Bağla

TƏHLİL

Putinin plebisiti: növbəti bir qələbə, yoxsa problemlərin siqnalı?

30-06-2020, 03:48   1233
Putinin plebisiti: növbəti bir qələbə, yoxsa problemlərin siqnalı?

Foto: Rusiya ərazisi boyunca qoyulmuş reklam löhvələri Vladimir Putinin təşəbbüsü ilə təşkil olunan konstitusiya referendumunu təbliğ edir. Kirill Zıkov / "Moskva" Xəbər Agentliyi

İyulun 1-də Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı "xalq səsverməsi" bitəcək. Bu ilin yanvar və mart aylarında iki fərqli "paketdə" təklif edilən bu düzəlişlər Rusiya cəmiyyətində yüksək səviyədə qütbləşmiş reaksiya səbəb oldu, çünki onların əsas mahiyyəti Prezident Vladimir Putinə 2024-cü ildən sonra daha iki müddətə seçilmək hüququnun verilməsidir. "Tereşkova düzəlişləri" adı verilmiş bu düzəliş əslində dəyişikliyə məruz qalacaq konstitusiya müddəalarından birinin şərhidir: əvvəlcə SSRİ Ali Sovetində, daha sonra Rusiya Dumasında uzun müddət deputatlıq edən dünyanın ilk qadın kosmonavtının hüquqi cəhətdən təzadlı və qeyri-populyar olmayan belə bir düzəliş təklif etməsi, 2010-cu illərin sonlarından başlayaraq ölkədə artan absurdluğu simvolizə edir. Bu dramatik U-dönüşünü təsvir etmək üçün istifadə olunan, əvvəlki prezidentlik müddətlərinin "sıfırlanması" (və ya rus dilində "obnuleniye") və birinci müddətin hipotetik olaraq 2024-cü ildən başlayacağı bu qaranlıq təəssüratı sadəcə gücləndirdi. 

Digər düzəlişlərin ana fikri Moskvanın vaxtilə baş ideoloqu olan Surkov tərəfindən tərtib edilmiş və indiyədək rus elitaları tərəfindən geniş istifadə olunan "suveren demokratiya" doktrinasına uyğundur. Məsələn, bu düzəlişlərin daxilində Rusiya qanunlarının beynəlxalq qanunlardan üstünlüyünü təsdiq edən və beynəlxalq məhkəmələrin qərarlarının Rusiya Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməsini tələb edən bəndlər mövcuddur. Rus dilinin statusu və "çoxmillətli Rusiyanın dövlət qurucuları" kimi aydın olmayan istinadlar, evlilik anlayışını kişi ilə qadın arasındakı birlik kimi (homoseksual nikahların qanuniləşdirilməsi imkanını xaric etmək üçün) məhdudlaşdıran xüsusi müddəa, habelə dövlətin əsas funksiyaları kimi iqtisadi inkişaf və rifahın təmin edilməsi barədə bəzi populist vədlərə də bu düzəlişlər içində rast gəlinir. Digər tərəfdən, düzəlişlərə həm Prezidentin, həm də qanunverici orqanın bəzi səlahiyyətlərini dəyişdirən bir sıra "texniki" dəyişikliklər daxildir. Son illərdə Rusiya siyasətinin güclü fərdiləşməsini nəzərə alsaq, bu dəyişikliklərə ciddi bir siyasi qiymət verilə bilməz: Baş Nazir və bütün federal nazirlərin təsdiq edilməsi səlahiyyətinin Dövlət Dumasına verilməsinin onun de-fakto siyasi çəkisini artıracağına zəmanət yoxdur. 

