İkinci tura hazırlıq: Yola davam, yoxsa məğlubiyyətə son?
Türkiyə ictimaiyyəti mayın 14-də keçirilən prezident seçkilərinə qalmaqallar və gərgin seçki mühiti altında girmiş və uzun illərdən sonra ilk dəfə seçki ikinci tura qalmışdır. Bir tərəfdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəldiyi ilk illərdən bəri vəd etdiyi "2023 perspektivi", digər tərəfdə isə 21 il sonra ilk dəfə qələbə qazanmağa yaxın olduğunu düşünən Cümhuriyyət Xalq Partiyasının (CHP) "yenilik" vədi mübarizə aparır.
Hələ ötən il təbliğat kampaniyasına start verən hakim Ədalət və İnkişaf Partiyası (AKP) cəmiyyətdəki başlıca problemlərdən xəbərdar idi. Qaçqınların sayının durmadan artması, işsizlik, lirənin kəskin dəyər itirməsi və inflyasiya kimi iqtisadi problemlər, təbii fəlakətlər və s. AKP üçün əsas başağrısı sayılırdı. AKP bu kimi problemlərin qısa müddətdə həll olunmayacağını bildiyi üçün partiyanın səslərinin aşağı düşəcəyindən ehtiyat edirdi, buna görə də ittifaqı genişləndirməyə və yeni strategiyalar qurmağa başlayıb. AKP-dən ayrılacaq milliyyətçi səslər ya ittifaqda olan Milliyyətçi Hərəkat Partiyasına (MHP), ya da müxalifət blokundakı İYİ Partiyaya (İYİP) gedəcəkdi. Keçmiş seçkilərə və siyasi mühitə nəzər saldıqda müşahidə edilir ki, Türkiyədə artan islamçılığın "antidot"u milliyyətçilik və ya türkçülük olmuşdur. Bu səbəbdəndir ki, AKP özündən qopan milliyyətçi səslərin İYİP-ə getməməsi üçün fokuslanmışdır. Öncəki illərdə MHP lideri Dövlət Bağçalı və prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə İYİP-ə və onun seçicilərinə "milli müxalifət" kimi dəstəkləyici çıxışlar edərək, açıq qapı buraxsalar da, İYİP bu çağırışlara məhəl qoymamışdır. Lakin AKP-MHP ittifaqının edə bilmədiyini məhz müxalifət bloku etmişdir. Mart ayında baş verən "Altılı Masa" böhranı zamanı İYİP lideri Maral Akşənərin prezidentliyə namizəd məsələsində masadan qalxması ona olan dəstəyi artırsa da, masaya geri qayıtması ona olan dəstəyi 2018-dəki səviyyədən də aşağıya salmışdır. Bu isə İYİP seçicilərinin bir qisminin yeni yaranmış Zəfər Partiyasına (ZP) getməsi və MHP-yə qayıtmasına səbəb olmuşdur.
AKP-nin bir digər strategiyası isə partiyadan iqtisadi səbəblərdən qopan islamçı səsləri itirməməkdir. AKP burada da səslərin müxalifət blokundakı Səadət Partiyasına (SP) getməməsi üçün tərəfsiz olan Yenidən Rifah Partiyasını (YRP) ittifaqa daxil edərək, səsləri konsolidasiya edə bildi. AKP-nin bu strategiyasının uğurlu olduğunu isə parlament seçkilərində müşahidə etdik. AKP öncəki seçkilərə nisbətən 7% və 28 mandat itirmiş, Millət İttifaqı isə 2% və 23 mandat qazanmışdır. Buna baxmayaraq, AKP üçün bu uğurlu nəticə sayılır. Çünki AKP-nin itirdiyi səslər mandatını azaltsa da, ittifaqda olduğu MHP əlavə olaraq 1 mandat, YRP isə 5 mandat qazanmışdır. Bununla da parlamentdəki nisbi çoxluq təmin edilmişdir.
