdəki 85-90% faiz səviyyəsindən aşağı idi. Təbii qaz saxlanclarının normaldan aşağı olmasına səbəb Avropada 2020-2021-ci ilin qışının sərt keçməsi və yaz aylarına qədər saxlanclardan qazın istifadəsi, habelə yay mövsümündə elektrik təchizatı üçün istifadə olunan külək enerjisinin (Şimal dənizindən təchiz edilən) çox aşağı səviyyədə olmasının daha çox təbii qaz istifadəsinə gətirib çıxarması idi (Oxşar vəziyyət təkcə Avropada yox, digər dünya ölkələrində də müşahidə olunurdu: bir çox ölkələrdə (məs, Braziliya və Türkiyə) quraqlıq səbəbindən su elektrik enerjisi təchizatının azalması onların qaza olan tələbatının çoxalmasına və daha çox təbii qaz və LNG alışına səbəb olmuşdu).

İttifaqı böhran vəziyyətindən xilas edən LNG idxalının artırılması, 2021-2022-ci il qış mövsümünün gözləniləndən daha mülayim keçməsi və Rusiyadan müqavilə öhdəlikləri üzrə qaz təchizatının davam etdirilməsi oldu. Lakin, həmin dövrdə Rusiyanın “Qazprom” şirkəti Avropa İttifaqına müqavilə öhdəliklərindən kənar əlavə qaz satışına razılıq verməmiş, özünün Avropadakı saxlanclarının səviyyəsini aşağı saxlamaqla mövcud vəziyyətdən İttifaqın şirkətlə yeni uzunmüddətli müqavilə imzalaması və “Nord Stream 2” kəmərinin fəaliyyətinə icazə verilməsi üçün təzyiq vasitəsi kimi istifadə etmişdi. 

 

Rusiya-Ukrayna münaqişəsi və təbii qaz təchizatında qırılmalar

2022-ci ilin fevralın 24-də Rusiyanın Ukrayna sərhədlərini pozaraq hərbi əməliyyatlara başlaması dünya və Avropa enerji bazarlarında narahatlıq və volatilliklə müşahidə olundu. Rusiyadan Avropaya qaz ixracının müharibə səbəbilə qaz tranziti infrastrukturuna dəyə biləcək mümkün ziyan, Rusiyaya tətbiq olunan iqtisadi sanksiyalar və ya Rusiyanın enerji resurslarından Qərblə mübarizədə “silah” kimi istifadə etməsi səbəbindən dayanması təhlükəsi təbii qazın satış qiymətinin artmasına səbəb oldu. Aİ ərazisində artan təbii qaz qiymətləri 1 gündə 75%-dən çox artmaqla 7 mart tarixində ən yüksək həddə çatmışdı.

 

Mənbə: Statista.com

Rusiyadan qaz təchizatının davam etməsi, saxlancların səviyyəsinin yüksəlməsi ilə təchizat risklərinin səngiməsi, həmçinin Rusiya qazı üçün rubl ilə ödənişlərə Avropa Komissiyası tərəfindən icazə verilməsi apreldən etibarən qaz qiymətlərində eniş və stabilləşməyə imkan versə də, iyunun ortalarında Rusiyanın “Şimal Axını 1” kəməri vasitəsilə Almaniya, İtaliya və Slovakiyaya qaz təchizatını azaltması qiymətlərin yenidən artmasına və 15 iyunda gün ərzində 30% yüksələrək 1 meqavatt saat üçün 146 avroya çatmasına səbəb olmuşdur. Belə ki, Rusiya “Şimal Axını 1” boru kəmərində texniki problemləri əsas gətirərək Almaniyaya günlük qaz təchizatını 60%, İtaliyaya 15%, Slovakiyaya 30% azaltmış və Avstriyaya oxşar azalma ilə bağlı xəbərdarlıq etmişdir. Avropa ölkələri bu addımın texniki səbəblərlə əlaqəli olmadığı və Rusiyanın enerji təchizatından siyasi alət kimi istifadə etdiyi qənaətindədirlər. Təchizatın bu səviyyədə davam etməsinin qeyd olunan ölkələr, xüsusən Almaniya üçün ciddi çətinliklər yaratması qaçılmazdır.

