Yaxın Şərqdə gərginlik: İsrail-Fələstin toqquşmaları

Yaxın Şərqdə gərginlik: İsrail-Fələstin toqquşmaları

Son günlərdə İsrail-Fələstin münaqişəsində gərginliyin pik həddə çatmasına şahidlik edirik: ilk gündəki münaqişə hər iki tərəfdən fələstinlilər və İsrail ərəblərinin çox sərt reaksiya göstərməsi nəticəsində Həmas-İsrail müstəvisindən çıxaraq etnik-dini toqquşmalara çevrilib.

Gərginliyin bu dərəcədə artmasının altında həm də illərdir toplanmış çox ciddi sosial narazılıq və məmnuniyyətsizlik yatır. Donald Tramp dövründə ABŞ-ın İsrail-Fələstin münaqişəsində tamamilə təktərəfli siyasi xətt tutması və regionun müsəlman ölkələrinin bu xəttə dəstək verməsi, Qüdsün İsrail paytaxtı kimi tanınması, İsrail-ərəb münasibətlərində yeni səhifə açan “İbrahim sazişi”ndə fələstinlilərin istəklərinin nəzərə alınmaması Fələstin daxilindəki etirazları “partlama” vəziyyətinə gətirmişdi. Daxildə toplanan bu etirazların etnik-dini qarşıdurmalar fonunda özünü büruzə verməsi təəssüf ki, qaçılmaz idi.

Digər tərəfdən, son münaqişənin gedişatı 12 il sonra ilk dəfədir ki, hökumət qurmaq haqqını əldən verən baş nazir Benyamin Netanyahunun siyasi karyerası üçün də həlledici olacaq. Lakin Netanyahunun problemləri təkcə siyasi məqamlarla da yekunlaşmır. Baş nazir haqqında korrupsiya və rüşvət ittihamları ilə məhkəmələr də davam edir. Belə olan halda, yaranmış böhran Netanyahu üçün son şans kimi görünür və baş nazirin qarşısında bu burulğandan uğurla çıxmaqdan başqa seçim yoxdur. Ona görə də, bir çoxları nəticələri nə qədər ağır olursa olsun, küncə sıxışdırılmış Netanyahunun mümkün olan bütün imkanlardan istifadə edəcəyinə şübhə etmir