Təkrarlanan cəhdlər: Bayden - Suqa zirvə görüşü
Sələfləri Obama və Trampdan qalma ənənəni davam etdirən Baydenin də görüşdüyü ilk xarici dövlət başçısı Yaponiyanın baş naziri oldu. Aprelin 16-da Ağ Evdə ABŞ prezidenti Co Bayden ilə Yaponiyanın Baş naziri Yoşihide Suqa arasında baş tutan zirvə görüşündə müzakirə olunan məsələlərin mərkəzində yenə Çin dururdu. Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin ilk xarici diplomatik səfərlərini mart ayında Yaponiyaya etmişdilər. Tokyo səfərinin təşkilindən bir az əvvəl prezident Bayden ilk çoxtərəfli görüşü çərçivəsində Yaponiya, Hindistan və Avstraliya kimi Hind-Sakit okean regionunun aparıcı ölkələrinin dövlət başçıları ilə virtual formatda “QUAD” sammitində iştirak etmişdi. Sözügedən hər iki görüşdə Çinin regionda artan iqtisadi və siyasi gücünə qarşı effektiv və davamlı əməkdaşlıqların qurulmasının önəmi vurğulanmışdı. Bayden Oval Ofisə gələn gündən bəri reallaşdırdığı təktərəfli və çoxtərəfli görüşlərin əsas müzarikə predmetlərindən biri məhz Çin olmuşdur. Fevralın 24-də Baydenin Kanadanın baş Naziri Trudaeu ilə virtual formatda həyata keçirdiyi ilk görüşündə də müzakirə edilən iki əsas mövzudan biri Çin idi.
Sabiq ABŞ prezidenti Donald Trampın dönəmində müttəfiqlər arasında korlanmış münasibətlərin yenidən bərpası və Şərqi Asiyada strateji ittifaqların və regional inteqrasiya əməkdaşlıqlarının dirçəlməsi kimi dəyərləndirilən Bayden-Suqa zirvə görüşündə Çinin regiondakı geosiyasi həmlələri, Şərqi və Cənubi Çin dənizlərindəki ekspansiya siyasəti, Tayvan boğazındakı hərbi aktivliyi, Honq-Konqun daxili işlərinə müdaxiləsi, Sincandakı insan hüquqlarının pozulması, habelə Şimali Koreya məsələsi, “Azad və açıq Hind-Sakit okeanı” təşəbbüsü, iqlim dəyişikliyi, yüksək texnologiyalar və təhlükəsizlik sahəsində birgə əməkdaşlıqlar kimi mövzuların ətrafında danışıqlar aparılıb.
Adı çəkilən məsələlərdə müttəfiqləri ilə birgə hərəkət edəcəklərini açıqlayan Bayden regionda özünə ən yaxın müttəfiq hesab etdiyi Yaponiyanın “azad və açıq Hind-Sakit okeanı” təşəbbüsünü dəstəkləyəcəyinə və Çinin bölgədə artan gücünə və aqressiyasına qarşı qəti mövqe nümayiş etdirəcəyinə əmin olduğunu bildirib. Öz növbəsində, yapon nazir Suqa da Cənubi və Şərqi Çin dənizlərindəki status-kvonu dəyişəcək hər hansı gücə qarşı birgə addımların atılacağını bildirib.
1969-cu ildən bəri ABŞ-Yaponiya arasında hökumət başçıları səviyyəsində müzakirə predmeti olmayan Tayvan məsələsi də bu dəfəki Ağ Ev sammitində ən çox diqqət yetirilən mövzulardan biri oldu. Qeyd edək ki, dörd gün öncə də Çin tərəfi öz əyaləti kimi gördüyü Tayvana aid hava sərhədlərini yenidən pozmaqla gündəmə gəlmişdi. Çinə aid qırıcı təyyarələrin növbəti dəfə Tayvanın hava sərhədlərini pozması və adaya qarşı artan hərbi, siyasi və iqtisadi təzyiqlərin regiondakı sabitliyin və sülhün pozulmağına xidmət etdiyi bildirilib.
Sözügedən sammitdə səsləndirilən bütün ittihamlara qarşı çıxan rəsmi Pekin isə ABŞ və Yapon hökumət başçılarının vurğuladıqları məsələləri Çinin daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib.
ABŞ - Çin ticarət müharibəsinin əsas mübarizə predmetlərindən biri olan müasir texnologiya - süni intellekt, robotlaşma və informasiya-kommunikasiya texnologiyaları sahəsində də əməkdaşlıq edəcəyini bəyan edən tərəflər, hazırda tədarükündə ciddi sıxıntılar yaşanan yarımkeçirici çip təchizat zəncirinin təkmilləşdirilməsinə xüsusi diqqət ayıracaqlar. Birgə bəyanatda 5G telekommunikasiya texnologiyasının inkişafı və rəqabət qabiliyyətinin artırılması üçün ABŞ tərəfi 2.5 milyard dollar, Yaponiya tərəfi isə 2 milyard dollar həcmində maliyyə ayıracaqlarını bildiriblər.
Ötən ay iki ölkənin nazirləri arasında “2+2” formatında baş tutan Tokyo görüşü ilə eyni məzmun daşıyan Bayden-Suqa zirvə görüşündən sonra müsahibə verən Yaponiyanın baş naziri Çinlə insan hüquqları və demokratik dəyərlər mövzusunda danışıqların aparılmasının labüd olduğunu, lakin eyni zamanda da Pekin ilə balanslı və konstruktiv münasibətlərin qurulmasının zəruri olduğunu bildirib.
Dünya siyasətinin əsas dinamiklərindən biri olmağa davam edən ABŞ - Çin qarşıdurması son illərdə bir çox region ölkələrini geosiyasi dilemma qarşısında qoymağa davam edir. ABŞ - Çin xətti üzrə siyasi-iqtisadi rəqabətin daha da mürəkkəb və təhlükəli hal aldığı bir dönəmdə milli maraqlarını və təhlükəsizliyini təmin etməklə Birləşmiş Ştatlarla strateji müttəfiqliyini qorumağa çalışan rəsmi Tokyo, eyni zamanda Çin ilə sosial-iqtisadi inteqrasiyanı dərinləşdirməklə həm özünün, həm də regionun iqtisadi rifahının artmağında maraqlıdır. Qeyd edək ki, ABŞ Yaponiyanın Çindən sonra ikinci ən böyük ticarət partnyorudur.
İqtisadi durğunluğun yaşandığı və pandemiyanın fəsadlarının aradan qaldırılmağa çalışıldığı bu ərəfələrdə rəsmi Tokyo ən mühüm ticarət tərəfdaşlarından biri olan Çinlə əlaqələrinin korlanmasının tərəfdarı deyil. Belə ki, Fukuşima faciəsinin ağrısını hələ də yaşayan Gündoğan ölkənin iqtisadi vəziyyəti ürəkaçan deyil. Bundan əlavə, pandemiya səbəbiylə ötən il ləğv edilən Tokyo Yay Olimpiya Oyunlarının cari ildə də keçirilməmə ehtimalı var ki, bu da Yaponiya iqtisadiyyatının 3 milyard dollar gəlirdən məhrum olması deməkdir. ABŞ-a görə isə Çinlə yaşanan gərginliyin öhdəsindən gələ bilmək üçün müttəfiqlərinin siyasi və iqtisadi müstəvidə dəstəkləri vacibdir. Bu halda Vaşinqton Yaponiya ilə yanaşı ASEAN ölkələri, Cənubi Koreya, Hindistan və Avstraliyadan da yuxarıda sadalanan məsələlərlə bağlı qəti mövqe ortaya qoymasını gözləyəcək.