Belarusun “KOVİD-19”-a reaksiyası
Foto: Qlobal koronavirus pandemiyasına rəğmən Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk şəhərində buz hokkeyi oynayır. 30 Mart 2020. BBC
Belarus prezidenti Aleksandr Lukaşenkonun virusun bəzi ölkələrə mənfi təsir göstərmiş bir psixoz adlandırması və buna qarşı mübarizədə belarusluların araq, sauna və kənd yerində vaxt keçirmə kimi türkəçarə metodlara müraciət etməli olduğu barədə verdiyi açıqlamalara Qərb mediasında böyük diqqət yetirildi. Prezident martın sonlarında hokkey oynamaqla bir daha gündəmə gəldi. Bu cür sadələşdirilmiş və idiosinkratik açıqlama Belarus lideri üçün kifayət qədər səciyyəvidir, amma reallıq ondan ibarətdir ki, tibbi böhrana onun və ümumiyyətlə hakimiyyət orqanlarının reaksiya ikimənalı, ziddiyyətli və yanıldıcı olmuşdur.
Bir neçə həftədir ki, Avropanın əsas liqalarında peşəkar futbol matçları dayandırıldığı halda, mart ayında on altı komanda və aralarında hər hansı məsafənin olmadığı minlərlə azarkeşin iştirakı ilə Belarus çempionatının yeni mövsümünə start verildi. Gələn ay, İkinci Dünya Müharibəsinin sona çatmasının 75 illiyi münasibəti ilə hakimiyyət üçün xüsusilə önəm daşıyan Qələbə paradının keçirilməsi planlaşdırılır. Lukaşenko hətta həm Minskdə, həm də Moskvadakı təntənələrdə iştirak etməyi planlaşdırır.
Bəs Belarusdakı vəziyyət nə qədər ciddidir? Lukaşenkonun və Belarus səhiyyə orqanlarının cavabını necə qiymətləndirmək olar?
Lukaşenkonun mövqeyi
Aprelin 8-də olan məlumata görə, “KOVİD-19”-a yoluxan insanların sayı 1000-i keçib və 13 nəfər dünyasını dəyişib. Yoluxma hallarının 75% -dən çoxu Minsk şəhərinə aiddir, bu isə, güman ki, sınaqların çoxunun səhiyyə sisteminin mərkəzi olan paytaxtda keçirilməsi ilə əlaqədardır. Bir gün əvvəl Minsk şəhərində xəstəxanada 497 nəfər vardı ki, bunlardan 25 nəfəri sağalmış, 5 nəfəri isə vəfat etmişdi. Daha beş ölümün şimaldakı Vitebsk bölgəsində, qalan üç ölümün isə Minsk bölgəsində, ancaq şəhər xaricində olduğu bildirildi. Ümumilikdə isə təxminən 43 min insan sınaqdan keçirilmişdir.
7 apreldə Müstəqillik Sarayında Lukaşenko öz fikirlərini bəyan edərək, cəmiyyətə təsir edən və ölkənin iqtisadi sistemi üçün vacib olan üç məsələni fərqləndirdi: emal zavodlarına neft tədarükü, yaz əkini kampaniyası və səhiyyə vəziyyəti. Birincisi ilə bağlı, o, "koronavirusun yayılması ilə əlaqəli kütləvi psixozun" dünya neft bazarına təsir göstərərək onu mürəkkəbləşdirdiyini qeyd etdi. Barreli 60 dollar olan sabit neft qiymətləri martın 31-də başa çatdı və iki əsas oyunçu arasındakı toqquşma nəticəsində (ad çəkməsə də söhbətin Rusiya və Səudiyyə Ərəbistanından getdiyi məlumdur) qiymət birdən-birə kəskin şəkildə aşağı düşdü. Əsas problem indiki iqlimin qeyri-müəyyən olmasındadır.
Daha sonra neft və neft məhsullarının ehtiyatlarının saxlanması ilə bağlı sualla mərkəzi və regional hakimiyyətə müraciət etdi: neft ucuz olanda, işlər dəyişməmiş, onu almaq və saxlamaq zəruri idi. İkincisi, Belarusda bol ərzaq tədarükü olsa da, əkin və torpaqda donla əlaqədar bəzi problemlər qalıb: “Neft neftdir, amma onu süfrəyə qoya bilməzsən." Prezidentin sözlərinə görə, son həftələrdə olduğu kimi, Belarus Rusiyadan boru kəməri ilə nəql olunan neft tədarükünə alternativ axtarır.