“Sıfırlanma layihəsi” əvvəldən nə qədər mübahisəli və bölücü görünsə də, sonrakı hadisələr bütün kampaniyanı daha da gülünc vəziyyətə gətirdi. Koronavirusun Rusiya boyunca sürətlə yayılması fonunda Moskvanın gecikmiş bir qərarla martın sonlarında karantin rejimi tətbiq etməsi, sözsüz ki, seçki təşviqatı və səsvermə də daxil olmaqla hər cür kütləvi toplantı keçirilməsini istisna edirdi. Rusiya rəsmilərinin epidemioloji vəziyyətlə əlaqədar optimist tonuna baxmayaraq, vəziyyət olduqca sərtdir və rəsmi olaraq bildirilən ölüm nisbətinin (1,3%; Avropanın ən pis təsirlənmiş ölkələrində isə bu rəqəm 10% və ya daha yüksəkdir) etibarlılığı mütəmadi olaraq sorğulanır. Eyni zamanda, siyasi sədaqət qarşılığında sosial-iqtisadi təhlükəsizliyi təmin edən "xalq qəyyumu" obrazının əksinə olaraq, Putin qeyri-adi şəkildə passiv görünürdü. Əslində, pandemiya dövründə dövlət siyasəti qəflətən regional idarəçilərin çiyinlərinə atıldı, Prezident isə həm hökumət, həm də xalqla əlaqələrini minimuma endirdi. Ən əsası, karantinin mənfi iqtisadi təsirlərinin öhdəsindən gəlmək üçün vətəndaşlara və biznesə kömək edərkən Rusiya hökumətinin təəccüblü dərəcədə xəsisliyi göründü. İlkin iqtisadi dəstək paketi ÜDM-in 0,3%-nə bərabərdi (baxmayaraq ki, iyun ayına qədər dəstək tədbirlərinin ümumi həcmi ÜDM-in 3-4% -ni təşkil etdi). Bununla belə, bu büdcə təkcə zəngin ölkələrin deyil, həmdə bəzi MDB ölkələrinin dəstək tədbirlərindən geridə qaldı. Karantindən sonra gəlirlərini itirən milyonlarla insana lazımi kömək göstərilməməsi, ənənəvi olaraq hökumətə sadiq elektorat arasında böyük narazılıq yaratdı və Putinin populyarlığının ən aşağı səviyyəsinə qədər enməsinə səbəb oldu. Levada Mərkəzi Putinin reytinqini 55-56% səviyyəsində qiymətləndirsə də (müqayisə üçün bu rəqəm 2014-cü ildə Krımın ilhaqından dərhal sonra 89%-ə qalxmışdı), müstəqil rəy araşdırma mərkəzləri prezidentin mövcud siyasətinin birmənalı olaraq "müsbət" qiymətləndirilməsinin 20%-dən aşağı düşdüyünü iddia edirlər. Pandemiya yavaşladığına görə, hökumət tələsik şəkildə əksər məhdudiyyətləri qaldırdı və referendumun vaxtı 1 iyul olaraq təsdiqləndi. Böyük Vətən Müharibəsində qələbənin rus xalqı üçün milli və emosional kimliyin mərkəzi elementi kimi qaldığı üçün camaatın böyük qismi arasında ruh yüksəkliyi yaratmaq məqsədilə Putin də, ənənəvi 9 may Qələbə Paradının 24 iyunda keçirilməsində təkid etdi. Hökumət son həftələrdə həyatın normal axara düşdüyünü və işlərin adi qaydada getdiyi şəklini yaratmaq üçün nə qədər səy göstərsə də, son aylar Putinin Rusiyasının və onun legitimliyinin təməllərindəki dərin çatları açıq-aşkar göstərdi.

 

Danimarka dövlətində nələrsə çürüyüb...

Konstitusiyaya dəyişiklik qərarı, habelə Rusiya hökumətinin bu ilin əvvəlindən atdığı bir sıra addımlar 2014-cü ildən bəri Rusiya siyasi institutlarının nəhəng deqradasiyasının göstəricisidir. Beynəlxalq hüquq baxımından tamamilə qanunsuz olan (və əslində, Rusiya konstitusiya qanununun özü ilə də uyğun olmayan) suveren Ukraynanın bir hissəsinin ilhaq edilməsi ilə Putinin şəxsi populyarlığının müvəqqəti təminatçısı olan Krım məsələsi, institutlaşmış Rusiya dövlətinin deqradasiyasını qaçılmaz edən tarixi dönüş nöqtəsi idi. Krım, Sovet dövlətininin ən parlaq dövrünü səciyyələndirən və siyasi marağın hüquqa qalib gəldiyini müjdələyən hadisəyə çevrildi. Bununla belə, bu hadisə siyasi azadlıqlar bahasına siyasi sabitliyin və iqtisadi rifahın təmin edilməsini məqsədləyən "inkişaf etmiş Putinçilik” modelinin quruluşundakı sınma ilə nəticələndi. Sonrakı illər məşhur müxalifətçi Boris Nemtsovun, sözün həqiqi mənasında Kremlin divarları yanında vəhşicəsinə öldürülməsi, Qərbə artan düşmənçilik, iqtisadi artımı sıfıra yaxınlaşdıran və rifah səviyyəsinin aşağı düşməsinə səbəb olan sanksiya rejimi Moskva və Rusiyanın yerdə qalan hissəsi arasındakı boşluğu genişlənməsi, siyasi repressiyaların intensivləşməsi və müxalifət fəalları ilə əlaqəli qanuni prosedurların geniş şəkildə pozulması və s. kimi hadisələr ilə səciyyələndi. Bu illərin ən narahatedici nəticəsi Putinin hər biri öz gündəliyinə və bir-birinə zidd maraqlara malik bir neçə siyasi qrupu elitanın monolit birliyinə çevirməyi bacarmaması və ya istəməməsi idi. “Rosneft” prezidenti İqor Seçinin təşkil etdiyi planla İqtisadiyyat naziri Aleksey Ulyukevin həbsi və mühakiməsi, yəqin ki, elita daxili bu mübarizənin ən bariz nümunəsi idi.

