Qeyri-mümkün missiya? Türkiyənin Əfqanıstan “həmləsi”: Risklər, gözləntilər, üstünlüklər və əngəllər

Qeyri-mümkün missiya? Türkiyənin Əfqanıstan “həmləsi”: Risklər, gözləntilər, üstünlüklər və əngəllər

Son dövrlərdə baş verən geosiyasi proseslər beynəlxalq münasibətlər sistemini təkqütblülükdən çoxqütblülüyə doğru yönəldir. Bununla yanaşı, son illərdəki siyasi proseslərdə regional güclərin qlobal güclərlə rəqabət aparmaq qabiliyyəti əldə etdiklərini də görürük. Yəmən, Liviya, Qarabağ kimi qaynar toqquşma nöqtələrində dünya supergüclərinin passiv iştirak etdiyinə, aktiv fazanın regional güclərin iştirakı ilə aparıldığına şahidlik edirik. Əslində, Əfqanıstan münaqişəsində baş verən prosesləri də son geosiyasi trendə örnək göstərə bilərik: qlobal güc ABŞ Əfqanıstanı tərk edərək, öz rolunun bir hissəsini regional güc Türkiyəyə təhvil verir.  

Məlum olduğu kimi, NATO qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Əfqanıstanda mövcud olan 500-ə yaxın türk hərbçinin Həmid Kərzai adına Kabil hava limanının təhlükəsizliyinin təmin edilməsi üçün ölkədə saxlanılması planlaşdırılır. Bu hava limanı Əfqanıstanın dünyaya açılan qapısıdır, diplomatik ziyarətlər, humanitar yardımlar və hərbi təchizatların daşınması həmin liman vasitəsilə həyata keçirilir. Yəni, Türkiyənin Əfqanıstanda üzərinə götürdüyü missiya hər nə qədər məhdud görünsə də, reallıqda bu mövcudluq ölkənin siyasi həyatına geniş miqyasda təsir edəcək gücdədir. Bu səbəbdən, bütünlüklə Əfqanıstanı idarə etmək ambisiyasında olan Talibanın bu qədər böyük strateji əhəmiyyəti olan hava limanına nəzarəti olmadan hakimiyyətə gəlmək variantı ilə razılaşacağı inandırıcı deyil. Artıq Taliban rəhbərliyi 13 iyulda rəsmi açıqlama yayaraq Türk qoşunlarının çıxarılması barədə növbəti dəfə xəbərdarlıq edib. Açıqlamada baş verə biləcək “proseslərdə” bütün məsuliyyətin Türkiyə rəhbərliyinə aid olacağı bildirilib. Bu açıqlama Türkiyə-Taliban arasında diplomatik təmasların yetərincə olmadığını göstərir. Belə görünür ki, proseslər hazırkı ssenari üzrə inkişaf edərsə, Türkiyə qoşunları və Taliban arasında ciddi konfrontasiyanın olması ehtimalı çox yüksəkdir. 

Hərbi reallıqlar və təhlükələr
Bir sıra hərbi ekspertlər Kabil şəhərinə nəzarət olmadan Həmid Kərzai adına hava limanının təhlükəsizliyinin təmin edilməsinin mümkün olmadığı qənaətindədir. Hazırda Kabil hökumət qüvvələrinin nəzarətində olsa da, ABŞ kəşfiyyatı NATO qoşunlarının sentyabr ayında tamamilə çıxarılmasından cəmi 6 ay sonra Talibanın paytaxtı ələ keçirə biləcəyini proqnozlaşdırır. Təbii ki, Əfqanıstanda mövcud olan bir neçə yüz nəfərlik kontingentlə Talibanın qarşısını almaq və Kabilə nəzarət etmək mümkün deyil. Ona görə də, Talibanla razılaşma əldə olunmasa, Türkiyənin Əfqanıstandakı hərbi mövcudluğunu artıra biləcəyi da istisna olunmamalıdır. Hadisələrin bu yöndə inkişaf etməsi Türkiyə missiyasının xarakterini obyekt qorumaqdan areal nəzarət müstəvisinə keçirə bilər.

