İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın AB və AİB-ə qarşı xarici siyasəti

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın AB və AİB-ə qarşı xarici siyasəti

 

Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsi uzun müddətdir ki, Azərbaycanın xarici dünya, xüsusən regional bloklarla münasibətlərində mərkəz nöqtədir. Bölgədəki 44 günlük müharibə on illərdir davam edən işğalı qismən sona çatdırdığına görə rəsmi Bakı indi AB və Rusiyanın rəhbərlik etdiyi inteqrasiya layihələri ilə müttəfiqlik strategiyasında müəyyən dəyişiklikləri nəzərdən keçirə bilər. Məsələyə geniş çərçivə qazandırmaq üçün altı azərbaycanlı mütəxəssislə detallı şəkildə müzakirə etdik.
 

Qarabağ müharibəsindən sonra Cənubi Qafqazın yeni geosiyasi reallıqlarında, Azərbaycanın xarici siyasətində AB və AİB-nə qarşı hansı dəyişiklikləri və davam edən tendensiyaları müşahidə edə bilərik?


FƏRİD ŞƏFİYEV | Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) sədri, Azərbaycanın Kanada və Çexiyadakı keçmiş səfiri

Düşünürəm ki, İkinci Qarabağ müharibəsindən sonra Xəzər hövzəsində yeni geosiyasi reallıqla qarşılaşdığımızı qəbul etməliyik. Ermənistan və Azərbaycanın keçmiş anlaşılmazlıqları kənara qoymaq və daha sabit, dinc gələcək üçün çalışmaq üçün misilsiz bir şansı var. Təəssüf ki, münaqişənin vasitəçiləri (ATƏT-in Minsk Qrupu) və bəzi digər xarici güclərin münaqişəni hələ də gündəmdə saxlamağa çalışması mövcud şəraitdə danışıqların istiqamətinə mənfi təsir göstərə bilər. Bu çərçivədə irəliləməyin yeganə yolu Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü qəbul etmək və bu əsasda iqtisadi əməkdaşlıq qurmaqdır. Həm AB, həm də AİB-in qəbul etdiyi müqavilələr üzv dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörməti potensial inteqrasiyanın əsas prinsipi kimi təqdim edir və Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlərinin bir hissəsi kimi Qarabağ məsələsində də eyni münasibəti gözləyir.

Bu, qısa müddətdə çətin görünə bilər, lakin Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü bir neçə il əvvəl axıdılan qana baxmayaraq, İkinci Dünya Müharibəsi bitdikdən sonra Avropa dövlətlərinin etdikləri kimi iqtisadi əməkdaşlıq yolu ilə tanıya bilərlər. Kömür və polad sahəsində tam hüquqlu əməkdaşlıq sonradan keçmiş düşmənlər arasındakı təmasların daha geniş müstəvisinə yayıldığından dolayısı yolla müharibə aparmış Avropaya sülh gətirmişdi. Ermənistan və Azərbaycan arasında nəqliyyat dəhlizlərinin inşası da bölgədə iqtisadi rifah və sabitliyə töhfə verəcəkdir. Maraqlıdır ki, bu, AB-nin 2013-cü ildə Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması barədə danışıqlar aparıldığı zaman təklif etdiyi bölgə planlarına tamamilə uyğundur. Brüssel yeni dəmir yolunun Gürcüstan ərazisi əvəzinə Mehridən (Ermənistan) keçməsini istəyirdi. Bu xətt hal-hazırda Bakı, Ankara və Moskvanın müdafiə etdiyi eyni yoldur və bu, 10 noyabr razılaşmasında və Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında 11 yanvar danışıqlarında açıq şəkildə göstərilib.

Azərbaycan və AB 2017-ci ildən bəri yeni razılaşma üzərində işləyir. COVID-19 pandemiyası nəticəsində danışıqlar prosesinə ara verilsə də, tərəflər bu yaxınlarda danışıqları davam etdirməyə başladılar. Qarabağ müharibəsindən sonrakı dövrdə rəsmi Bakı AB-nin ölkədə yenidənqurma və bərpa fəaliyyətində daha fəal iştirakında maraqlıdır. Azərbaycan bu ildən Trans-Adriatik boru kəməri ilə təbii qazın Avropa bazarına birbaşa çatdırılmasına başladı; eyni zamanda yaxın aylarda Brüssellə əməkdaşlıq gündəliyini genişləndirəcəyinə ümid edir. AİB-dən danışarkən qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasətində diqqətəlayiq bir dəyişiklik yoxdur, lakin rəsmi Bakı inteqrasiya barədə qətiyyətli bir öhdəlik olmadan bir sıra iclaslarda iştirak etməyi nəzərdən keçirə bilər. Müşahidəçi statusu bu mənzərəyə daha uyğundur, lakin düşünürəm ki, Azərbaycan AİB ilə Avropa Birliyi ilə münasibətlərə bənzəyən, daha çox müvəqqəti əsasda - kənd təsərrüfatı və texnoloji tərəfdaşlıq sahələrində əməkdaşlıqda maraqlı olacaqdır. Nəticə olaraq deyə bilərəm ki, hər şey müharibəni arxada qoymaq və onun böyük birləşdirici potensialına yanaşaraq daha yaxşı bir bölgə qurma qabiliyyətimizdən asılıdır. 

