İtaliya və BƏƏ: Son hadisələrin pərdə arxası

İtaliya və BƏƏ: Son hadisələrin pərdə arxası

İtaliya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında bir zamanlar pik həddə çatmış siyasi münasibətlər indi ən soyuq dövrlərini yaşayır. Rəsmi Əbu-Dabi iyulun 2-dək BƏƏ-dəki italyan təyyarələrinin və işçilərinin ölkədən çıxmasını tələb etdikdən sonra İtaliya və BƏƏ əl-Minhaddakı italyan hava bazasının gələcəyi ilə bağlı qızğın müzakirələr aparır. Baza İtaliyanın Əfqanıstanda, İraqda və Afrika Buynuzunda əməliyyatları üçün logistika mərkəzi olaraq istifadə edilirdi və bu yaxınlarda 20 illik hərbi missiyasını bitirmiş italyan kontingentin Heratı tərk etməsini asanlaşdırmışdı. İndiyə qədər rəsmi Roma Talibanı məğlub etmək, sabitlik, demokratikləşmə və dövlət quruculuğu prosesinə dəstək vemrək, eyni zamanda Əfqanıstan ordusuna təlim keçmək məqsədi ilə regiona 50 mindən çox əsgər göndərmişdi.

İyunun əvvəlində BƏƏ 20 illik hərbi missiyasının sona çatdığı Əfqanıstanda bayraq endirmə mərasiminə yollanan İtaliya təyyarəsinin tranzitinə imkan vermədi. Bu qərardan sonra italyan qoşunların əl-Minhaddakı hava bazasından çıxarılması ilə bağlı ultimatum da gəldi. İtaliyanın müdafiə naziri Lorenso Qerini (Lorenzo Guerini) Əbu-Dabinin tələbindən sonra 142 əsgərin bazanı dərhal boşaltdıqlarını açıqladı: Əsgərlərdən 79-u ölkəsinə geri qaytarıldı, 40-ı təcili tibbi evakuasiya və taktiki nəqliyyatı təmin etmək üçün Küveytə göndərildi, 23-ü isə Dubayda yerləşən keçid koordinasiya bürosunda fəaliyyətə başladı.

Əmirliyin bu siyasəti İtaliyanın ərəb ölkəsi ilə hərbi ixracat müqaviləsini ləğv etməsinə cavab kimi qiymətləndirilə bilər.  Romanın qərarı isə BƏƏ-nin Yəmən müharibəsinə müdaxiləsinə sanki bir cəza idi və Xarici İşlər naziri Luici Di Mayo tərəfindən belə izah edilmişdi: “Bu cür bloklanma addımının atılmasını öhdəliyə götürməyi məcbur edən parlament qətnaməmiz var. Parlament bunun əksini qərar verməyənə qədər biz bu siyasəti dəyişə bilməyəcəyik”. BƏƏ-nin Yəməndəki müharibədən hələ 2 il əvvəl böyük ölçüdə çıxdığını nəzərə alsaq, toqquşmaların olduğu ərazilərdə insan hüquqlarının pozulmasının qarşısını almaq üçün İtaliyanın Əbu-Dabini imzalanmış müqavilələrin ləğvi ilə cəzalandırması çox da məntiqli görünmür.

BƏƏ-nin reaksiyası İtaliya hökumətinin bariz amerikanpərəstliyindən qaynaqlanır. 2020-ci ilin sonundan etibarən Vaşinqtonun İtaliyaya etimadını bərpa etmək istəyən italyan hökuməti, İtaliyanın keçmiş Baş naziri Cüzeppe Kontedən tutmuş hazırki İtaliya baş naziri və keçmiş Avropa Mərkəzi Bankının prezidenti Mario Draqi də daxil olmaqla bu səylərini davam etdirir. Bu siyasətə rəsmi Romanın Çin-Almaniya investisiya müqaviləsinin ləğvi tələbi, rus zabit ilə qanunsuz olaraq sənəd paylaşmış italyan dənizçinin həbsi, Draqinin Ərdoğanı “dictator” adlandırması kimi epizodlar aiddir. BƏƏ-yə silah ixracına dair artıq imzalanmış müqavilələrin ləğv edilməsi bu istiqamətdə atılan başqa bir addımdır. 2020-ci ilin payızının sonlarında ABŞ rəsmiləri BƏƏ-nin xüsusən Tripolitaniya və Kirenaika bölgələri arasındakı fəaliyyətini tənqid etməyə, Əbu-Dabini rus “Vaqner” muzdlularına pul ödəməkdə və Moskvanın Şimali Afrikaya nüfuz etməsinə yardım göstərməkdə günahlandırmağa başlamışdı. Vaşinqton həmçinin BƏƏ-nin Çinə artan rəğbətindən və yeni ipək yolları üçün öz limanlarını təklif etməsindən də narahatdır.