Şübhəsiz ki, areal nəzarətlə bağlı ən böyük təhlükə Talibanın hərbi müqavimət qabiliyyətidir. Təşkilat 27 ildir ki, aktivdir və müxtəlif növ hərbi əməliyyatlar üzrə peşəkarlaşıb. Xüsusilə puştun əhalidən çox böyük sosial dəstək səbəbilə Taliban assimmetrik mübarizə üsulundan hələ uzun müddət istifadə edə biləcək vəziyyətdədir. Təşkilat tərəfindən yayımlanan son açıqlamada Türkiyə qoşunlarının Kabildə saxlanılmasının “NATO işğalına qarşı müqavimət hərəkatının dini-ideoloji olaraq əsaslandırıldığı 2001-ci il tarixli cihad fətvası” çərçivəsində dəyərləndiriləcəyi qeyd olunub. Bu da Türkiyə ilə qaynar təmasdan çəkinilməyəcəyi barədə çox ciddi xəbərdarlıqdır. 

Gözləntilər
Türkiyənin Əfqanıstan oyununda aktiv iştirak etməklə bağlı bir sıra gözləntiləri var. İlk olaraq, Ankaranın Əfqanıstan həmləsi ilə Co Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ nəzdində xeyli azalan dəstəyini yüksəltməyə çalışdığını deyə bilərik. Türkiyə üçün ABŞ-ın dəstəyi Suriya, Liviya və Şərqi Aralıq kimi mürəkkəb proseslərdə çox mühüm əhəmiyyət kəsb edir. 

İkincisi, Əfqanıstanda iştirak Türkiyəyə son illərin əsas geosiyasi prosesi ABŞ-Çin rəqabətində müəyyən strateji əhəmiyyət qazanmağa imkan yarada bilər.

Üçüncüsü, Türkiyə dünyada hərbi effektivlik cəhətdən müsbət imic formalaşdırmağa başladığını düşünür və bu imici gücləndirmək üçün bütün proseslərdə iştirak etməkdə həvəslidir. Təbii ki, Türkiyə özünün hərbi gücünü bir daha “oyun dəyişdirən” faktor kimi göstərə bilsə, bu, Ankaranın Qərb blokundakı müttəfiqləri ilə münasibətlərinə də müsbət mənada təsir göstərəcək.  

Dördüncüsü, Əfqanıstanda alınacaq risk çox böyük olsa da, “Sovet uduzdu, ABŞ uduzdu, amma Türkiyə bacardı” narrativi ölkə üçün qlobal miqyasda çox böyük prestij yarada bilər.

Beşincisi, Türkiyə Mərkəzi Asiyanın ən strateji ölkəsində əsas aktorlardan birinə çevrilmək imkanı əldə edə bilər. 

Altıncısı, Türkiyənin böyüyən müdafiə sənayesi mühüm siyasi iştirakçıya çevrilir. Bu səbəbdən, Ankara üçün həm mövcud olan, həm də yeni istehsal olunan məhsullarının reklam edilməsi baxımından yeni cəbhələrin açılması əlverişlidir.

Üstünlüklər
Digər aktorlardan fərqli olaraq, Türkiyənin Əfqanıstanda xeyli sayda üstünlükləri var. Məlumdur ki, Türkiyə və Əfqanıstan dövləti arasında köklü tarixi əlaqələr mövcuddur. Belə ki, Əfqanıstan Türkiyənin müstəqilliyini tanıyan ilk dövlətdir. Tarixi dövlətçilik əlaqələri ilə yanaşı, həm Türkiyədə, həm də Əfqanıstanda dominant dini məktəb sünni məzhəbinin hənəfi qoludur. Ortaq dini kimlik faktoru Türkiyəyə müxtəlif qəbilələrlə əlaqələr qurmaq üçün çox geniş manevr imkanları yarada bilər. 

