Gürcüstanın “bitərəfliyi” və Cənubi Qafqazın yeni “infrastruktur” reallığı

Gürcüstanın “bitərəfliyi” və Cənubi Qafqazın yeni “infrastruktur” reallığı

Əvvəlcə, ondan başlayaq ki, 11 yanvarda Moskvada baş tutmuş üçtərəfli görüşdə göstərilən nəqliyyat və infrastruktur layihələri hələ də tam işə başlamaqdan və "təhlükəsiz rejimdə" fəaliyyət göstərməkdən uzaqdır. Nəzərdə tutulan bu layihələr rus "sülhməramlıların" Qarabağdakı davranışları, Moskvanın Bakı və ya Ankaranın maraqlarını nəzərə alıb-almaması və Kreml daxilində Qarabağla bağlı fikir ayrılıqlarının olub-olmamasından asılıdır. Görünən odur ki, Moskvadakı danışıqlar heç də asan olmayıb və iki- / üçtərəfli danışıqların sırf iqtisadi hissəsi heç kimi yanıltmamalıdır. Başqa sözlə, Gürcüstanın yeni çağırışlara və risklərə "hazırlaşmağa" və cavab verməyə vaxtı var.

Aydındır ki, barəsində danışılan yeni nəqliyyat xətlərinin tam şəkildə işə salınması halında Bakı-Tiflis-Qars (BTQ) marşrutunun rolu azalacaq, köməkçi və ya alternativ yol rolu daşıyacaq. Bu, Rusiya üçün də alternativdir, çünki Rusiyanın BTQ-yə qoşulması Cənubi Qafqazdakı yeni nizamdan əvvəl də nəzərdə tutulurdu. Bu məsələnin Gürcüstan iqtisadiyyatına çox da böyük təsiri olmayacaq. 

Abxaziyadan Ermənistana gedən dəmir yolunun vəziyyəti daha maraqlı bir situasiya yaradır. Bir tərəfdən, yeni magistral yolların tam istifadəyə verilməsi həm Rusiya, həm də Ermənistan üçün yolun Abxaziya hissəsinin önəmini azaldır. Kreml "sakitləşə" və bu baxımdan Tiflisə təzyiqi zəiflədə bilər. Lakin bu, çox sadələşdirilmiş bir ssenaridir. Əksinə, Kreml ən çətin regional münaqişənin - Qarabağ konfliktinin həllindəki "konstruktiv rolu"nu önə çəkərək Tiflisi də himayəsi altındakı "qarşılıqlı faydalı regional layihələrə" cəlb etməyə çalışacaq. Məqsəd Gürcüstanı Rusiyanın maraq dairəsinə qaytarmaq və Tiflisin Avropa və Avroatlantik istəklərini dağıtmaqdır. Bu baxımdan, müəyyən vəziyyətlərdə həm İrəvan, həm də (rus “sülhməramlı” qarmağına ilişmiş) Bakı Moskvanın situasiya üzrə müttəfiqləri olacaq. Burada söhbət hansısa proqnozlardan, onların işləyib-işləməyəcəyindən deyil, Kremlin bundan sonrakı hərəkətlərinin məntiqindən gedir.
 
Belə bir vəziyyətdə Tiflisin AB / NATO ilə daha yaxınlaşmasının Kreml tərəfindən sərt müqavimət doğuracağı da aydındır. Gürcüstanın bu cür təşəbbüslərinin uğuru daha çox Türkiyənin NATO-dakı mövqeyindən asılı olacaq. Ümumiyyətlə, Tiflis hal-hazırda regionda gedən proseslərə bitərəf qalmağa davam edir. Həm onlara təsir imkanlarının məhdud olması, həm də daxili siyasətdə uzanmış anabioz səbəbindən… 

İlk dəfə burada dərc olunmuşdur.