 

FƏRHAD MƏMMƏDOV | “Valdai” Beynəlxalq Müzakirə Klubunun politoloqu və mütəxəssisi 

Azərbaycanın AB və AİB-nə qarşı xarici siyasəti üç əsas meyara əsaslanır: daxili siyasi təsirlər, iqtisadi uyğunluq və Qarabağ münaqişəsinə yanaşma. Hər üç siyasət sahəsində bu iki qurumdan fərqli təşəbbüslər görürük. Siyasi olaraq AB-nin Azərbaycanla enerji və nəqliyyat sahələrində sıx tərəfdaşlığı ilə paralel şəkildə insan haqları və demokratiyanı üstün tutması ikitərəfli münasibətlərdə həmişə mübahisələrin əsas sütunu olmuşdur. Azərbaycan tərəfi Brüsselin demokratik açılış çağırışlarını daxili işlərə müdaxilə kimi qəbul edir. AİB-nə gəldikdə Bakı təşkilatın strateji maraqlarına uyğun olmayan geosiyasi seçimlər etməsinə təkan verə biləcək siyasiləşdirilməsindən narahatdır. Son hadisələr kontekstində Azərbaycan Rusiya ilə Qərb arasında sanksiya müharibəsinə iştirakçı olmaq istəmir.

İqtisadi uyğunluq cəhətdən qeyd etmək lazımdır ki, AB Azərbaycanın əsas ticarət tərəfdaşıdır, Rusiya isə qeyri-neft sektoru əməkdaşlığında siyahıda üstünlük təşkil edir. Bir tərəfdən enerji ixracatı Azərbaycanın AB ilə ticarətinin böyük bir hissəsini təşkil edir. Digər tərəfdən isə işçi qüvvəsinin ən böyük hissəsini (35%-dən çox) təşkil edən kənd təsərrüfatı sektoru daha çox AİB bazarında müştəri tapır. Azərbaycanın qeyri-neft ixracatı hazırda 2 milyard ABŞ dollarıdır və bunların təxminən yarısı AİB ölkələrinə yönəldilib. Bu payı artırmaq istəyiriksə, uzun müddətdə bu bazardan asılılıq yarada biləcək AİB qaydaları və standartlarına uyğunlaşmalıyıq. Təşkilat son illərdə müxtəlif növ ticarət sazişləri ilə iqtisadi əlaqələrini fəal şəkildə genişləndirdiyindən Azərbaycan əlaqələrdən və qeyri-neft ixrac potensialından daha yaxşı istifadə etmək üçün AİB ilə müəyyən razılaşmalar bağlamaq və kənarda qalmamaq istəyə bilər. AB-yə gəldikdə isə Azərbaycanın sənaye potensialı hələ belə sərt rəqabətə hazır olmadığından gömrük ittifaqına qoşula bilməz.

Qarabağ münaqişəsi ilə əlaqədar olaraq Ermənistanla münasibətlərdə öz müqəddəratını təyinetmə konsepsiyasına, Azərbaycanla əlaqələrdə isə ərazi bütövlüyü konsepsiyasına istinad edən AB iki yönlü strategiyadan istifadə etdiyi üçün Azərbaycan üçün öz cazibəsini daha da itirir. Qarabağ müharibəsindən sonrakı dövrdə Brüssel hələ də bölgədəki yeni reallıqlar barədə dəqiq mövqeyini müəyyənləşdirməyib və bunun yaxın gələcəkdə baş verəcəyini düşünmürəm. Əksinə, Azərbaycanın AİB ölkələri arasında Qarabağ münaqişəsində onun haqlı mövqeyini dəstəkləyən yaxın tərəfdaşları var. Bu baxımdan, Ermənistanla münasibətlər normallaşarsa və İrəvan Azərbaycanın beynəlxalq səviyyədə qəbul edilmiş sərhədləri daxilində ərazi bütövlüyünü tanıyarsa, rəsmi Bakı qurumda müşahidəçi statusuna sahib olmağı cəlbedici hesab edə bilər.

