Türkiyədə (yenidən) növbədənkənar seçkilər? Cümhur İttifaqından gözlənilməz gediş
Foto: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milli Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ilə. 19 noyabr 2019, Türkiyə Böyük Millət Məclisi, Ankara, Türkiyə. Murat Kula/Anadolu Agency via Getty Images
Pandemiyanın səngimə fazasına daxil olduğumuz günlərdə, dünyada siyasi proseslər yenidən canlanmağa başlayıb. Elə bu çərçivədə, 2020-ci ilin aprel ayının sonlarından etibarən Türkiyə daxili siyasətində də nəzərə çarpacaq dərəcədə aktivlik müşahidə olunur. Yaranmış yeni mənzərədə siyasi elita daxilində seçkilərlə bağlı müzakirələrin aparılması bir çoxları üçün gözlənilməz oldu. 2023-cü ildə keçirilməsi nəzərdə tutulan prezident və parlament seçkiləri barədə təkliflərin bu günlərdə intensivləşməsi daha yaxın bir dövrdə növbədənkənar seçkilər keçirilmə ehtimalını gündəmə gətirib. Gəlin, həmin təkliflərin bəzilərinə yaxından nəzər salaq.
Məlum olduğu kimi, 2017-ci ildə keçirilən Aprel referendumundan sonra artıq Türkiyədə prezident və parlament seçkiləri eyni gündə keçirilir. Yeni qaydaya əsasən, Prezidentin seçilməsi üçün 50%+1 səs çoxluğu prinsipi əsas götürülür. Əgər ilk turda heç bir namizəd həmin səs çoxluğunu əldə edə bilmirsə, o zaman ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparır. Bu prinsip son günlərdə əsas müzakirə predmetinə çevrilib. Belə ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyası (AKP) getdikcə güclənən müxalifət partiyalarının ikinci turda vahid namizəd ətrafında birləşərək qalib gəlmək ehtimalından narahatlıq keçirir. Artıq, AKP rəhbərliyində bu prinsipin dəyişdirilməsi barədə yeni fikirlər də səsləndirilir. Eyni zamanda, Cümhur İttifaqında AKP ilə müttəfiq olan Millətçi Hərəkat Partiyasının rəhbərliyində də seçkilərlə bağlı ziddiyətli fikirlər səsləndirilir. Ələlxüsus, Türkiyə siyasətində öz gözlənilməz seçki çağırışları ilə tanınan MHP lideri Dövlət Bağçalının də bu müzakirələrə qoşulması növbədənkənar seçkilərin keçirilməsi ehtimalının yüksək olduğunu göstərir. Bütün bunları nəzərə alaraq, iqtidar bloku olan Cümhur İttifaqını növbədənkənar seçkilərə məcbur edən səbəbləri və seçkilərin təyin edilməsində ortaya çıxa biləcək maneələri təhlil etməyə çalışaq.
Növbədənkənar seçkilərin keçirilməsini zəruri edən səbəblər
Pandemiya momentumu
Türk hökumətinin pandemiya dövründə böhranın idarə edilməsi ilə bağlı yürütdüyü siyasət ölkə ictimaiyyətində rəğbətlə qarşılanır. İnkişaf etmiş Avropa ölkələrinə nəzərən, Türkiyədə virusun yayılma sürəti və ölüm sayının xeyli aşağı olması Ərdoğan hökumətinin qabaqlayıcı addımları barədə müsbət rəy formalaşdırıb. Yaxın vaxtlarda seçkilər keçirilərsə, həmin müsbət rəyin seçici dəstəyinə çevrilməsi reallaşa bilər. Bununla yanaşı, Türkiyə iqtisadiyyatındakı böhranın pandemiyanın təsirlərindən sonra gərginləşəcəyi gözlənilir. Xüsusilə, ölkə iqtisadiyyatında əsas pay sahibi olan turizm sektorunda cari ilin yay aylarında durğunluq qaçılmaz olacaq. Elə bu səbəbdən, seçkilər zamanı yaranacaq iqtisadi problemləri pandemiya ilə əlaqələndirmək fürsətindən istifadə edilməsi ilə bu müstəvidəki narazılıqların şiddətini xeyli azaltmaq mümkün ola bilər.
