Gürcüstanda azərbaycanlılara qarşı diskriminasiya kampaniyası
Foto: Gürcüstan qoşunları Marneulinin girişini nəzarətə alıblar. 23 mart 2020. REUTERS / Irakli Gedenidze
Martın 22-nə keçən gecə Gürcüstanın Marneuli və Bolnisi bölgələri xarici aləmdən təcrid olundu. Baş Nazir Giorgi Qaxariya açıqlamasında bu ərazilərin “qırmızı zona” elan edildiyini söylədi. Belə ki, ayın 18-dən xəstəxanaya müraciət edən marneulili etnik azərbaycanlı qadının koronavirusa yoluxduğu məlum olub. Onun virusun inkubasiya dövründə yas, Novruz çərşənbəsi və s. kimi insanların sıx toplaşdığı yerli adətlərdə iştirak edərək onlarla adamı yoluxdurduğu ehtimal edilir.
Gürcüstanda koronavirus faktı qeydə alınmasının 39-cu günündə - aprelin 4-də bu virusdan ilk ölüm faktı da baş verdi. Maraqlıdır ki, ölən şəxs də Marneulidən olan 79 yaşlı qadındı.
Bölgə sakinlərinin əksəriyyətini təşkil edən etnik azərbaycanlıların gürcü dilini bilməməsi isə vəziyyəti daha da gərginləşdirir; belə ki, bu regionda yaşayan insanların çox zaman ölkədə baş verən və ya elan edilən xəbərlərdən, elanlardan xəbər tutmamaları iddia olunur.
Koronavirusa yoluxan marneulili bir qadına görə Marneuli və Bolnisinin karantin zonası elan edilməsindən sonra “Feysbuk” sosial şəbəkəsində Gürcüstanda yaşayan etnik azərbaycanlılara qarşı nifrətlə dolu şərhlərdən ibarət kampaniyalara başlandı. Təhqirlərlə yanaşı, vurğu azərbaycanlıların Gürcüstanın dövlət dilini bilmə səviyyəsinə qoyuldu. Belə ki, bu cür yazılarda Gürcüstandakı azərbaycanlıların gürcü dilini bilməməsi səbəbilə ölkədə elan olunan təhlükəsizlik qaydalarına əməl etməməsi əsas olaraq göstərilir. Bu cür şərhlərin müəllifləri olan gürcülər azərbaycanlıların Gürcüstana yük olduğunu, onların ölkənin sosial, iqtisadi, siyasi və s. sahələrinə heç bir töhfə vermədiyini də qeyd ediblər. Məsələn, belə fikirlər Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilinin “Feysbuk”dakı rəsmi hesabında Marneulinin xüsusi karantin zonası edilməsi ilə bağlı paylaşımın rəylərində də yer alıb.
Dil problemi
100 mindən çox insanın yaşadığı Marneuli bölgəsində yerli əhalinin çoxu etnik azərbaycanlılardır. Ölkədəki digər etnik azlıqlar kimi onların da əsas problemlərindən biri dövlət dilində danışa bilməmələridir. Qızılgül inqilabından bəri hökumət azlıqların gürcü dilində yerli məmurlarla ünsiyyət qurmalarını, rəsmi sənədləri gürcü dilində əldə etmələrini, gürcü dilində şikayətlər göndərmələrini və ya xidmətləri gürcü dilində almalarını məcbur edən qanunlar tətbiq edir. Xüsusilə, keçmiş prezident Mixail Saakaşvilinin dövründə azərbaycanlılar da daxil olmaqla etnik azlıqların Gürcüstan cəmiyyətinə inteqrasiyasını sürətlərndirmək üçün, xüsusilə, təhsil sahəsində müəyyən işlər görülmüşdür.