Nəticə olaraq, əgər AB ənənəvi siyasi xəttini davam etdirərsə, Azərbaycanın yaxın gələcəkdə AİB ilə sıx əməkdaşlığa girmə ehtimalı daha real görünür. AB ilə yeni müqavilənin tezliklə imzalanacağını düşünmürəm, lakin bunun 3-5 il ərzində baş verə biləcəyini də istisna etmək olmaz.


RÖVŞƏN İBRAHİMOV | Hankuk Xarici Araşdırmalar Universitetinin professoru

Əvvəlcə qeyd etməliyəm ki, qısa müddətdə bölgənin geosiyasətində ciddi dəyişiklik olacağını təxmin etmirəm. Bununla birlikdə hələ də kağız üzərində qalan transport layihələrinin reallaşdırılması orta və uzunmüddətli dövrdə regional təsir balansında müəyyən dəyişikliklərə səbəb ola bilər. Eyni sözləri Qarabağda 44 günlük müharibədən sonra Azərbaycanın xarici siyasəti barədə də demək olar, çünki rəsmi Bakı AB və AİB ilə bağlı xarici prioritetlərini dəyişdirmək üçün bir səbəb görmür.

Əvvəla, AB-Azərbaycan münasibətləri daha çox AB-nin postsovet məkanına qarşı siyasət strategiyası ilə formalaşır. Azərbaycan kiçik tərəfdaşdır və AB-nin bölgədəki davranışını dəyişdirəcək təsir gücünə malik deyil. Eyni zamanda, Bakı NATO-ya üzv olmaq üçün səy göstərmir, bu isə AB-yə inteqrasiya üçün ilkin şərtlərdən biridir. Hazırda iki tərəf 1999-cu ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin yerini alması gözlənilən yeni bir çərçivə sazişinin imzalanması üzərində işləyirlər. Buna görə də Azərbaycan-AB danışıqları daha çox yaxın gələcəkdə bu sazişin bağlanması ətrafında inkişaf edəcəkdir.

AİB məsələsinə gəldikdə, təşkilatın nə siyasi, nə də iqtisadi baxımdan Bakı üçün cəlbedici olmayacağına görə Azərbaycanın xarici siyasət yanaşmasını dəyişdirməsi üçün heç bir səbəb yoxdur. Azərbaycan Rusiya və Qazaxıstanla eyni məhsulları istehsal edir və onsuz da keçmiş Sovet ölkələri ilə sərbəst ticarət müqavilələri var. Bu, Azərbaycanın mövcud iqtisadi maraqları üçün kifayətdir, lakin hökumət ixrac məhsullarının şaxələndirilməsinə nail ola biləcəyi təqdirdə AİB siyasətində müəyyən dəyişiklikləri nəzərdən keçirə bilər. Əsas sual bundadır ki, Azərbaycan siyasi olaraq suverenliyinin müəyyən bir hissəsini Rusiyanın rəhbərlik etdiyi quruma fəda etməsi qarşılığında nə əldə edəcək. Eyni zamanda, İrəvanın Azərbaycanın AİB-nə daxil olması ilə bağlı veto hüququna malik olduğu üçün Ermənistanın bu məsələdəki mövqeyi də nəzərə alınmalıdır.


AYAZ RZAYEV | Topçubaşov Mərkəzinin siyasi eksperti

İnanmıram ki, Azərbaycan tezliklə Avrasiya İqtisadi Birliyinin üzvü olacaq. AİB üzvlüyü müzakirə mövzusu deyil. Yadda saxlamaq lazımdır ki, illər əvvəl Avrasiya İqtisadi Birliyi ilk növbədə Rusiya, Qazaxıstan, Belarusiya və Ukraynanı birləşdirəcək layihə olaraq planlaşdırılmışdı. Lakin Ukrayna böhranı Moskvanı planlarını dərhal yenidən nəzərdən keçirməyə və tələsik AİB-i yaratmağa məcbur etdi, çünki Ukraynanın ayrılmasından dərhal sonra Kreml üçün yeni geosiyasi qələbə eyforiyası yaratmaq zərurəti yarandı. Bu səbəbdən Avrasiya İqtisadi Birliyi aydın strateji baxış və kimlikdən məhrumdur. Bu təşkilat hələ də vahid təcrübəyə malik deyil. Avrasiya inteqrasiyası ideyası cəlbediciliyini itirməyib, hətta bu baxışın bir çox üstünlüyü olsa da, bir qurum olaraq AİB ən azı bu gün fəaliyyət göstərdiyi şəkildə üzvlük prosedurunu çətinləşdirən və səmərsizləşdirən bir çox çatışmazlıqlara sahibdir.