Taliban Əfqanıstan demək deyil, ölkənin yarısından çoxu ifrat pəştun millətçisi olan təşkilata rəğbət göstərmir. Eləcə də, nəzərə almaq lazımdır ki, Taliban heç də tamamilə təmərküzləşmiş strukturda deyil, təşkilat rəhbərliyi ilə yola getməyən xeyli sayda qəbilələr, mərkəzdənqaç qüvvələr mövcuddur. Ortaq dini kimlik Türkiyənin həmin qəbilə və qüvvələrlə münasibətlər qurmasını xeyli asanlaşdıra bilər. 

Bununla yanaşı, Ankaranın Taliban üzərində çox böyük təsir imkanları olan iki ölkə - Pakistan və Qətərlə yaxın münasibətlərinin olduğu da vurğulanmalıdır. Həmin ölkələrin vasitəçiliyi ilə Türkiyənin Talibanla müəyyən məsələlər ətrafında “dil tapa bilməsi” mümkündür. 

Digər yandan, Əfqanıstanda türk əsilli əhalinin nəzərə çarpacaq sayda olduğu da unudulmamalıdır. Əfqanıstan türklərinə əsasən özbəklər, həzərələr, türkmənlər, qırğızlar və əfşarlar (qızılbaşlar) aid edilir və statistikaya əsasən ölkədə hər dörd nəfərdən biri türk mənşəlidir. Bu da Türkiyənin dini kimliklə yanaşı, millətçi kimlikdən də geniş şəkildə faydalana bilməsinə imkan yarada bilər. Elə bu çərçivədə, son illərdə Türkiyənin Əfqanıstan özbəklərinin lideri Rəşid Dostumla münasibətlərə çox böyük önəm verməsi aşkar hiss olunur. 

Bundan əlavə, Türkiyə yumşaq gücünün Əfqanıstanda çox geniş yayıldığını da qeyd etmək lazımdır. Belə ki, Türk serialları Əfqanıstan televiziyalarında ən çox izlənilənlər sırasındadır. Xüsusilə Səlcuq-Osmanlı tarixinə aid seriallar böyük rəğbət görür ki, bu da Türkiyənin regiondakı hərbi mövcudluğunun yerli əhali tərəfindən “qəbul edilməsi”nə təkan verə biləcək faktorlar arasındadır. 

Geosiyasi konfiqurasiyalar və əngəllər
Şübhəsiz ki, Əfqanıstanı dünya siyasi gündəminin diqqət mərkəzində saxlayan əsas amil onun unikal geostrateji əhəmiyyətidir. Ölkə şimaldan Türkmənistan, Özbəkistan, Tacikistan, cənubdan Pakistan, şərqdən Çin, qərbdən isə İranla həmsərhəddir. Təbii ki, sərhəd ölkələrlə yanaşı, Rusiya və Hindistan kimi böyük güclərin də Əfqanıstanda dolayı və birbaşa maraqlarının olması da vurğulanmalıdır. Bu səbəbdən, Türkiyənin Əfqanıstanda ciddi aktora çevrilmək cəhdi regional geosiyasi konfiqurasiyada gərginliyin artmasına səbəb ola bilər.

Son illərdə Əfqanıstan ərazisi Çin-Pakistan ikilisinin Hindistanla geosiyasi mübarizə meydanına çevrilib. Pekin-İslamabad cütlüyü Əfqanıstanı Çin-Pakistan İqtisadi Dəhlizinin bir parçası halına gətirmək üçün Talibanla yaxınlaşma, Dehli isə Kabil hökuməti ilə əlaqələrini genişləndirmə, investisiyaları artırma strategiyasını yürüdür. Digər ifadə ilə desək, regionda maraqlı güclər arasında uzun müddətdir formalaşmış “geosiyasi oyun” mövcuddur, buna görə də bu kombinasiyaya yeni aktorun daxil olması tərəflər tərəfindən xoş qarşılanmayacaq.

