İki düşmənin tək ortağı: BƏƏ-nin İsrail və İran ilə münasibətləri

İki düşmənin tək ortağı: BƏƏ-nin İsrail və İran ilə münasibətləri

Dünyanın ən zəngin karbohidrogen ehtiyatlarından birinə sahib olan, lakin aktiv xarici siyasəti və geosiyasi ambisiyaları ilə də seçilən Birləşmiş Ərəb Əmirlikləri yerləşdiyi coğrafiya etibarilə tez-tez qlobal və regional güclərin rəqabətinə məruz qalır. Dünya iqtisadiyyatı üçün can damarı rolunu oynayan Körfəzdə fərqli maraqların toqquşacağını təxmin etmək elə də çətin deyil. Bu məqalədə isə sözügedən toqquşmalardan birinə - İsrail və İran arasında onilliklərdir davam edən düşmənçiliyə, ələlxüsus da rəsmi Əbu-Dabinin bu qarşıdurmadakı mövqeyinə toxunulacaq.
 

İsraillə əlaqələr

2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail, BƏƏ, Bəhreyn, Sudan və Mərakeş arasında imzalanan və İbrahim Razılaşmaları adlandırılan normallaşma müqaviləsi Tel-Əviv və Əbu-Dabi arasında münasibətlərin rəsmi səviyyədə dərinləşməsi üçün təkan rolunu oynadı. Bu müqavilənin ardınca BƏƏ İsraildə səfirlik açan ilk Körfəz ölkəsi statusuna yiyələndi. Lakin iki ölkə arasındakı münasibətləri 2020-ci ildən başlatmaq düzgün olmaz. Daha əvvəl də tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlıq olmuş, hər iki ölkə beynəlxalq hərbi təlimlərdə iştirak etmiş, BƏƏ tərəfi xüsusən neft obyektlərinin və daxili təhlükəsizliyinin qorunması üçün israilli iş adamına məxsus 3 ədəd dron satın almış, habelə Qətər siyasi elitasını təqib etmək üçün İsrail mərkəzli şirkətin kəşfiyyat softveyrindən istifadə etmişdir.

İbrahim Razılaşmalarından sonra mövcud münasibətlərin üzərindən “gizlilik pərdəsi” götürülmüşdür və iki ölkə xüsusən iqtisadiyyat və təhlükəsizlik sahələrində daha yaxın münasibətlər qurmağa başlamışdır. Bunlara misal kimi İsrail, ABŞ, BƏƏ və Hindistanın daxil olduğu “I2U2” qrupunu, ABŞ, İsrail və bir çox ərəb ölkəsinin daxil olduğu Yaxın Şərq Hava Müdafiəsi İttifaqı təşəbbüsünü, BƏƏ və digər bəzi ərəb ölkələri, ABŞ və İsrail arasında baş tutan Negev Sammitini və keçən il imzalanmış, bu ilin mart ayında qüvvəyə minən, tərəflər arasındakı ticarət məhsullarının 96%-i üzərində vergi və gömrük tariflərini ləğv edən, yaxud azaldan Hərtərəfli İqtisadi Tərəfdaşlıq Razılaşmasını (“CEPA”) göstərmək mümkündür. Dərinləşən münasibətlər hərbi müstəvidə əməkdaşlığa da tövhə vermiş, tərəflər birlikdə təkmilləşmiş sensorlar və qeydəalma sistemlərilə təchiz olunmuş insansız qayıq istehsal etməklə bağlı razılıq əldə etmişlər. Lakin Netanyahunun yenidən hakimiyyətə gələrək İsrail tarixinin ən ifrat sağ hökumətini qurması, ölkədə baş qaldırmış etirazlar, hökumətin Qərb Sahilindəki məskunlaşma siyasətini qətiyyətlə davam etdirməsi, hətta 2020-ci ildə bölgənin ilhaqını vəd etməsi, yəhudi mühacirlərlə fələstinlilər arasında toqquşmaların artması, bəzi kabinet üzvlərinin, BƏƏ də daxil olmaqla, Ərəb dünyasında etiraza səbəb olan, provokativ addımlar atması (israilli maliyyə naziri Bezalel Smotriçin İordaniyanı da İsrail ərazisi kimi göstərən xəritə arxasında çıxış etməsi və çıxışı zamanı “fələstinli” anlayışının keçən əsrdə uydurulmuş mif olduğunu bildirməsi) ölkələr arasındakı münasibətin daha da dərinləşməsi önündəki əsas əngəllərdəndir.