Siyasi-taktiki məqamlar
Ərdoğanın siyasi karyerası boyunca məğlubedilməzliyinin sirri barədə müxtəlif versiyalar səsləndirilir. Bir çox siyasi təhlilçilər bunu əsasən alternativsizliklə əlaqələndirirlər. Həqiqətən də, son 17 ildə nə iqtidar bloku daxilində, nə də müxalifət cəbhəsində Ərdoğanla müqayisə oluna biləcək liderlər ortaya çıxmırdı. Lakin müxalifət namizədlərinin son bələdiyyə seçkilərində böyük şəhərlərdə qələbə qazanması onların ümidlərini artırıb. İstanbul Bələdiyyəsinə rəhbərlik edən Əkrəm İmamoğlu öz uzlaşdırıcı üslubuyla Cümhuriyyət Xalq Partiyasının (CHP) seçiciləri ilə yanaşı, dindar-mühafizəkar, mərkəz-solçu və kürd seçicilər arasında da rəğbət yaradıb və hazırda Ərdoğanın ən böyük siyasi rəqibi kimi təqdim olunur. Ankara Bələdiyyəsinə rəhbərlik edən digər CHP-li Mansur Yavaş isə qısa müddətdə uğurlu icraçı imici yaratmağa nail olub və əsasən millətçi seçicilər tərəfindən dəstəklənir. Hər iki şəxsin bələdiyyə sədrliyinin bitməsinə hələ 4 il müddət qaldığını nəzərə aldıqda, illər keçdikcə onların populyarlığının daha da artacağı ehtimalı iqtidar blokunu ciddi narahat edir. Digər tərəfdən, 25 ildən artıqdır ki, AKP-nin də mənsubu olduğu sağ siyasət cəbhəsinin idarə etdiyi İstanbul və Ankara kimi çox böyük büdcələri olan şəhərlərin CHP-nin nəzarətinə keçməsi, iqtidar partiyasının həmin şəhərlərdəki təbliğat və təşviqat kampaniyalarına ağır zərbə vurur. Xüsusilə, bələdiyyələrin geniş imkanlarından istifadə edilərək böyük siyasi mitinqlər təşkil edilməsi üstünlüyü CHP-nin tərəfinə keçib. Növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə həmin sədrlərdən biri Ərdoğan ilə yarışa cəlb edilə bilər. Bu da iqtidar cəbhəsinin reallaşdırmağa çalışdığı əsas ssenaridir. Ona görə ki, əgər müxalifətin namizədi bu iki şəxsdən biri olarsa, onda sədrliyi boşalan müvafiq bələdiyyə AKP-nin nəzarətinə keçəcək. Çünki, hər iki şəhərdə iqtidar partiyası bələdiyyə məclisində çoxluğa sahibdir və yeni sədr, bələdiyyə məclisi tərəfindən seçiləcək. Yox əgər, Yavaş və ya İmamoğlunun namizədliyi irəli sürülməsə, o zaman növbəti beş il ərzində hər iki şəxs neytrallaşdırılmış olacaq.
Siyasi-taktiki aspektdən ikinci məqam da çox vacib əhəmiyyət kəsb edir. Belə ki, bir zamanlar AKP-nin əsas fiqurlarından olan Əhməd Davudoğlu və Əli Babacanın yeni partiyalar qurması iqtidar cəbhəsinin seçici potensiyalına təhdid yaradır. Davudoğlunun “Gələcək Partiyası” (GP) və Babacanın “DEVA Partiyası” hazırkı iqtidardan məmnun olmayan, lakin müxalifətə səs vermək istəməyən millətçi və mühafizəkar seçicilər üçün alternativ partiyaya çevrilməkdədir. Daha konkret desək, GP və DEVA iqtidar blokunda səs parçalanmasına səbəb olacaq. Bunun qarşısını almaq üçün növbədənkənar seçkilərin keçirilməsi zərurəti yaranır. Çünki Türkiyə konstitusiyasına görə, seçkilərdə iştirak etmək istəyən siyasi partiya seçki günündən altı ay əvvələ qədər ölkədəki vilayətlərin yarısında təşkilat qurmalı və böyük qurultayını keçirməlidir. Hələlik nə GP, nə də DEVA tam formalaşa bilməyib və yaxın vaxtlarda keçiriləcək seçkilərdə iştirak edə bilməyəcəklər. Ancaq burada məsələni mürəkkəbləşdirən başqa bir məqam da var. Belə ki, konstitusiyadakı digər bir maddə, parlamentdə siyasi qrupa (20 millət vəkili ilə qurulur) malik olan partiyalara da seçkilərdə iştirak etmək hüququnu verir. Bu da, müxalifət partiyalarından müvəqqəti millət vəkili transferi ilə parlamentdə GP və DEVA-nın siyasi qruplarının qurulması vasitəsilə həmin partiyaların seçkidə iştirak etməsinə fürsət yaradır. Artıq iqtidar tərəfindən millət vəkillərinin transfer məsələsi sərt tənqid olunmağa başlayıb. Hətta, millət vəkili transferlərinin qarşısının alınması üçün yeni qanun layihəsinin hazırlandığı da bildirilir. Əslində, bu məqamın özü də Cümhur İttifaqının seçkilərə hazırlaşdığına dəlalət edir.
