Mərakeş Səhrası "Yaşıl yürüş"dən 46 il sonra
“Yaşıl yürüş”
Bu ilin 6 noyabrında mərakeşlilər geniş bir bölgənin taleyini dəyişmiş tarixi epizod və milli bayram olan “Yaşıl yürüş”ün 46 illiyini qeyd etdilər. 1975-ci ildə məhz bu gündə 350 min silahsız mərakeşli Kral II Həsənin başçılığı ilə həmin dövrdə İspan Səhrası kimi tanınan regiona yürüş həyata keçirdilər. Bu dinc marşla əllərində sadəcə Mərakeş və yaşıl bayraqlar, “Quran” nüsxələri və monarxın portretlərini tutan yürüşçülər ispan kolonializminə etirazlarını və onun Mərakeşə inteqrasiya olunması ilə bağlı ümummilli istəyi ifadə etdilər.
Rabat tədricən hazırda Mərakeş Səhrası kimi tanınan keçmiş ispan müstəmləkəsinin böyük qismi üzərində nəzarəti ələ keçirdi.
Adını İslamın rəngindən (“Quran” nüsxələri və yaşıl bayraqlar) almış “Yaşıl yürüş” bir dönüş nöqtəsi olaraq çağdaş Mərakeş tarixində uzunmüddətli iz buraxıb və Mərakeşin Səhra üzərindəki suverenliyinə olan güzəştsiz bağlılığını simvolizə edir.
“Yaşıl yürüş”, 1975
Regional gərginlik
Yaşıl Yürüş şənlikləri Mərakeş və qonşu Əlcəzair tərəfləri arasında (yenidən) alovlanan gərginlik fonunda baş tutdu. Sonuncu, Rabatın Mərakeş Səhrası üzərindəki suverenliyini tanımaq istəmir və bölgə üçün müstəqillik tələb edən separatçı hərəkat – Polisario Cəbhəsini uzun müddətdir ki dəstəkləyir.
2020-nin oktyabr və noyabrında bir qrup Polisario separatisti Mərakeş və Mavritaniya arasındakı əl-Kərkərat sərhəd keçid məntəqəsinin qarşısını kəsdi. Mərakeş qüvvələri Polisario silahlılarını kənarlaşdırmaq və gediş-gəlişi bərpa etmək üçün əraziyə yeridildi. Rabatın əldə etdiyi beynəlxalq dəstək separatçıları qıcıqlandırdı və onlar atəşkəsin sona çatdığını və yeni hücum dalğasının başladıldığını açıqladı. Lakin bu hücumlar Mərakeş tərəfinin son vaxtlarda aldığı Türkiyə və İsrail dronlarının hesabına asanlıqla yatırıldı.
Əlcəzairin yanvarda, eləcə də ilin ortalarında Mərakeş sərhədi yaxınlığında keçirdiyi iki hərbi manevr qonşu ölkələr arasındakı münasibətlərdəki gərginliyi pik nöqtəyə çatdırdı. Rabata daha hədələyici siqnallar göndərmək üçün Əlcəzair tərəfi Rusiya və post-Sovet regionunda Rusiya dəstəkli separatist qurum olan Cənubi Osetiya ilə birgə xüsusi təyinatlı qüvvələrin hərbi təlimlərində iştirak etdi.
Əlcəzair və Mərakeş arasında aylar boyunca davam edən gərginlik nəticəsində birinci 24 avqustda Rabatla diplomatik əlaqələri kəsdiyini bəyan etdi. Əlcəzair tərəfi Mərakeşi Kabiliyyə regionunda tüğyan edən silsilə meşə yanğınlarını törətmək kimi bir sıra təxribatçı hərəkətlərdə günahlandırdı, baxmayaraq ki, Rabat fəlakətin qarşısını almaq məqsədilə dərhal iki “Canadair” təyyarəsini köməyə göndərməyi təklif etmişdi. Amma özünün yanğınsöndürən uçaq donanması olmayan Əlcəzair bu təklifi qəbul etməmişdi. Ziddiyətləri alovlandıran başqa bir səbəb də Mərakeş və İsrail arasında münasibətlərin bərpasının Əlcəzair tərəfini qəzəbləndirməsi ola bilərdi.
İyulun sonlarında Mərakeş kralı IV Məhəmməd şərq qonşusuna barışıq təklifi göndərərək quru sərhədlərinin yenidən açılmasına çağırış etdi və Əlcəzair prezidenti Əbdülməcid Təbbunla ən qısa müddətdə görüşmək arzusunda olduğunu bildirdi. Kralın sözlərinə görə, “Mərakeş və Əlcəzair təkcə iki qonşu ölkə deyil; onlar bir-birini tamamlayan əkizlərdir”.
Lakin Əlcəzair prezidenti Tebbun normallaşma təklifini rədd edərək, oktyabrın ortalarında sərt və aqressiv ritorika ilə ölkəsinin müharibəyə hazır olduğunu bəyan etdi.
Mərakeş Səhrasında cari vəziyyət
Son illərdə Rabat Mərakeş Səhrası məsələsində nəzərə çarpacaq siyasi, diplomatik və iqtisadi nailiyyətlər qazanıb.
