Rusiya-Ukrayna böhranı fonunda İtaliya və Azərbaycan enerji sahəsində əməkdaşlığı artırır
Post-pandemiya dövründə enerji qiymətlərinin qlobal artımı bütün dövlətləri tədarük zəncirlərini gücləndirməyə sövq etdi. Bundan əlavə, 2022-ci ilin əvvəlindən Moskva Ukrayna marşrutu ilə Avropaya nəzərdə tutulan qaz axınını demək olar ki, iki dəfə azaldıb. Bu addım isə Avropanın enerji təhlükəsizliyinə ciddi təhlükə yaradıb. Bu baxımdan İtaliyanın Bakı ilə imtiyazlı əlaqələrindən istifadə edərək Xəzər dənizindəki Şahdəniz hövzəsindən Cənubi İtaliyaya təbii qazın Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə nəqlini artırmaq şansı var.
Fevralın 1-də İtaliyanın xarici işlər nazirinin müavini Manlio Di Stefano ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında telefon danışığı baş tutub. Danışığın məqsədi hazırda potensialının 80%-i ilə çalışan Trans-Adriatik Boru Kəmərinin (TAP) maksimum gücünə çatdırılması olub. Nazir Şahbazov qazın orta və uzunmüddətli perspektivdə alınması üçün Romanın dəqiq öhdəlik götürməsi şərtiylə İtaliyaya qaz tədarükünün artırılmasına razılıq verib. Bununla əlaqədar olaraq, dövlət katibinin müşaviri Di Stefano İtaliya şirkətlərinin Azərbaycan qazı ilə işləmək istəyini yoxlamaq üçün bazar sınaqlarının aparılacağını təsdiqləyib. Daha sonra İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Di Stefano bildirib ki, İtaliyanın niyyəti tədarüklərini daha da şaxələndirmək və Rusiyadan asılılığı azaltmaq üçün TAP qaz axınını 7 milyard kubmetrdən 10 milyard kubmetrə çatdırmaqdır.
İtaliya istehlak etdiyi enerjinin 95%-dən çoxunu idxal edir. Ötən ay İtaliyada qaz ödənişləri dəfələrlə artmış və bir çox ailəyə ciddi ziyan dəymişdir. Bu isə İtaliyanın etibarlı enerji təchizatçılarına ehtiyacını daha da qabarıq göstərir. Bu baxımdan, Bakı və Roma arasındakı ənənəvi möhkəm əlaqələr İtaliya üçün təhlükəsiz istinadgah təşkil edir, çünki Azərbaycan enerji bazarlarını məhrum qaldıqları rəqabətqabiliyyətli və sərfəli qaz təchizatı ilə təmin etmək iqtidarındadır. Həqiqətən də, getdikcə artan qaz ödənişlərinin azaldılması TAP sayəsində mümkün olacaq.
Rusiya-Ukrayna böhranı və Rusiyanın Qərbdən daha da uzaqlaşması təbii olaraq Azərbaycan və İtaliya arasında tərəfdaşlığı gücləndirir və Azərbaycanın bütün Avropa İttifaqı nəzdində strateji əhəmiyyətini artırır. Məhdudlaşdırıcı geosiyasi mühit Azərbaycanı Avropanın enerji təchizatının diversifikasiyası strategiyasında getdikcə daha da əsas fiqura çevirir. Bundan əlavə, təbii qaz Avropa ölkələrinin həyata keçirdiyi karbonsuzlaşdırma və enerji keçidini təmin edən əsas elementdir. Buna görə də, yaxın gələcəkdə Azərbaycanla Qərb arasında enerji məsələlərində daha sıx əməkdaşlıq gözlənilir.