Bağla

TƏHLİL

Zelenskinin birinci ili

01-06-2020, 11:25   833
Zelenskinin birinci ili

Foto: Prezident Vladimir Zelenski prezidentliyinin birinci ili ilə əlaqədar mətbuat konfransı verir, Kiyev, 20 may 2020-ci il. Kostyantin Çerniçkin

Hakimiyyətinin birinci ilində Ukrayna prezidenti Vladimir Zelenski prezidentliyi ilə bağlı bir çox qiymətləndirmə, əsasən də sərt rəylər aldı. Eyni zamanda, Ukraynadakı son rəy sorğuları Zelenskinin hələ də populyar qaldığını və ölkənin əvvəlki prezidentləri ilə müqayisədə yüksək qiymətləndirildiyini göstərir. Bunlardan hansı nəticələri çıxarmaq olar?

 

Zelenski xaricdə yaşayan, o cümlədən mühacirlər və Ukrayna mənşəli insanlardan daha çox ölkə daxilindəki vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Bu müşahidə diaspor ukraynalılarının Ukraynanın nə istədiyini və nəyə ehtiyacı olduğunu daha az dərk etdiyini  və prezidentin əsas narahatlığının xarici siyasətdən çox daxili məsələlərlə məşğul olduğunu göstərə bilər. Bu, həmçinin Ukraynadan kənarda siqnalların səhv oxunmasının da göstəricisidir: keçmiş prezident Petro Poroşenkonun artıq 2019-cu ildə populyarlığını itirməsi məsələsi kimi. Çörəyin qiyməti və əmək haqları Vladimir Putinlə danışıqlardan daha vacibdir, kirayə qiymətləri isə Yaddaş Qanunlarından daha böyük əhəmiyyət kəsb edir.

Leonid Kravçukun qısa dövründən başlayaraq, Ukrayna altı prezidentin vəzifədə olduğu gərgin müstəqillik dövrü yaşamışdır. Bu dövrdə ölkə, ərazi problemləri, iqtisadi tənəzzül, qəddar və tələbkar qonşu və yüksək korrupsiya ilə mübarizə aparmalı olmuş, xarici əsilli nazirlər, mərkəzsizləşdirmə (desentralizasiya), de-kommunizasiya  (demək olar ki, tamamlanıb), konstitusiya dəyişiklikləri və islahatlar və heç bir qanuna cavab verməyən silahlı birləşmələr kimi eksperimentlər aparmışdır. Ukrayna Rusiyadan uzaqlaşaraq Avropa Birliyinə, avtoritarizmdən uzaqlaşaraq demokratiyaya doğru irəliləmişdir. Ərazi itkisi və xarici işğala məruz qalması ilə Qərbdən rəğbət qazansa və hərbi yardım alsa da ərazi bütövlüyünü qorumaq üçün həqiqi xarici öhdəliklər görməmişdir.

Hakimiyyətə tamamilə qərib, siyasi təcrübəsi olmayan komediya aktyorunu gətirmək sözsüz ki, qumar oyunu idi. Uzun müddət siyasətdə olmuş xadimlərin uğursuzluğu fonunda Zelenski niyə müvəffəqiyyət qazanmalı idi? Sadə həqiqət bundan ibarətdir ki, qazana bilməzdi və bilmir. Vədləri tez bir zamanda reallaşmadıqda köməkçi heyətini dəyişdirdi, Baş naziri işdən çıxardı və yeni kabinet qurdu. Parlamentdəki “Xalqın xidmətçisi” partiyası monolit struktur olmayıb, fraksiyalara və dəyişən ittifaqlardan ibarətdir. 

Ukraynalılar realist olmağı öyrəniblər. Ölkə NATO-ya daxil deyil. Krımı geri almaq üçün heç bir beynəlxalq müharibə olmayacaq, çünki bu cür müharibəyə heç bir dəstək yoxdur. NATO daxilində Ukraynanın üzvlüyü ilə bağlı dəstək kiçikdir. Ukrayna əsgərlərini yetişdirən Qərb hərbi kontingenti Donbasda deyil, ölkənin qərbində və ya Latviyada təlimlər keçir. Donald Trampın impiçmentinin əsasında da Ukrayna məsələsi var idi. Yeni prezident isə ən güclü Qərb müttəfiqini ziyan vurmaqdan çəkinirdi.