“KOVİD-19” ilə bağlı, Lukaşenko səhiyyə vəziyyətini birbaşa iqtisadiyyatla əlaqələndirdi. Bu "xəstəlik və psixoz" bitdikdən sonra dünyaya nə olacağını təxmin etmək mümkün deyil. Böyük dövlətlərin rəhbərləri vəziyyətdən yararlanmağa çalışa bilər. Üstəlik, viruslar yeni deyil, onlar hər zaman "gəlir və gedirlər". Lukaşenko ABŞ prezidenti Donald Trampın bir müddət əvvəl verdiyi açıqlamanı xatırladaraq insanların işə getməyəcəyi təqdirdə daha çox insanın öləcəyini bildirdi. Bundan əlavə, virusun irəliləməsi davam etsə belə, bu vəziyyət dağıdıcı deyil və səhiyyə sistemi onun öhdəsindən gələ bilər. Məhdud resurslara malik olan kiçik Belarusun, Çin kimi yoluxmaya məruz qalmış bütöv vilayəti tam karantin rejiminə salması kimi tədbirlər görməsi mümkün deyil.
Lukaşenko, respublikada baş verən xəstəliklərinin siyahısını sayaraq bu xəstəliklərin bu il ərzində “KOVİD-19”-dan daha çox ölümə səbəb olduğunu söylədi. “KOVİD-19”-a yoluxan xəstələrlə işləyən həkimlərə bonuslar verilir. Panikaya ehtiyac yoxdur; əksinə "insanları ləyaqətlə xilas edərək gözəl bir şəkildə qələbə qazanmalıyıq." Açıqlamalarında səhiyyə naziri Vladimir Karanik daha sərt tədbirlər görməyi tövsiyə etdi. Daha əvvəl, aprelin 2-də o, insanların təmiz havaya çıxmasına icazə verməkdənsə, "iylənmiş mənzillərində" qalması fikrinə qarşı dayanmışdı.
Prezidentin açıqlamaları xəstəliyin kəskin artmasına göz yumduğunu göstərir. Halbuki vəziyyətin çox ciddi olduğu açıq-aşkardır. Məsələn, Litva ilə sərhəddə Ostrovets atom elektrik stansiyasında çalışan 15 rus işçi “KOVİD-19”-a yoluxduqlarına görə Smorqon şəhər xəstəxanasına yerləşdirildi. Xəstələr Moskvadakı “Atomstroyeksport”un ümumi nəzarəti altında fəaliyyət göstərən üç şirkətin müqaviləli işçiləridir. Onların Belarusa nə vaxt gəldikləri dəqiq bilinməsə də, Rusiya tərəfindən sərhədin bağlanmasından əvvəl - martın sonlarında gəldikləri güman edilir. Onlar diaqnozdan əvvəl yataqxanada yaşayır və stansiya sahəsinə avtobusla gedib-gəlirdilər. Başqa bir hesabatda zavoddakı əlli adamın xəstəxanaya yerləşdirildiyi iddia olunur.
Minsk şəhərinin reaksiyası
8 apreldə, Minsk Şəhər İcraiyyə Komitəsi öz təşəbbüsü ilə xəstəliyin yayılmasının qarşısını almaq üçün bir plan təsdiqlədi. Əvvəllər tövsiyə olunan tədbirlər indi məcburi hal aldı. Bunlara aşağıdakılar daxildir: müəssisələr və şirkətlər soyuqluq əlamətləri olan işçilərin işə gəlməsinə icazə verməməlidirlər; eyni növbədə çalışan işçilərin sayı məhdud və növbələr arasında otuz dəqiqə fasilə olmalıdır; bütün təşkilatlar dezinfeksiya edilməlidir. Kitabxanalarda oxu otaqları bağlanmış, sərgilər və təqdimatlar ləğv edilmişdir.
Məktəblərə və universitetlərə gəldikdə: birinci ilə bağlı qərar valideynlərin üzərinə düşür, lakin onlar daha öz övladlarını Minsk şəhər məktəblərinə göndərmək məcburiyyətində deyillər və uşaqlar öz siniflərindən kənara çıxmamalıdırlar. Universitetlərə onlayn dərsə keçmələri "tövsiyə olunur". Yaşlılar və əlillərə baxım mərkəzlərinə ziyarət edilməməlidir. Toy və ziyafətlər ləğv olunur. Saç salonlarında isə yalnız bir müştəri olmalı, müştərilər arasında beş dəqiqəlik fasiləyə əməl edilməlidir. Digər tərəfdən kilsələr yaşayış binalarının girişlərinə tətbiq olunan şəkildə dezinfeksiya aparılmaqla açıq qalmalıdır.
