“Gürcü arzusu” ilə Gürcüstan prezidenti arasındakı soyuq müharibə qızışır
Gürcüstan prezidenti Salome Zurabişvili ilə “Gürcü Arzusu”-nun (GA) rəhbərliyi arasındakı münaqişə Gürcüstan siyasətində, xüsusən də son hadisələr və GA-nun müəyyən səbəblərdən prezidentə impiçment elan etmək təhdidindən sonra davamlı müzakirə mövzusuna çevrilib.
Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynanı işğal etdiyi gün Prezident hökümətin Ukrayna ilə bağlı mövqeyini tənqid edərək, bildirib ki, Gürcüstan öz dəstəyini daha vokal ifadə etməli və həm Ukrayna höküməti, həm də xalqı ilə daha çox həmrəy olmalıdır.
Təəcüblüdür ki, fevralın 28-də hökümət Zurabişvilinin Avropaya, xüsusən də Paris və Brüsselə səfər etməsinə icazə vermədi. Bunun müəyyən səbəbləri var: Prezident Gürcüstanın Qərbdəki tərəfdaşları ilə hökümətin hesablaşmasını “sabotaj” etməyə çalışa bilərdi. Hamıya məlum olan hesablamaya “ayını çox dürtməmək” və GA-nun söyləməyi sevdiyi “Gürcüstanın milli maraqlarını və xalqını qorumaq üçün strateji susqunluq”, yəni, neytrallıq siyasəti daxil idi. Səfərlər həmçinin Gürcüstanın 2022-ci ilin iyununda Avropa İttifaqına (Aİ) namizəd statusunu alıb-almayacağına dair qərarla üst-üstə düşürdü.
Hökümət Zurabişvilinin GA və Gürcüstandakı ümumi vəziyyət, istər daxili siyasət, istər korrupsiya, istərsə də hər hansı digər nüans haqqında deyəcəklərindən qorxurdu və Zurabişvilinin Qərbdə lazımi siyasi kapitalı və müəyyən reputasiyası olduğu üçün onun mesajları Gürcüstandakı siyasi hadisələrin nəticəsinin həllində, eləcə də Qərbdə GA-nun imicinin formalaşmasında böyük rol oynaya bilərdi. Əlavə olaraq, Prezident təkcə GA-nu deyil, hətta GA və bütövlükdə Gürcüstanın qeyri-rəsmi lideri Bidzina İvanişvilini tənqid edərək əhəmiyyətli muxtariyyət qazanıb.
GA-nun Prezidentin Avropaya səfərlərinə icazə verməkdən imtina etməsi həm də onun Gürcüstan Xarici İşlər Nazirliyinə təyinatları, xüsusən də GA-nun seçdiyi namizədlərin qəbul olunmasını istəməməsi ilə əlaqədardır, baxmayaraq ki, o, təyinatların qəbul edildiyini və icazə verildiyini bildirib. GA, 2018-ci il Prezident seçkilərində dəstəklədiyi, hazırda GA rəhbərliyinə görə, “radikal müxalifətin lehinə qərəzli” olan Prezidentə qarşı informasiya müharibəsi aparmağa davam edir.
Zurabişvilinin hökümət ilə münaqişəsindən bəri, GA tərəfindən Zurabişviliyə “səriştəsizliyinə” görə konstitusiya məhkəməsində etiraz etmək və onunla mübarizə aparmaq üçün çoxlu cəhdlər olub. Uzun müddətdir ki, iki tərəf arasında mübarizə gedir və biz 2023-cü ildə Zurabişvilinin Gürcüstan parlamentində GA-nu və onların əsl niyyətlərini, eləcə də Ukraynadakı vəziyyətlə bağlı mənəviyyatlarını şübhə altına alan çıxışında bu iki tərəf arasında münasibətlərin çox kəskin pozulmasına şahid olduq. Zurabişvili çıxış edən zaman GA-ndan soruşdu: “Bu gün harada dayanırsınız? Ukrayna ilə tam həmrəy olan xalqın iradəsindən niyə uzaqlaşmısınız?”
Bu çıxış martın əvvəlində keçirilən Xarici Agentlər Qanunu etirazlarından sonra olub. Zurabişvili həmçinin bu qanunun da sərt tənqidçisi idi və buna görə də GA-ndan tənqidlərə məruz qalmışdı. GA Aİ-nin etik qaydalarının gürcü adət-ənənələri və mədəniyyəti ilə ziddiyət təşkil etdiyini və Brüsselin ölkənin iqtisadi və demokratik quruculuğuna verdiyi töhfələri tanımadığına görə, Zurabişvili hakim partiyanı sərt tənqid edib.