Nə qədər paradoksal səslənsə də, Putinin "şaquli hakimiyyət" modelinin altındakı saatlı bomba onun özünün siyasiləşməsi oldu. 2014-cü ildən əvvəlki Rusiyada Putin müəyyən dərəcədə siyasətdən üstün - müxtəlif maraqları tarazlayan, daima orta xətti seçən və yenidən güclənmiş Rusiya dövlətinin simvolu olaraq mübahisəsiz dəstək qazanan şəxsdi. Ancaq bu imicin qurulması Putinin bütün siyasi qüvvələri qorxu altında saxlaması və "oyun qaydaları"na riayət etməyə məcbur etməsi üçün kifayət qədər güc sahibi olduğundan mümkün idi. Bunun əksinə, 2014-cü ildən sonra Putin yavaş-yavaş bu qabiliyyətini itirdi və Rusiyada idarəçilik uzunmüddətli strateji mülahizələrə və institusional ardıcıllığa əsaslanmaqla deyil, müvəqqəti həlləri nəzərdə tutan əllə idarəetmə xüsusiyyətlərini getdikcə daha da artırdı. Krımın ilhaqı Rusiyanın sanksiyalar altında qoydu, “Böyük səkkizlik” üzvlüyündən məhrum etdi, az qala paria-dövlətiə çevirdi və Putinin özünü Rusiyadakı iqtidar düşərgəsinin mühafizəkar və anti-Qərb qanadı olan "vətənpərvərlər"in qucağına atdı. Bəs hər zaman zirvədə öz bənzərsiz mövqeyini qorumaq üçün tam olaraq belə siyasətdən çəkinən Putini bu addımı atmağa nə vadar etdi? Çox güman ki, Krımın əksəriyyət, hətta şovinist mövqeli olmayan ruslar üçün xüsusi simvolik statusu və Rusiya cəmiyyəti üçün yaratdığı müvəqqəti birləşmə təsiri, Putinə sabitləşdirici liderdən çox, vətənpərvər rəhbər kimi daha təsirli və populyar ola biləcəyi barədə yanlış təəssürat yaratdı. Uzunmüddətli perspektivdə qurduğu sistemin sabitliyini pozmaqla yanaşı, aşağı neft qiymətləri və iqtisadi yavaşlamanın olduğu bir dövrdə o, populyar gözləntilərin həddini artırdı. Putinin Suriya və Liviyadakı kampaniyaları da şəxsi ambisiyasının təmin edilməsi fonunda "fövqəldövlətçilik" oyunlarının daxildə populyarlığa səbəb olmayacağını açıq şəkildə bəyan etdi; çünki sözügedən müdaxilələr Krım blitzkriqi ilə müqayisədə daha az coşğuya səbəb oldu. 