Üçüncü məqam isə MHP-nin lideri Dövlət Bağçalının səhhəti ilə əlaqəlidir. Hazırda Ərdoğanın əsas müttəfiqi olan Bağçalıdindar-millətçi qrupların iqtidar ittifaqına dəstəyinin əsas səbəbidir. Bu da, AKP-yə millətçi ritorikadan çıxış edərək səs qazanmağa imkan verir. Digər tərəfdən, 40-45% intervalında olan AKP-nin səs potensialı təkbaşına parlamentdə çoxluq qazanmağa və prezident seçməyə imkan vermir. Buna görə də, 10%-lik səs potensialı olan MHP ilə müttəfiqlik Cümhur İttifaqın iqtidarı üçün həlledici xarakter daşıyır. Lakin son dövrlərdə Bağçalının sağlamlığında yaranan ciddi problemlər AKP-MHP ittifaqının gələcəyi barədə suallar yaradır. Xüsusilə, Bağçalıdan sonrakı MHP liderinin AKP ilə ittifaqa davam edib etməyəcəyi məsələsi iqtidar blokunda narahatlıq yaratmaqdadır. Yarana biləcək təhlükəni sovuşdurmaq üçün Bağçalının MHP liderliyi dövründə seçkilərin keçirilməsi daha məqsədəuyğundur.
Xarici amillər
Məlum olduğu kimi, son günlərdə Liviya münaqişəsində Türkiyənin dəstəklədiyi qruplar uğurlu nəticələr əldə etməyə başlayıb. Liviyada Türk Ordusunun müvəffəqiyyət qazanması militarist duyğuların çox yüksək olduğu Türkiyə cəmiyyətində Ərdoğan hökumətinə dəstəyi xeyli artıracaq. Ona görə də, uğurlu hərbi əməliyyatların yaratdığı dəstək dalğasından zamanında istifadə edilməsi iqtidar bloku üçün əlavə üstünlük yaradacaq.
Digər bir amil isə bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri ilə bağlıdır. Hazırda ABŞ prezidenti olan Donald Trampın Ərdoğan hökumətinə qarşı münasibəti məqbul hesab oluna bilər. Lakin ABŞ-da keçiriləcək seçkilərdə Türkiyə liderinə qarşı sərt mövqedən çıxış edən Demokratların qalib gəlməsi ehtimalı AKP hökumətini narahat edir. Yeni Ağ Ev administrasiyanın 2023-cü ildə Türkiyədə keçirilməsi nəzərdə tutulan seçkilərdə hansısa müxalif namizədə dəstək verməsi AKP hökumətinin şanslarını xeyli azalda bilər. Bu səbəbdən, Ərdoğan hökuməti yeni ABŞ prezidenti məlum olanadək seçkilər məsələsini həll etməyə çalışacaq.