Müharibənin Ukrayna vasitəsilə Avropaya ötürülən Rus qazının tranzitinə maneə yaratması riskləri isə əsasən reallaşmamışdır. Hazırkı vaxtadək bu hala istisna yalnız mayın 11-də Ukraynanın əsasən Avstriya, İtaliya, Slovakiya və digər Şərqi Avropa ölkələrinə qaz ötürən və Ukrayna vasitəsilə Avropaya ötürülən Rusiya qazının 1/3-nin ötürülməsinə cavabdeh olan tranzit nöqtəsinin fəaliyyətini dayandırması olmuşdur.  

Qeyd: Rusiyadan Aİ ərazisinə təbii qaz 4 əsas marşrut – Ukrayna, “Şimal Axını 1”, Yamal (Polşa vasitəsilə) və TurkStream (Türkiyə vasitəsilə) üzrə ixrac edilir.


Rusiyaya qarşı enerji sektorunda sanksiyalar

Müharibənin başlanması əsnasında və hərbi əməliyyatların davam etdiyi 4 aydan çox dövrdə qərb ölkələri, o cümlədən Avropa İttifaqı Rusiyanı münaqişədən çəkindirmək, hərbi əməliyyatları dayandırmağa məcbur etmək və iqtisadi vasitələri məhdudlaşdırmağa yönələn sanksiyalar tətbiq etmişdir. Rusiya iqtisadiyyatının əsas hissəsini təşkil edən qalıq yanacaqlar, neft, qaz və kömür ixracından əldə olunan gəliri azaltmaq üçün sanksiyaların tətbiqi bu istiqamətdə ən effektiv alət kimi görünsə də, enerji sektorunda sanksiyaların qəbulu daha çətin və ağrılı olmuşdur.

Aİ ölkələrindən ilk belə addım Rusiyanın Donetsk və Luqanskın müstəqilliyini tanıdığını bəyan etməsindən sonra Almaniyanın “Şimal Axını 2” boru kəmərinin fəaliyyətinə icazə verilməsi prosesinin dayandırılması qərarı oldu. Tikintisi 2021-ci ilin sentyabrında başa çatmış və tikintisinə 11 milyard ABŞ dolları sərf olunan dünyanın ən uzun sualtı boru kəməri olan “Şimal Axını 2” Rusiya və Almaniyanı birləşdirməklə illik 55 milyard m3 təbii qaz nəql etmək gücünə malik olacaqdı.  

Əməliyyatlar başlandıqdan sonra Rusiyanı əsas gəlir mənbəyindən məhrum etmək üçün Avropa İttifaqına Rusiyadan enerji məhsulları idxalını dayandırmaq istiqamətində çağırışlar olsa da, Rusiyadan enerji idxalı enerji təchizatının əsasını təşkil edən İttifaq ölkələri tez bir zamanda embarqo qoyulmasına hazır deyildilər. 2019-cu ildən bəri Rusiyadan təbii qaz idxal etməyən ABŞ üçün Rusiyadan neft və qaz idxalına qadağa qoymaq, həmçinin qaz təchizatının yalnız 5%-i Rusiyadan daxil olan Böyük Britaniya üçün 2022-ci ilin sonunadək Rusiyadan kömür və neftin idxalının dayandırılması və bundan sonra mümkün qədər tez (qeyri-müəyyən müddət) qaz idxalının dayandırılması qərarını qəbul etmək çətin olmasa da, Rusiyadan enerji idxalında asılılığı yüksək olan Avropa İttifaqı üçün oxşar sanksiyaların qəbulu daha problemlidir.  