Türkiyə ilə çox dərin və səmimi münasibətləri olan Pakistan, Əfqanıstandakı prosesin gərginləşməsindən narahatdır. Əfqanıstan-Pakistan arasında tarixi “Dürand xətti” gərginliyi səbəbilə, İslamabad Kabildəki istənilən “yeniliyi” öz milli təhlükəsizliyi və suverenliyinə təhlükə kimi görür. (Əfqanıstan “Dürand xətti” ilə ayrılan beynəlxalq sərhədləri tanımır və Pakistan ərazisinə iddia edir.) Eləcə də, Pakistan və Çin arasında asimmetrik münasibətlər mövcuddur ki, İslamabad gələcəkdəki müxtəlif situasiyalarda Türkiyə və ya Çin seçimi arasında sıxışıb qala biləcəyindən çəkinir.

Təbii ki, NATO üzvü olan Türkiyənin Çinlə sərhəd ölkədə hərbi manevrlər etməsi Pekin üçün arzuolunan bir hal deyil. Türkiyənin regiona böyük aktor kimi daxil olması Çinin yumşaq nöqtəsi olan “Uyğur məsələsi” ilə bağlı da yeni məqamların yaranmasına səbəb ola bilər. Əfqanıstanın Çinin Sintzyan-Uyğur vilayəti ilə çətin qorunan, mürəkkəb relyefli sərhədi də var. Bütün bu detallar əsasən neytral balansda olan Türkiyə-Çin münasibətlərini yeni, neqativ mərhələyə keçirə bilər. 

Aydındır ki, Hindistan da Türkiyə ilə bağlı proseslərdən məmnun deyil. Pakistanın ən yaxın müttəfiqi olan Türkiyənin regiona daxil olması Hindistana qarşı yeni əməkdaşlıq formatlarına səbəb ola bilər. Bundan əlavə, Əfqanıstanla birbaşa quru sərhədin olmaması və Pakistan ərazisindən istifadə edə bilməməsi səbəbilə Hindistan üçün Kabil hava limanı xüsusi logistik əhəmiyyət kəsb edir. Təbii ki, hava limanına Türk qoşunlarının nəzarət etməsi Dehlinin gözləntiləri ilə uyğunluq təşkil etmir.

Tarixi və mədəni amillər fonunda Türkiyənin Mərkəzi Asiya regionunda fəallaşması Rusiyanı da narahat edir. Bu çərçivədə, ötən ildən bəri müzakirə edilən “Zəngəzur Dəhlizi” və ardınca Türkiyənin Əfqanıstanda kritik aktora çevrilməsi Rusiyanın hakim elitasının müəyyən çevrələrində Ankaranın “turançılıq” strategiyasını tətbiq etmə istəyi kimi qəbul edilir. Lakin digər tərəfdən, Talibanın Əfqanıstanı tamamilə ələ keçirməsi KTMT-in daha zəif olduğu Mərkəzi Asiya cinahında təşkilata üzv ölkələri də əhatə edən yeni bir qaynar münaqişənin baş verməsinə səbəb ola bilər. Ona görə də, Rusiya həm Tacikistan, həm də Özbəkistanla müsbət münasibətləri olan Türkiyənin Əfqanıstanda stabilləşdirici rol oynamasına etiraz etməyəcəyini iddia etmək mümkündür. Moskva və Ankara arasında Suriya, Liviya və Qarabağ münaqişələrində formalaşmış birbaşa əlaqə kanallarının mövcudluğu hazırkı Rusiya rəhbərliyinin Türkiyəni adekvat aktor kimi qəbul etdiyini göstərir. Bu səbəbdən, Türkiyənin Əfqanıstanda aktiv iştirakı ilə bağlı Rusiyanın maraqlarının birmənalı olmadığını deyə bilərik.   

