Özbəkistan Avrasiya proseslərində daha iddialı rolda

Özbəkistan Avrasiya proseslərində daha iddialı rolda

Avrasiya nəqliyyat layihələrinin inkişafı və Əfqanıstandaxili proseslərin dinamikasına görə beynəlxalq diqqət Mərkəzi Asiyaya yönəlmişdir. Bu bölgədə məhz Özbəkistan nəqliyyat-kommunikasiya layihələrinin təşviqində və regional təhlükəsizliyin təmin olunmasında öncül rol oynamağı qarşısına məqsəd qoymuşdur.

Mərkəzi Asiyanın mərkəzi dövləti olan Özbəkistan, Şərq və Qərb, Şimal və Cənub arasında körpü rolunu oynayacaq qədər böyük potensiala malikdir. Özbəkistan hökumətinin son addımları da bu kontekstdə qiymətləndirilməlidir. Daşkəndin təşəbbüsü və ev sahibliyi ilə təşkil olunmuş “Mərkəzi və Cənubi Asiya: regional kommunikasiya. Çağırışlar və imkanlar” beynəlxalq konfransı (15-16 iyul) Özbəkistanın regional və qitə əhəmiyyətli nəqliyyat infrastrukturunun təmin edilməsində Mərkəzi və Cənubi Asiyada daha iddialı rol oynamaq niyyətlərindən xəbər verir.

Özbəkistan ikiqat dəniz yolu olmayan (double landlocked) bir ölkə olaraq dənizə çıxış ehtiyacı duyur. Bu ehtiyac Pakistanın dəniz limanları vasitəsilə təmin edilə bilər. Bu iki ölkə arasındakı əlaqə Əfqanıstan vasitəsilə həyata keçirildiyindən, Özbəkistan Əfqanıstandaxili proseslərdə maraqlı tərəfə çevrilir. Regional təhlükəsizlik arxitekturasında daha fəal rol oynamaq üçün Özbəkistan Əfqanıstan, Pakistan və ABŞ ilə birlikdə Əfqanıstanda sülh və sabitliyin dəstəklənməsi və regional ticarət və işgüzar əlaqələrin inkişaf etdirilməsi məqsədilə yaradılmış dördtərəfli diplomatik platformanın da təsisçisi olmuşdur.