Ukraynadan sonra növbəti hədəf Balkandırmı?
Rusiyanın Ukraynaya hücumunun yalnız Şərqi Avropa üçün deyil, digər qonşu regionlar üçün də təsirsiz ötüşməyəcəyi dəqiqdir. Belə regionlar arasında hər zaman öz qeyri-sabitliyi ilə seçilən Balkan da var. Burada isə bəzi ekspertlərin fikrincə, Rusiyanın ilk və əsas hədəfi bölgənin ən kövrək halqası sayılan Bosniya və Herseqovina ola bilər. Müsəlman boşnakların, katolik xorvatların və pravoslav serblərin konfederasiyası olan Bosniya və Herseqovina daxilində son illərdə baş verən proseslər, xüsusilə etnik serblərin lideri Milorad Dodikin apardığı siyasətin təlatümlarə səbəb olması da yuxarıdakı pessimist proqnozlara səbəb olur.
Kreml ilə sıx əlaqələrə malik Dodikin son dövlərdə Bosniyanın daxili və xarici siyasətində oynadığı rol bəzi ekspertlər tərəfindən destruktiv hesab olunur. Belə ki, məhz onun sayəsində Bosniyanın xarici siyasətində müəyyən məhdudiyyətlər əmələ gəlib: məsələn, Bosniya digər Avropad dövlətləri kimi Kosovonun müstəqilliyini tanıya bilmir və onun NATO-ya gedən yolunda da maneələr mövcuddur. Daxili siyasətdə isə Dodik etnik serblərə aid Serb Respublikasının daha çox muxtariyyət əldə etməsinə çalışır, bəzi hallarda isə müstəqillik tələb edərək ümumilikdə Bosniya və Herseqovina konfederasiyasını məhv etməklə hədələyir.
Ukraynada müharibə başladıqdan sonra Bosniya və Herseqovinada cəmiyyətin və siyasətçilərin bir qismi Ukraynaya simpatiya bəsləsələr də, bu məsələ Sarayevonun rəsmi mövqeyində özünü əks etdirmir. Çünki yenə də məhz Dodikə görə Bosniya üçtərəfli prezidentlik institutu hər hansı müştərək xarici siyasi mövqe ortaya qoya bilmir.
Bosniyalı ekspert Harun Karçiçin də yazdığına görə Bosniyada bəziləri anlayır ki, əgər Ukrayna məğlub olsa və Rusiya daha da aqressivləşsə onun üçün Qərbi Balkan regionunda növbəti hədəf Bosniya ola bilər. Təsadüfi deyil ki, Rusiyanın ölkədəki səfiri İqor Kalabuxov da Sarayevonu hədələyərək onu NATO yolu seçməməyə çağırıb: “Əgər bu ölkə (Bosniya və Herseqovina) nəyinsə iştirakçısı olmaq qərarına gəlsə, bu, daxili işdir. Amma bizim reaksiyamız başqa məsələdir. Biz Ukraynanın timsalında gözləntilərimizi göstərdik. Təhlükə olarsa, reaksiya verəcəyik,” - deyə Kalabuxov bildirib. Başqa sözlə, açıq şəkildə Dodiki dəstəkləyən Kreml Avropanin digər bir bölgəsində Avropa Birliyi və NATO üçün yeni xaos yaratmaq məqsədilə Bosniya və Herseqovina konfederasiyasında daxili sabitliyi və ərazi bütövlüyünü pozmaq siyasətini həyata keçirə bilər.