Seçkilər keçirilməsi ilə bağlı əngəllər
Hüquqi mexanizm
Türkiyə konstitusiyasına əsasən, növbədənkənar seçkilərin təyin edilməsi iki yolla mümkündür: Prezidentin və ya Parlamentin 3/5 səs çoxluğunun tələbi. Burada əlavə məqamlar da mövcuddur. Belə ki, əgər növbədənkənar seçkilər prezident tərəfindən təyin olunarsa, prezidentin həmin dövrdəki səlahiyyət müddəti tamamlanmış hesab olunur. Bu da Ərdoğanın növbəti dəfə prezidentliyə namizəd ola bilməməsi deməkdir. Çünki Türkiyə konstitusiyası bir şəxsə iki dəfə prezident seçilmək hüququ verir və hazırda Ərdoğan da ikinci səlahiyyət müddətindədir. Onu da qeyd edim ki, hüquqçuların bu məsələ ilə bağlı fikirləri birmənalı deyil. Bəzi hüquqçular, idarəçilik sisteminin 2017-ci ildə dəyişdiyini, bu səbəbdən Ərdoğanın birinci səlahiyyət müddətinin hesaba alınmayacağını iddia edirlər. İstənilən halda bu məsələ yaxın vaxtlarda Türkiyə ictimaiyyətində çox qızğın siyasi mübahisələrə səbəb olacaq. Yaranacaq mübahisələrin qarşısını almaqdan ötrü parlament çoxluğu ilə seçkilərin təyin edilməsinə ehtiyac var. Çünki konstitusiyaya əsasən, növbədənkənar seçkilər parlament tərəfindən təyin olunarsa, prezidentin həmin dövrdəki səlahiyyət müddəti tamamlanmamış hesab olunur və həmin şəxs daha bir dəfə namizəd olmaq hüququ əldə edir. Bunun üçün isə parlamentinin 3\5 səs çoxluğu gərəklidir ki, bu da 600 nəfərlik Türkiyə Böyük Millət Məclisində 360 səs deməkdir. Hazırda Cümhur İttifaqında yer alan millət vəkillərinin sayı isə 340-dır. Deməli, iqtidar blokunun növbədənkənar seçkilər təyin edə bilməsi üçün müxalifət partiyalarından birinin dəstəyinə ehtiyacı olacaq. Təbii ki, müxalifət partiyaları seçkilərə hazırlıqlarını tamamlamadan iqtidarla razılığa gəlməyəcəklər. Bu səbəbdən, parlament vasitəsilə növbədənkənar seçkilər təyin edilməsi yolu da müxalifəti hazırlıqsız yaxalamaq istəyən iqtidar blokunun planlarına uyğun gəlmir. Göründüyü kimi, növbədənkənar seçkilərin təyin edilməsindəki hüquqi əngəllər iqtidar üçün xeyli çətinliklər yaradır.
İqtisadi məsələlər
Bildiyimiz kimi, seçkilər dövrünün ən çox zərər verdiyi sfera ölkə iqtisadiyyatıdır. Nəzərə almaq lazımdır ki, siyasi stabillik təmin oluna bilmədikdə xarici investorlar yatırım etmək barədə tərəddüdlü davranırlar və ya sərmayələrini geri çəkirlər. Hazırda, Türkiyə iqtisadiyyatında ölkəyə xarici valyuta axının əsas mənbələrindən biri olan xarici sərmayəyə xüsusi ehtiyac var. Belə olan halda, növbədənkənar seçkilərin təyin edilməsi dollar və avronun kəskin bahalaşmasına, türk lirəsinin isə sürətlə dəyər itirməsinə yola açacaq. Artıq Ankaranın borclanma üçün müxtəlif ölkələrlə danışıqlar apardığı məlumdur. Əgər danışıqlar nəticə verərsə və hökumət iri həcmdə vəsait borc ala bilərsə, o zaman bu, ölkə iqtisadiyyatında qısa müddətli rahatlanma yaradacaq və bununla da, növbədənkənar seçkilərin keçirilməsi üçün əlverişli məqam yetişəcək.
Təbliğat və təşviqat mövzularının məhdudluğu
Son illərdə ardıcıl seçkilərin keçirilməsi Türkiyə cəmiyyətində bezginliklə yanaşı, müəyyən dərəcədə hiddət də yaradıb. Həmçinin iqtidar partiyasının artıq ikinci dəfə növbədənkənar seçkilər tələb etməsi, AKP-nin ölkə siyasətində stabillik yarada bilmədiyi və idarəetməni təmin etməkdə çətinlik çəkdiyi barədə müxtəlif şərhlərə səbəb olacaq. Elə buna görə də, növbədənkənar seçkilərin təyin edilməsi üçün ictimai rəyi məmnun edəcək izahata ehtiyac var. Hazırkı situasiyada növbədənkənar seçkilərin keçirilməsi üçün əsaslı siyasi məqam mövcud deyil, çünki həm parlamentdəki çoxluq, həm də prezidentlik institutu Cümhur İttifaqının nəzarətindədir. Bəs onda niyə növbədənkənar seçkilər tələb edilsin ki?
