Montrö Boğazlar Konvensiyası və Rusiya-Ukrayna münaqişəsində Türkiyənin mövqeyi
Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində Qara dəniz sahillərində alovlanan müharibə gözlənildiyi kimi Montrö Boğazlar Konvensiyasını (MBK) yenidən gündəmə gətirdi.
Qara dənizin dünya okeanına açılan yeganə qapısı olan İstanbul və Çanaqqala boğazlarındakı keçid rejimini müəyyən edən MBK bir əsrə yaxındır ki, Avropa dənizlərindəki güc balansını qoruyur. 1936-cı ildə qəbul edilən sazişdə Qara dənizə giriş və çıxışda 2 rejim müəyyən edilib: sülh və müharibə rejimləri. Müharibə rejimi isə 3 situasiyanı nəzərdə tutur – Türkiyənin müharibənin tərəfi olmadığı situasiya (19-cu maddə), Türkiyənin müharibənin tərəfi olduğu situasiya (20-ci maddə), Türkiyənin özünü müharibə təhdidi altında hiss etdiyi situasiya (21-ci maddə). Hər bir situasiyada boğazlardan keçidlərlə bağlı fərqli qadağalar və istisnalar mövcuddur.
Qara dəniz sahilindəki qanlı toqquşmaların 3-cü günündən etibarən Türk rəsmilər baş verənləri “müharibə” kimi gördüklərini, bu səbəbdən MBK-nin 19-cu maddəsində nəzərdə tutulan müharibə rejimini tətbiq edəcəklərini dilə gətirməyə başladılar. Türkiyənin tərəf olmadığı müharibələr zamanı Boğazlardan keçid rejimini müəyyən bu maddə müharibə edən dövlətlərin hərbi gəmilərinin Boğazlardan keçid etməsinə qadağa qoyur. Lakin bu qadağanın müəyyən istisnaları mövcuddur. Hazırkı situasiya ilə əlaqəli olan istisna isə hərbi gəmilərin qeydiyyatda olduqları limanlarına qayıda bilməklərinə icazə verilməsidir. Məsələn, Rusiyanın hazırda Aralıq dənizində üzən Qara dəniz limanına qeydiyyatlı hərbi gəmisi limanına qayıtmaq üçün Boğazlardan keçid edə bilər. Eyni şəkildə, hazırda Qara dənizdə üzən, ancaq Aralıq dənizindəki limana qeydiyyatda olan gəmilər də Boğazlardan keçid edə bilərlər.
Bu maddə hüquqi olaraq, müharibədə olan tərəfləri nəzərdə tutsa da, praktiki cəhətdən qadağanediciliyi Rusiyanın hərbi gəmilərinə təsir edir. Çünki Ukraynadan fərqli olaraq, Rusiyanın Qara dənizdən kənarda, Sakit Okeanı və Aralıq dənizi sahilində yerləşən hərbi donanma limanları var və 19-cu maddə həmin gəmilərin Qara dənizə keçidinə qadağa qoyur. Məlumata görə, Rusiya Ukraynaya müdaxiləsindən öncə Aralıq dənizi, Baltik dənizi və Sakit Okeanında yerləşən donanmalarına məxsus bir sıra hərbi gəmilərini də Qara dənizə keçirib. 19-cu maddə həmin gəmilərin geri qayıtmasına icazə versə də, əlavə dəstək üçün həmin donanmalarda qeydiyyatda olan başqa gəmilərin Qara dənizə daxil olması mümkün olmayacaq. Ona görə də, Boğazlardakı yeni rejimin təsirləri dərhal hiss edilməsə də, müharibə uzandıqca, xüsusilə Rusiyanın ən ciddi dəniz gücünə ehtiyacı olacağı təxmin edilən Odessa hücumunda nəzərə çarpacaq dərəcədə effektivliyini göstərəcək.
Bütün bu reallıqlar, Türkiyənin MBK vasitəsilə müharibədə Ukraynanı dəstəklədiyini, ancaq Rusiya ilə də münasibətlərini pozmamaq üçün bu dəstəyi hüquqi zəminə oturtmağa çalışdığı ilə bağlı şərhlər yaradır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın münaqişə ilə bağlı çıxışında nə Ukraynadan, nə də Rusiyadan imtina edəcəklərini vurğulaması Ankaranın balanslı siyasətini qorumaq niyyətində olduğunu göstərir. Məlum olduğu kimi son illərdə Türkiyə və Ukrayna arasında strateji müdafiə sənayesi başda olmaqla, bir sıra sferalarda çox geniş əməkdaşlıqlar qurulub. Bundan əlavə, Türkiyə həm də Ukraynanı açıq şəkildə dəstəkləyən NATO-nun üzvüdür və Ankaranın münaqişə ilə bağlı mövqeyi son illərdə Türkiyənin Qərb bloku ilə ciddi şəkildə pozulan münasibətlərinə müsbət təsir edə və strateji əhəmiyyətini artıra bilər. Ancaq eyni zamanda, Türkiyənin Rusiya ilə qarşılıqlı asılılıqda olduğu iqtisadi məsələlər, Liviya və Suriya kimi birlikdə həssas balans yaratdıqları münaqişə ocaqları mövcuddur. Bu reallıqlar da Türkiyənin Rusiyaya qarşı formalaşan sanksiya cəbhəsindən kənarda durmasını labüd edir.
Gələn il Türkiyə siyasi tarixinin ən vacib və rəqabətcil seçkilərindən birinin keçiriləcəyini nəzərə aldıqda, Ərdoğan hökumətinin xarici siyasətdə macəraçı addımlardan yayınacağını, münaqişənin nəticəsi açıq şəkildə bəlli olmadıqca çoxtərəfli balanslaşdırma kursunu davam etdirəcəyini proqnozlaşdırmaq olar.