Bağla

TƏHLİL

Cəbrayıl necə azad edildi?

04-10-2021, 03:45   2298
Cəbrayıl necə azad edildi?

2018-ci ildə Nikol Paşinyanın baş nazir seçilməsindən sonra istifadə etdiyi sözlər və hərəkətlər Azərbaycanla Ermənistan arasında münasibətləri xeyli gərginləşdirmişdi. 2018-ci ilin may ayında Ermənistan Baş naziri Nikol Paşinyanın “DQR”-in münaqişədə tərəf olaraq iştirakı barədə sözləri, 2019-cu ilin may ayında Şuşada nümayişkəranə rəqsi, 2019-cu ilin avqustunda Xankəndidə olduğu zaman istifadə etdiyi “Qarabağ – Ermənistandır” ifadəsi, elə həmin ay Ermənistan müdafiə naziri David Tonoyanın işlətdiyi “yeni müharibə – yeni ərazilər” tezisi dövlətlər arasında gərginliyi artırmışdı. 2020-ci ilin iyulundakı Tovuz döyüşləri isə onsuz da gərgin olan münasibətləri daha da pisləşdirdi. Rusiya XİN başçısı Sergey Lavrov Tovuzda baş verən eskalasiyanı Ermənistanın həyata keçirdiyini qeyd etmişdi. Bu döyüşlərdə general-mayor Polad Həşimovun öldürülməsi eyni zamanda əhalidə də güclü qəzəb dalğası formalaşdırmışdı. 14 iyulda əhalinin Bakı daxil, bütün ölkədə hökumətdən müharibə tələbi sonda nəticəsiz qalmadı. Hər nə qədər Azərbaycan hökuməti müharibənin başlanma səbəbi kimi 27 sentyabrdakı təxribatı göstərsə də, müharibəyə hazırlıq artıq avqust ayından başlanmışdı.

 

Hərbi əməliyyatların başlaması

Azərbaycan rəsmi olaraq hərbi əməliyyatların başlamasını səbəbi olaraq erməni ordusunun səhər saatlarındakı hərbi təxribatı ilə əlaqələndirir. Azərbaycan MN-in 07:30 radələrində açıqladığı ilk məlumatda deyilir: “Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı  kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.” Azərbaycan MN-in 09:10 radələrində ikinci məlumatı isə müharibənin başladığını göstərirdi: “Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.” 27 sentyabr saat 11:00-da Dağlıq Qarabağ separatçılarının rəhbəri Arayik Arutyunyan təcili olaraq parlamenti çağırdı və “respublikada” hərbi vəziyyətin tətbiq olunduğunu elan etdi. Arutyunyan Xankəndidəki məlumat qərargahında keçirdiyi brifinqdə səfərbərliyin başladığını və ilk qrupların artıq cəbhə bölgəsinə göndərildiyini söylədi. Elə həmin gün verilən məlumata görə erməni diasporu 10 min nəfərlik könüllü ordunun toplanmasına başlamışdı. Azərbaycan ordusu əsasən iki istiqamətdə hücum əməliyyatı aparırdı. Şimaldakı ordu qrupuna 1-ci korpusun komandiri, general-mayor Hikmət Həsənov, cənubdakı ordu qrupuna isə iki hərbi qrupdan ibarət general-mayor Hikmət Mirzəyev və general-mayor Mayis Bərxudarov komandanlıq edirdi. Prezidentin mətbuat xidməti cənubdakı bölmələri birləşmiş bir korpus olaraq qeyd edir. Hücumun əsas istiqaməti Cəbrayıl-Füzuli idi.  Bu qüvvələr general-polkovnik Kərəm Mustafayevin ümumi komandanlığı altında idi. Bu ərazinin şimal ilə müqayisədə daha az dağlıq və hücum əməliyyatları üçün daha əlverişli olması əsas amil rolunu oynayırdı.  Rusiyalı hərbi ekspert Mixail Xodaryonokun sözlərinə görə, Azərbaycan hücum əməliyyatını diqqətlə planlaşdırmış və hazırlamışdı. Erməni mətbuatı Bakıdakı qərargahda üç yüksək rütbəli türk generalının kampaniyanın planlaşdırılması və aparılması ilə məşğul olduğunu iddia edirdi, lakin bu iddia sübut olunmadı. ABŞ ordusunun təqaüddə olan zabiti Eduard Erikson da əməliyyatın türk zabitləri tərəfindən hazırlandığını inandırıcı hesab etmir: “Çox güman ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı türklərdən həqiqətən də məsləhət alırdı, ancaq türklərin  kampaniyada iştirak etmələri ehtimalı çox azdır.

