Kral ölür... Yaşasın kim?
Çeçenistanın çoxillik rəhbəri Ramzan Kadırovun sağalmaz xəstəliyi və hətta ölüm yatağında olması Rusiya Federasiyasının bu subyektində onu kimin əvəz edəcəyi ilə bağlı məsələləri yenidən aktuallaşdırıb. Xüsusilə rusdilli mediada bununla bağlı müzakirələr və spekulyasiyalar səngimək bilmir.
Monarxiya?
Ramzan Kadırov son illərdə eksentrik hərəkətləri ilə yanaşı 14 övladından yaşca böyüklərin müxtəlif vəzifələrə təyin olunması ilə daim gündəmdə qalmağı bacarırdı. Xəstəlik və varis məsələsi ön plana çıxdıqdan sonra diqqətlər çeçen liderin böyük oğullarının üzərinə düşdü.
Onlardan ən yaşlısı Əhməd Kadırov 2026-cı ilin ilk günlərində Çeçenistanın baş nazirinin müavini təyin olundu. 2005-ci il təvəllüdlü Əhmədin karyera bioqrafiyası həm Rusiyada, həm də bütün dünyadakı yaşıdları ilə müqayisədə çox zəngin görünür: 2022-ci ildən Çeçenistan rəhbərinin müşaviri olmaqla yanaşı, müxtəlif vaxtlarda Rusiya Uşaq və Gənclər Hərəkatı "Birincilərin Hərəkatı"nın regional şöbəsinin şurasının sədri, Çeçenistan Bədən Tərbiyəsi, İdman və Gənclər Siyasəti nazirinin birinci müavini, Çeçenistan Gənclər İşləri üzrə və Çeçenistan Bədən Tərbiyəsi və İdman naziri, “Axmat” futbol klubunun prezidenti vəzifələrində çalışıb. Bununla belə, Əhmədin zəif xarizması və nitq qabiliyyəti media tərəfindən qabardılıb.
Əhməddən kiçik Adəm isə daha “parlaq” fiqurdur. 2007-ci ildə anadan olmuş Adəm hələ 15 yaşında ikən “Quran”ı yandırdığına görə həbsə atılmış Nikita Juraveli döyməsi, Çeçenistan Respublikası Qəhrəmanı adı alması və həddi-büluğa çatmamış halda Çeçenistan rəhbərinin (yəni atasının) mühafizə xidmətinin rəisi təyin olunmasına görə məşhurlaşmışdı. Xüsusilə, birinci halda, Juravelin döyülməsi çeçen elitası tərəfindən nəinki ört-basdır edilməmiş, hətta onun homoseksual olması ilə bağlı söz-söhbət əleyhinə maskulin görünməsi naminə hətta xeyli reklam edilmişdi. Adəmin toyu da öz dəbdəbəsinə, onun və yaxınlarının hay-küylü hərəkətlərinə görə də internetdə xeyli məşhur olmuşdu. O, 2025-ci ilin aprelindən etibarən Çeçenistan Təhlükəsizlik Şurasının katibidir.
Ramzan Kadırov hakimiyyətini son 20 il ərzində mühüm mövqelərdə öz övladları ilə yanaşı ən yaxın qohumlarını yerləşdiməklə də möhkəmləndirib.
Politoloq Ruslan Aysin Çeçenistanı “monarxiya” adlandırsa da, bu termin bəlkə də sırf indiki kontekstə aiddir, (hələ) gələcəyə yox: atası Əhməd Kadırovun öldürülməsindən sonra postu təhvil almış Ramzan Kadırov öz “votçinasında” nə qədər də təkhakimiyyətli sistem qursa və hətta öz övladlarını Rusiya lideri Vladimir Putinə də təqdim etsə də, ondan sonra quruluşun monarxik qalıb-qalmayacağı böyük sual altındadır.
Digər namizədlər kimlərdir?
Kadırovun birbaşa qohumları olmasa da, onun yaxın çevrəsindən iki nəfərin də adı mümkün varislər sırasında çəkilir. Bunlar Çeçenistan parlamentinin spikeri “Lord” ləqəbli Maqomed Daudov və Rusiya Dövlət Dumasının Çeçenistandan olan deputatı Adəm Dəlimxanovdur. Hər ikisi Kadırovun hakimiyyətinin demək olar ki, ilk dövrlərindən etibarən onun əsas silahdaşlarından sayılır. Formal olaraq onların təsir dairələri çox sərt şəkildə bölünüb və bir-biri ilə kəsişmir, lakin diqqətlə baxdıqda Dəlimxanovun inzibati resurslarının Daudovunkundan xeyli artıq olduğu da nəzərə çarpır.
Daudovu bəzən rejimin “zəncirli iti” adlandırırlar. Lakin o, təkcə qəddarlığı ilə deyil, həm də effektivliyi ilə tanınır. Kadırov məhz onu bütün fövqəladə vəziyyətlərin həllinə cavabdeh təyin edir: koronavirus ilə mübarizədən tutmuş Ukraynadakı müharibəyə könüllülərin fasiləsiz şəkildə göndərilməsinin təşkilinə qədər. Bununla yanaşı, uzun illər sədaqətli xidmətinə baxmayaraq, Daudov Kadırovun ən yaxın (qohumluq) çevrəsinə daxil ola bilməyib və ya Dəlimxanov kimi, öz qohumlarına və ya əsas mövqelərdə yerləşdirilmiş sadiq adamlara söykənən, maliyyə baxımından müstəqil real güc mərkəzinə çevrilə bilməyib. Bir ara Daudovun Çeçenistanla qonşu İnquşetiyada rəhbər vəzifəyə iddia etdiyi deyilsə də, Moskva belə təyinata qarşı çıxmışdı.