CHP isə ittifaq seçimi, deputatlığa namizəd siyahısı, prezidentliyə namizəd kimi fiasko qərarlar almış və yanlış strategiya qurmuşdur. İttifaqa daxil edilən Demokratiya və Sıçrayış Partiyası (DEVAP) və Gələcək Partiyası (GP) liderlərinin keçmiş AKP nazirləri olması və xalqda heç bir qarşılığının olmaması başda İYİP olmaqla, müxaliflərin etirazına səbəb olmuşdur. AKP-dən qopan və qərarsız qalan seçicilər də Ərdoğan tərəfindən qovulan 2 liderin qurduğu bu partiyalara isti yanaşmır və bu səbəbdən Millət İttifaqından uzaqlaşırdı. Qılıncdaroğlu qazanacağı təqdirdə digər ittifaqda olan 5 partiyanın liderini vitse-prezident təyin etməsi və nazirliklər verməsi vədi AKP-dən qopan və qərarsız qalan seçicilərin narahatlığına səbəb olurdu. Belə bir sistemdə prezident institutu zəif qalır və 90-cı illərdəki kimi koalisiya idarəçiliyinə geri qayıdılırdı. Bu narahatlıq isə qərarsızların yenidən Ərdoğan ətrafında birləşməsinə səbəb oldu. Çünki iqtidar blokundakı MHP-nin müxalifətdəki digər 5 partiyanın cəmindən daha çox səsə sahib olmasına baxmayaraq, nəinki vitse-prezidentlik, hətta nazirliyinin belə olmaması Ərdoğanın güclü lider, AKP-nin isə təkbaşına iqtidar profilini ön plana çıxarmışdır. Səadət Partiyası və Demokrat Partiyasının da seçici kütləsinin az olması və mart ayında bu 4 xırda partiyanın Kamal Qılıncdaroğlunun prezidentliyə namizədliyini İYİP-ə qarşı dəstəkləməsi milliyyətçi cinahı qəzəbləndirmişdir. CHP rəsmiləri Qılıncdaroğlunu seçkinin taleyini "kürd səsləri"nin həll edəcəyinə inandırmışdı. Lakin tarixə nəzər salsaq görə bilərik ki, 2013-cü ildə hökumətin başlatdığı "İmralı görüşləri" (PKK terror təşkilatının lideri Abdulla Öcalanın həbsdə olduğu ada) və 2015-ci ilə qədər davam edən "Kürd genişlənməsi" prosesi 2015-ci ilin iyun ayında AKP-nin səslərinin azalmasına və ilk dəfə təkbaşına hökumət qura bilməməsinə səbəb olmuşdu. Seçkilərdən isə milliyyətçi cinahı konsolidasiya edə bilən MHP qazanclı çıxmışdı. Həmin il noyabr ayında keçirilən seçkilərə qədər dönəmin baş naziri Əhməd Davudoğlu hökumət qura bilmək üçün hətta CHP ilə belə görüşmək istəsə də, Ərdoğan tərəfindən rədd edilmiş və növbəti seçkilərə qədər yeni strategiyanı məhz Ərdoğan yenidən qurmuşdu. Ərdoğan HDP və PKK ilə müzakirələrin milliyyətçi səslərin əriməsinə səbəb olduğunu görərək, müzakirələri dayandırmış və onlarla mübarizəyə başlamış və nəticədə noyabr ayında AKP səslərini artıraraq, yenidən təkbaşına hökumət qurmuşdu. Bu prosesdə səhvləri ilə yadda qalan baş nazir Əhməd Davudoğlu isə seçkilərdən 6 ay sonra Ərdoğan tərəfindən istefaya məcbur edilmişdi.
2015-ci ildən bəri keçirilən seçkilərdə görmək olur ki, sağ-mühafizəkar ideologiyanın gücü azaldıqca milliyyətçi-türkçü ideologiya daha da güclənir. AKP-nin səsləri bu 8 il ərzində 50%-dən 35%-ə azalmış, MHP, İYİP və Zəfər Partiyasının (ZP) təmsil etdiyi milliyyətçi cinahın səsləri isə ümumilikdə 11%-dən 23%-ə qədər yüksəlmişdir. Milliyyətçiliyin artdığı bir dönəmdə müxalifətin namizədinin sol qanaddan və cəmiyyət tərəfindən hərtərəfli olaraq tənqidlərə məruz qalaraq aşındırılması yanlış strategiyanın başlanğıcı olmuşdur. Ölkədə iqtisadi vəziyyətin pisləşməsi, inflyasiyanın və işsizliyin artması, zəlzələ faciəsi və s. problemlər belə Qılıncdaroğlunun HDP və Səlahəddin Dəmirdaşla bağlı çıxışlarının kölgəsində qalmışdır. Hətta zəlzələ bölgələrində belə Ərdoğanın səslərində ciddi eniş yaşanmamışdır. Milliyyətçi səslərin Ərdoğandan və İYİP-dən qoparaq ATA İttifaqının namizədi olan Sinan Oğana getməsi isə bir daha sübut edir ki, Qılıncdaroğlunun zorakı olaraq namizədliyini qəbul etdirməsi milliyyətçilərin sərt reaksiyası ilə qarşılanmışdır. Oğanın namizədliyi sayəsində seçkilərin ikinci tura qalması isə Qılıncdaroğlu cəbhəsində şok effekti yaratmış, partiya və ittifaq daxilində qalmaqallara səbəb olmuşdur.
