İran-Taliban qarşıdurması: İran cəmiyyətini nə narahat edir?

İran-Taliban qarşıdurması: İran cəmiyyətini nə narahat edir?

Əfqanıstanda 40 ilə yaxın davam edən və Talibanın ikinci dəfə hakimiyyəti ələ keçirməsilə nəticələnən vətəndaş müharibəsi qonşuluqda yerləşən İranı və İran cəmiyyətini yaxından maraqlandıran məsələdir. 90-cı illərdə Talibanın İran diplomatlarını öldürməsi və davamında İranın Talibanı terror təşkilatı elan etməsilə bu münaqişə başlamışdır.

Həmin dövrdə Taliban rejimi Əl-Qaidə kimi terror təşkilatları ilə əməkdaşlıq edirdi. Əl-Qaidə lideri Usama bin Ladenin Əfqanıstanda gizləndiyi bu dönəmdə Taliban yaraqlıları İranın Məzari-Şərifdəki konsulluğuna basqın edərək 8 İran diplomatını və biri jurnalist olmaqla 3 İran vətəndaşını qətlə yetirmişdi. Taliban Məzari-Şərifi ələ keçirərkən şiə təriqətinə bağlı olan həzaralara qarşı qətliam da törətmişdir.

12 noyabr 2001-ci ildə isə İslam İnqilabı Korpusunun komandirləri Yəhya Rahim Səfəvi və Qasım Süleymani ilə ABŞ Xüsusi Təyinatlı Qüvvələrinin komandiri Tommi Frenksin rəhbərliyi altında Herat şəhərində Talibana qarşı xüsusi əməliyyat keçirilmişdi.

Lakin Corc Buşun 2002-ci ildə çıxışı zamanı Şimali Koreya və İraqla yanaşı, İranı da "şeytanın oxunda" göstərməsi İran hakimiyyətini regiondakı siyasətini yenidən gözdən keçirməyə məcbur etmişdi. Üstəlik ABŞ-ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra Kamal Xan su anbarından İrana gedən suyun azaldılması, 2014-cü ildən etibarən ABŞ qoşunlarının mərhələli şəkildə Əfqanıstandan çıxması və 1 il sonra İŞİD terrorçularının Əfqanıstanda “Xorasan” qolunu yaratması İranı Talibanla əməkdaşlığa sövq etmişdir. Elə həmin il İslam İnqilabı Keşikçilər Korpusunun Qüds Gücü komandanı, general Qasım Süleymani ABŞ və İŞİD-ə qarşı Talibanla əməkdaşlığa başlamışdır. Bu əlaqələr 2016-cı ilin may ayında Taliban lideri Molla Əxtar Mansurun ölümündən sonra gün üzünə çıxmışdır. Mansur uzun müddətdir qaldığı İrandan Pakistana gedərkən ABŞ PUA-ları tərəfindən Əfqanıstan-Pakistan sərhədində öldürülmüşdür.

ABŞ-ın Əfqanıstandan çıxarılmasını böyük qələbə kimi qiymətləndirən və Talibanı təbrik edən İran hökuməti 2022-ci il yanvarın 8-də Talibanın xarici işlər naziri Əmir Xan Müttəki və onu müşayiət edən nümayəndə heyətini qəbul edərək münasibətləri yaxşılaşdırmağa çalışıb. Digər tərəfdən, İran təxminən üç milyon əfqan mühaciri qəbul edib. Suriyada və Yaxın Şərqin müxtəlif ölkələrində İran adından döyüşən Fatimiyyun briqadası da İrana köçmüş əfqan şiələrindən (həzaralar) ibarətdir. İranda yaşayan əfqan mülki mühacirlər ən ağır işlərdə və çox çətin şəraitdə çalışsalar belə, yenə də iqtisadi yük kimi görülürlər. Əfqanıstanın Taliban hakimiyyəti altında sabitləşməsinin İrana immiqrant axınının qarşısını alacağı düşünülsə də, əfqanlar İrana və buradan da Türkiyəyə qaçmaqda davam edir.