Daudovun bütün fəaliyyəti Çeçenistan daxilində cəmləşdiyi halda, Adəm Dəlimxanov respulikadan kənarda, hətta Rusiyadan xaricdə də müəyyən əlaqələrə malikdir. O, həm Rusiyadakı çeçen diasporu, həm də Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrindəki çeçen icmaları üzərində çox böyük təsirə malikdir. Dəlimxanovu Yaxın Şərq ölkələrində də pis-yaxşı tanıyırlar, ən çox Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə və İordaniya kimi ölkələrdə. Onun nümayəndələri Avropa və ABŞ-də da olduqca fəal şəkildə fəaliyyət göstərir, müxalif mövqedə olan çeçenləri qorxu altında saxlayırlar. Respublika daxilində Delimxanovlar nəsli və onun ən yaxın qohumları olan Geremeyevlər, həm özlərinə məxsus güc resursları, həm də maliyyə müstəqilliyi baxımından yəqin ki, güc baxımından ikinci ən nüfuzlu çeçen klanını təşkil edir. Təsadüfi deyil ki, yuxarıda da haqqında bəhs olunan Adəm Kadırovun məhz Adəm Dəlimxanovun nəvəsi ilə ailə həyatı qurduğu bildirilir.
2025-ci ilin dekabrın sonlarında Moskvada “Vahid Rusiya”nın 21-ci qurultayında Çeçenistanı təmsil etmiş general-mayor Apti Alaudinov də diqqət mərkəzinə düşmüşdür. Rus mətbuatı “Rusiya hərbi xadimi” və “Axmat” xüsusi təyinatlı çeçen könüllü birləşməsinin komandiri olan bu şəxsin kağızsız, söz-parazitlərsiz və demək olar ki, aksentsiz çıxış etməsindən və ümumiyyətlə cazibədar görünməsindən bəhs edirdi. Apti Alaudinovun həmin dekabr çıxışı onun sürətli karyera yüksəlişinin ilk mühüm siqnalına çevrildi. Yanvarda isə Alaudinovun prezident seçkilərində Putinin etibarlı nümayəndəsi olduğu barədə xəbər yayıldı.
Ekspert çevrələrində Ruslan Edelgeriyev (2012-2018-ci illərdə Çeçenistanın baş naziri olub, DİN polkovnikidir) və Yaqub (İbrahim) Zakriyevin (Kadırovun qohumudur), Abuzəyd Vismuradov (Kadırovun uşaqlıq dostu və qudasıdır) də adları hallansa da, müxtəlif səbəblərdən (həm Moskvanın tərcihləri, həm də Çeçenistan daxilində imic və klan məsələləri ilə əlaqədar olaraq) bu şəxslər varisliyə ciddi namizəd kimi qəbul olunmur. Nadir hallarda Kadırovun respublika daxilində mühüm dövlət vəzifələri tutmuş qızları, xüsusilə Ayşətin də adı çəkilə bilər; bununla belə, Qafqazdakı patriarxal quruluşa görə Ayşətin siyasi şansları yüksək qiymətləndirilir.
Post-Kadırov Çeçenistanı
Kadırovdan sonra Çeçenistan necə görünəcək və kim(lər) tərəfindən idarə olunacaq?
Belə güman edilir ki, piarlarına nə qədər sərmayə qoyulsa və Putin ilə nə qədər şəkil çəkdirsələr də, Kadırovun az qala tineycer olan övladlarının Qroznıda hakimiyyətə gəlmək şansı aşağıdır. Rusiya rəhbərliyinin 1991-ci ildən indiyə qədər ölkə üçün ən problemli region 19-20 yaşlı uşaqlar tərəfindən idarə olunmasına icazə verəcəyini güman etmək çox çətindir. Bu effektiv idarəçilik ilə yanaşı, Putin üçün imic problemi, Rusiya üçün isə hüquqi çətinlikdir. Çünki mövcud qanunvericiliyə görə Federasiya subyektlərinin rəhbəri ən azı 30 yaşında olmalıdır.
“Kollektiv Kadırov”: Bəzi ekspertlərin gözlədiyi ssenariyə görə, Kadırovun qohumları o qədər sistemə daxil edilib ki, Ramzan hakimiyyətdən (və həyatdan) getdikdən sonra belə onun sülaləsi effektiv şəkildə regionu idarə bilir.
“Memorial” təşkilatından olan ekspert Aleksandr Çerkasov isə Kadırovdan sonra Çeçenistanda balansın pozulacağından bəhs edir. Onun sözlərinə görə, qanunvericilik ilə yanaşı şəxsi münasibətlər, verilmiş kişi sözləri və Kadırov tərəfindən təmin olunmuş şəxsi zəmanətlər bu bölgədə böyük əhəmiyyət daşıdığından Kadırovdan bölgədə çatlar və ziddiyyətlər əmələ gələ bilər.
Bununla belə, Kadırovun ailəsinin təhlükəsizliyinin təmin olunacağı şərti ilə rəhbərliyə başqa (yuxarıda adları çəkilən şəxslərdən də ola bilər) siyasətçinin gətiriləcəyi daha müvafiq variant kimi görünür. Belə olan halda, Kadırovla bağlı 20 ilə ərzində yaradılmış şəxsiyyətə pərəstiş necə olacaq? Kadırovun qoyduğu sistem davam edəcək, yoxsa yeni siyasi və sosial müqavilə formalaşacaq? Bunlar artıq yeni məqalənin mövzusudur.