Eyni zamanda, siyasi gündəmin dəyişməsi və "Putinin çoxluğu" adlanan seqmentin (əhalinin prezidentə müsbət yanaşan 75-80%-i) eroziyası Kremli ictimai imicini daha da pisləşdirən bir sıra kadr dəyişikliklərinə məcbur etdi. Moskvanın qlobal gündəliyi dəyişdirmək və 2006-2016-cı illərdə Qərbin hökmranlığını və birqütblülük ilə mübarizə aparmaq üçün təklif etdiyi nisbətən uğurlu alternativ diskurs 1999-cu ildən Prezident Administrasiyasında fərqli vəzifələr tutmuş Vladislav Surkovun ətrafında təmərküzləşmiş tək-tük istedadlı ideoloqların nəticəsi idi. O, informasiya müharibəsi anlayışını Rusiyanın qlobal gücünü artırmaq və Qərb liberal nizamını pozmaq üçün istifadə edə biləcəyi mükəmməl bir alət kimi ortaya qoydu və bir sıra səmərəli təbliğat vasitələrinin, ilk növbədə Rusiyanın “CNN” və ya “BBC”-yə cavabı olan “Russia Today” qlobal şəbəkəsinin yaradılmasının arxasında durdu. Onun mesajının mərkəzində Moskvanın Amerikanın yerinə qlobal polis olmaq iddiası yox, əksinə bütün səslərin eşidiləcəyi çoxqütblü bir dünya nizamının yaradılması dururdu. Onun həm də 2014-cü ildə "Novorossiya" romantik millətçiliyi anlayışından istifadə edərək və bir müddət həm Rusiyadan, həm də xaricdən çox sayda "passionari" cəlb edərək Rusiyanın Ukraynaya qarşı hibrid müharibəsinin baş ideoloqu olduğu güman edilir. Lakin, ilkin entuziazmın azalması, Donetsk və Luqanskdakı separatçı "respublikaların" qanunsuzluq və cinayətkarlıq ocaqları kimi tanınması ilə, bu, Moskvanın Kiyevdəki qərbyönümlü hökumətə qarşı sinik oyununun bir vasitəsinə çevrildi. Separatçıların ilkin rəhbərliyinin de-fakto ləğvi və onların Moskvanın kuklaları ilə əvəzlənməsi bu layihənin tamamilə uğursuzluğunu təsdiqlədi. Beləliklə, Surkovun Rusiya siyasətinə təsiri azalmağa başladı və nəhayət bu ilin fevralında Prezidentin müşaviri vəzifəsindən azad edildi. İdeoloji boşluq, "ənənəvi dəyərlər" adlanan qeyri-müəyyən banallıqlar ətrafında cəmləşdirilmiş mühafizəkarlıqla dolduruldu. Daha doğrusu, mühafizəkarlığın bu versiyası Rusiya imperiyasının qızıl dövrü ilə bağlı nostalgiya, Pravoslav kilsəsinə (əslində rusların təxminən 20%-i kilsə ardıcıllarıdır) olan böyük maddi və ideoloji dəstək və İkinci Dünya müharibəsində qələbə mifindən ibarət qarışıqdır.

İndiki Rusiyada ən çox arzuolanan kadrlar, səsini çıxarmaq və öz qərarlarını qəbul etməyə həvəssiz simasız texnokratlardır. Bu vəziyyət keçən ilki təqaüd islahatı kimi Putin və seçiciləri arasında yazılmamış sosial müqavilənin açıq şəkildə pozulması olan qeyri-populyar siyasətin həyata keçirilməsini asanlaşdırsa da, rejimi elastiklik və yaradıcı həllər vermək bacarığından məhrum etdi. Ən narahatedici məqam ondan ibarətdir ki, ultra-loyalizm və mühafizəkarlığa əsaslanan modelə doğru bu məqsədyönlü dəyişiklik əvvəllər Kremlin “liberallar” və “sol vətənpərvərlər” kimi seqmentlərindən biri olmuş, lakin son zamanlar təsir gücü həddindən artıq artmış “siloviklər” (Təhlükəsizlik xidməti, Silahlı Qüvvələr, Milli qvardiya kimi güc strukturları) adlanan qrupun ambisiyalarının artmasıdır. 

Putinin populyarlığının artmasına səbəb olmuş İkinci Çeçen kampaniyasının başlanmasında rola malik, sərt xətt tərəfdarı Nikolay Patruşev bir neçə gün əvvəl müsahibə verərək, kifayət qədər isterik tonda Qərbi “Rusiyada sabitliyi pozmaqda” ittiham edərək, bütün qeyri-hökumət sektorunu bu konspirasiyada günahkar adlandırmışdır. Patruşev, Şoyqu və ya Zolotov kimi fiqurların yüksələn rolu prezidentin öz “yumşaq gücünə” və sosial konsensus əldə etmək qabiliyyətinə güvənməməsinin əlamətidir. “Siloviklər”in hüquqa prinsipsiz münasibəti dövlət aktlarının artan özbaşınalığında öz əksini tapır: əksər hallarda hakimiyyət artıq hüquqi formallıqlara riayət etməklə özünü yormur. Konstitusiyaya düzəlişlərin edilməsi və şəxsən Putinin təşkil etdiyi “plebisit” Rusiyanın Konstitusiya hüququnda statusu olmayan hüquqi bir uydurmadır və bu tendensiyanı göstərir. Konstitusiya Məhkəməsi hüquqi rəyində, prosesi əsaslandırmaq üçün əlindən gələni edərək, qanundan kənar terminlərə əl atmalı oldu, düzəlişləri və səsvermənin özünü müsbət qanunvericilik normaları ilə əsaslandıra bilmədi. Lakin dövlət daha formal məhdudiyyətlər ilə özünü bağlamaq istəmir.