Su, sərhəd, məzhəb kimi fərqliliklərlə yanaşı, İran üçün ən böyük təhlükələrdən biri Taliban rejiminin içərisində sabitliyin olmamasıdır. Taliban öz daxilində Həqqani və Qəndəhar klanlarına bölünür və təşkilat içərisində pəştun, özbək və taciklərin arasında da problemlər var. Ona görə də İranın iqtisadi, təhlükəsizlik və siyasi maraqlarına cavab verəcək bir Əfqanıstan hakimiyyətinin qurulması qısa müddətdə mümkün görünmür. Digər tərəfdən, Taliban rejimi tərəfindən Əfqanıstandakı şiə qruplarının siyasi qərarların qəbulu prosesindən kənarda saxlanması uzunmüddətli perspektivdə Taliban və Tehran arasında müəyyən problemlər vəd edir.

Bəs İran elitası Taliban haqqında nə düşünür? İran hər nə qədər İŞİD və ABŞ məsələsində Talibanla əməkdaşlıq etsə də, müxalifətdəki reformistlər, iqtidardakı mühafizəkar siyasilər və media qurumları Talibanın hakimiyyəti ələ keçirməsinin İran üçün bir təhdid olduğunu düşünürlər. Mühafizəkarlar Pəncşirdəki tacik və həzara şiələrin dirənişi ilə bağlı səssiz qalsa da, reformistlər bir araya gələrək Pəncşirə dəstək olmaqla bağlı hökumətə müraciət edib.

Reformistlər İran hakimiyyətinin Pəncşir və digər regionlardakı şiələrə dəstək olmamasının inqilabın əsas doktrinalarını baltalaya biləcəyini bildirirlər. Reformistlərə görə şiələrə kömək edilməyəcəyi təqdirdə Türkiyə ilə Pakistan İranın şərq sərhədlərində öz gücünü artırmış olacaq. Həzara əsilli mühafizəkar siyasətçi Cəfər Mehdəvi isə bildirib ki, Pəncşirdəki dirənişin Əfqanıstan xalqında heç bir qarşılığı yoxdur və çoxluq tərəfindən dəstək görmür, buna görə də Talibanla qarşıdurmanın heç bir mənası yoxdur.

ABŞ-ın bölgədən çəkilməsini istəyən ölkələr arasında regionla ən uzun sərhədi olan İran Taliban hərəkatının gələcək davranışlarına qarşı ən həssas ölkədir. İran siyasiləri Türkiyə və ona yaxın ölkələrin Əfqanıstandakı nüfuzunun artmasından duyulan narahatlığı tez-tez ifadə etmişdir. Onlar düşünür ki, Suriyada son on ildə Suriya hökumətinə, Hizbullaha və İrana qarşı cəbhədə olan Türkiyə, Pakistan və Qətər oxunun Əfqanıstandakı təsirini nəzərə alsaq, bu oxun Əfqanıstanda da aktivləşmə ehtimalları yüksəkdir. Bu bəyanatlar, həm də İran hökumətinə xəbərdarlıq xarakteri daşıyırdı.

Koalisiya qoşunları Əfqanıstandan çıxarıldıqdan sonra regional güclərin bölgədəki sabitliyi qorumaq və ya təsir dairələrini genişləndirmək üçün boşluğu doldurmaq cəhdlərinin intensivləşdiyi bildirilib. Taliban daxilindəki qeyri-sabitlik, Əfqanıstan ətrafında yaranmış siyasi boşluq və qüvvələr balansının pozulması geosiyasi münaqişələr yarada bilər.

İranın Talibana qarşı ehtiyatlı davranmasının səbəblərindən biri də məzhəb fərqi və radikal sünnilər tərəfindən İranın bir nömrəli düşmən kimi göstərilməsidir. Hökumətə bağlı olan siyasi düşüncə mərkəzlərində də məhz Talibanla bağlı ən çox təhlil edilən məsələ də məzhəbdir. Siyasi ekspert İslam Zülqədirpurun Prezident yanında Strateji Araşdırmalar Mərkəzində qələmə aldığı yazıda da Talibanın avtoritar meyllərinə həssaslıqla yanaşmaq, onun universal məqsəd və niyyətlərindən narahat olmaq lazım olduğu ilə bağlı xəbərdarlıq edilir.