Qeyd: Rusiyaya qarşı enerji sektorunda sanksiyalar idxalın dayandırılması ilə məhdudlaşmayıb, bu sektora yeni investisiya qoyuluşlarının qadağan edilməsi, Rusiyaya neft və qaz emalında istifadə olunan texnologiya və avadanlıqların ixracına, habelə xidmətlərin göstərilməsinə qadağa qoyulması, həmçinin iri enerji şirkətlərinin Rusiya bazarını tərk etməsini də əhatə edir. Eyni zamanda, Rusiyadan neft idxalı bir çox ölkə tərəfindən qadağan edilməsə belə, münaqişənin ilk günlərindən etibarən alıcıların ictimai qınaq və ya sanksiyaların mümkün yan təsirlərindən yayınmaq üçün Rusiya mənşəli nefti almaqdan könüllü imtina etməsi halları “Ural” markalı Rusiya neftinin endirimlərlə bazar qiymətindən daha aşağı qiymətə satılmasına səbəb olmuşdu.   

İttifaq ölkələri tərəfindən sanksiyaların tətbiqinə münasibətdə kömür, neft və qaz arasında differensiasiyaya ehtiyac İttifaqı Rusiyadan enerji idxalından mərhələli şəkildə imtina etmək kursunu seçməyə məcbur etdi. Belə ki, Avropa İttifaqı 5-ci sanksiyalar paketi üzrə Rusiyadan kömürün idxalına qadağa tətbiq etmiş və 6-cı sanksiyalar paketinin tərkib hissəsi kimi mayın sonunda Rusiyadan neft idxalının 2022-ci ilin sonuna qədər dayandırılması (Aİ üzvü Macarıstana Rusiyadan boru kəməri ilə idxal olunan neft istisna olmaqla) ilə bağlı razılığa gəlmişdir.

Brüsseldə artıq növbəti sanksiyalar paketi üzrə Rusiyadan qaz idxalına qarşı tədbirlər (qaz idxalına gömrük rüsumlarının tətbiqi və ya qiymət limitlərinin müəyyən edilməsi kimi) görülməsi müzakirəsinə başlanılsa da, təbii qaz idxalından imtina hazırkı mərhələdə mümkün və əlverişli görünmür. Məsələn, İttifaqın ən iri iqtisadiyyatı Almaniya Rusiyadan neft və kömür idxalının dayandırılmasına və digər mənbələr ilə əvəz edilməsinə razılıq versə də, qaz ilə məsələ bir qədər fərqlidir. Digər ölkələrdən qaz idxalının artımı, elektrik enerjisi istehsalı üçün istifadə olunan qazın kömür və nüvə enerjisi ilə əvəz edilməsi və qaz saxlanclarının dolu saxlanılmasının belə Almaniya üçün Rusiyadan idxal itkisinin yalnız 70 faizə qədərini əvəz edə biləcəyi proqnozlaşdırılır. Bu səbəbdən Almaniya Rusiyadan neft idxalını 2022-ci ilin sonuna qədər, qaz idxalını isə 2024-cü ilin yayına qədər dayandırmağı planlaşdırır. Eyni zamanda, Rusiyadan təbii qaz idxalına yüksək rüsumların tətbiqi belə hazırkı mərhələdə saxlancların səviyyəsini yüksəltməyə çalışan İttifaq ölkələri üçün əlavə maliyyə yükünə səbəb olmaqla qaz idxalını azaltmaq istiqamətində effektiv olmayacaqdır. (Qeyd: Bəzi İttifaq ölkələri, o cümlədən Baltikyanı ölkələr (Latviya, Litva və Estoniya) fərdi qaydada Rusiyadan təbii qaz idxalını dayandırmaq qərarı vermişdir).


Avropa İttifaqının təbii qaz təchizatında Rusiyanın rolu

Təbii qaz Avropa İttifaqının enerji istehlakının təxminən dörddə birini təşkil etməklə istilik və elektrik enerjisi istehsalında və sənayedə istifadə olunur. İttifaqın təbii qaza tələbatı illik təxminən 400 milyard m3 bərabərdir. Qaz istehlakının 90%-ni idxal edən Aİ dünya üzrə ən böyük təbii qaz idxalçısıdır. Təbii qazın idxal edildiyi ölkələr sırasında əsas yeri Rusiya tutur. Cari ilə qədər Rusiya illik əsasda Aİ-yə 150-190 milyard m3 qaz ixrac etməklə İttifaqın təbii qaz tələbatının 40%-ə qədərini ödəyirdi (Rusiya həm də neft idxalının 27%-i və kömür idxalının 46%-ə cavabdeh idi). Digər idxal ölkələri sırasında Norveç, Əlcəzair, Qətər, ABŞ və Azərbaycan kimi ölkələr də var.