Türkiyənin Əfqanıstanda möhkəmlənməsindən ən çox narahatlıq keçirən ölkələrdən biri də heç şübhəsiz ki, İrandır. Son illərdə aşkar şəkildə hiss edilən İran və Türkiyə arasındakı “soyuq müharibə” Suriyada birbaşa toqquşma, İraq və Qarabağda isə fərqli cəbhələrin dəstəklənməsi formasında özünü büruzə verdi. Hər nə qədər kəskin məzhəbsəl ayrılıqları olsa da, Tehranın Talibanla uzunmüddətli əlaqələri mövcuddur və Əfqanıstandakı proseslərin təkamülü ilə bağlı gözləntiləri tam fərqli idi. Belə bir vəziyyətdə şərq sərhədlərində Türkiyənin güclü aktor kimi ortaya çıxması İran üçün gözlənilməz sürpriz hesab edilə bilər. İranı narahat edən əsas məqam Əfqanıstanda Türkiyənin həm məzhəbsəl, həm də millətçi manevr imkanlarının olmasıdır.  

Müxtəlif məlumatlara görə, İrandakı əfqan qaçqınların sayı 4 milyonu ötür. İranın şiə faktorundan istifadə edərək əsasən əfqan həzərələrdən təşkil etdiyi “Fatimiyyun Briqadası” da mövcuddur. Suriyada effektiv olan həmin briqadanın Əfqanıstanda ortaya çıxa biləcək yeni vakumda da istifadə edilməsi mümkündür. Nəzərə almaq lazımdır ki, Tehranın proksi müharibə metodunda xeyli təcrübəsi və uğurları var. Belə olan halda, Türkiyənin Əfqanıstandakı planlarına İranın tamaşaçı qalmayacağını iddia etmək olar.

Türkiyənin yeni regionda aktivləşməsi Körfəz gücləri - Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini də narahat etməyə bilməz. Hər iki ölkənin Türkiyə ilə intensiv regional mübarizədə olması səbəbilə Ankaranın istənilən yeni ambissiyası Ər-Riyad və Əbu-Dabi tərəfindən mənfi qarşılanacaq. 

Digər əngəllər
Məlumdur ki, Türkiyənin Liviya və Suriya münaqişəsində hələ də aktiv cəbhələri mövcuddur və həmin münaqişələr həll prosesindən hələ də uzaq görünür. Ölkə iqtisadiyyatındakı çətinliklərin dərinləşməsi fonunda Türkiyənin yeni cəbhəyə girişməsi çox böyük risklər vəd edir. Təsadüfi deyil ki, Ankara həmin riskləri minimuma endirmək üçün ABŞ-dan Əfqanıstandakı missiyaya maddi və lojistik dəstək verilməsini istəyir. 

Digər tərəfdən Türkiyə Əfqanıstandakı hərbi missiyasını Pakistan və Macarıstanla birlikdə yerinə yetirmək barədə istəyini də dilə gətirib. Əfqanıstan ictimaiyyətində çox mənfi reputasiyası olan Pakistanla hərbi əməkdaşlıq Türkiyənin ölkədəki nüfuzuna xələl gətirə bilər. Bu da Türkiyənin hərbi missiyyasına Talibanla yanaşı Əfqan hökumətinin də mənfi münasibət göstərməsinə gətirib çıxara bilər. 

Nəticə yerinə
“İmperatorluqlar məzarlığı”, “bataqlıq” kimi ləqəblərlə məşhur olan və çox mürəkkəb sosial strukturu ilə seçilən Əfqanıstan barədə dəqiq mülahizələr yürütmək həqiqətən çox çətindir. Nəzərə almaq lazımdır ki, yeni formalaşacaq situasiya hər bir regional oyunçu üçün “qapalı qutu”dur və bu qutunun içindən nə çıxacağını heç kim bilmir. Belə bir vəziyyətdə Türkiyənin Əfqanıstan prosesinə “oyun qurucu” kimi daxil olmaq istəyi çox böyük risklər ehtiva edir. Bir çoxları Vaşinqtonun öz missiyasını Ankaraya təhvil verməsini “ABŞ-ın mili çəkilmiş qumbaranı Türkiyənin üzərinə atması” sözləri ilə də təsvir edir. Ancaq yuxarıda qeyd olunduğu kimi Əfqanıstan oyununda risklər kimi “mükafatlar” da çox böyükdür.