İttifaqın xırda ortaqları olan Davudoğlu, Babacan, Uysal və Qaramollaoğlu seçki sonrası partiyalarının CHP sayəsində qazandıqları deputat mandatlarına fokuslanmış, prezident seçkilərinin ikinci turu ilə bağlı səssiz qalmışlar. Əkrəm İmamoğlu və Mənsur Yavaş da seçki gecəsindən sonra fəallıqlarını azaltmışdır. Maral Akşənər isə başından bəri Qılıncdaroğlunun namizədliyinə qarşı çıxdığı üçün ikinci turla bağlı heç bir kampaniya yürütmür. Görünən odur ki, ikinci turda Qılıncdaroğlunun məğlub olacağı ssenaridə İYİP ittifaqdan ayrılacaq və CHP idarəçiliyi dəyişməzsə, AKP ilə yanaşı CHP-yə qarşı da cəbhə alacaq. İYİP-in yeni siyasi mühitdə milliyyətçi və sağ-mərkəz partiyalarla yola davam edəcəyi gözlənilir.
CHP-də isə hal-hazırda ikinci tur üçün xaotik vəziyyət yaranıb. Partiya içində təbliğat kampaniyasını aparan qrup artıq istefaya göndərilib və ya geri çəkilib. CHP ikinci tur üçün təbliğat dilini sərtləşdirib və kürd səslərinə deyil, milliyyətçilərə doğru yönəlib. Bu kampaniyanın isə gözlənilən qədər uğurlu olmayacağını təxmin etmək olar. Çünki 10 ildən çoxdur HDP və Dəmirdaş ilə bağlı atılan addımların, çıxışların, verilən dəstəklərin milliyyətçi seçicilərin fikrini iki həftə ərzində dəyişdirə bilməsi mümkün görünmür. CHP-nin ikinci tur üçün tək ümidi isə illərdir namizədləri olmadığı üçün məcburən Ərdoğana səs verən, amma Qılıncdaroğluna da dəstək verməyən milliyyətçilərin səsini alan Sinan Oğan və Zəfər Partiyasıdır. Oğan isə irəli sürdüyü şərtləri yerinə yetirən namizədə ikinci turda dəstək verəcəyini açıqlayıb. Bu səbəbdən Qılıncdaroğlu PKK və qaçqınlar məsələsində vədlərini və çıxışlarını daha da sərtləşdirmişdir. Oğana səs verənlərin bir qisminin MHP-li olduğunu düşünsək, onun ikinci turda Qılıncdaroğluna dəstək verməsi belə Ərdoğanın qələbəsinin qarşısını almaya bilər. Həmçinin, nəzərə almaq lazımdır ki, parlamentdə üstünlük Cümhur İttifaqında olduğu üçün Oğana səs verən qərarsızların və ilk turda səsvermə haqqından istifadə etməyənlərin idarəçilik və qanunvericilik mexanizminin tıxanmaması və hakimiyyətdə ikibaşlılıq yaranmaması üçün Ərdoğana səs verəcəklərini təxmin etmək olur. Çünki 1990-cı illərdəki koalisiya hökumətlərinin yaratdığı böhranlar cəmiyyətdə dərin yaralar buraxmış və seçkilərdə daima bu narahatlıq əsasında qərarlar verilmişdir. Parlamentdə müxalifətin məğlubiyyətə uğraması Qılıncdaroğlunun ikinci turda qələbəsini qeyri-mümkünə çevirib. İkinci tur üçün artıq sayılı günlər qaldığı bir vaxtda Ərdoğanın partiya rəsmilərinə təbliğata davam edilməsi barədə tapşırıq verməsi və özünün isə seçkiyə qədər zəlzələ bölgəsində olacağı mesajı onun rahat qələbəyə hazırlandığını göstərir. Qılıncdaroğlunun isə Oğana təkliflərlə getməsi, təbliğat kampaniyasını və siyasi dili dəyişməsi, həmçinin ilk turda səsverməyə getməyənlərə yönəlik kampaniya aparması onun üçün işlərin yolunda getmədiyini göstərir.