Mənbə: Avropa Komissiyası

2006 və 2009-cu illərin qışında müqavilə öhdəlikləri üzrə ödənişlərin icra edilməməsi səbəbindən Rusiyadan Ukrayna vasitəsilə Avropaya qaz nəqlinin müvəqqəti dayanmasının qaz təchizatında səbəb olduğu böhranlar daha əvvəl də Rusiyadan asılılığın azaldılması məsələsinə diqqəti yönəltmişdi. Bu böhranlardan nəticə çıxarmağa çalışan İttifaqın son onillikdə daxili enerji bazarının işini təkmilləşdirməsinə, yeni LNG terminalları və saxlanclar qurmasına və LNG idxalını artırmasına baxmayaraq yerli istehsalın azalması və idxala ehtiyacın artması fonunda Aİ-nin qaz təchizatında Rusiyanın rolu azalmamışdır. Əksinə, Avropa ölkələri tərəfindən qalıq yanacaqlardan istifadənin azaldılması istiqamətində kömürdən və bəzi ölkələrin (məsələn, Almaniya) nüvə enerjisindən imtinası və ətraf mühitə daha az zərərli enerji mənbəyi kimi təbii qazın İttifaqın alternativ enerji mənbələrinə keçid prosesində körpü kimi görülməsi enerji mənbələri içərisində təbii qazın və bununla da Rusiyadan idxalın rolunu gücləndirmişdir.

Fərqli Aİ ölkələri qaz təchizatının təmin edilməsində Rusiyadan fərqli dərəcədə asılıdırlar. Mərkəzi və Şərqi Avropa ölkələrində bu asılılıq daha yuxarı olub, 80 faiz və bəzi ölkələrdə 100 faiz (məsələn, Çexiya) ilə ölçülür. Aİ ökələri arasında Rusiyadan ən iri həcmli qaz alışını Almaniya həyata keçirir. Belə ki, Almaniya Rusiyadan illik 50 milyard m3 qaz idxal edir ki, bu da ölkənin ümumi qaz idxalının 55%-ini təşkil edir. Almaniyanın gündəlik əsasda Rusiyadan qaz idxalı üçün ödənişləri 200 milyon avroya bərabərdir. Almaniyada iqlim məqsədlərinə çatmaq üçün kömür istehsalının azaldılması, nüvə enerjisindən istifadənin mərhələli şəkildə dayandırılması və bu mənbələri əvəz edəcək kifayət qədər yaşıl enerjinin istehsal edilməməsi ölkənin təbii qaz istehlakını və öz növbəsində Rusiyadan asılılığı artırmışdır.

Almaniya ilə Rusiya arasında xüsusi enerji partnyorluğu hələ Sovet İttifaqı dövründə başlamışdır. 1970-ci ildəki barter razılaşmasına əsasən İttifaqdan Qərbi Almaniyaya təbii qaz ixrac edilir və əvəzi Almaniyadan Sovet İttifaqına metal boru ixracı ilə ödənilirdi. Bundan Rusiya Almaniyada uzun müddət stabil təchizatçı kimi qəbul edilir və Rusiyanın enerji şirkətləri Almaniyanın enerji infrastrukturunda yaxından iştirak edirdilər. Məsələn, hazırkı vaxtadək Almaniyada mövcud olan qaz saxlanclarının 30%-dən çoxu Rusiyanın “Qazprom” şirkətinin nəzarətindədir.