Hərçənd, bu münasibətlər Fələstin mövzusundan asılı olmayaraq, ortaq regional təhlükəsizlik və iqtisadi maraqlar ətrafında inşa edilsə belə, BƏƏ daxili və beynəlxalq mənfi reaksiyalardan yayınmaq məqsədilə İsraillə yaxınlaşma siyasətinin tempini zəiflətməyə məcbur olur. Həmçinin İsrailin digər ərəb ölkələri ilə də normallaşma prosesi başlatmasına gətirib çıxaracağına inanılan İbrahim Razılaşmalarının istənilən nəticəni hələ ki, verməməsi, Səudiyyə Ərəbistanı və İran arasındakı münasibətlərin yaxşılaşması fonunda BƏƏ-nin də İranla münasibətləri yenidən nəzərdən keçirərək tərəflər arasındakı gərginliyi yumşaltması, habelə İranın BƏƏ də daxil olmaqla bir çox bölgə ölkəsinin daxil olduğu donanma ittifaqı yaratma planını açıqlaması Əbu-Dabinin dəyişən geosiyasi reallıqlara tamamilə praqmatik baxış bucağından yanaşdığını və İsraillə əlaqələrin səviyyəsini də bu praqmatikanın müəyyən etdiyini deməyə əsas verir.
 

İranla əlaqələr

İranla BƏƏ arasındakı münasibətlər heç də birmənalı deyil. İslam İnqilabından etibarən ABŞ hegemoniyasına və hazırki dünya nizamına müqavimət göstərməyə çalışan Tehranın yaxın tarixdə dəfələrlə Hörmüz boğazını bağlayaraq bütün dünyadakı iqtisadi sabitliyi sarsmaqla təhdid etməsi neft-qaz ölkəsi olan BƏƏ-ni İranı təhdidkar və təhlükəli bir qonşu olaraq görməyə vadar edib. Bundan əlavə, iki ölkə arasında hələ də həllini tapmamış ərazi münaqişəsi də mövcuddur. Söhbət Fars körfəzinin şərqində, Hörmüz boğazına nəzarət edən mövqedə yerləşən üç adadan – Əbu-Musa, Böyük Tunb və Kiçik Tunbdan gedir. Adalar 1971-ci ildən etibarən rəsmi Tehranın nəzarətindədir. İran tərəfi adaların tarix boyu İran mərkəzli dövlətlərin parçası olduğunu, lakin 1921-ci ildə Britaniya imperiyası tərəfindən işğal olunduğunu bildirir. BƏƏ tərəfi isə sözügedən adaların 1971-ci ilədək Şarcə və Ras-əl-Xeymə əmirliklərinə məxsus olduğunu, 2 dekabr 1971-ci ildə bölgədəki əmirliklərin birləşərək BƏƏ-nin müstəqilliyini elan etməsindən cəmi 2 gün əvvəl İran ordusu tərəfindən ələ keçirildiyini ifadə edir. İran tərəfi BƏƏ qurulmazdan qısa müddət əvvəl Şarcə əmirliyi ilə Tehran hökumətinin anlaşma memorandumu imzaladığını, bu sənədə görə İranın adada qoşun saxlaya biləcəyini önə sürsələr də, həmin sənəddə digər iki ada haqda heç nə qeyd olunmayıb. Bu üç adadan sadəcə Əbu-Musada yaşayış var. Sayı bir neçə min nəfərə çatan ada əhalisinin əksəriyyətini İran vətəndaşları təşkil etsə də, BƏƏ vətəndaşlığı olan sakinlər də var. Hətta adadakı BƏƏ vətəndaşı azlığa iranlı idarəçilərin təzyiq göstərdiyi ilə bağlı iddialar da mövcuddur.

Adalarla bağlı münaqişənin 50 ildən çox yaşı olsa da, Rusiya və Körfəz Əməkdaşlıq Təşkilatı (KƏT) ölkələrinin Xarici İşlər nazirləri arasında bu ilin 10 iyulunda baş tutmuş görüşün yekununa dair sənəddə yer verilmiş cümlə məsələni yenidən alovlandırdı: “Nazirlər üç ada – Böyük Tunb, Kiçik Tunb və Əbu-Musa məsələsinin ikitərəfli danışıqlar və ya Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə, beynəlxalq hüquqa və BMT Xartiyasına müvafiq olaraq, sülh yoluyla həllinə çatmaq üçün Birləşmiş Ərəb Əmirliklərinin göstərdiyi təşəbbüs də daxil olmaqla, bütün sülh səylərinə dəstəklərini təsdiq edirlər”. Bu açıqlamanı ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlik kimi qəbul edən İran rəsmiləri isə çox gecikmədən bu bəyanata öz etirazlarını bildirdilər. İran XİN sözçüsü Nasir Kənani adaların əbədiyyən İrana aid olduğunu, Xarici İşlər naziri Əmir Abdullahiyan isə ölkəsinin milli maraqlarından və ərazi bütövlüyündən güzəştə getməyəcəyini ifadə etdi. Həmçinin Rusiyanın Tehrandakı səfiri də Xarici İşlər Nazirliyinə çağırıldı. Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verən azsaylı ölkələrdən olan, bu ölkə ilə sıx əməkdaşlıq aparan İranın adalar mövzusunda Moskvaya hiddət dolu reaksiya göstərməsi məsələnin cənub qonşumuz üçün necə həssas olduğunu nümayiş etdirir.