Lakin dillə bağlı problem, o cümlədən, mərkəzdən gələn məlumatların bu regiona çatdırılması çətinliyi hələ də qalmaqdadır. Gürcüstan televiziya kanallarını, demək olar ki, heç kim izləmir. Məlumat, əsasən, Azərbaycan kanallarından öyrənilir. Buna görə, bir çox insan koronavirusla bağlı mövcud vəziyyəti yaxşı bilməməsi istisna edilmir. Bu həm də bölgədə yaşayan insanların gündəlik həyat tərzi ilə bağlıdır. Burada yaşayan əhalinin əksəriyyəti əkinçiliklə məşğuldur. İndi isə əkin vaxtıdır, hamı tarladadır, televiziyaya baxmağa heç kimin vaxtı yoxdur. Başqs sözlə, etnik azlıqlar ictimai yayım və özəl televiziya şirkətləri tərəfindən verilən məlumatlara az çıxış əldə edirlər. Gürcüstanın İctimai Televiziyasında, əsasən, azlıqların ana dilində xəbərlər yayımlanır, lakin özəl televiziya şirkətlərinin belə bir təcrübəsi yoxdur. Yerli və regional ictimai və ya özəl medianın yayımı da zəifdir. Sosial Tədqiqatlar və Təhlil İnstitutunun 2019-cu ildəki tədqiqatına əsasən, azərbaycanlı icmanın 13%-i Gürcüstanda baş verən hadisələr haqqında, demək olar ki, hər gün, 29%-i isə gürcü dilində məlumat əldə edir. Maraqlıdır ki, yuxarı yaş qruplarında məlumat alma nisbəti xüsusilə azdır.
Zaman-zaman bu problem cəmiyyətdə, elə azərbaycanlıların özləri tərəfindən də qabardılır. Məsələn, gənc fəal Rəşan Ziyadalıyev 2019-cu ilin may ayında paytaxt Tiflisdə “Dövlət dili, vətəndaş inteqrasiyası və Gürcüstanda insan kapitalının inkişafı“ başlığı altında keçirilən tədbirdə millət vəkili Mariam Caşinin etnik azərbaycanlılarla bağlı dediyi fikrə etiraz etmiş, dil baryeri məsələsini müzakirəyə qaldırmışdır.
Yeri gəlmişkən, Rəşan Ziyadəliyev və qurucusu olduğu qeyri-hökumət təşkilatının üzvləri tərəfindən 2019-cu ilin avqust ayında Marneuli Bələdiyyəsinə rəsmi müraciət edilərək bələdiyyənin rəsmi veb-saytında və “Feysbuk” səhifəsində yayımlanan yazıların gürcü dili ilə yanaşı, Azərbaycan dilində də olması tələbini irəli sürülmüş, belə bir addımın hökumət məlumatlarının etnik azərbaycanlılara baş düşəcəyi dildə çatdırılması, onların Gürcüstan cəmiyyətinə inteqrasiyasının sürətləndirilməsi və yerli özünüidarə orqanlarının fəaliyyətində iştirakının təmin olunması baxımından zəruri olacağı qeyd edilmişdir.
Reaksiya
Etnik azərbaycanlıların dil baryeri problemi isə yuxarıda qeyd edildiyi kimi bəzi gürcülər tərəfindən hədəf nöqtəsinə çevrilib. Sosial şəbəkələrdə, xüsusilə, “Feysbuk”da Gürcüstanda yaşayan etnik qruplara, xüsusilə də, azərbaycanlılara qarşı nifrət nitqləri başlanıb, “Bu virusu sizlər Azərbaycandan buraya gətirmisiniz. Siz buranı nə qədər tez tərk etsəniz, bir o qədər tez və rahat nəfəs alarıq” kimi fikirlər səslənib.
Cavab olaraq azərbaycanlı gənclər sosial mediada diskiminasiya və nifrət nitqləri əleyhinə kampaniya start verərək, koronavirusa yoluxma halının təkcə bu bölgədə deyil, müxtəlif yerlərdə də baş verməsini, dil probleminin isə təkcə etnik azərbaycanlıların günahı olmamasına diqqət çəkməyə çalışırlar. Kampaniyanın başlanmasında bir sıra azərbaycanlı fəalların böyük rolu oldu. Məsələn, Tiflisdə kitab mağazasına sahib olan müəllim Həmid Sadiq yazırdı ki, virusa yoluxma halı təkcə marneulililərin yox, bütün cəmiyyətin günahıdır: “Koronavirus keçib gedəcək, lakin cəmiyyətin, hardasa, üçdə ikisi tərəfindən göstərilən nifrət heç vaxt unudulmayacaq.”
Həmidin "mən gürcü dilini bilirəm, dövlət məhdudiyyətlərini pozmuram, evdə qalıram!" məzmunlu paylaşımından sonra Gürcüstanın azərbaycanlı icmasından olan digər gənclər də ona qoşularaq oxşar paylaşımlar etməyə başlayıblar.