Azərbaycan ordusu hücumun ilk günündə 1-2 istiqamətdə cəbhəni yara bildi. Saat 16:30 radələrində Azərbaycan ordusu Cəbrayıl istiqamətində Böyük Mərcanlı və Nüzgar kəndlərinə daxil oldu. Eyni vaxtda Füzulinin də 4 kəndi işğaldan azad olundu. Azərbaycan Müdafiə Nazirliyinin məlumatı dərhal Dağlıq Qarabağ və Ermənistanın müdafiə nazirlikləri tərəfindən təkzib edildi. Rəsmi məlumatda deyilir: “Azərbaycan Müdafiə Nazirliyinin Qarabağ münaqişəsi zonasındakı altı kəndə nəzarəti geri qaytarması ilə bağlı açıqlaması reallığa uyğun deyil.” Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan öz “Feysbuk” səhifəsində 6 kəndin azad edilməsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyinin bəyanatını istehza ilə şərh edirdi: “Altı kənd, buna 10 şəhər də əlavə edin. Bəli, lənət olsun, heç olmasa Füzuli şəhərinin düzgün fotoşopunu düzəltməyini öyrənmədiniz”.

Kəndlərin azad edilməsi barədə rəsmi açıqlama verilsə də, onlara aid görüntülər təqdim edilmədi. İlk gündə bir istiqamətdə müdafiə xətti yarılsa da növbəti günlərdə ordu digər istiqamətlərdə ciddi çətinliklərlə üzləşdi. Bir neçə gün ərzində Azərbaycan hücumu öz xeyrinə çevirə bilmədi və döyüşlər təmas xətti boyunca gedən bölgələrdə aparıldı. Aviasiya ilə ağır formada bombalanan və çox böyük itkilər verən erməni ordusu dirənməyə davam edirdi. Müharibənin ikinci günü Cəbrayıl istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artileriya rəisi polkovnik Karen Babayan öldürüldü.  Buna baxmayaraq, inadlı müqavimət davam edirdi. Bu xüsusən xarici hərbi ekspertlərdə müharibənin bir neçə günə başa çatacağı və Azərbaycan hücumunun ümumilikdə məqsədinə çatmadığı barədə fikirlər formalaşdırmışdı. Xodaryonok qeyd edir: “Azərbaycan ordusu 5 gündə istədiyi heç bir tapşırığı yerinə yetirmədi. İlham Əliyev "qızıl vaxt"ı qaçırtdı. Füzuli və Ağdərəni tutmaq kimi əhəmiyyətli nəticələr olmadığına görə düşünürəm ki, hücumun surəti zəifləyib, 2–3 gün ərzində də bu dəyişməsə müharibə bitəcək.”  Ancaq bu açıqlama veriləndən 1 gün sonra Azərbaycan ordusu həm şimalda, növbəti gün isə cənubda cəbhəni yara bildi. 3 oktyabr saat 22:31 radələrində Azərbaycan prezidenti İlham Əliyev “Tvitter” hesabında Cəbrayıl istiqamətində cəbhənin yarılması barədə xəbər paylaşdı: “Bu gün Azərbaycan ordusu Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini azad etmişdir. Qarabağ – Azərbaycandır.” Beləcə, cəbhə xəttini Araz boyunca yaran Azərbaycan ordusu cəbhədən 20 km uzaqlıqda olan Cəbrayıl şəhərinə doğru irəliləməyə başladı.

 