Avropa Birliyinə gəldikdə, rəsmi Bakı AB-ni bölgədə kritik və çoxillik aktyor kimi görür. Bakı ilə Brüssel pandemiya və İkinci Qarabağ müharibəsi səbəbi ilə kəsilən Azərbaycan-AB arasında yeni müqavilə imzalamaq üçün danışıqların son mərhələsindədir. Yeni ikitərəfli müqavilə artıq 90% razılaşdırılıb və danışıqlar çox yaxında davam edəcək. İkinci Qarabağ müharibəsi AB-nin daim israr etdiyi və Azərbaycanın münaqişə səbəbi ilə icazə vermədiyi Ermənistanın regional nəqliyyat və kommunikasiya layihələrində iştirak etməsi üçün bir fürsət açdı. İndi AB və Azərbaycan Ermənistanı regional inteqrasiya layihələrinin bir hissəsi olmağa çağırmaqda ortaq maraqlara sahibdirlər. AB Ermənistanı Azərbaycan və Türkiyə üzərindən Avropaya bağlamağa imkan verən Zəngəzur dəhlizini açmağa həvəsləndirə bilər.


ANAR VƏLİYEV | ADA Universitetinin İdarəçilik və Beynəlxalq Əlaqələr fakültəsinin dekanı və dosenti

Cənubi Qafqazdakı son inkişaf edən hadisələri nəzərə alsaq, Azərbaycanın AB ilə xarici siyasətinin müsbət yöndə inkişaf edəcəyinə inanıram. Bakı 2020-ci ildə dağıdıcı müharibədən sonra Qarabağın yenidən qurulmasında AB-nin siyasi, iqtisadi və maliyyə yardımını gözləyir. AB ilə strateji enerji tərəfdaşlığı hələ də olduqca dəyişkən bu bölgədə Azərbaycanın xarici siyasətinin əsas istiqamətverici qüvvələrindən biridir və hər iki tərəf də ikitərəfli münasibətlərdə praqmatizmin qorunmasında maraqlıdır. Beləliklə, Azərbaycanın AB-yə qarşı tənqidində tədricən azalma görəcəyimizi və Brüssellə əməkdaşlıq mövzusunda xarici siyasət narrativlərində müsbət dönüş olacağını düşünürəm. İki tərəf dərin və hərtərəfli razılaşma əvəzinə köhnə razılaşmanı əvəz edəcək yeni çərçivə sazişinin bağlanmasının son mərhələsindədir. Eyni zamanda, AB-Türkiyə münasibətlərindəki inkişaf Azərbaycanın AB ilə gələcək tərəfdaşlığına müəyyən dərəcədə təsir göstərəcəkdir. Türkiyə və AB hal-hazırda gərgin olan ikitərəfli münasibətlərin pozitiv havasını geri qaytarmağı bacarsalar, Azərbaycan bu inkişafdan geosiyasi divident əldə edəcəkdir.

AİB-ə gəldikdə isə Azərbaycan bu qurumdan uzaqlaşmağa davam edəcək. Rəsmi Bakı maksimum dərəcədə müşahidəçi statusu ala bilər, bundan əlavə hər hansı irəliləyiş mümkün görsənmir. Qarabağ müharibəsindən sonra bu məsələdə hər hansı bir ciddi inkişaf gözləmək hələ tezdir, çünki nə Azərbaycan bu quruma üzv olmaqda maraqlıdır, nə də Rusiya Azərbaycanın üzvlüyünü təcili ehtiyac kimi qəbul edir.


ZAUR QASIMOV | Bonn Universitetinin Şərqi Avropa və Rusiya tarixi üzrə baş tədqiqatçısı

Qafqazın geopolitikası xüsusilə keçənilki Qarabağ müharibəsindən sonra əsasən Şərqi Aralıq dənizi və Böyük Orta Şərqdə inkişaf edən hadisələrin nəticəsindən ciddi şəkildə təsirlənmiş və nəhayət formalaşmışdır. Regional siyasətdə Qarabağ məsələsi ətrafında daha çox hibrid dinamikalar yanaşmasını nəzərdən keçirməyi təklif edərdim. İddia olunan cütlük (AB və ya AİB) gerçəklikdən çox intellektual bir fərziyyədir. Coğrafiya, bölgəçilik, Rusiya-Türkiyə münasibətlərinin dinamikası və ABŞ-Rusiya münasibətlərinin müəyyən dərəcədə ümumilikdə Qafqaz və xüsusilə Azərbaycan üçün həlledici əhəmiyyəti var. Güman edirəm ki, rəsmi Bakı bundan sonra həm təşkilatlar, həm də onların aparıcı üzvləri ilə əməkdaşlığını dərinləşdirməyə çalışacaqdır.