İranla BƏƏ-nin mövqelərinin kəsişdiyi digər bir məqam isə Yəməndəki vətəndaş müharibəsidir. İranın dəstək verdiyi Husi qüvvələri Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəklədiyi silahlı dəstələrə qarşı illərdir mübarizə aparır. Bəzən bu mübarizə Yəmənin sərhədlərini ötüb keçərək yarımadanın digər ölkələrinə də sıçrayır. Buna misal olaraq Husilərin BƏƏ-yə qarşı təşkil etdikləri dron hücumlarını göstərmək olar. 2022-ci ildə yanacaq tankına olunmuş hücum nəticəsində 3 işçi həyatını itirmişdi. Bu isə iqtisadiyyatının özəyini neft-qaz sektorunun təşkil etdiyi ölkə üçün ciddi təhdiddir. Əmirliklər bu təhdidlərdən müdafiə oluna bilmək üçün İsraillə təhlükəsizlik məsələlərində əməkdaşlığı daha da artırmağa meyil göstərir.

Lakin Tehranla Əbu-Dabi arasında münasibətlər heç də sadəcə çəkişmələrdən ibarət deyil. İki ölkə çox yaxın iqtisadi tərəfdaşdır. BƏƏ ağır sanksiyalarla üzləşmiş İrana bu məhdudiyyətlərdən yayınmaq üçün uyğun şəraitə sahibdir. Bu səbəbdəndir ki, BƏƏ şirkətləri İrana sanksiyalardan boyun qaçırmağa kömək etdikləri üçün ABŞ-ın cəzalandırıcı tədbirlərinə hədəf olublar. BƏƏ-nin bir neçə ay əvvəl ABŞ öndərliyindəki dəniz koalisiyasını tərk etməsi də İran tərəfindən sevinclə qarşılanmış, İran XİN Abdullahiyanın Əmirliklərdən olan həmkarı ilə görüşünün ardınca İranın rəsmi xəbər agentliyi olan “IRNA”-da Əbu-Dabinin bu qərarıyla bağlı xəbər dərc edilmişdir.
 

Yekun

BƏƏ maraqlarına cavab verəcək şəkildə həm İsrail, həm də İranla münasibətləri qorusa belə, bu işin bəzən xeyli çətinləşə biləcəyi aydın məsələdir. İsraillə normallaşma Ərəb dünyasında BƏƏ-yə qarşı skeptikanın formalaşmasına gətirib çıxardı. İbrahim Razılaşmalarına gözlənildiyi kimi başqa ərəb ölkələrinin qoşulmaması, əksinə, Səudiyyə Ərəbistanının ABŞ-a meydan oxuyurmuşcasına Çinin təşkilatçılığında İranla münasibətləri nizama salmağı qərarlaşdırması BƏƏ-nin bu məsələdə tək qalmasına gətirib çıxarır. Eyni şəkildə İranla hələ də həllini tapmamış adalar məsələsinin bu yaxınlarda yenidən aktuallıq qazanması və rəsmi Tehranın bu mövzuda kompromisə açıq olmaması münasibətlərin düyümlənməsinə səbəb olur. Belə olan halda BƏƏ üçün ən optimal variant hadisələrin necə cərəyan edəcəyini müşahidə etmək üçün gözləmək olacaqdır. Hər nə qədər ABŞ-ın Yaxın Şərqdən çıxaraq diqqətini Uzaq Şərqə yönəldəcəyi iddia olunsa da, ABŞ hələ də regiondakı mövcudluğunu qoruyur və ABŞ-la, o cümlədən İsraillə müttəfiqlik BƏƏ üçün regional geosiyasi landşaftda üstünlük qazanmağa kömək edə bilər. Eyni zamanda İranla gərginliyin nəzarətsiz şəkildə artması da arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Buna görə də BƏƏ Səudiyyə Ərəbistanı və İran münasibətlərinin yaxın gələcəkdə necə inkişaf edəcəyini, bu ilədək bir-birlərinə qatı düşmən kimi yanaşmış bu iki ölkənin çoxsaylı anlaşmazlıqlarını hansı yolla həll edəcəyini görməlidir. Səudiyyə-İran münasibətlərinin regionun geosiyasi mənzərəsində yaradacağı dəyişiklik İsraillə BƏƏ arasındakı münasibətlərin xarakterinə də birbaşa təsir göstərəcək.