"Türkiyə - İraq İnkişaf Yolu Layihəsi" Hindistanın qarşısını ala biləcək?
Ötən ay Nyu-Dehli şəhərində baş tutan G20 sammitindəki ən mühüm yenilik ABŞ, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Avropa İttifaqı tərəfindən “Hindistan-Yaxın Şərq-Avropa” (IMEC) nəqliyyat dəhlizinin təqdim edilməsi oldu. Tərəflər yeni nəqliyyat dəhlizinin yaradılmasında əsas məqsədin Asiya, Fars körfəzi və Avropa arasında əlaqələri gücləndirərək iqtisadi inkişafın stimullaşdırılması olduğunu bildirsə də, layihənin əsas hədəfinin Çin tərəfindən maliyyələşdirilən regional tranzit infrastrukturuna alternativ yaratmaq olması heç kimə sirr deyil. 5 min kilometrə yaxın məsafəni əhatə edən dəhlizin iki hissədən ibarət olması planlaşdırılır. Layihənin planına əsasən ilkin olaraq, şərq dəhlizi Hindistanı Körfəz ölkələri ilə, sonrakı mərhələdə isə şimal dəhlizi Fars körfəzini Avropa ilə birləşdirəcək. Tamamlandıqdan sonra layihənin Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail və Avropa ölkələri arasında mövcud quru və dəniz nəqliyyatı marşrutlarını tamamlayaraq malların fasiləsiz daşınmasını təmin etməsi gözlənilir. Ancaq nəzərə almaq lazımdır ki, layihənin rentabelliyi ilə bağlı ciddi şübhələr mövcuddur. Nəzərdə tutulan nəqliyyat dəhlizinin yaxın gələcəkdə mövcud quru və dəniz yollarına alternativ təşkil etməsi, yaxud regional siyasi-iqtisadi reallıqlar qarşısında nə qədər dözümlü olacağı hələ ki, sual altındadır.
Nəqliyyat dəhlizi ilə bağlı digər vurğulanmalı məqam isə proyektin Türkiyədən kənar keçməsidir. Asiya və Avropa arasında əsas nəqliyyat qovşaqlarından birinə çevrilmək iddiasında olan rəsmi Ankara Türkiyə olmadan belə bir nəqliyyat dəhlizinin mümkün olmayacağını bildirir. Məhz bu səbəbdən də Ankara öz növbəsində “IMEC” layihəsinə alternativ olaraq İraqın körfəzdə yerləşən limanları ilə Türkiyəni birləşdirəcək yeni “İnkişaf Yolu” layihəsi üzərində çalışır. Ötən ay “Financial Times” jurnalında dərc olunan hesabatda qeyd olunur ki, Türkiyə bu layihə üçün İraq, Qətər və BƏƏ ilə intensiv danışıqlar aparır. Layihə tamamlandıqdan sonra Fars körfəzi yaxınlığında tikilməkdə olan Fau limanının Türkiyənin Aralıq dənizindəki Mersin limanı ilə birləşdirilməsi planlaşdırılır. Fau limanını Türkiyə sərhədi ilə birləşdirən və Fransanın “Alstom” şirkəti tərəfindən inşa edikəcək dəmir yolu dəhlizinin 18 milyard avroya başa gəlməsi və 2038-ci ilə qədər hazır olması gözlənilir. Layihə çərçivəsində iki ölkəni birləşdirəcək yeni elektrik xətlərinin çəkilməsi də nəzərdə tutulur. Bəsrə şəhərindən təxminən 100 kilometr cənubda yerləşən Fau limanının tikintisi üçün ilk rəsmi təklif 2010-cu ildə edilsə də, beş əsas estakadanın tikintisini əhatə edən birinci mərhələ yalnız 2021-ci ildə tamamlanıb. 2025-ci ilə qədər davam etməsi gözlənilən ikinci mərhələdə isə konteyner terminalı ilə birlikdə Fau limanını yaxınlıqdakı daha dayaz olan Umm Qəsr limanına birləşdirəcək böyük sualtı tunellərin tikintisi aparılacaq. Bu layihə üçün 2020-ci ildə Koreyanın “Daewoo” şirkəti ilə 2,5 milyard avro dəyərində müqavilə bağlanıb. Layihənin üçüncü və son mərhələsi isə 100-ə yaxın yanalma körpüsünün tikintisini əhatə edəcək. Limanın baş planı İtaliyanın “Technital” firması tərəfindən hazırlanıb və ümumi dəyəri 11,7 milyard avro təşkil edir. Yeni qurğunun 2028-ci ilə qədər 36 milyon ton konteynerli yük və 22 milyon ton quru yük daşıyacağı gözlənilir. Plana görə, 2038-ci ilə qədər bu rəqəmləri müvafiq olaraq 70 milyon tona və 33 milyon tona çatdırmaq nəzərdə tutulur. Tamamlandıqda Böyük Fau limanının dünyanın ən böyük limanlarından biri olması planlaşdırılır.
Lakin vurğulamaq lazımdır ki, Tükiyənin təklif etdiyi bu alternativ layihə ilə bağlı maliyyə çatışmazlığı və təhlükəsizlik problemləri ilə əlaqədar narahatlıqlar mövcuddur. Türkiyə hazırki çətin iqtisadi şəraitdə bu cür genişmiqyaslı layihəni təkbaşına icra etmək iqtidarında deyil və məhz buna görə də Qətər və BƏƏ kimi ölkələrin də layihəyə qoşulmasına çalışır.
Digər tərəfdən isə, Türkiyənin ABŞ tərəfindən dəstəklənən “IMEC” dəhlizindən kənarda saxlanmasının arxasında iqtisadi və ticarət motivlərindən əlavə geostrateji maraqların dayanması ilə bağlı müəyyən suallar da yaranır. Məsələ ilə bağlı “Financial Times” jurnalına açıqlama verən Türkiyə XİN başçısı Hakan Fidan da məhz bu məsələyə toxunuraq bildirib ki, “Mütəxəssislər Hindistan-Yaxın Şərq dəhlizinin əsas məqsədinin rasionallıq və səmərəlilik olmasına şübhə edirlər... Ticarət yolu təkcə ticarət əlaqələri demək deyil. Bu, həm də geostrateji rəqabətin əksidir”. Görünən odur ki, rəsmi Ankara "IMEC" layihəsindən kənar qalmasının arxasında fərqli motivlər olduğunu düşünür və məhz bu səbəbdən də Fars körfəzi ilə Avropanı birləşdirəcək alternativ nəqliyyat dəhlizinin formalaşdırılmasına çalışır. Ancaq hər iki layihənin reallaşması ilə bağlı hal-hazırda ciddi problemlər mövcuddur. Qarşıdakı illərdə bu iki proyektin vahid nəqliyat dəhlizi altında birləşdirilməsi, yaxud “İnkişaf Yolu” layihəsinin Çinin regional infrastruktur planlarına inteqrasiya edilməsi də mümkün ehtimallar arasındadır.