Erməni ordusunda panika və fərarilik

Cəbrayıl istiqamətində cəbhənin yarılması və ağır itkilər erməniləri ruhdan salmışdı. Ordu ilə hökumət arasında ciddi narazılıq artıq müharibənin üçüncü günündə özünü göstərirdi. 30 sentyabrda Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan hökumətə müharibənin tezliklə dayandırılması barədə müraciət etdi: “Müharibənin dördüncü günü Təhlükəsizlik Şurasının iclasında itkilərimizi, Silahlı Qüvvələrin qiymətləndirməsini təqdim etdim və qeyd etdim ki, 2-3 gün ərzində müharibəni dayandırmaq üçün bir sıra tədbirlər görmək lazımdır. Əgər müharibəni dayandırmasaq resurslarımız qısa müddətdə tükənəcək və hər keçən gün danışıqlar prosesi üçün daha əlverişsiz şərtlərimiz olacaq.” Dövlət Təhlükəsizlik Xidməti isə bu bəyanatla əlaqədar Qasparyanın 30 sentyabr 2021-ci il tarixli hesabatın transkriptindən bəzi hissələri təqdim edir, burada Qasparyan deyirdi: “Cənab Baş nazir, vəziyyət taktiki olaraq dəyişməyib, yəni düşmən irəliləməyib. Hər halda bizim ordu öz vəzifəsini yerinə yetirir, səhər Cəbrayıl istiqamətində kiçik bir əks-hücum təşkil etdik, uğur qazandıq. Vəziyyət hazırda belədir, biz vəzifəmizi yerinə yetirməyə davam edirik və sonadək yerinə yetirəcəyik.” Hökumət ilə ordunun bu qarşıdurması müharibə davam edərkən də özünü göstərirdi. Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun Cəbrayıl istiqamətində irəliləməsini satqınlıqla əlaqələndirirdi. Paşinyan qeyd edir: “Bir neçə gün əvvəl, bəzi insanların cəbhə xəttində göründüyü və döyüşən əsgərlərə Nikolun torpağı satdığına inandırdıqları barədə məlumat aldım. Əsgərlərə bu müharibənin razılaşdırılmış müharibə olması barədə yalan məlumatlar verilib. Onlara deyilib ki, bura sizi ona görə qoyublar ki, müharibənin razılaşdırılmış olması başa düşülməsin və sizin ölümünüz üzərindən müqavilənin labüdlüyü heç kəsdə şübhə yaratmasın. Bəzi məlumatlara görə, əsgərləri bəzi mövqeləri düşmənə təslim etməyə razı salıblar. Mənim tapşırığımla Milli Təhlükəsizlik Xidməti araşdırma başlatdı və bu adamlardan birinin Xankəndi sakini olduğu ortaya çıxdı. Bu adam İrəvanda saxlanılıb.” Bu açıqlamadan qısa müddət sonra Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəisi Argişti Kərəmyanın vəzifəsindən azad edildiyi məlum oldu.

Cəbrayıl cəbhəsində real vəziyyəti dünyaya ilk olaraq “Novaya qazeta” qəzetinin müxbiri İlya Azar çatdırdı. Onun müharibə davam edərkən Cəbrayılda vuruşmuş könüllü erməni əsgəri ilə müsahibəsinin təsiri o qədər güclü olur ki, Ermənistan hökuməti 2 gün sonra jurnalistə akreditasiya verməkdən imtina edir.* İlya Azar yazırdı: “Könüllü Artur Hovhannisyan dostlarını doğma Gümrüdə dəfn etmək üçün gəldiyini deyir. Ya da ola bilər ki, bura özü də ölmək istəmədiyi üçün gəlib. O mənə cənub cəbhəsində nə baş verdiyi barədə bunları danışır: “Onlar [Ermənistan hakimiyyəti] insanları aldadırlar! 18 yaşlı əsgərləri bir avtomatla cəbhəyə göndərirlər. Bizə isə patronun, tankın olmadığını deyirlər. Zirehli gödəkçələrin hamısı ölü əsgərlərin üzərindədir. Orada heçnə yoxdur. Yemək gətirən maşın bütün ərzaqları yola boşaldır. Yemək üçün “Qrad” atəşi altında 4 km yol getməliyik. Biz 8 dost 4-cü xətdəki əsgərlərin yeməyini gətirmək üçün 4 gün gecə və gündüz gəzmişik”. Ondan bura necə gəldiyini soruşdum: “Yenicə gəldim, hətta sənədlərim yox idi, avtomat alıb getdim. Cəbrayılda iki qardaşım vardı və mən də onların ardınca gedib orada qaldım. Mən Gümrüdənəm, amma Fransa vətəndaşıyam, iki həftə əvvəl oradan gəlmişəm. Bu bir adamla deyil, təyyarələrlə, “Qrad”la müharibədir. Biz 4 xətt boyunca geri çəkiləndə onlar iki xətt boyunca üzərimizə hücum edirlər. Dünən Hadrutdaydıq, zabitlər gəlib bizim komandirin mühakimə olunacağını dedilər. Komandir gecə bütün əsgərləri toplayıb Cəbrayıldan getmələrini söylədi. Yuxarıdan gələn əmrlərə tabe olmadı. Onun bu sözləri yadımdadı: “Siz nə edirsiniz? Bu uşaqlar hara gedəcək? Əlbəttə, mən hərbi xidmət keçmişəm, lakin bu xidmət də mənə orada kömək etməyəcək. Aviasiya və artilleriyaya qarşı avtomatla müharibə. Orada mən canlı bir cəsəd kimiyəm”.

