Rusiyanın Ukraynaya təcavüzünün arxasında duran əsas motivlər
Ukraynada münaqişə başlayandan bəri dünya siyasətində baş vermiş köklü dəyişikliklərin prizmasında, biz indi Moskvanı bu müharibəyə başlamağa sövq edən iki əsas motivin mürəkkəb qarşılıqlı əlaqəsini daha yaxşı başa düşə bilərik. Onlardan biri, Rusiyanın post-imperiya kompleksi və Ukraynanın Qərbə doğru dəyişməsi ilə yaranan ekzistensial təhlükə hissi ilə birbaşa əlaqəli olaraq nəzərdə tuturdu ki, öz fundamental maraqlarını qorumaq üçün Rusiya bu prosesləri əksinə döndərməli və Kiyevin “Rus aləminin"in qucağına geri qayıtmağa məcbur etməlidir. Bu qənaəti, müxtəlif fraksiyalar daxil olmaqla, bölüşən Rusiya elitasının əhəmiyyətli bir hissəsi, Ukrayna üzərində sürətli hərbi qələbəni təmin etmək və Ukraynanı yenidən Moskvanın nəzarətinə tabe etmək məqsədi daşıyan “xüsusi hərbi əməliyyat” ideyası ətrafında birləşmişdir.
Bununla belə, Rusiyanın elit dairələrində daha az yayılan və niş olan başqa bir düşüncə tərzi də mövcud idi. Aleksandr Duqin kimi insanların paylaşdığı bu ikinci növ rus imperializmi Moskvanın maraqlarının messianist/qlobalist anlayışına əsaslanır. Onun tərəfdarları Rusiya dövlətçiliyinin sivilizasiya xarakteri daşıdığını düşünərək, bütün soyuq müharibədən sonrakı qlobal nizamı Rusiyanın maraqlarına və kimliyinə əsaslı şəkildə düşmən olaraq görür və hesab edirdilər ki, Moskva öz suverenliyini təmin etmək və missiyasını yerinə yetirmək üçün məhz bu nizamı məhv etməyə və ya heç olmasa, darmadağın etməyə çalışmalıdır. Xatırladaq ki, 2011-ci ildə Duqin fəlsəfi/ideoloji yay düşərgəsində dünyanı mənəvi xilas etməkdən ötrü onu yandırmaq ideyasını təbliğ edən “Finis mundi” (Dünyanın sonu) adlı bir tamaşa nümayiş etdirdi. Qlobal nüvə müharibəsi ilə bağlı bütün bu aludəçilik, Putinin məşhur “Onlar (Qərb) məhv olacaq, biz isə cənnətə gedəcəyik” ifadəsi bu dünyagörüşü ilə səsləşirdi. Ancaq 2022-ci ilə qədər sözügedən düşüncə tərzi marjinal qalırdı.
Rusların ilkin cəhdi Ukraynada uğursuzluğa uğradıqda və Kiyevin fəthi, hətta daha məhdud hərbi nailiyyətlərin qeyri-mümkünlüyü aydınlaşdıqda, Kreml çox çətin dilemma ilə üzləşməli oldu. Kreml, heç nə dəyişməmiş kimi müharibəni davam etdirə bilməzdi, çünki bu, yalnız fəlakətli və alçaldıcı məğlubiyyətlə nəticələnəcəkdi. Bununla belə, müharibəni cüzi qazanclarla, çoxlu beynəlxalq sanksiyalar və böyük işçi qüvvəsi və texnika itkisi ilə başa vurmaq da məğlubiyyət kimi qəbul ediləcəkdi. Beləliklə, Moskva bu kampaniyada öz taktikasını heç bir tərəfin həlledici irəliləyişə nail ola bilməyəcəyi uzunmüddətli mövqe müharibəsinə doğru dəyişməli oldu. Xersondan və Xarkov vilayətinin işğal olunmuş ərazilərindən geri çəkilmək məcburiyyətində qaldıqdan sonra general Surovikinin komandanlığı ilə rus ordusu Ukrayna cəbhəsi boyunca nəhəng müdafiə xətləri quraraq, cəbhəni az-çox sabitləşdirməyə nail oldu. Həmin xətlər bu yay Ukraynanın əks-hücumunun böyük səylərinin tükədilməsində həlledici rol oynadı, bu isə indiyədək Ukrayna üçün əhəmiyyətli nailiyyətlər gətirə bilməyibdir və Qərbin yardım imkanlarını tükətmək təhlükəsini yaratmışdır.
Lakin bu taktika kifayət qədər rasional olsa da, Rusiyanın strateji maraqları baxımından daha geniş əsaslandırmaya malik deyildi. Bunların ardınca Kreml Duqin kimi insanlara yönəldi (o, şəxsən olmaya da bilərdi - Duqinin ideyaları artıq bir müddətdir ki bir sıra rus strateqlərinin ağlına yatmışdı). İdeya çox orijinal və qeyri-ənənəvi idi: Moskva müharibəni uzatmaq və intensivləşdirməklə Qərbi bütün resurslarını Ukraynaya kömək etmək səylərinə xərcləməyə məcbur edərək və bununla da mühüm sosial-iqtisadi problemlərə səbəb olaraq Qərb ölkələrində (xüsusən də Avropada) bu misli görünməmiş dəstəyə qarşı güclü ictimai hərəkətin formalaşmasına zəmin yaratmaq istədi. Əslində, biz son vaxtlar bu proseslərin müəyyən əlamətlərinin şahidi oluruq: Polşa bu yaxınlarda Ukraynaya hərbi yardımı dayandıracağını söz verib, bir sıra ölkələrdə isə Qərbin dəstəyinin miqyasını tənqid edən partiyalar populyarlıq qazanır; Slovakiyada bu fikri bölüşən partiya hakim koalisiya yaratmaq üzrədir.
Həmin strategiyanın gözlənilən digər təsirlərinə yeni miqrasiya böhranlarının başlaması, anti-Rusiya sanksiyalarından qaynaqlanan qlobal iqtisadi və logistika pozuntularından, eləcə də “Qlobal Cənub” adlandırılan qeyri-Qərb dünyasında dərin kök salmış sistemik bərabərsizliklərdən və ümumulikdə, Qərbin yaratdığı dünya nizamından olan narazılıqlardan istifadə etməklə onlara qarşı qlobal üsyan xarakterli proseslərin qızışdırılması da daxildir. Konvensional müharibə və ilhaqlar ideyasını de-fakto normallaşdırmaqla Rusiya dünyada müxtəlif dondurulmuş və həll olunmamış münaqişələrin alovlanmasına və intensivləşməsinə səbəb olacaq zəncirvari reaksiyaya səbəb ola biləcəyinə ümid etmiş ola bilərdi. Bütün bu proseslərin məcmu təsiri, yekun hesablamada, qlobal nizamı pozmaq və ya ən azı onun əsas faydalananlarına müəyyən dərəcədə zərər vermək idi ki, onlar Rusiyanın şərtlərini qəbul etməli və Moskvanın ona lazım olduğuna inandığı şeyi- super güc statusunu ona verməli olsunlar. Beləliklə, bu hesablamalar sonda o qədər də səhv olmaya bilər.