 

Daxildə dalan vəziyyəti

Məşhur kinorejissor Kirill Serebrennikov və ya bir çox digər az tanınmış, lakin eyni dərəcədə təsadüfi qurbanlar kimi hətta siyasi neytral xadimlər də daxil olmaqla, real və xəyali "daxili düşmənlər” və dissidentlərə daim artan hücumlar (bəzən bu repressiyalar intensivliyinə görə deyil, proqnozlaşdırıla bilən sxemin olmamasına görə hətta Stalin illəri ilə müqayisə edilir) ilə birlikdə, müasir Rusiyadakı əhval-ruhiyyə I Nikolay dövründə sərbəst düşüncəyə və liberalizmə qarşı hücumları ehtiva edən "qaranlıq 7 ili" (1848-1855) daha çox xatırladır. İndi çətin ki kimsə bu mühafizəkarlığın hakimiyyətin qorunub saxlanmasından fərqli bir motivasiyaya malik olduğuna inansın. “Rus mədəniyyət kodu”nu və “mənəvi bağları”nı alqışlayan vətənpərvərlik ifadələrinə qarşı sinik münasibət hətta 1980-ci illərin depressiv sovet illərindki kimi əksər loyalistlər arasında da yayılmağa başlayıb. 

Bu baxımdan, hökumətin pandemiyaya qarşı reaksiyası vətəndaşlar və dövlət arasındakı artan boşluğu və Putinin bağlayıcı rolunun tənəzzülünü vurğulayır. Onun böhranlı reaksiyaya görə məsuliyyətdən yayınması, xalqın tələb və həyəcanlarını eşitməməsi Çeçenistan kampaniyasından bəri diqqətlə qurduğu səmərəli və cəsarətli qərar siyasətçi imicinə xələl gətirdi və əhalinin əksəriyyətinə acınacaqlı şəkildə təsir göstərdi. Geniş yayılmış tənhalıq hissi səsverməyə münasibətdə rusiyalıların skeptisizmini gücləndirib: "Levada-Mərkəz" in keçirdiyi sorğu da göstərdi ki, əhalinin yarıdan bir qədər çoxu səsvermədə iştiraka hazır olduğunu,  46%-i isə prosedurun düzgün keçəcəyinə inamsızlığını ifadə edib.  Əsas vurğunu ənənəvi dəyərlərin və rus irsinin qorunmasına qoyan təbliğat aparatı, sanki mövcud əhval-ruhiyyəni hiss edərək təəccüblü şəkildə prezidentin əsl reytinqi ilə bağlı səssiz qalır. Epidemiya dövründə "seçicilərin təhlükəsizliyini" təmin etmək üçün açıq hava səsvermə kabinələri (çox zaman köhnə avtobuslar və ya sadəcə boş qutulardan ibarət) yaratmaq istiqamətində hakimiyyətin qeyri-ciddi cəhdləri bu prosesin görünən sürrealizmini artırır. Bununla belə, referendumda seçicilərin kütləvi şəkildə iştirak etməməsi Kremlin istədiyi "nəticəni" əldə etməsini asanlaşdıracaq – bu baxımdan "rəsmi sorğu"nun nəticələrinə əsaslanaraq səsvermədə əhalinin 70%-nin iştirakı və 75% səviyyəsində proqnozlaşdırılır.

Çox güman ki, passivliyin və sosial-siyasi depressiyanın hökm sürən vəziyyəti hakimiyyətin səsvermənin nəticələrini saxtalaşdırmasını asanlaşdıracaq. Bununla belə, saxtalaşdırma ilə bağlı faktlar internetdə yayımlanacaq, Navalnı və digər məşhur müxalif bloggerlərdən şiddətli tənqidlər alacaq. Hər halda, görünən odur ki, Putinin legitimliyini gücləndirmək missiyası (əgər belə bir missiya mövcud idisə) iflasa uğrayıb və səsvermə, güman ki, prezidentin etibarsızlıq hissini və dövlətin təməllərinin böhranını vurğulayaraq əks-effekt verəcək. Ən başlıcası, Kreml tamamilə keçmişdə ilişib qalaraq gələcəklə bağlı müsbət obraz yaratmaqdan əl çəkib (bu obraz cari rəsmi ritorikadan çıxıb). Rusların hökumətin qlobal ambisiyalarından artan yorğunluğu və daha açıq, sosialyönümlü dövlətə olan tələblərin artması fonunda bu mənfi effekt bir gün tam gücü ilə partlaya biləcək etiraz potensialını daha da gücləndirə bilər.