Bir sözlə, yerli təşəbbüslər, tam əhatəli olmasa da, prezidentin göstərişlərindən daha sürətli görünür. Minskdəki Strateji Təhlil Mərkəzinin əməkdaşı Valeri Karbaleviçin sözlərinə görə, Lukaşenko "sərt tədbirlər görmədiyi üçün bəhanə gətirməyə davam edir”. İqtisadiyyatı məhv etməyəcək futbol mövsümünü və Qələbə günü paradını ləğvi onun üçün asan olardı. Amma prezident “Kovid-19”-un qlobal psixoz olduğunu, əslində isə diqqətəlayiq bir şey olmadığını sübut etmək istəyir. Varşavadakı EAST analitik mərkəzinin direktoru Andrey Yeliseyev isə bunun mövcud siyasət və sərt karantin arasında seçim olmadığını qeyd edir. İqtisadiyyata əhəmiyyətli dərəcədə təsir etməyən, lakin insanlararası təmasların sayını azaldacaq müxtəlif tədbirlər görülə bilər. Belarus Təhlükəsizlik bloqundan Andrey Porotnikov da Lukaşenkonun açıqlamaları “qıcıq və çaşqınlığın qarışığını" əks etdirməsi ilə bağlı oxşar fikirdədir. Nəticədə, o, karantin tətbiq edilməsi halında, hərbi və ya digər sərt tədbirlərdən istifadə etməklə hədələyir.
Gələcək
30 avqustda keçiriləcək prezident seçkiləri ilində Lukaşenko həqiqətən də dilemma ilə üzləşib. Müxalifət hazırda onlayn səsvermə yolu ilə vahid namizəd seçir. Prezident səlahiyyət müddətini otuz ildən çox müddətə uzatmaq üçün yenidən seçilməsini proqnozlaşdırsa da, belə dövrlərdə ənənəvi olaraq gərginlik keçirir. Beləliklə, onun şəxsi vəziyyəti də artan epidemiyaya bağlıdır. Əgər karantin tədbirlərini tam tətbiq edərsə, onun fikrincə, iqtisadiyyat zərər görər və ölkənin özünə gəlməsinə illər lazım ola bilər. Əgər bunu etməkdən imtina edərsə, onda virusun pik halı indiki durumun təklif edə biləcəyindən daha tez gələ bilər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda Minskdə üçgünlük səfərdədir; bu isə, təzyiqləri daha da artırır. İki gün əvvəl, ÜST 150.000 belaruslunun imzaladığı və dərhal əhalinin karantinə salınmasını tələb edən petisiya aldı.
Ölkədə “KOVİD-19”-un inkişafına baxsaq, vəziyyətin (müvafiq günlərdə tut.by tərəfindən verilən rəqəmlərə əsaslanaraq) narahat edici şəkildə olduğu görünür:
28 fevral: ilk diaqnoz hal
3 mart: 4 yoluxma
16 mart: 36 yoluxma
20 mart: 69 yoluxma
23 mart: 81 yoluxma
3 aprel: 351 yoluxma
7 aprel: 861 yoluxma
8 aprel: 1066 yoluxma
Nəticə
Beləliklə, son beş gündə yoluxma hallarının sayı üç dəfə artıb; eyni zamanda, aparılan testlərin sayı da nisbətən azdır. Başqa ehtiyat tədbirlər görülməsə, aprelin 19-da kilsələr pravoslavların Pasxa bayramını qeyd etməsi üçün açıq olacaq. 9 Mayda parad keçirilsə, virus zirvə nöqtəsinə yaxınlaşa bilər. Prezidentliyə keçmiş namizəd Andrey Sannikovun sözlərinə görə, tam parad keçirilə bilməz, ancaq iştirak edən qoşunların həyatını təhlükə altına alan məşqlər baş tutacaq.
Pandemiyanın ilk mərhələsində müvafiq tədbirlərin görülməməsinin nəticələri ABŞ-da açıq-aydın şəkildə aydın görünür. Əhalisinin 76% -i şəhərlərdə yaşayan Belarusda virus dağıdıcı təsirə malik ola bilər. Belə halda, məntiqi həll yolu prezidentin kənara çəkilməsi və virusa qarşı ən yaxşı tibbi tədbirlərin alınması üçün səhiyyə orqanlarına tam səlahiyyət verilməsidir. Bu, ehtimal ki, bu günə qədər aparılandan daha sərt tədbirlərin görülməsini təmin edəcək və yoluxmaların narahatlıq doğuran mövcud artımına mane olacaq. Yerli hakimiyyət orqanlarının ehtiyat tədbirlərini nəzərə alaraq, heç bir iş görülməməsi praktiki olaraq mümkün deyil. Qərar isə ölkənin yeganə həqiqi söz sahibi olan Lukaşenkonun əlindədir, onunsa vaxtı tükənməkdədir.