2020-ci ilin dekabrında Mərakeşin bölgə üzərindəki suverenliyinin Birləşmiş Ştatlar tərəfindən tanınması bu nailiyyətlərdən ən böyüyü (bəlkə də Əlcəzairin Mərakəşi bu məsələdə izolyasiya etmə cəhdlərinə ən böyük zərbə) sayıla bilər. Bundan əlavə, 26 ölkənin Səhra şəhərləri olan Əl-Ayun və əd-Dəhlədə diplomatik missiya açması Mərakeşin suverenliyini tanıma istiqamətindəki addımlar kimi qiymətləndirilir. Vaşinqton da Səhrada konsulluq açmağı vəd edib.
BMT Baş katibi Antonio Quterreşin 2021-ci ilin oktyabrındakı BMT Baş Assambleyası üçün hazırladığı məruzə də Mərakeş tərəfindən böyük diplomatik uğur kimi qeyd edilib. Bu məruzədə Quterreş Mərakeş Səhrasının BMT nəzdində sülh və təhlükəsizlik məsələsi olduğunu vurğulayıb. Bundan başqa, Polisario silahlılarının Mərakeş və Mavritaniya arasındakı yolu oktyabr-noyabrda bloklaması da BMT sədri tərəfindən qeyd edilib. Magistraldakı vəziyyət Rabatın həlledici addımı ilə yoluna qoyulmuş və gediş-gəliş itki verilmədən bərpa edilmişdi.
8 sentyabr 2021-ci ildə keçirilmiş bələdiyyə, regional və parlament seçkiləri zamanı Mərakeş Səhrasının üç regionu rekord sayda seçki fəallığı göstərərək digər bütün əyalətləri geridə qoyub. Əl-Ayun-Əs-Saqiyə-əl-Həmrada (66,94%), Gülmim-Vadi-Nunda (63,76%) və Əd-Dəhlə-Vadiz-Zəhəbdə (58,30%) olan seçki fəallığı ilə bu üç əyalət seçkidə qeydə alınmış 50,18%-lik ortalama seçki fəallığını böyük fərqlə geridə qoyub. Seçkilər zamanı bölgə seçicilərinin fəal iştirakı Səhranın Mərakeş ərazisinə tam inteqrasiyasını göstərir.
Kral VI Məhəmməd, 2016
Kralın nitqi
6 noyabr 2021-də, Yaşıl Yürüşün 46 illiyi münasibətilə xalqa ən son xitabında Kral IV Məhəmməd “Səhranın mərakeşliliyinin” istər tarix, istər legitimlik, istər Mərakeş xalqının güclü iradəsi, istərsə də beynəlxalq səviyyədə tanınma baxımından şəksiz və danılmaz fakt olduğunu bir daha təsdiqləyib.
Monarx ABŞ-ın Mərakeşin Səhra üzərindəki tam suverenliyini tanıması qərarını və əsasən Ərəb dünyası və Afrikadan olan 20-dən çox ölkənin Əl-Ayun ilə Əd-Dəhlə şəhərlərində nümayəndəliklər açmasını Mərakeşin mövqeyinə olan geniş və böyüyən beynəlxalq dəstək kimi qiymətləndirib.
Onun sözlərinə görə, Mərakeş bu “süni regional çəkişmənin” dinc yolla həllinin tərəfdarıdır, lakin heç vaxt Səhra üzərindəki suverenliyini müzakirəyə çıxarmayacaq və ərazi bütövlüyünü qorumağa hazırdır.
İqtisadi planlar
Sahara əyaləti Mərakeşdən Səhraaltı Afrikaya uzanan strateji keçid olma potensialına malikdir. “Mərakeşin Böyük Cənubu”nun iqtisadi inkişafı ilı bağlı böyük iqtisadi plan çərçivəsində bölgə Rabat üçün iqtisadi prioritetə çevrilib.
2015-ci ildə krallıq hökuməti Səhra tarixinin ən böyük investisiya proqramını elan etdi. Ambisiyalı inkişaf planı cənub əyalətlərini 2015-2021-ci illərdə investisiya, turizm və nəqliyyat mərkəzinə çevirməyə hesablanmış yüzlərlə layihədən ibarətdir.
Krallıq Tiznit və Əd-Dəxla şəhərləri arasında yeni magistralın, universitetlərin, bərpa olunan enerji parklarının, hava limanlarının, su təmizləmə təsislərinin, xəstəxanaların və ABŞ-la birgə maliyyələşdirilən Əd-Dəxla Atlantik limanı meqa-proyektinin inşasına 6,6 milyard avro civarında pul ayırıb. Bu infrastrukturla Mərakeş cənub əyalətlərinin sosial-iqtisadi inkişafını sürətləndirməyə çalışır olur. Tərfayə şəhərinin 1,5 milyonlu ev və təsərrüfatını elektriklə təmin etməyi planlaşdıran, 300 meqavatt həcmli Afrikanın ən böyük külək enerjisi istehsalı parkına ev sahibliyi etməsi bərpa olunan enerji sahəsinə diqqəti artırır.
Onilliklər boyu davam edən anlaşmazlıqlardan sonra nəhayət ki, Mərakeş Səhrası yatırımlar, iqtisadi inkişaf və rifah mərhələsinə daxil olur. Turizm və nəqliyyat mərkəzi olma potensialı daşıyan bölgədə səylər və maliyyələşmə artırılıb. Bu konfiqurasiyadakı ən vacib element isə Mərakeş kralının təmin etdiyi siyasi stabillikdir. Beynəlxalq ictimaiyyət də öz növbəsində Mərakeşin Məğribdəki bu vacib regionu stabilləşdirmə cəhdlərinə dəstək ola bilər və olmalıdır.