Mayın 26-da, Gürcüstanın müstəqillik günündə o, çıxış edərək Gürcüstan hökümətinin hazırki siyasətindən, onların Aİ-na daxil olmaq prosesini sabotaj etmək səylərindən bir daha narazlığını ifadə etdi. Bu çıxışı zamanı o, GA nümayəndələri və millət vəkilləri tərəfindən “satqın” kimi ifadələrə və digər böhtanlara məruz qaldı. Siyasi cəhətdən dərin qütbləşmiş Gürcüstanda Zurabişvili hələ də 48% reytinqlə ölkə daxilində ən populyar siyasətçilərdən biri olduğu üçün, bu vokal bəyanatların əhəmiyyətli təsir gücü var.
GA və Zurabişvili arasında gedən soyuq müharibə, o, Vahid Milli Hərəkat hökümətinin keçmiş yüksək vəzifəli məmuru və Mtavari Arxi müxalifətçi yayım şirkətinin keçmiş direktoru Nika Qvaramiyanı əfv etdikdən sonra qaynar müharibəyə çevrildi. Qvaramiya qondarma ittihamlarla həbs edilmişdi və Zurabişvilinin onu əfv etmək qərarı iki səbəbdən strateji addım idi: bu, onun GA rəhbərliyinə tabe olmayacağına dair mesaj idi və təbii ki, bu qərar media təhlükəsizliyi və çoxluq mühiti kateqoriyalarında bu ilin sonunda gözlənilən Aİ namizəd statusu qərarına çox müsbət təsir edəcək.
Hal-hazırda, onların davam edən münaqişəsinin səbəbi başlanğıcda olduğuna bənzər qalır, çünki hökümət Prezidentin Avropaya səfərləri üçün icazələri yenidən rədd edib. GA-nun sədri İrakli Kobaxidze bildirib ki, Zurabişvilinin səfərələri Aİ-na namizəd statusunun əldə edilməsi prosesinə mənfi təsir edir. Buna baxmayaraq o, səfərlər etmək qərarını aldı və buna görə də GA hökumətin göstərişlərinə zidd getdiyinə görə Prezidenti impiçment etmək üçün əlindən gələni edir, çünki GD rəhbərliyinə görə, o, “Gürcüstan Prezidenti kimi ona məxsus olan hüquq və icra səlahiyyətlərindən kənara çıxır”.
GA-nun bu ssenaridəki hesablaması qeyri-müəyyən görünür. 2024-cü ildə keçiriləcək prezident seçkiləri əvvəlki seçkilərdən əsaslı şəkildə fərqlənərək, xalq tərəfindən deyil, 150 millət vəkili tərəfindən seçiləcək. Prezidenti parlamentin seçməsi GA-nın maraqlarına uyğundur, çünki onlar parlamentdə çoxluğa malikdirlər və asanlıqla öz istədikləri namizədi seçəcəklər. Lakin indiki halda əgər prezident impiçment edilərsə, Prezident hər zaman olduğu kimi xalq tərəfindən seçiləcək və GA belə bir seçkilərdə öz namizədinin qalib gəlmək şanslarına o qədər də əmin deyil. Buna görə də, məntiqli olaraq, GA xalq tərəfindən ediləcək seçkilərdə şanslarına əmin deyilsə, Zurabişvilini impiçment etməməlidir.
Əslində, indi impiçment proseduru sadəcə simvolik xarakter daşıyır, çünki belə bir prosesin icrası böyük vaxt tələb edir. Prosedur hətta növbəti prezident seçkilərinə qədər də bitməyəcək. Ona görə də prezidentlik institutunun özünü gözdən salmaq və onun ətrafında mübahisələri saxlamaq üçün bu proses çıxılmaz vəziyyətdə qalacaq. Ən əsası, Prezidentin impiçmenti cəhdinin özü Aİ-na üzvlük və namizəd statusunun alınması prosesini kökündən sarsıdacaq. GA-nun hərəkətlərinə nəzər saldıqda, Gürcüstanı Qərbdən uzaqlaşdıran bu hərəkətlərin düşünülmüş şəkildə həyata keçirildiyini soruşmaq lazımdır. İstənilən halda, GA siyasətdə radikal dönüş etdiyi üçün ölkədə qütbləşmə daha da güclənir.