Ümumiyyətlə, İtaliya və BƏƏ-nin Liviyada qarşılaşdıqları sərt geosiyasi rəqabət münasibətlərinin pisləşməsinə səbəb olan əsas məsələdir. Məhz burada İtaliya Qətər və Türkiyə tərəfindən də dəstəklənən Tripoli Hökuməti ilə strateji tərəfdaşlıq qurduğu halda, BƏƏ General Həftərə dəstək verir və Müsəlman Qardaşların əsas himayəçisi olan Qətərə əks cəbhədə dayanır. Məhz Qətərin Müsəlman Qardaşlar ilə münasibətləri hazırki geosiyasi gərginliy kökündə duran başlıca məsələlərdəndir. BƏƏ üçün Müsəlman Qardaşlar ideoloji rəqibdir. Əbu-Dabi bu qruplaşmanın siyasi aktivliyinin (seçki tələbi də daxil olmaqla) irsi hakimiyyətə malik əmir əl-Nayanın siyasi inhisarını şübhə altına ala biləcəyindən çəkinir. Bu səbəbdən, BƏƏ-nin siyasətinə görə Müsəlman Qardaşlar təhlükəsi ilə yalnız daxildə deyil, həmçinin xaricdə, ilk növbədə onların güclü olduqları Liviyada mübarizə aparılmalıdır. Odur ki, Əbu-Dabinin General Həftərə maliyyə, hərbi texnika və məsləhətçi dəstəyi İtaliyanın maraqları ilə sərt şəkildə toqquşur və iki ölkə arasındakı gərginliyin artmasına səbəb olur.

Roma ilə Əbu-Dabi arasındakı danışıqlar hələ də davam edir, lakin münasibətlər xarici və sənaye siyasətini ideoloji təşəbbüslərə tabe etmək qərarına gələn ölkənin düşüncələrini təsvir edir. Əslində İtaliya daxili siyasi mübarizə aparmaq üçün xarici siyasətdən istifadənin nəticələri ilə qatlaşır və Əbu-Dabinin qəbul etdiyi düşmən münasibət geoiqtisadi maraqları üçün həlledici bir sahədə İtaliyanın mövqeyini təhlükə altına qoyur. Həqiqətən də Roma həmişə Yaxın Şərq aktorlarına və onların rəqabətlərinə bərabər məsafədə yanaşaraq əhəmiyyətli iqtisadi və geosiyasi fayda əldə etməyə çalışmışdır. Bu isə italyan şirkətlərinin və silahlı qüvvələrinin onilliklər ərzində mürəkkəb Yaxın Şərq regionunda fəaliyyət göstərməsinə imkan vermişdir. Bu səbəbdən BƏƏ ultimatumunun və sonrakı danışıqların da Fars körfəzindən Şimali Afrika sahillərinə qədər uzanan geniş bölgədə mövcud olan İtaliya maraqlarına təsir göstərəcəyi istisna edilə bilməz.

Birləşmiş Ərəb Əmirlikləri İtaliyanın bütün əsas sektorlarda, xüsusən də siyasi sahədə və təhlükəsizlik məsələlərində əhəmiyyətli tərəfdaşıdır. İki ölkə 2003-cü ildə müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalamışdır. BƏƏ-də 600 italyan şirkəti fəaliyyət göstərir. 2020-ci ildə 8,4 milyard avroluq ümumi ticarət dövriyyəsi ilə İtaliya BƏƏ-nin 8-ci, AB üzv-ölkələri arasında əsas ticarət tərəfdaşı olmuşdur. İxracata gəldikdə İtaliya BƏƏ-nin təminatçıları arasında 11-ci yerdən 9-cu yerə yüksəlib.

Ümumiyyətlə, BƏƏ təkcə Körfəzin deyil, bütün İslam dünyasının ən maraqlı aktorlarından, eyni zamanda bütün Qərb ölkələri üçün başlıca həmsöhbətlərdən biridir. İrana qarşı fəaliyyət və cihadçı fundamentalizmdən tutmuş dənizdə hərəkət etmə azadlığı və iqlim dəyişikliyi kimi elə bir məsələ yoxdur ki, BƏƏ-nin fəaliyyəti Qərbin maraqları ilə eynilik təşkil etməsin.

İtaliya təyyarəsinə tranzit imkanının verilməməsinin hər hansı praktiki nəticəsi olmasa da, böyük ehtimalla bu qərar ciddi nəticələr yaradacaq düşmən münasibətlərin elanıdır. Əslində İtaliya ilə BƏƏ-nin ikitərəfli əlaqələrinin dondurulması artıq iki ölkənin iqtisadi və ticarət mübadiləsinə mənfi təsir göstərir; bu isə bir çox sifarişlərin və inkişaf perspektivlərinə ziyan vuracaq. İtaliya üçün daha ciddi olan məsələ Ərəbistan yarımadasında qiymətli müttəfiqini itirmək riskidir. BƏƏ italyan kontingentinə ev sahibliyi edən yeganə Körfəz ölkəsidir və hazırda bütün İslam dünyası üçün yenilikçi nümunə olan ölkədə ilk katolik kilsəsi tikilməkdədir. İtaliyanın BƏƏ-yə qarşı silah embarqosunu qismən ləğv etmək qərarı yaranan vəziyyəti düzəltmək üçün kifayət etməyəcək. İtaliya hökuməti Əbu-Dabi ilə ikitərəfli əlaqələrə yeni təkan verərək bu dalandan çıxmalı, ikitərəfli münasibətlərin tam normal vəziyyətə gəlməsini təmin etməlidir.