“Müqavimət oxu” yenidən birləşir: HƏMAS üçün maraqlar ideologiyadan üstün olacaq?
1987-ci ildə Misirdəki sünni məzhəbli “Müsəlman Qardaşları”nın Fələstin qolu kimi yaradılan HƏMAS təşkilatı İranla əlaqələr qurmağa 1990-cı illərin əvvəllərində başlamışdır. İllər keçdikcə HƏMAS İsrailə qarşı mübarizədə İranın maliyyə dəstəyindən istifadə etmiş və bu əlaqələr 2007-ci ilin iyununda HƏMAS-ın Qəzza zolağında hakimiyyətə gəlməsindən sonra daha da güclənmişdir. Bu dövrdən sonra İran və onun dəstəklədiyi Hizbullah təşkilatı HƏMAS-a öz silahlarını hazırlamaqda yardım etməyə başlamışdır. Beləliklə də, Yaxın Şərqdə İranın rəhbərlik etdiyi müqavimət (şiə) oxuna yeni aktor qoşulmuş oldu. Lakin bu yeni aktor şiə deyil, sünni məzhəbindən idi. Buna baxmayaraq, həmin dövrdə İrana səfər edərək Ayətullah Xomeyninin məzarını ziyarət edən HƏMAS-ın keçmiş lideri Xalid Məşəl “HƏMAS Xomeyninin mənəvi nəvəsidir”- deyə bildirmişdi.
Sıx münasibətlərə və müttəfiqliyə baxmayaraq, Suriya vətəndaş müharibəsinin başlamasından sonra hər şey tamamilə dəyişdi. HƏMAS Bəşər Əsədə və İranın başçılıq etdiyi şiə oxuna qarşı hərəkət edən tərəf olan sünni məzhəbli Suriya müxalifətini dəstəkləməyi seçdi. 2012-ci ildə Bəşər Əsəd HƏMAS-ın Suriyadakı bütün ofislərini bağladıqdan sonra Xalid Məşəl Qətərə, digər üzvlər isə Türkiyəyə qaçmaq məcburiyyətində qalmışdır. 2012-ci ildə HƏMAS-ın xarici bürosunun sədri Usama Həmdan bəyan etmişdi ki, HƏMAS, İran və Hizbullah arasında Suriya ilə bağlı fikir ayrılıqları səbəbindən münasibətlər dondurulub. Lakin İranla münasibətlər İsrailə qarşı hərbi sahədə davam edirdi.
HƏMAS “Ərəb baharı” zamanı Misirdə prezident Hüsnü Mübarəki devirən “Müsəlman Qardaşları” ilə eyni cəbhədə yer almışdır. Bununla da, HƏMAS İranın başçılıq etdiyi şiə oxunu tərk edəcəyinə əmin idi. HƏMAS siyasi bürosu düşünürdü ki, Misir kimi bir ərəb gücü artıq onların arxasında dayanacaqdı. Lakin Misirdəki hərbi çevriliş sonrası “Müsəlman Qardaşları”nın devrilməsi HƏMAS-ın bütün planlarını puç etdi.
Hadisələr bu istiqamətdə cərəyan edərkən HƏMAS-ın silahlı qanadı Suriya vətəndaş müharibəsində aktiv şəkildə iştirak etməyə başlamışdı. Bir sıra HƏMAS komandirləri Yarmuq qaçqın düşərgəsində Əsəd rejiminə qarşı müxaliflərin yanında vuruşur və onlara təlimlər keçirdi. Belə olduğu təqdirdə Əsədin yanında yer alan İran dəstəkli Hizbullah ilə HƏMAS arasında ixtilaflar yaranmışdı. 2013-cü ildə Hizbullahın fələstinli qaçqınlara göndərdiyi humanitar yardım tırları yandırıldı, HƏMAS-ın Livandakı aktivisti isə Hizbullah dəstəkçiləri tərəfindən öldürüldü.
