Şimali Kipr: Həllsizliyin uzanması, yoxsa yeni dövr

Şimali Kipr: Həllsizliyin uzanması, yoxsa yeni dövr

Şərqi Aralıq dənizi adası olan Kipr təxminən qırx ildir ki bölünmüşdür və de-fakto iki dövlətə ev sahibliyi edir. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə xaricində ayrı bir dövlət tərəfindən beynəlxalq səviyyədə tanınmamasına baxmayaraq bu adada həqiqətdə  iki hökumət də fəaliyyət göstərir və onlar adanın iki icmasını təmsil edirlər . Bu illər ərzində hər iki tərəf danışıqlar prosesini aparmağa çalışsa da, mübahisə bu günə qədər həll olunmamış qalır. Şimali Kipr Türk Cümhuriyyətindəki son seçkilərin nəticəsinin münaqişənin donmuş vəziyyətini dəyişdirəcəyi və otuz yeddi ildən sonra mübahisəni həll edəcəyi gözlənilir.

Mübahisədə əsas amil münaqişənin həll yoluna tərəflərin fərqli yanaşmalarıdır. Kipr türkləri daha çox adanın birləşməsi və hər iki toplumun birlikdə yaşamasını təklif edən federal həll yolunu dəstəklədilər, yunanların əksəriyyəti isə adanın şimal hissəsi ilə birləşmək istəmirlər. Tarixi düşmənçilik hələ də qalır və adanın birləşmə ehtimalı getdikcə daha çox tükənir. İctimaiyyətin bu kimi fərqli fikirləri birbaşa siyasi sferada baş tutan danışıqlar prosesinə əks olunur. Son illərdə Şərqi Aralıq dənizində dəniz sərhədləri və qaz yataqlarını qazma işləri ilə əlaqədar vəziyyət kəskinləşərək Kipr adasına birbaşa təsir etdiyi üçün qarşıdurma daha da kəskinləşdi. Hər şey 1970-ci illərdə cəmiyyətlərarası bir məsələ kimi başlamışdı, lakin bu gün adadakı mübahisənin təbiəti dəyişmişdir və bu artıq yalnız etnik bir münaqişə olmaqdan çıxmışdır.

 

Seçki öncəsi vəziyyət 

Ümumiyyətlə, şimaldakı ada sakinləri hökumətdən gözlədikləri idarəetməyə görə iki qrupa bölünürlər. Birinci qrupdan olan insanlar federasiyanı dəstəkləyir və Kipr rumlarıyla bir çətir altında  yaşamağı bütün ada sakinləri üçün ən yaxşı seçim hesab edirlər. Bu insanlar düşünürlər ki, ayrı bir dövlətə ehtiyac yoxdur və öz suverenliklərini cənubdakılar ilə bölüşməyə hazırdırlar. Digər tərəfdən isə ikinci qrup iki dövlətli həll variantını optimal bir variant hesab edir və danışıqların Kipr məsləsini həll edəcəyinə inanmır. Mübahisənin həll yolu Kipr türklərinin suveren bir dövlət kimi beynəlxalq səviyyədə tanınmasında, cənubdakı sakinlər kimi bərabər siyasi hüquqlar əldə edə bilməsindədir. Bu, konstitusiyada dəyişiklik ilə həll edilə bilərdi.

Keçmiş prezident Mustafa Akıncının siyasəti cənubdakılar ilə danışıqlar aparmaq və adanın birləşməsi üçün mübahisəni həll etmək idi. Əslində federal həll əvvəlki illərdə Kipr rum icması və hökuməti tərəfindən birmənalı qarşılanmamışdı. 2004-cü ildə o vaxtkı BMT baş katibi tərəfindən təklif olunan Annan birləşmə planı Kipr rumları tərəfindən qəbul edilməmişdi. Daha sonra 2017-ci ildə Kipr probleminə və adanın yenidən birləşməsinə dair danışıqlar da fikir ayrılığı ilə nəticələnmişdi. Hökumətin illərdir davam edən federasiya qurma siyasəti mübahisənin həllini əslində təxirə salırdı. Şərqi Aralıq dənizindəki qaz yataqları ilə bağlı mübahisə də Cənub hökumətinin təbii ehtiyatlarını Şimal ilə bölünməsini qəbul etmədiyi üçün münaqişənin həll olunmasına əngəl törətmişdir.

 

Seçkilər

Şimali Kiprdə seçkilər aprel ayında keçirilməli idi, lakin pandemiyanın baş verməsi ilə əlaqədar olaraq oktyabr ayına qədər təxirə salındı. Prezident olmaq üçün iştirak edən 11 namizəd arasından iki şəxs fərqlənirdi: 2015-2020-ci illər arasında prezident olmuş və müstəqil namizəd olaraq iştirak edən Mustafa Akıncı və federasiya sisteminə qarşı olan Birlik Partiyasının namizədi, Türk sağ qanad milliyyətçisi Ersin Tatar. 11 oktyabrda keçirilən ilk turda Akıncı və Tatar müvafiq olaraq 29% və 32% səs topladılar. Heç bir namizəd səs çoxluğunu ala bilmədiyi üçün ikinci tura keçmək üçün zərurət yarandı və 18 oktyabrda Akıncı 48% səs toplayarkən,  Tatar 52% səs toplayaraq qalib gəldi.