Son onilliklərdə formalaşmış bu enerji asılılığının qısa müddətdə aradan qaldırılması olduqca çətindir. Almaniyanın Kil İnstitutu Rusiyadan qaz təchizatının dayanmasının 2022 və 2023-cü illərdə ölkənin ümumi daxili məhsulunda 220 milyard avro və ya 6.5 faiz itkiyə səbəb olacağını proqnozlaşdırır. Rusiyadan idxal edilən qaz böyük ölçüdə sənayedə, xüsusən kimya sənayesi, metal və şüşə sənayesində istifadə olunur. Bu 3 sənaye sahəsində təxminən 1,5 milyon şəxs çalışır ki, Rusiyadan qaz təchizatının dayanması sözügedən sənaye sahələrində işsizliyi artıracaqdır.


Rus qazının alışının rublla həyata keçirilməsi

Qərb ölkələrinin iqtisadi sanksiyalarına qarşı cavab addımı kimi martın sonunda Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasına qeyri-dost xarici ölkələrə qaz satışı üçün ödənişlərin yalnız Rusiya banklarında açılmış rubl hesabları vasitəsilə Rusiya rublu ilə qəbul edilməsi ilə bağlı Fərman imzaladı. Bu tələb Avropa İttifaqı ölkələri tərəfindən maliyyə saksiyalarından yayınmaq üçün alət və ödənişlərin avro və ya ABŞ dolları ilə həyata keçirilməsinə dair mövcud müqavilə öhdəliklərinin pozuntusu kimi qiymətləndirildi və Avropa şirkətlərinin rublla ödəniş tələblərinə riayət etməyəcəyi elan edildi. Rusiya isə rublla ödəniş tələbinin yerinə yetirilmədiyi təqdirdə təbii qaz təchizatını birtərəfli qaydada dayandıracağını elan etdi. Bu qarşıdurma martın sonunda Avropa bazarında təbii qaz qiymətlərinin artmasına səbəb olsa da, aprelin əvvəlindən etibarən təchizatın davam edəcəyi ilə bağlı siqnallar qiymətləri stabilləşdirmişdi.

Sanksiyalar fonunda enerji ixracından əldə olunan gəlirlər Rusiyanın demək olar ki yeganə əsas gəliri olduğundan Rusiyanın enerji ixracını dayandırması ağlabatan olmasa da, Rusiya qaz alışlarının rubl ilə ödənilməsi tələbini yerinə yetirmədiyi üçün 27 aprel tarixində Polşa və Bolqarıstana qaz təchizatını dayandırdı. Sözügedən 2 ölkə Rusiyadan qaz idxalını azaltmağı planlaşdıran və idxal mənbələrinin diversifikasiyasına hazır olan ölkələr olduğundan Rusiyanın bu addımı əsasən digər əsas idxalçılara xəbərdarlıq addımı kimi qiymətləndirilirdi (Ümumilikdə təbii qaz Polşanın ümumi enerji tələbatının 18%-ni, Bolqarıstanın isə tələbatının 10-15%-ni təşkil edir). Lakin Rusiya 21 maydan etibarən Aİ üzvü olmayan digər bir Avropa ölkəsi Finlandiyaya, 1 iyundan isə Aİ üzvü Niderlanda, habelə Almaniya və Danimarkanın bəzi şirkətlərinə də ödənişlərin rublla həyata keçirilməməsi səbəbilə qaz ixracını dayandırmışdır.

Qeyd: Uzun illərdir Rusiyadan enerji asılılığından yaxa qurtarmağa çalışan Polşa mayeləşdirilmiş təbii qaz idxalı terminalı, ölkəni qonşu ölkələrlə birləşdirən çoxsaylı boru kəmərləri, həmçinin bu ilin oktyabrından fəaliyyətə başlaması gözlənilən Norveçlə sualtı boru kəməri (Polşaya illik 10 milyard kub metr təbii qaz təchiz edəcək) vasitəsilə alternativ mənbələrdən qaz idxalı ilə özünü təchiz etməyə hazırdır. Tikintisi 2022-ci ilin sentyabrında başa çatacaq Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (İGB) boru kəməri isə Bolqarıstanı Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə birləşdirməklə TAP vasitəsilə Azərbaycandan qaz idxalının artmasına, həmçinin Yunanıstandan daha çox LNG təchizinə imkan yaradacaqdır. 