Seçkilər təyin edilməmişdən öncə, iqtidar bloku bu suala mütləq “doyurucu” cavab tapmalıdır. Qeyd edək ki, 2019-cu ildə keçirilən bələdiyyə seçkiləri marafonunda da hakim AKP tərəfindən rasional və tutarlı siyasi ritorika ortaya qoyula bilmədi. Əsasən, antaqonist siyasət tərzindən istifadə edilərək, cəmiyyətdəki ideoloji qütbləşməni artırmağa çalışan seçki strategiyası müəyyən dərəcədə effektiv olsa da, ümumilikdə istənilən nəticəni vermədi və böyük şəhərlərin bələdiyyə sədrlikləri Cümhur İttifaqının əlindən çıxdı. Həmin strategiyanın yenidən tətbiq edilməyə çalışılması çox güman ki, əvvəlki cəhddən fərqli bir nəticə verməyəcək. Etiraf etmək lazımdır ki, son illərdə AKP siyasi hərəkat olaraq öz durğunluq dövrünü yaşayır. Bunun başlıca səbəbi, partiyanın artıq 17 ildir ki, iqtidarda olmasıdır. AKP sədri Ərdoğan da çıxışlarının birində bu durğunluğu “metal yorğunluğu” adlandırmışdı. Həmin yorğunluq hakim partiyanın öz seçki platformasında yenilikçi və proqressiv siyasi vədlər yarada bilməməsində və strategiyasını müxalifət partiyalar üzərindən qurmasında açıq-aşkar hiss olunur. Təbii ki, burada iqtisadi çətinliklər də qeyd edilməlidir. Ölkə iqtisadiyyatındakı daralmalar AKP dövründə bir növ ənənəyə çevrilmiş yeni infrastruktur meqalayihələrin gerçəkləşdirilməsinə əngəl yaradır. Bütün bunlar nəzərə alındıqda, AKP-nın öz seçici kütləsi daxilində yeni həyəcan dalğası yaratmadan seçkilərə getməsi çox riskli addım olacaqdır.
Nəticə
Çox müxtəlif siyasi və etnik çalarları özündə birləşdirən Türkiyə cəmiyyəti haqqında dəqiq mənzərə yaradılması həqiqətən çox çətindir. Xüsusilə, belə bir mürəkkəb mozaikliyi olan Türkiyənin siyasi həyatı ilə bağlı dəqiq proqnozlar verməyə cəhd etmək sadəlövhlük olardı. Lakin yuxarıda qeyd edilənlər arasında siyasi-taktiki məqamların daha vacib əhəmiyyət kəsb etdiyini düşünürəm. Çünki, Türkiyə cəmiyyətində siyasi ideoloji oriyentasiya bütün digər dəyərlərdən daha üstündür. Düzdür, iqtisadi böhranlar da iqtidar dəyişikliklərinin ən universal səbəblərindən biridir, elə AKP də 2001-ci ildə Türkiyədə yaşanmış ağır iqtisadi böhrandan sonra iqtidara gəlmişdi. Ancaq burada iqtisadi böhranın cəmiyyət tərəfindən hansı prizmadan qavranıldığına da diqqət yetirmək lazımdır. AKP iqtidarının iqtisadi böhrana qarşı əks-təbliğatı nəticəsində ictimai fikirdə bu krizisin hökumətin yanlış iqtisadi siyasətindən daha çox, xarici qüvvələr və “gözəgörünməz” düşmənlər tərəfindən Türkiyəyə qarşı iqtisadi hücumların nəticəsində yarandığı rəyi formalaşılıb. Hətta, bu əks-təbliğat hökumətə verilən dəstəyi daha da artırıb. Lakin iqtisad böhran dərinləşdikcə cəmiyyətdəki bu “anesteziya” vəziyyəti öz təsirini itirməyə başlayacaq. Yuxarıda da qeyd olunduğu kimi, hazırkı situasiyada iqtisadi çətinliklər kontekstində pandemiya bəhanəsindən də istifadə olunaraq çox gec olmadan növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac yaranmaqdadır. Bu həm də, iqtidara alternativ olacaq namizədlərin və partiyaların mübarizə potensiyalının minimuma endirilməsinə imkan verəcək.
Eyni zamanda, son günlərdə ABŞ başda olmaqla, bütün dünyada davam edən etirazlar dalğası növbədənkənar seçkilər keçirilib keçirilməməsinə əhəmiyyətli təsir göstərə bilər.