Keçmiş prezidentə dəstək verənlər və ona səs verənlər həll yolunu federasiya və status-kvonun dəyişdirilməsi kimi qiymətləndirirlər. Onlar Türkiyədən asılılığı minimuma endirmək istəyirlər. Digər tərəfdən isə Tatar tərfdarları onu ada üçün yeni bir ümid kimi gördülər. Ersin Tatar onu dəstəkləyənlərin inamını doğruldaraq qalib gəldi və növbəti bir neçə il üçün adanın gündəminin dəyişməsinə səbəb oldu.

 

Seçkilərdən sonra

Tatarın qələbəsi Şimali Kipr üçün yeni bir siyasi yolun başlanğıcıdır. Şimali Kipr hökuməti beynəlxalq səviyyədə tanınmadığından prezidentin rolu Kipr türk icmasının rəhbərliyindən daha çox əhəmiyyət kəsb etmir. Məhdud xarici tanınma olduğu halda Şimali Kipr xarici siyasəti yeni rəhbərlik altında daha təsirli hala gətirilməlidir. Bu dəyişiklik seçkilərə qədər 6 oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Tatarın Ankaraya gələrkən və Kipr münaqişəsi başladığı gündən bəri xalq üçün qapalı olan Varoşa qəsəbəsinin qismən açılmasını bəyan elədiyi zaman başlamışdı. Səfərin ilkin səbəbi "Şimali Kipr su layihəsi" ilə əlaqəli idi və hər hansı bir siyasi çıxış Ali Seçki Şurası tərəfindən qadağan edilmişdi, lakin Tatar bu elanı edərək bu qaydanı pozdu. Bu hərəkət həm Şimali Kipr hökuməti, həm Avropa Birliyi, həm də Birləşmiş Millətlər tərəfindən qınağa səbəb oldu. Aksiya seçkiqabağı proses çərçivəsində sensasiya doğurmalı, danışıqlarda itirilmiş illərin yorğunluğunu və mübahisənin finalı qarşısında süjet xəttini nümayiş etdirməli idi. Varoşa məsələsi Şimali Kipr üçün AB ilə danışıqlarda istifadə etmək üçün vacib idi, amma açılış status-kvonu dəyişdirdi. İqtidar koalisiyası məsələyə qarşı çıxdığına görə bu hadisədən sonra şimaldakı hökumət dağıldı.

Digər tərəfdən Akıncıya verilən səslər əhəmiyyət kəsb edəcək qədər çox idi. Tərəfdarları Kipr türklərinin siyasi bərabərliyini və hüquqlarını qoruyan iki zonalı və iki icmalı dövlətdən ibarət bir quruluş istəyirlər. Belə ki, seçkilərin nəticələri federal həll tərəfdarları üçün xəyal qırıqlığı oldu. Bununla birlikdə yeni prezident Türkiyənin köməyi ilə iki dövlətli bir həll tətbiq edəcəyinə dair vədlər verir. Şimali Kipr Türk Cümhuriyyəti əsası qoyulduğu vaxtdan etibarən, həm siyasi, həm də iqtisadi baxımdan Türkiyədən asılı olmuşdur. Adanın şimal hissəsində iki əsas qrup var: Türk milliyətçiləri və kiprli şəxsiyyətlərini qəbul edən Kipr türk milliyətçiləri. İki ölkə tərəfdarlarına görə, Akıncı hakimiyyətdə olduğu müddətdə gücündən və hüquqlarından tam istifadə etməyib. Kipr yunanlarının lideri Nikos Anastasiadis Akıncı ilə dialoq aparmaq istəməsinə baxmayaraq onunla Kipr məsələsinin həlli üçün əməkdaşlıq etməmişdi. Kipr probleminin həlli üçün federasiya həll yolunu dəstəkləyənlər həll və danışıqlardan qaçmağa çalışmışdılar. Adadakı mövcud vəziyyətdə isə buna çox tələb yoxdur. Kipr yunanlarının əksəriyyəti Kipr türklərilə bir şey paylaşmaq üçün kifayət qədər səbəb görmürlər. Güman etmək olar ki, bu, federasiya fikrinə qarşı çıxan Tatarın xalq arasında çəkisini daha da artıracaq.

Türkiyənin federasiya seçimini müzakirə edib-etməyəcəyi ilə əlaqədar olaraq mübahisələr gedərkən Ərdoğan Tatarla ortaq mətbuat konfransında ada üçün son həll yolu olaraq iki dövlət variantını təsdiqlədi. İki dövlətli həll yolu suverenlik prinsipinə əsaslanır və hökumətə Türkiyəyə yaxınlaşma imkanı yaradır.