Rusiyanın tələb etdiyi yeni mexanizmlə təbii qaz alıcısı olan şirkətlər “Qazprombank”da həm xarici valyuta, həm də rubl hesablarına malik olmalıdır. Müqavilə üzrə ödəniş əvvəlcə şirkətin “Qazprombank”dakı avro və ya dollar hesabına depozit kimi yerləşdirilməli və 48 saat ərzində rubla konvertasiya olunmaqla şirkətin rubl hesabına köçürülməlidir.      

Avropa Komissiyasının 16 mayda sanksiyalara riayət edilməsi ilə bağlı yeni təlimatında enerji şirkətlərinin rubl hesabları açması və sözügedən mexanizmlə ödənişin həyata keçirilməsinin sanksiyalara zidd olmadığını elan etməsi ilə Avropanın enerji şirkətlərinə faktiki olaraq icazə verilmiş oldu. Rusiyanın Baş nazirinin birinci müavini Aleksandr Novakın maydakı açıqlamasına əsasən “Qazprom” ilə müqaviləsi olan 54 şirkətdən təxminən yarısı artıq “Qazprombank”da hesablar açmış və ödənişləri yeni mexanizmlə həyata keçirməyə hazırdır. Rusiyadan irihəcmli qaz idxalçısı İtaliyanın enerji şirkəti “Eni” və Almaniyanın enerji alıcıları “Uniper” və “VNG” şirkətləri də bu siyahıya daxildir.


Avropa İttifaqının yeni enerji strategiyası: “REPowerEU”

Cari ilin mayın 18-də Avropa Komissiyası daha dayanıqlı enerji sistemi qurmağı və Rusiyadan enerji asılılığını sürətlə azaltmağı hədəfləyən «REPowerEU» planını təqdim etdi. Plan enerji istehlakının azaldılması, bioqaz, biometan və hidrogenin yerli istehsalı və qaz infrastrukturuna məhdud əlavələr edilməklə Rusiyadan enerji asılılığına son qoyulmasının mümkünlüyünə əsaslanır və aşağıdakı 5 əsas istiqamətdə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur: 

(i) Enerjiyə qənaət – orta və uzunmüddətli dövrdə enerji səmərəliliyinin artırılması, o cümlədən yaşayış binalarının isitmə sistemlərinin səmərəliliyinin yüksəldilməsi və qısamüddətli dövrdə əhali və bizneslərin davranışlarını qənaət yönündə dəyişməsi ilə enerji istehlakının azaldılması (Plandakı hesablamalara əsasən əhali tərəfindən evlərdə enerjiyə qənaət 2022-ci ildə 15.5 milyard m3 təbii qazı əvəz edə bilər);

(ii) Enerji mənbələrinin diversifikasiyası – qaz, LNG və hidrogenin İttifaq ölkələri tərəfindən könülü əsasda birgə alışlarını həyata keçirmək üçün yaradılmış İttifaqın Enerji Platforması vasitəsilə tələbatın strukturunun müəyyən edilməsi, qaz idxalı, saxlancı və ötürülməsi infrastrukturunun optimallaşdırılması, qaz və hidrogen alışı üzrə etibarlı tərəfdaş ölkələrlə uzunmüddətli əməkdaşlıq sazişərinin imzalanması, təchizatın diversifikasiyası imkanlarının qiymətləndirilməsi və müqavilələr ilə bağlı məsələlərin koordinasiyası, LNG ticarəti ilə bağlı məsləhətçi qrupun yaradılması;