Beləliklə, Zelenski Minsk Sazişləri və Ştaynmayer formulunu dirildərək Fransa və Almaniyanın iştirakı ilə Putin ilə dialoqu seçdi. Bu dialoqun müvəffəqiyyəti isə şərqdəki xəyanətkar rejimlərin əsirlərlə mübadiləsi ilə məhdudlaşdı. Lakin bu onun populyarlığına təsir etmədi. 

Bu vaxt ərzində Ukraynanın strateji mövqeyidə pisləşib. Azov dənizi indi Rusiyanın hərbi gölü, Krım isə silahlı düşərgəsidir. Odessa limanından üzən gəmilər artıq rusların icazəsi olmadan Zaporojye bölgəsindəki Berdyanska yük daşıya bilməzlər. Donbasda beş ildən artıq mövcud olan Donetsk Xalq Respublikası (DXR) və Luqansk Xalq Respublikası (LXR) beynəlxalq miqyasda tanınmaq üçün cəhd edirlər. Üsyançılarla bir növ sövdələşmə olmadan onları yenidən Ukraynaya inteqrasiya etmək çətin olacaq. Rusiya onları istəməsə də, yox olmalarını da görməyi arzulamır. Çünki zəif Ukrayna Moskva üçün sərfəli variantdır.  

Zelenski korrupsiyanı aradan qaldırmadı. Daxili İşlər naziri Arsen Avakov kimi ziddiyyətli fiqurlar hələ də vəzifədədirlər, oliqarxların nüfuzu qalır, küçələrdə isə yüksək etiraz səsləri eşidilir. May ayının ortalarında Parlament, milliləşdirilmiş bankların keçmiş sahiblərinə qaytarılmasının qarşısını almaqdan ötrü “anti-Kolomoyski qanunu” adlı qanun layihəsini qəbul etdi; bu prosesdə ən çox nəzərə çarpan da elə Kolomoyskinin keçmiş “PrivatBank” məsələdir. Lakin Kolomoyski Ukraynada hələ də aktivdir. Üstəlik, keçmiş prezident Petro Poroşenkonun rəqibi, çılğın xarakteri ilə seçilən Mixail Saakaşvilinin Milli İslahat Şurasına rəhbər təyin edilməsi də təəccübə səbəb oldu.

Ancaq ukraynalılar ona bir qədər də vaxt verərək gözləməyə hazırdırlar; xüsusilə 2020-ci ildə ÜDM-in 6-7% azalması ilə nəticələnə biləcək qlobal pandemiyanın təsirini nəzərə alaraq gələcəyin daha yaxşı görünəcəyinə ümid edirlər. Xalqın Zelenskiyə etimadı 57%-dir. Müqayisə üçün bu etimad Parlamentin spikeri Dmitri Razumkov üçün yalnız 25%, yeni baş nazir Denis Şmıqal üçün isə cəmi 14%-dir. Reytinq sorğusu əhalinin üçdə birinin onun fəaliyyətini əla və ya yaxşı, 40% -i isə qənaətbəxş olaraq qiymətləndirdiyini göstərir. Bu, bir il ərzində yaşanmış xəyal qırıqlığı fonunda heyrətləndirici statistikadır: prezident populyarlığını qoruyur, onun təyin etdikləri isə şübhə və narahatlıq yaradırlar.

