Topçubaşov Mərkəzi və Macarıstan səfirliyi COP29 ilə bağlı birgə dəyirmi masa keçirmişdir

Topçubaşov Mərkəzi və Macarıstan səfirliyi COP29 ilə bağlı birgə dəyirmi masa keçirmişdir

Oktyabrın 11-də Topçubaşov Mərkəzinin və Macarıstanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub. 

Paytaxt Bakının ev sahibliyi edəcəyi və dünyanın ən böyük tədbirlərindən biri olan COP29 ərəfəsində baş tutan bu dəyirmi masada Azərbaycan və Macarıstandan dövlət rəsmiləri və ekspertlər iştirak etmişdir. 

Müzakirəni giriş sözü ilə açan Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torna ölkələrimiz arasındakı möhkəm dostluq münasibətlərindən, eyni zamanda Azərbaycanın Avropa üçün enerji sahəsindəki tərəfdaş kimi artan rolundan bəhs etmişdir. 

Daha sonra söz Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynova ötürülmüş və o, tədbirin moderatorluğunu öz üzərinə götürmüşdür. O da öz çıxışında qarşıdan gələn COP29 tədbirinin əhəmiyyətindən bəhs etmiş və onun yeni qlobal tərəfdaşlıqlar üçün imkanlarını qeyd etmişdir.

Macarıstanın Dövlət Katibinin İqlim Siyasəti üzrə müavini və COP29 üzrə xüsusi elçisi Daniella Deli öz çıxışında Macarıstan və Avropa Birliyinin 2050-ci ilə qədər iqlim neytrallığına nail olmaq və beləliklə, digər regionlar üçün etalona çevrilmək kimi iddialı planlarından bəhs etmişdir. Eyni zamanda Macarıstan və Avropa Birliyi üçün beynəlxalq tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycanı “Cənubi Qafqazda davamlı inkişaf və yaşıl enerji üçün potensial mərkəz” və “bərpa olunan enerji və yaşıl keçid üzrə mühüm tərəfdaş” kimi xarakterizə etmişdir. 

COP29-u “Paris Sazişi və qlobal iqlim fəaliyyəti üçün lakmus sınağı” adlandıran COP29-un BMT-nin İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai COP29 ilə bağlı gündəliyin təşviqində və həyata keçirilməsində ekspert icması, vətəndaş cəmiyyəti və xüsusilə kiçik və orta sahibkarların daxil olduğu özəl sektorun rolunuu vurğulamışdır. 

İnkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyinin və ətraf mühitilə bağlı problemlərin mənfi təsirlərinə xüsusilə həssas olduğunu qeyd edən COP29-un baş danışıqçısının müavini Samir Becanov bildirmişdir ki, Bakının ev sahibliyi etdiyi COP29 mövcud paradiqmanı dəyişdirə və iqlim maliyyələşdirilməsini danışıqların mərkəzi mövzusuna çevirə bilər.

Macarıstanlı məruzəçilərdən biri, “MVM”in Azərbaycan filialının direktoru Yojef Qoldfart (József Goldfárth) təmsil etdiyi şirkətin yaşıl enerji və davamlı inkişaf strategiyası haqqında danışmış, həmçinin Qara dənizin sualtı naqili vasitəsilə Azərbaycandan Macarıstana yaşıl enerji ixracını nəzərdə tutan iddialı Yaşıl Dəhliz haqqında son məlumatları çatdırmışdır.

"SOCAR Green" şirkətinin baş direktoru Elmir Musayev mövzunu davam etdirərək, Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı birləşdirən üç yaşıl dəhliz vasitəsilə bərpa olunan enerji üzrə regional mərkəzə çevrilmək planlarından danışmışdır. O, həmçinin Azərbaycanda, xüsusilə Qarabağda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən daxili yaşıl layihələr barəsində də məlumat vermişdir.

Matias Korvinus Kollecinin İqlim Siyasəti İnstitutunun direktoru Gergey Kitta (Gergely Kitta) iqlim dəyişikliyi ilə mübarizədə təhsil və kommunikasiya strategiyasının rolunu vurğulamış, həmçinin Macarıstanda cari iqlim müzakirələri və diskursları haqqında auditoriyaya məlumat vermişdir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş mütəxəssisi Şahmar Hacıyevin çıxışı isə Azərbaycanın COP29 gündəliyi və mesajlarının çatdırılmasında beyin mərkəzlərinin rolu mövzusuna həsr olunmuşdur.

“Klaymət Əkşn” (Climate Action Ltd) şirkətinin rəhbəri Qabor Qremşperger (Gábor Gremsperger) isə yaşıl enerjiyə əsaslanan davamlı inkişafa təkan vermək üçün özəl sektorun hökumətlər və vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlığı haqqında fikirlərini bölüşmüşdür.