(iii) Bərpaolunan enerjiyə sürətli keçid – qalıq yanacaq idxalının və elektrik enerjisi qiymətlərinin azalmasına imkan verəcək sürətli keçidin təmin edilməsi üçün hidrogen və biometan istehsalının artırılması, İttifaqın günəş enerjisi strategiyasının və müəyyən kateqoriyalı binalar üçün günəş enerjisi panellərinin quraşdırılmasının məcburiliyini nəzərdə tutan tənzimləmənin qəbulu, külək enerjisi sektorunun rəqabət qabiliyyətinin artırılması, günəş, külək və termal enerji texnologiyaları üzrə dəyər zəncirlərinin gücləndirilməsi, icazə sisteminin sadələşdirilməsi və digər tədbirlər (Qeyd: Plandakı hesablamalara əsasən külək və günəş enerjisindən istifadənin artırılması 2022-ci ildə 20 milyard m3 təbii qazı əvəz edə bilər);

(iv) “Ağıllı” investisiyalar – Planın icrası üçün 2027-ci ilə qədər tələb olunan əlavə 210 milyard avro investisiya üzrə ümumi maraqlara xidmət edən (Projects of Common Interest) mövcud layihələrin tamamlanması və əlavə ehtiyacların, xüsusən Mərkəzi və Şərqi Avropada və Almaniyanın şimalındakı ehtiyacların ödənilməsi üçün yeni infrastrukturun qurulmasına (o cümlədən, Cənub Qaz Dəhlizinin gücləndirilməsi) məhdud sayda yeni investisiyaların yatırılması, enerji qiymətlərinin volatilliyini azaltmaq və qiymətləri nəzarətdə saxlamaq, həmçinin aşağı gəlirli əhaliyə və kiçik bizneslərə dəstək üçün vəsaitlərin ayrılması;

(v) Hazırlığın gücləndirilməsi – təchizatın pozulması riskinə qarşı hazırlığı artırmaq üçün yay müddətində saxlancların lazımi səviyyəyə qədər doldurulması, qısamüddətli dövrdə enerjiyə qənaət tədbirlərinin tətbiqi, ehtiyat planlarının yenilənməsi, qonşu İttifaq ölkələri ilə ikitərəfli həmrəylik sazişlərinin (solidarity agreements) imzalanması və enerji ötürücü sistemlərin texniki cəhətdən hazır vəziyyətdə (əks axın həyata keçirmək üçün) olması.

İttifaqın təbii qaz saxlanclarının səviyyəsi və saxlancların doldurulması üçün yeni mexanizm

Avropa Qaz İnfrastrukturu təşkilatının (Gas Infrastructure Europe) məlumatlarına əsasən İttifaq üzrə saxlanclar cari ilin 18 iyun tarixinə təxminən 53 faiz səviyyəsində doludur. Avropa Komissiyasının saxlancların məcburi doldurulması ilə bağlı təklifi növbəti qışa hazırlıqlı olmaq üçün 1 noyabradək saxlancların minimum 80% dolu olması, növbəti ildən isə bu faizin 90%-ə qaldırılmasını nəzərdə tutur. Təbii qaz saxlancları İttifaqda qış ərzində istifadə olunan qazın 25-30%-ni təmin edir. İttifaqın 27 üzv ölkəsindən 17-si saxlanclara malikdir ki, ən iri saxlanclar Almaniya, İtaliya, Fransa və Niderland ərazisindədir. Saxlancların yerləşdiyi ölkələr onların üzərinə daha böyük maliyyə yükü düşməsindən narahatdırlar.

Bu yükün paylaşdırılması üçün Komissiyanın təklifi 2 alternativ mexanizm nəzərdə tutur: (i) ərazisində saxlanc olmayan ölkələrin öz illik təbii qaz istifadəsinin 15 faizini digər üzv ölkələrdəki saxlanclardan alması və ya (ii) ərazisində saxlanc olmayan ölkələrin digər üzv ölkələrdəki saxlancların doldurulmasına maliyyə dəstəyini nəzərdə tutan birgə mexanizm. Təkliflə bağlı Avropa Şurası və Parlamenti artıq ilkin razılığa gəlib. Bununla belə, təcrübədə saxlancların istifadəsi zamanı İttifaq ölkələri arasında fikir ayrılıqları yaranması, təchizatın dayanması halında daha çox ehtiyata malik olan ölkələrin həmin ehtiyatları digər Aİ üzvləri ilə bölüşməkdən imtina etməsi riski mövcuddur.