Ortada Türkiyənin və Avropa İttifaqının seçkilərə müdaxilə cəhdləri ilə bağlı bəzi mübahisəli məqamlar var. Müdaxilə etməkdə Türkiyəni günahlandıranlar, xüsusən də Xalq Partiyası Məclisi iddialarını Varoşanın yenidən açılması ilə əsaslandırır, bunu Tatarın koalisiya tərəfdaşlarına məhəl qoymaraq etdikləri təxribat xarakterli bir addım kimi qiymətləndirirlər və bunu qələbəni təmin etmək üçün istifadə etdiyini iddia edirlər. Varoşanın danışıqlar prosesi zamanı Cənubi və Şimali Kipr hökumətləri arasında dialoqun davam etdirilməsində əhəmiyyətini nəzərə alaraq bölgənin qismən yenidən açılması şimalın prinsip etibari ilə yeni xarici siyasətinin əksidir. Digər tərəfdən xarici aktyorların da seçkini manipulyasiya etmə cəhdləri olduğu bildirilir. Məsələn, ABŞ seçkilər ərəfəsində Kipr Respublikası üzərindəki silah embarqosunu qismən ləğv etdi. Bu embarqo adadakı birliyi təmin etmək üçün 33 il əvvəl tətbiq edilmişdi və dayandırılması Amerikanın Şərqi Aralıq dənizindəki enerji mübahisələrinə dair mövqeyinə işarədir. Türkiyə ABŞ-ı buna görə qınadı və ləğv qərarının verilməsindən çox keçməmiş Varoşanın yenidən açılması da bu hərəkətə qarşı bir addım kimi qəbul edildi. Bunun xaricində Aİ Şimal Kiprinə seçki dövründə sivil təşkilatlar üçün yardım təklif etmişdir.

 

Şimalın gələcəyi: Uzun sürən siyasi həllsizlik sonra çatır?

Adanın gələcəyi ilə bağlı iki əsas təyinedici məsələ var: Şimali Kipr Türk Cümhuriyyətinin yeni hökuməti və Şərqi Aralıq dənizi məsələsi. Yeni dövrdə Kipr türklərinin ayrı bir dövlət olaraq suverenliyini qoruyacağı gözlənilir ki, bu da yeni rəhbərlik üçün qarşıdaki ilkin məsələ olacaqdır. Bu yeni yanaşma və Kipr məsələsi ilə əlaqədar növbəti qərarlar həll üçün vacibdir və Kipr türkləri yeni liderləri ilə gələcəyə yeni ümid bəsləyirlər. Onlar beynəlxalq tanınma, bərabər siyasi hüquqlar, ticarətə tətbiq olunan embarqonun ləğvini, nəqliyyat və s. tələb edirlər. Yaxın gələcək uzun sürən siyasi dalanın vəziyyətinin inkişaf edib status-kvonu dəyişərək Şimali Kiprin beynəlxalq səviyyədə tanınan bir dövlət olmasına gətirəcəyini və ya əvvəlki kimi mövcudluğunu davam etdirəcəyini göstərəcəkdir.

Kipr yunanları da öz növbələrində mövcud vəziyyətdən razıdırlar və birləşmək üçün heç bir fikir dilə gətirmirlər. Proseslər davam edərkən üçüncü qarant İngiltərə adadakı son məsələlər barədə susmağı seçdi. Zəmanətçi ölkənin laqeydliyi, bu çərçivədə, illərdir davam edən danışıqların səmərəsiz olduğunun və mübahisənin sona çatması üçün iki dövlətli sistemin qəbul edilməsi deməkdir.

Yeni hökumətin Şərqi Aralıq dənizi problemi ilə bağlı siyasəti bölgədəki vəziyyəti dəyişdirə bilər. İndiyə qədər Kipr Yunan rəhbərliyi Kipr türklərinin təbii resurslar üzərindəki hüquqlarını gözardı edən birtərəfli karbohidrogen qazma fəaliyyətlərini davam etdirmişdir. Türkiyə bölgədəki əsas güclərdən biri və Şimali Kiprin zamin ölkəsi olaraq özünün və Şimali Kiprin dəniz üzərindəki hüquqlarını tələb edir və birtərəfli araşdırma fəaliyyətlərini qınayır. Şimali Kipr Türkiyənin Şərqi Aralıq dənizi bölgəsindəki gələcəyi üçün əhəmiyyətlidir və bu, Türkiyənin həm özünün, həm də tanınmamış respublikanın bərabər bölünmüş payını müdafiə etməsinin səbəbidir. Türkiyə ilə Kipr türkləri arasında enerji məsələsindəki əməkdaşlıq həm Kipr, həm də Şərqi Aralıq dənizi problemlərinin gələcəyi üçün həlledici amil olacaqdır.

Birləşmiş Millətlər Təşkilatının beş tərəfli görüş üçün çağırışları həm Şimali, həm də Cənubi Kipr liderləri tərəfindən qəbul edildi. Bu təklif növbəti görüş zamanı masaya müzakirə üçün qoyulsa, mümkün kritik dəyişiklik üçün əhəmiyyətli ola bilər və uzun sürən siyasi dalana son qoyaraq ağrılı danışıq prosesinin sona çatması ilə nəticələnə bilər.