ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarında geosiyasi məqamlar

14 dekabrda Türkiyənin müdafiə sənayesinə ABŞ tərəfindən bir sıra sanksiyalar tətbiq edilməsi barədə layihə rəsmiləşib. CAATSA proqramı çərçivəsində tətbiq ediləcək sanksiyalar Türkiyə-ABŞ arasında F-35\S-400 gərginliyinin növbəti raundunu təşkil edir.

Sanksiyaların əsas səbəbi kimi hərbi-texniki amillər ön plana çıxarılsa da, şübhəsiz ki, ABŞ-ın bu addımında çox ciddi geosiyasi məqamlar da mövcuddur. Rəsmi Vaşinqton, son illərdə xarici siyasətini Rusiya-ABŞ arasındakı rəqabət üzərində quran Ankaraya ilk ciddi xəbərdarlığını etdi. Məlum olduğu kimi, Obama Administrasiyasının son illərindən etibarən, Türk hökuməti ABŞ-la münasibətlərini “Rusiya ilə yaxınlaşmaq” təhdidi fonunda formalaşdırmağa çalışırdı. Artıq, Vaşinqton bu təhdidlərə qarşı ciddi addımlar ata biləcəyini göstərir və sanksiyalar paketinin gələcəkdə Türkiyənin daha “yumşaq nöqtəsi” olan iqtisadi sferaya doğru genişləndirilə biləcəyinə işarə edir. Beləliklə də, Birləşmiş Ştatlar Türkiyədən ABŞ və Rusiya ilə münasibətlərinə aydınlıq gətirməsini istəyir.

Buradakı digər önəmli məqam, Vaşinqtonun Türkiyəyə sanksiya tətbiq etməklə digər müttəfiqlərinə də xəbərdarlıq etməsidir. Çünki, xüsusilə Körfəz monarxiyaları, eləcə də Misir, Hindistan, Pakistan, Cənubi Koreya kimi ABŞ-la müttəfiqlik münasibətləri olan ölkələr də S-400 sisteminə maraq göstərir. Vaşinqton hətta Türkiyə kimi strateji önəmi çox yüksək müttəfiqinə qarşı sanksiyalar qoymaqla həm Rusiya ilə hərbi əməkdaşlıq qurmaq istəyən, həm də ABŞ-Rusiya arasında balans yaratmaq istəyən ölkələrə ciddi mesaj verir.