İran və Hizbullah Suriya arenasında ciddi irəliləyişin olmadığı bir neçə ildən sonra bu məsələdə HƏMAS ilə fikir ayrılıqlarını bir kənara qoyaraq ortaq maraqla çıxış etməyə razılaşdılar. 2017-ci ilin may ayında İranın vasitəçiliyi ilə Hizbullah və HƏMAS-ın yüksək vəzifəli şəxsləri arasında bir sıra görüşlər keçirildi və HƏMAS-a dəstəyin artırılması barədə razılığa gəlindi. HƏMAS isə bütün bunlara baxmayaraq Suriya məsələsində mövqeyini dəyişmədi. Hizbullah nümayəndələri Əsəd və HƏMAS arasında danışıqlar üçün çalışsalar da, bu baş tutmadı. HƏMAS siyasi büro liderinin müavini Saleh əl-Aruri həmin dövrdə İrana səfər etmiş və Suriya münaqişəsində tərəf tutmadıqlarını bildirmişdi. Səfər zamanı Aruri İranın ali dini lideri Ayətullah Xameneyi ilə də görüşmüşdü. Xameneyi isə görüş zamanı ən önəmli məsələnin Fələstin olduğunu qeyd etmişdir.
Ayətullah Xameneyi sünni HƏMAS-ı şiə oxuna yenidən geri qaytarmağın yolunu tapmışdı: Fələstin. İran öz ideoloji xəttinə diqqət yetirmək əvəzinə Fələstin məsələsini bir ortaq ideologiya halına çevirdi. Bu yolla İran Yaxın Şərqdəki bir sıra müsəlman qrupları, o cümlədən HƏMAS və Fələstin İslami Cihad təşkilatı kimi sünni qruplaşmaları İsrailə qarşı birləşdirə biləcəkdi.
Ötən il Misirin “əl-Yume” qəzetində Qəzza zolağının şiələşdirilməsi ilə bağlı Qəzza zolağı sakinlərinin narahatlığından bəhs edən məqalə dərc edilmişdi. Ümumiyyətlə ərəb mətbuatında son bir ildə bu məsələ ilə bağlı dərin narahatlığın olduğu sezilir. Belə düşünülür ki, sünni HƏMAS-la yanaşı, İran dövləti Fələstində şiə əhalinin də artmasını özünə prioritet seçib. Bu prosesdə isə əsas rolu İran tərəfindən yaradıldığı və maliyyələşdirildiyi bildirilən “əl-Saberin” təşkilatı oynayır. HƏMAS bu təşkilatın fəaliyyətini öz işinə müdaxilə kimi qiymətləndirərək “əl-Saberin” üzvlərini təqib etməyə başlamış və həbs etmiş, daha sonra isə İranın tələbi ilə sərbəst buraxmışdır.
2019-cu ilin oktyabrında Livanda etiraz aksiyalarının başlamasından sonra Hizbullah ilə HƏMAS arasında gərginlik yenidən yarandı. HƏMAS-ın susması və Hizbullah tərəfdarlarının lehinə mövqe tutmaması Hizbullah lideri Həsən Nəsrullahın qəzəbinə səbəb oldu, çünki o, HƏMAS-ın ən azı açıq şəkildə Hizbullahın yanında olmasını gözləyirdi. Hizbullah rəsmiləri bildirirdi ki, bütün səylərə rəğmən HƏMAS Suriya məsələsindən heç bir dərs çıxarmayıb.
2021-ci ilin əvvəlində İran və Hizbullah rəsmiləri HƏMAS və Suriya rejimini barışdırmaq üçün səylərini davam etdirdilər. 2021-ci ilin iyun ayında HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyyə Livana səfər edib və səfər zamanı Nəsrullahla görüşüb. Görüş zamanı yenidən ortaq məxrəcə gəlinmiş və Fələstin ideologiyası çərçivəsində ortaq düşmən olan İsrailə qarşı mübarizədə razılığa gəlinmişdir. Bu ilin oktyabr ayında isə Hizbullah və İranın vasitəçiliyi ilə HƏMAS və Əsəd rejimi arasında münasibətlərin yenidən qurulması prosesinə start verilib. 2 ay öncə HƏMAS nümayəndə heyətinin Suriyaya səfər edərək, prezident Bəşər Əsədlə görüşüb və münasibətlərin yenidən qurulması üçün danışıqlar aparılmışdır.