Döyüşlərdə ağır itkilər nəinki əsgərləri, eyni zamandan zabitləri də həvəsdən salmışdı. Cəbrayılda erməni ordusunun yaşadığı panikanı döyüşlərdə könüllü olaraq iştirak etmiş MMA döyüşçüsü Eduard Vartanyan belə anladır: “Müdafiə çox bərbad təşkil edilmişdi. Üç saatlıq döyüşdən sonra dördüncü müdafiə xətti birinci müdafiə xəttinə çevrilirdi. Zabitlər əsgərlərə ikinci xəttin təmizləndiyini bildirərək ora getməyi əmr edirdi. Onlar səngərdən çıxan kimi Azərbaycan ordusu onları artilleriya ilə məhv edirdi. 80 nəfərlik bölükdən təxminən 40 nəfər sağ qalmışdı. Döyüşlər davam edən zaman Komitas** adlı general təcili yardım maşınını saxladı və oradakı yaralı əsgəri çıxardaraq döyüş bölgəsindən qaçdı. Azərbaycan ordusunun mülki obyektlərə, o cümlədən təcili tibbi yardım maşınlarına atəş açmadığı üçün general bu maşından istifadə etmişdi. Generalın maşından bir yaralı deyil, bir neçə nəfəri atmağı əmr etdiyinə dair sübutlar da var.” Bununla birlikdə, cəbhədəki panikadan istifadə edib silah alveri ilə məşğul olanlar ortaya çıxmışdı. Erməni mətbuatı adı çəkilməyən şəxsin Laçın rayon polis şöbəsinin rəis müavini olduğunu qeyd edir.  İstintaq zamanı müəyyən edilib  ki, Cəbrayıldakı döyüşlərdə iştirak edən polis məmuru 45 ədəd Kalaşnikov avtomatı, 8 patronlu tapança, ov tüfəngi, onlar üçün yüzlərlə patron, qumbaranı Ermənistanın Sünik mərzinin Tex kəndinə aparıb və orda dostunun evində gizlətmişdi. Bir müddət sonra həmin şəxs əldə etdiyi silahları satmaq istədiyi zaman Ermənistan MTX-sı tərəfindən saxlanılır.

 

Cəbrayıl şəhəri uğrunda döyüşlər

4 oktyabr səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhədə vəziyyətin gərgin olaraq qaldığını, bütün istiqamətlərdə şiddətli döyüşlər getdiyini bildirir. Dağlıq Qarabağdakı erməni komandanlığı cəbhə xəttindəki ağır döyüşlərin getdiyini təsdiqləyir. Həmin gün saat 16:00 radələrində Azərbaycan Müdafiə Nazirliyi erməni qüvvələrinin Ağcabədidə Sarıcalı, Ağdam rayonunun bir neçə yaşayış məntəqəsini və Bərdə rayonunda Şahvəliləri atəşə tutduğunu bildirdi. Təxminən 40 dəqiqə sonra Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan qüvvələrinin Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun bir neçə yaşayış məntəqəsini nəzarətə götürdüyü barədə açıqlama verir. Elə həmin gün prezident İlham Əliyev general-mayor Hikmət Mirzəyevi, general-mayor Mayis Bərxudarovu və rəhbərlik etdikləri şəxsi heyəti Cəbrayıl şəhərinin və 9 kəndinin tutulması münasibəti ilə təbrik etdi. Dağlıq Qarabağ separatçılarının mətbuat katibi Vahram Poqosyan öz Feysbuk səhifəsində Azərbaycan mətbuatının Cəbrayılın ələ keçirilməsi ilə bağlı yaydığı məlumatları təkzib etdi: “Cəbrayılın alınması həqiqətlə heç bir əlaqəsi olmayan ağ yalandır. Müdafiə ordusu, düşmənin bütün hücum əməliyyatlarının qarşısını alaraq hər istiqamətdə vəziyyəti nəzarətdə saxlayır". Separatçıların rəhbəri Arayik Arutyunyan da 5 oktyabrda Cəbrayılın alınması xəbərinin həqiqəti əks etdirmədiyini bildirir: “Səhər cəbhənin cənub istiqamətində, Cəbrayılda oldum. Yerində vəziyyətlə tanış olduq, komandanlıq ilə qarşıda duran vəzifələri müzakirə etdik. Uşaqların döyüş ruhu və  qələbəyə inamı məni heyran etdi. Təkcə bu istiqamətdə deyil, təmas xəttinin bütün perimetri boyunca Qarabağ Müdafiə Ordusu hər santimetr torpaq uğrunda ölüm-dirim mübarizəsini davam etdirir. Düşməni məğlub etmək səylərimiz, şübhəsiz ki, uğurla nəticələnəcək.