Başqa bir azərbaycanlı fəal Sevda Qarayeva öz “Feysbuk” hesabında qeyd edirdi: “Gürcüstan çox sevdiyimiz vətənimizdir və yaşamağımıza icazə verilən başqa vətənimiz yoxdur... Marneulidə ölkənin inkişafında fəal iştirak edən və dövlət dilini yaxşı bilən bir çox gənc var (mediada Marneuli nədənsə əsasən yalnız mənfi kontekstdə işıqlandırılır)... Burada yaşayan insanların gürcü dilinə "aşağı" münasibəti yoxdur... Yaşlı nəslin dövlət dilini bilməməsinin arxasında bir sıra siyasi və ya sosial məsələlər durur... Böhran dövrlərində problemlərin həllinə diqqət yetirməli, günahkar axtarmamalıyıq.”
Gürcüstandakı azərbaycanlılardan ibarət “Salam” təşkilatı da fəallıq nümayiş etdirərək Azərbaycan dilində məlumat kampaniyasına başlamış və əhalinin dövlət qadağalarına əməl etməsi üçün çağırışlar edir.
Təşkilatın sözçüsü Elnur Əliysoyun sözlərinə görə, “azərbaycanlı icma məlumatı Azərbaycan, Türkiyə və Rusiya kanallarından aldığından koronavirus riskini düzgün qiymətləndirməyə bilər. Odur ki, aksiyanın məqsədi bu virusun ciddi təhlükəsi barədə mümkün qədər çox insanı məlumatlandırmaqdır.” Təşkilat həmçinin Gürcüstan hökumətinə, ictimai və özəl yayımçılara müraciət edərək “KOVİD-19” virusu ilə bağlı məlumatların Azərbaycan dilində də çatdırılması, nifrət dolu nitqin və ayrıseçkilik hallarının yayılmasının qarşısının alınması üçün müəyyən tədbirlər görməsini istəyiblər.
“Mən bərabərliyi seçirəm” təşəbbüs qrupu tərəfindən etnik azlıqlara dəstək üçün “nifrət nitqinə yox” həştəqli video hazırlanıb. Martın 27-də sosial şəbəkələrdə yayımlanmış videoda gürcü, erməni və azərbaycanlı gənclər gürcü dilində pandemiyanın etnik kimlikdən asılı olmadan yayıla biləcəyini vurğulayır və etnik azlıqlara qarşı olan diskriminasiyanı pisləyirlər.
Mart ayının 29-da Gürcüstan prezidenti Salome Zurabişvili xüsusi karantin rejiminə alınmış Marneuliyə səfər etmişdir. Dövlət başçısı rayondakı hazırkı vəziyyətlə yerində tanış olub. Kvemo-Kartli (Borçalı) bölgəsinin qubernatoru Şota Rexviaşvili və Marneulinin icra başçısı Zaur Darğallı prezidenti karantin rejimi çərçivəsində tətbiq olunan məhdudiyyətlər və əhalinin tibbi yoxlanışdan keçirilməsi barəsində məlumatlandırıblar.
* * *
Baş verənlərə Gürcüstan hakimiyyəti, televiziya kanalları, qeyri-hökumət təşkilatları və gürcü aktivistlər tərəfindən dərhal reaksiya gəldi. Hökumət koronavirusla bağlı məlumatların paylaşıldığı stopcov.ge internet səhifəsinə martın sonlarında Azərbaycan dilində bölmə əlavə etdi. Gürcüstan telekanallarında bəzi mühüm xəbərlər Azərbaycan dilində ünvanlandı.
Gürcü aktivist Tamta Mikeladze isə öz “Feysbuk” hesabında Marneuli və Bolnisi əhalisinə həmrəylik mesajı yazıb. Bu açıq məktubunda Mikeladze cəmiyyətin bir hissəsi tərəfindən bölgə sakinlərinə qarşı mətbuat və sosial şəbəkələrdə səslənən təhqirlərə görə onlardan üzr istəyib, bu çətin vəziyyətdə onlara güclü və həmrəy olmağı arzulayıb: “Bu məktubu sizə Gürcüstanın sıravi vətəndaşları yazır və hamını sizə dəstək olmağa çağırırıq. Sizə dostlarımız, tanıdıqlarımız ya da tanımadıqlarımız, Gürcüstanın ən əhəmiyyətli hissəsi kimi dəyər verir və çox qiymətli əməyinizlə ümumi rifaha xidmət etdiyinizə görə təşəkkür edirik. Biz bir ölkənin vətəndaşlarıyıq və ümumi sosial problemlərini dərk edirik... Gürcüstanlı azərbaycanlıların ayrıca problemi deyə bir şey yoxdur; o, hamının eyni dərəcədə problemidir.”
Sözügedən mesajdan sonra yüzlərlə etnik gürcü bu məktubu paylaşaraq ölkənin yerli azərbaycanlı əhalinin yanında olduqlarını bildiriblər.