Rusiyanın Belarus böhranında son həmləsi

Belə görünür ki, Rusiya tədricən hazırki prezident Aleksandr Lukaşenkonu dəstəkləməyə meyllənir. Rusiya lideri Vladimir Putinin “Rossiya” kanalına (əslində bunun özü də qeydə dəyər faktdır) verdiyi müsahibəsində “Belarusun məsələlərinə qarışmaq istəyən qüvvələr”ə qarşı mənfi münasibət bildirib və Lukaşenkonun etiraz hərəkatının “radikalların sızdırıldığı” və “manipulyasiya edilmiş” kimi qiymətləndirməsini təkrarlayıb. Bu da məlumdur ki, Belarusun dövlət telekanallarından jurnalistlərin kütləvi istefasından sonra şovinist vətənpərvər və siniklik kimi bariz rus üslubunda xəbərlər yayan bir qrup rus jurnalistin və “siyasi texnoloqlar”ın Minskə göndərilmişdir. Bir çox ekspertlər son illərdə Rusiyanın təşəbbüslərinə qarşı çıxan liderə Moskvanın kömək edərək Belarus cəmiyyətində düşmən münasibət qazanacağını gözləmirdi: lakin Qərb konspirasiyasına qarşı dayanmağa əsaslanan bipolyar məntiq Kremldə daha çox populyarlaşır. Hətta həddindən çox sekulyar olan Belarus üçün o qədər də əhəmiyyət kəsb etməyən pravoslav-katolik qarşıdurması belə tarixin rəflərindən götürülərək gündəliyə salınmışdır. 

Əslində, bu hal Rusiyanın xarici siyasətini ümumilikdə nəzərdən keçirmək üçün maraqlı keys yaradır. Etirazlar başlanandan sonra ilk günlərdən rasional yanaşma Moskvanın belarusluların ikrahını qazanmış və Rusiyanın tələblərinə tabe olmadığı kimi həmişə Kremldən məsafəsini qorumağa çalışan prezidentə dəstək verməsində heç bir məntiqin olmadığını göstərir. Bundan əlavə, Krımdan sonra öz güc mənbəyini genişləndirmək və Moskva ilə digər bir mübahisə zamanı daxili dəstək əldə etmək üçün Lukaşenko qərbyönümlü və milliyətçi çevrələrlə yaxınlaşmışdı. Kreml hazırda rus dilinin aradan qaldırılaraq (Moskva tərəfindən ikinci dərəcəli yerli dil kimi görünən) Belarus dili ilə  əvəz olunmasını istəyən “anti-rus milliyyətçiləri” haqqında öz narahatlığını ifadə etsə də, 2014-cü ildən bəri Lukaşenko hökumətinin Belarus dilini ictimai sektora qaytarmaq üçün müxtəlif addımlar atdığı və hazırda etirazçıların rəmzinə çevrilmiş ağ-qırmızı-ağ bayraqları uzunmüddətli qadağadan sonra de-fakto olaraq qanuniləşdirdiyi danılmaz faktdır. Eyni zamanda, Ukraynadan fərqli olaraq Belarusda güclü anti-rus ab-havasının olmaması Moskvanın xüsusilə də Lukaşenkoya əks olan müxalifətə və nəticədə onun maraqlarına uyğun hökumətə dəstəyini şərtləndirir. Bütün bunlara baxmayaraq, Moskva seçkidən öncə Rusiya kartı ilə oynayan (hətta ölkənin şərq regionlarında “hərbi səfərlikdən”dan danışan) və hakimiyyətdə qalmaqdan ötrü xarici təhlükəni arqument kimi istifadə etməyə meyilli olan Lukaşenkonu dəstəkləmək variantını seçdi.

Görəsən bu seçimin səbəbi nədir? Xarici siyasətə olan “sosioloji” yanaşma bu əsnada faydalı ola bilər. Daha çox yaşlı insanlardan ibarət, əksərən yeni trendlərlə tanış olmayan və qorxan, Sovet dönəminin dərin kök salmış nostalgiyasına sığınan Rusiya elitası üçün Lukaşenko və onun bənzərləri ilə sövdələşmək daha asandır. Kütləvi dəstəyə arxalanan, rus həmkarları ilə şəxsi təcrübəni və normativ dili bölüşməyən gənc nəsil siyasətçilərə sadəcə kimliklərinə görə etimad olunmur və Qərb ölkələrindən gələn istənilən dəstək bəyanatı Rusiya istebleşmentində bu şübhələri “təsdiqləyir”; hətta müxalif liderlərin Moskvaya öz səmimiyyətini elan etməsindən asılı olmayaraq. Bundan əlavə, Belarus hökumətinin kütləvi təzyiqlər səbəbiylə əvəz olunması Moskvanı qıcıqlandıran faktordır; belə halda ölkənin xarici siyasəti daha şəffaf olar, strateji oriyentasiya ilə bağlı seçimlərin zamanla aradan qalxması isə gələcəkdə hətta qərbyönümlü namizədin seçilməsi mümkün ola bilər. Nəticədə, Qərbdən fərqli olaraq Rusiya daha uğurlu informasiya təxribatı və propoqanda təcrübəsinə baxmayaraq heç vaxt rəğbətlə qarşılanan elitanı üzə çıxarmaq kimi uzunmüddətli işlər görmür. Buna görə də yumşaq gücə arxalanan siyasət köhnə müttəfiqə dəstək vermək məsələsi önə çıxanda bitir.