Navalnının ideologiyası: liberalların ümidi, yoxsa növbəti bir millətçi?

Navalnının ideologiyası: liberalların ümidi, yoxsa növbəti bir millətçi?

Rusiya müxalifətinin əsas fiquru Aleksey Navalnının Almaniyada 5 aylıq reabilitasiyadan sonra geri qayıtması və Moskvaya çatdığı anda dərhal həbs edilməsi, nəzəri Rusiyada olanlar və Moskvadakı siyasi hadisələrin birbaşa təsir etdiyi insanlar arasında böyük müzakirə və mübahisələrə səbəb oldu. Debatların əsas məsələsi, güman ki, Navalnının ideoloji kimliyi və bununla əlaqəli olaraq nə vaxtsa hakimiyyətə gələcəyi təqdirdə ondan nələrin gözləniləcəyidir. Bəzilərinə görə, Aleksey qanunun aliliyi altında cazibədar və dinc bir ölkə qurmağa can atan lider, “gələcəyin möhtəşəm Rusiyası” üçün ümid, demokratiya və liberalizm işığıdır. Digərləri isə onun gənc vaxtlarındakı millətçilik meyllərini xatırlayır və baxışlarına görə digərlərindən çox fərqlənməyəcəyindən qorxurlar. Bu qrupa aid olanlar düşünür ki, Navalnı geniş yayılmış narazılıq və ksenofobiya hisslərinin təsiri altında Rusiyanı etnik və digər azlıqlar üçün daha narahat bir yerə çevirəcək.

Lakin həqiqi Navalnının hər iki sxemdən əhəmiyyətli dərəcədə fərqlənəcəyi ehtimal olunur. Birincisi, o, açıq-aşkar güc ehtiraslı və təbii olaraq xarizmatik siyasətçidir. Bu baxımdan, uzun müddətdir ki, demokratiya və Qərb dəyərlərini geniş Rusiya ictimaiyyətində təmsil edən, 1980-1990-cı illərin rus liberallarından kəskin şəkildə fərqlənir. Beləliklə, Navalnı əhalinin müxtəlif qrupları arasında güclü dəstək bazasının yaradılmasının və bu səbəbdən çevik, hətta bəzən sinik görünməsinin lazım olduğunu çoxdan anlayıb. Rus millətçiliyi 2000-ci illərdə son dərəcə populyar olduğundan, Navalnının da məhz bu oyun meydanına girməsi təbiidir. Gürcüstan və Krımla bağlı bəzi şərhləri liberal auditoriya arasında yaxşı qarşılanmadı və onun bəzi hallarda bir neçə dəfə kobud ifadələr işlətməsi qeyd edildi (sornadan bunlar üçün üzr istəmişdi). Putinin böyük güc oyunlarından yaranan yorğunluq, həyat səviyyəsinin düşməsi və həddən artıq korrupsiya yeni siyasət üçün tələblər yaratdığı dövrdə, populyarlığı azalmağa başlayan rejimə alternativ qurmaq üçün Navalnı 2010-cu illərdə siyasi narrativinin diqqət mərkəzini ciddi şəkildə dəyişdirdi. Beləliklə, kampaniyasının hədəfi kimi geniş kütlələri seçərək və Rusiya isteblişmentindəki korrupsiya və riyakarlığı ifşa edərək, onlayn səfərbərlik üzrə böyük təcrübə əldə etdi. Son illərdə onun Rusiyanın federal sisteminin getdikcə zəifləməsi, mədəni hüquqların pozulması və çox vaxt uydurma bəhanələrlə etnik azlıqların iddia edilən “separatizm”inə qarşı yeridilən təzyiqlər məsələlərinə daha çox xitab etməsi də önəmli məqamdır. Rusiya müsəlmanları arasında çox da populyar olmayan Navalnı tədricən həmin kəsimin fəallarının da əhəmiyyətli hissəsinin dəstəyini qazandı. Hal-hazırda, onun rus millətçi gündəmi ilə həmfikir olduğu ən əsas məsələ əksər post-sovet dövlətləri (əsasən Cənubi Qafqaz və Mərkəzi Asiya) ilə viza rejiminin tətbiq olunmasıdır. Onun yanaşmasına görə viza tətbiqi yalnız Rusiyaya iş məqsədi ilə gələnlər üçün nəzərdə tutur. Bununla əmək bazarına mənfi təsir göstərən və tez-tez cinayət risklərini artıran, heç bir sosial təminat olmadan işləmək məcburiyyətində qalan qanunsuz işçilərin istismarını əhəmiyyətli dərəcədə azaldacağına ümid edir.

Beləliklə, Navalnının son on ildə geniş yayılmış “ideologiyasız” siyasətçilər qrupuna uyğun gəldiyini güman etmək olar. Seçimlərini çevik saxlamağa və çox fərqli seçki qrupları arasında populyarlıq qazanma fürsətlərini qorumağa üstünlük verən Navalnı üçün əsas məqsəd şəffaflıqla idarə edilən və sistem korrupsiyasından azad olan daha müasir, səmərəli və liberal bir dövlətin qurulmasıdır. Navalnı, nəyin bahasına olursa olsun, Qərbin rəğbətini qazanmaq niyyətində deyil, lakin hakimiyyətə gəlməyi bacararsa, Qərblə bir sıra ziddiyyətlər Putinin Rusiya-Qərb münasibətlərini çox güclü bir şəkildə pisləşdirməsi və Qərb liderləri üçün zərərli fiqura çevrilməsi faktı sayəsində yumşalacaqdır. Post-sovet ölkələri üçün isə gözləntilər müxtəlifdir. MBD-nin nisbətən yoxsul üzvləri yeni viza təkliflərindən qorxa bilər, çünki Rusiyadan pul köçürmələri iqtisadiyyatın əhəmiyyətli hissəsini təşkil etdiyindən miqrant işçilərin sayının azalması onlar üçün ciddi problemə çevrilər. Digər tərəfdən, Rusiya bazarından daha az asılı olan ölkələr, ehtimal ki, xaricdə güc proyeksiyası məsələsi ilə az maraqlanan bir Rusiya hökuməti altında daha qazanclı olacaqlar. Navalnı və ya başqa bir müxalifət liderini Kremlə gətirə biləcək hər hansı bir hadisənin qaçılmaz dərəcədə daxili iğtişaşlara səbəb olacağını nəzərə alsaq, bu, Rusiya elitalarının yaxın xaricdə müdaxilələrə və ya təzyiqlərə həvəsini azalda bilər. Ümumiyyətlə, Navalnının verdiyi bütün vədləri yerinə yetirməkdə qərarlı olub-olmadığı da bəlli deyil. İstənilən halda, Rusiyanın gələcək lideri sosial-siyasi həyatın müəyyən dərəcədə dondan azad olunması, iqtisadi fəallığı və innovasiyanın stimullaşdırılması üçün imkanlar yaratmalıdır ki, bu da Kremlin diqqətini və resurslarını xarici avantüralardan bir qədər çəkindirəcəkdir.