Bu əsnada Azərbaycan ordusu Cəbrayıl istiqamətində çox saylı canlı qüvvə toplamışdı. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov düşmənin bütün cəbhə boyu hücuma məruz qaldığını, canlı qüvvədə böyük itkilər verdiyini bildirir. Cəbrayılın işğaldan azad edilməsi xəbərinə baxmayaraq şəhərin Azərbaycan ordusunun nəzarətində olduğunu göstərən video görüntü yox idi. Azərbaycan MN-in paylaşdığı sonuncu video görüntü Şükürbəyli və Şeybəy kəndlərindən idi. İşğaldan azad edilmiş yerlərdən ilk çəkiliş aparan xarici jurnalistlər isə “tv100” jurnalistləri Burak Ersemiz və Bülent Kördemirci idi. Onların işğaldan azad olunmuş Cəbrayıl şəhəri adı ilə göstərdikləri görüntülər isə əslində Cəbrayılın Şükürbəyli kəndindən idi. Video görüntülərin olmaması və türk jurnalistlərin Şükürbəyli kəndindən Cəbrayıl istiqamətinə buraxılmaması şəhərdə döyüşlərin davam etdiyini göstərirdi. 5 oktyabrda Dağlıq Qarabağ separatçılarının mətbuat katibi Vahram Poqosyan müvəqqəti olaraq cəbhənin bəzi hissələrində geri çəkilmə barədə məlumat verir. Məlumatda deyilir: “Spekulyasiyalardan qaçmaq üçün bildirmək istəyirəm ki, Müdafiə ordusu cəbhənin bəzi sektorlarında "lazımsız itkilərdən qaçmaq və düşmənə daha çox ziyan vurmaq" üçün geri çəkilib. Müdafiə ordusunun komandanlığı döyüşləri məharətlə idarə edir və düşmən qoşunlarının geri çəkilməyə başlayacağı gün uzaqda deyil.

Qafqaz və Balkan problemləri üzrə mütəxəssis, politoloq Yevgeni Krutikov yazır: “5 oktyabr tarixində Cəbrayıl şəhərinə hansı tərəfin nəzarət etməsi barədə məsələ mübahisəli olaraq qalırdı. Azərbaycan tərəfi Cəbrayılın özündə olması barədə rəsmi açıqlama versə də görünür ki, bu tamamilə doğru deyildi. Azərbaycan ordusu Cəbrayılın içinə girsə də erməni artilleriyasının atəşi altında burada möhkəmlənə bilməmişdi.

 

Erməni ordusunun əks-hücumu

4 oktyabrda prezident İlham Əliyev “Tvitterdə” Cəbrayıl şəhəri ilə yanaşı bu rayona daxil olan Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndlərinin  işğaldan azad edilməsi barədə məlumat paylaşdıqdan sonra Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan ordusunu Cəbrayılda bir sürpriz gözlədiyi barədə açıqlama verir: “Biz Azərbaycan hərbçilərini Cəbrayıl istiqamətində tələyə salmışıq. Azərbaycan ordusu hücuma keçmək üçün dəhlizdən çıxaraq Azərbaycan birləşmələrinə bir neçə tərəfdən hücum edən Qarabağ hərbçilərinin tələsinə düşüb. Qarabağ komandanlığının qərarı ilə cənubda taktiki olaraq geri çəkilmə qərarı aldıq və oradakı Azərbaycanın hərbi korpusunu aldatdıq. Bu korpus sözün əsl mənasında sarsıdıcı zərbələr alacaq. Düşünürəm ki, bu əməliyyat müharibənin əsas anı olacaq. Bu dəqiqələrdə mənim aldığım məlumat görə Qarabağ ordusunun qələbəsi üçün əsl təməl qoyulur.