Talibanın Əfqanıstan bayrağını dəyişdirib, ağ rəngli “tövhid” bayrağını rəsmi olaraq bayraq kimi qəbul etməsi onun regional və ya qlobal məqsədlərindən xəbər verə bilər. İranlı reformistlər belə düşünür ki, yeni bayraqda Əfqanıstana dair heç nə olmaması Talibanın məqsədinin Əfqanıstandan daha geniş olması ilə izah edilə bilər.

İran hakimiyyəti dünyada baş verən proseslərə ideoloji münasibətdən çox real siyasət və geosiyasət nöqteyi-nəzərindən baxır. Bu baxış heç vaxt digər aktorlarla ideoloji cəhətdən uzlaşa bilməyən Taliban hərəkatı ilə İran arasında gərginliyin yaranmasına səbəb olur.

Ali dini lider Əli Xamenei Taliban haqqında görüşlərini birbaşa ifadə etməsə də, ona bağlı olan mühafizəkar media və siyasilər bu barədə daima fikirlər yürüdürlər. Ayətullaha yaxınlığı ilə bilinən Hüseyn Şəriətmədari rəhbəri olduğu "Keyhan" qəzetində reformistləri "qərb tərəfdarları" adlandıraraq sərt tənqid etmişdir. Mühafizəkarlara görə Əfqanıstandakı şiələri dəstəkləmək üçün qoşun göndərmək yalnızca ABŞ və İsrailə sərf edir. O, bu addımı ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı İran qoşunlarının İraqa göndərilməsini tələb edənlərlə eyni səviyyədə "xainlik" adlandırır.

İran xalqı Talibanın dünya xilafətini hədəfləməsini özlərinə təhdid kimi görür. Rəsmi dairələrin qəbul etməkdə həvəsli göründüyü “Talibanın dəyişən imici”nin əksinə olaraq, hakimiyyət və xalq arasındakı bir sıra qruplar Talibandan ehtiyatlı olmaqda davam edir. Reformistlər Əfqanıstandakı anti-Taliban şiələrin və farsdilli ünsürlərin dəstəyinə üstünlük verirlər. Talibanın Əfqanıstanda taciklərə və şiələrə qarşı siyasəti İranda mühafizəkarlar və reformistlər arasında mübahisələri daha da qızışdırır.

Son dönəmlərdə əfqan miqrantların İran polisi tərəfindən zorakılığa məruz qalması, Herat şəhərində İran konsulluğuna edilən hücum və Əfqanıstandakı şiə məscidlərinə İŞİD tərəfindən törədilən teraktların qarşısının alınmaması İran-Taliban münasibətlərini yenidən pozmuş və sərhəddə lokal toqquşmalara səbəb olmuşdur.

İran elitası Talibanın ikinci dəfə hakimiyyəti ələ keçirməsinə yardım göstərən Körfəz-Qərb ittifaqının İran-Taliban qarşıdurmasını yaratmaqda maraqlı olduğunu düşünür. Bu iddianı gücləndirən amillərin başında ABŞ Silahlı Qüvvələrinin Əfqanıstanı tərk edərkən silah və texnikanı Kabildə qoyub getməsidir. Ötən ay ABŞ Konqresi Əfqanıstanda tərk edilən 7,12 milyard dollarlıq silahlar barəsində Müdafiə Departamentindən hesabat tələb edib. İran siyasi elitası belə düşünür ki, ABŞ-ın bu silahları Taliban üçün qoyub getməsi, həm də Çinin sərhədləri yaxınlığında və ticarət dəhlizi üzərində yeni bir münaqişə ocağının yaradılması üçün Qərbdəki dairələr tərəfindən dəstəklənə bilər.

Bütün bu iddialar və hazırda Kabil və Tehranda baş verən hadisələrin gedişatı lokal xarakterli insidentlərin irimiqyaslı bir münaqişənin arxaplanı ola biləcəyi barədə ehtimallarını gücləndirir.