Baş verən bu dəyişikliyin HƏMAS-ı İranın rəhbərlik etdiyi, Hizbullahın və Yəməndə yerləşən Husilərin, habelə Suriyanın da daxil olduğu İsrailə qarşı “müqavimət oxu”na yaxınlaşdıracağı kimi qiymətləndirmək olar. Eləcə də, HƏMAS-ın bu addımı uzun müddətdir sıx əlaqələri olan rəsmi Ankaranın avqust ayında İsraillə tam diplomatik münasibətləri bərpa etməsindən və Yaxın Şərqdə baş verən köklü dəyişikliklərdən sonra atılması da diqqət çəkən məqamdır. Həmçinin, İsraildə Benyamin Netanyahunun yenidən hakimiyyətə gəlməsi də müqavimət oxunun yenidən eyni cəbhədə birləşməsinə gətirib çıxarmışdır. Yaxın Şərq mətbuatında Netanyahunun yeni quracağı hökumətin son illərin ən radikal-sağ koalisiyası olacağı narahatlığını da gözardı etmək olmaz.
İsrailə qarşı ümumi maraq fərqli dini ideologiyadakı fikir ayrılıqlarını üstələyir. Ortaq maraq isə İranın rəhbərlik etdiyi şiə oxuna HƏMAS-ın təmsil etdiyi sünni “Müsəlman Qardaşları” ilə əməkdaşlıq etməyə imkan verir. Lakin HƏMAS-ın Əsəd administrasiyası ilə barışması təşkilat daxilində etirazlara da səbəb olur. Bununla belə, HƏMAS-ın Siyasət və Xarici Əlaqələr rəhbəri Basem Naim bildirib ki, qərar illərlə davam edən regional və beynəlxalq danışıqlardan sonra qəbul edilib. O, qrupun qərarının qəti olduğunu və müqavimət oxunun mərkəzində olmasından başqa çarə olmadığını bildirib.
Görünür, HƏMAS-ın siyasətçiləri arasında şiə oxu ilə münasibətlərin mahiyyəti ilə bağlı fikir ayrılıqları var. Bu, HƏMAS-ın Suriya rejiminə və İranın başçılıq etdiyi şiə oxuna qarşı qeyri-sabit davranışına təsir göstərə bilər. Lakin hazırda HƏMAS lideri İsmayıl Haniyə bu siyasi oxla əlaqələrin gücləndirilməsinin tərəfdarıdır.
Münasibətlərdəki dəyişikliyin HƏMAS-ın Qəzza zolağında və Livanda hərbi qüvvələrinin qurulmasına təsir etmədiyi təxmin edilir. Bununla belə, HƏMAS-ın şiə oxuna və Hizbullaha münasibətindəki dəyişkənlik Hizbullah üçün xəbərdarlıq ola bilər. HƏMAS hətta İranın açıq göstərişi olmadan da Livandan hərbi fəaliyyət göstərə bilər. Bu cür müstəqil hərəkətlər Hizbullah üçün kifayət qədər problem yaradır.
HƏMAS və İranın rəhbərlik etdiyi şiə oxu bir-birindən asılı vəziyyətdədir. HƏMAS İranı mütləq əmri altında deyil. Bununla belə, İran HƏMAS-ı Fələstin arenasında lider kimi görür və buna görə də, İran üçün HƏMAS-ı qucaqlamaq və onu yaxında saxlamaq ən optimal variantdır. HƏMAS da öz növbəsində başa düşür ki, başqa seçim yoxdur və İran hərbi və maliyyə yardımının yeganə mənbəyidir.