Keçmiş prezidentləri qiymətləndirən ukraynalı respondentlərə görə yalnız Leonid Kuçma (20%) Zelenskiyə (16%) nisbətən daha yüksək mövqedədir. Bu cür qiymətləndirmədə müəyyən absurdluq var. Prezidentliyinin ikinci dövründə Kuçma islahatlar yolunda bir əngəl, həmçinin görkəmli müxalifət jurnalistini öldürməkdə şübhəli şəxs kimi görünürdü. O, özündən sonra Viktor Yanukoviçin hakimiyyət gəlməsi üçün Putinlə açıq şəkildə razılaşmaya getdi. Saxtalaşdırılmış seçki nəticələrinin ardınca Narıncı İnqilab kimi tanınan üsyanın baş verməsində də digər siyasi fiqurlara nisbətən ən böyük məsuliyyət Kuçmanın üzərinə düşür. Bundan əlavə, o seçilmiş oliqarxların gücünü birləşdirən və Katya Qorçinskayanın “maliyyə sənaye qrupları” adlandırdığı strukturun meydana gəlməsinin təşəbbüskarı idi.

Buna baxmayaraq, bu gün Kuçma güclü prezident və ölkənin birliyini təmin edən biri kimi qəbul olunur. Məhz o, 1997-ci ildə Rusiya ilə Qara dəniz Donanmasının bölünməsi və Sevastopolun statusu ilə bağlı fikir ayrılığına son qoyan “Dostluq və Əməkdaşlıq Sazişi” imzalayaraq, sonrakı on yeddi il ərzində Krımla bağlı mübahisələri həll etdi. Kuçma həm Qərb, həm də Rusiya ilə mahir xarici siyasət yürütməklə yanaşı, Qolodomor ətrafında milli narrativ yaratdı. Onun hakimiyyət üslubu mahiyyət etibarilə idarəedici, lakin avtoritar idi. O, ikinci müddətdə xidmət etmiş yeganə prezident olaraq qalır.

Onun varisi Viktor Yuşşenko 6% ilə bütün Ukrayna prezidentlərindən, hətta rüsvay olmuş Yanukoviçdən də (9%) aşağı pillədə yer alır. Onun vəzifədəki dövrü - 2005-2010-cu illər bu gün həm iqtisadi, həm də siyasi cəhətdən uğursuz, hakimiyyət daxili mübarizə və korrupsiya dönəmi kimi qəbul edilir. O, həmçinin vacib daxili məsələlərlə məşğul olmayıb, xaricdə daha çox vaxt keçirən 1933-cü il aclığının soyqırım kimi tanınması üçün dəstək axtaran və ya müharibə dövrü millətçilərini Ukraynanın qəhrəmanları kimi tanıyan prezident olaraq xatırlanır. Bu məsələlər isə əhali üçün milli inkişaf, rifah və sabitliyin yan problemləri olaraq qalır. Bundan əlavə, Narıncı İnqilabın bütün məqsədi Yuşşenkonun Yuliya Timoşenko ilə ayrılması və Yanukoviçi baş nazir (2006-2007)  təyin etməsi ilə pozulmuşdu.

Zelenskinin populyarlığını qiymətləndirərkən başqa bir ehtimalda nəzərə alına bilər. Bu sadəcə Tramp-Culiani fiakosu ilə deyil, həmçinin Qərblə bağlı xəyalların puç olması ilə əlaqəlidir. Sələfləri kimi Zelenski də Qərb ölkələrinin Ukraynaya nə gətirə biləcəyini qiymətləndirməlidir. O, Rusiyanın Avropa Şurasına qayıtması, Trampın Ukrayna ilə bağlı dəfələrlə mənfi açıqlamaları və Krımı Rusiya torpağı kimi görməsi və bir sıra ölkələrin, xüsusilə Fransa və İtaliyanın Rusiyaya da dəstək verməsindən məyus ola bilər. Orbanın fövqəladə güc qaydaları ilə rəhbərlik etdiyi Macarıstanın da nümayiş etdirdiyi kimi, demokratiya modeli olan Avropa Birliyi uğursuzluğa düçar olur. 

Hər hansı bir təcrübəsiz, lakin ağıllı liderin güman etdiyi kimi, Ukrayna kənar dəstəyə etibar edə bilməz və buna görə öz gələcəyini də müəyyənləşdirməlidir. Hazırda ukraynalıların əksəriyyəti Zelenski ilə kursu davam etdirməyə hazırdırlar.