Bundan əvvəl şimal cəbhəsində də ermənilər əks hücuma keçərək Azərbaycan ordusuna ağır itkilər verdiklərini bildirmişdilər. Madagiz istiqamətində baş verən hadisələr haqqında müvafiq video yayımlansa da ərazinin ermənilər tərəfindən ələ keçirilməsi haqqında heç bir sübut təqdim edilmədi. Reallıq isə başqa cür idi. General-mayor Mayis Bərxudarovun komandanlığı altında olan Azərbaycan ordusunun birləşmiş korpusu Araz çayı vadisi və İran sərhədi boyunca düzən ərazidə 10 gün ərzində yavaş-yavaş hərəkət edirdi. İran sərhədi boyunca və şimalda Cəbrayılın bir çox kiçik kəndləri ələ keçirən ordu Cəbrayıla yaxınlaşırdı. Bundan sonra erməni komandanlığı "lazımsız itkilərdən qaçmaq" üçün ordunu dağətəyi ərazilərə geri çəkmə haqqında qərar qəbul etdi. General Bərxudarovun korpusu məhz Cəbrayıl şəhəri yaxınlığında ermənilərin sıx müdafiəsi ilə toqquşdu. Bu istiqamətdə Azərbaycan ordusu dayandı və ağır itkilər verməyə başladı. Bir neçə dəfə Azərbaycan qoşunları eyni tələyə düşdülər. Geri çəkilən erməni ordusu irəliləyən Azərbaycan ordusunu Reaktiv yaylım atəş sistemi (RYAS) ilə atəşə tutdular. Ordunun getdiyi istiqamətlər bəlli olduğu üçün erməni komandanlığı həmin istiqamətləri artilleriya atəşinə məruz qoyurdu. Azərbaycan ordusu birbaşa atəşlə təmasdan qaçmağa çalışsa da kəndlərin xarabalıqları üzərində bayraq qaldırmaq istəkləri itkilərə səbəb olurdu. İtkilərdən qaçmaq üçün Bərxudarov dağətəyinə cəbhədən hücum etmək əvəzinə hücum istiqamətini dəyişdi.  Ordu birdən-birə Araz çayı vadisi boyunca Gəyən düzü boyunca hərəkətə başladı. Beləliklə, ordu heç bir çətinlik çəkmədən müdafiə edilməyən bir ərazini ələ keçirdi, ancaq bununla da hücumların cinahı açıq şəkildə əyildi. Ermənilər Cəbrayıldan İran sərhədinə qədər olan dar dəhlizi kəsə və Azərbaycan korpusunun irəliləyən bölmələrini mühasirəyə ala bilərdi. Oxşar əməliyyatı 2014-cü ildə Donbas müharibəsində Donetsk separatçıları həyata keçirmişdi: həmin vaxt Ukrayna ordusunun paraşütçüləri dar dəhliz boyunca cəbhəni yarmışdı. Ancaq Rusiya sərhədi istiqamətində həmin bölmələrin yolu kəsilərək mühasirəyə alındıqdan sonra burdakı Ukrayna əsgərlərinin bir hissəsi əsir alınmışdı, digərləri isə artilleriya atəşi altında məhv edilmişdi. Görünür, Paşinyanın nəzərdə tutduğu da məhz bu cür əməliyyat idi.

Cəbrayılda ağır döyüşlər 56 oktyabrda da davam etdi. 7 oktyabr saat 08:53 radələrində Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 6-dan 7-nə keçən gecə Qarabağ münaqişəsi zonasında bütün cəbhə boyu şiddətli döyüşlər aparıldığını qeyd edir. Erməni tərəfi də toqquşmaları təsdiqləyir, eyni zamanda Azərbaycan hərbçilərinin cənub-şərq istiqamətinə keçmək cəhdini açıqlayır. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan 7 oktyabrda özünün “Feysbuk” səhifəsində döyüşlər barədə bunu qeyd edir: “Gecə düşmən cənub-şərq istiqamətində (Cəbrayıl yaxınlığında) irəliləməyə və möhkəmlənməyə çalışsa da erməni hərbçilərinin hədəf aldığı raket və artilleriya atəşinə məruz qalıb. Səhər saat 06:30-da növbəti raket və artilleriya zərbəsindən sonra üç düşmən briqadasının qalıqları panika içərisində geri çəkilib. Düşmən 60 nəfər canlı qüvvə itirib, onun 22 ədəd hərbi texikası sıradan çıxarılıb. Bu dediklərimin video görüntüsü hazırlanır və birazdan yayımlanacaq. Hazırda Müdafiə Ordusu cəbhənin müxtəlif hissələrində təşəbbüsü ələ alır.” Həmin gün saat 16:46 radələrində erməni tərəfi Cəbrayıl şəhəri ərazisindəki hücum zamanı Azərbaycanın böyük bir yanacaq və sürtkü bazasının məhv edildiyini bildirir. Bakı isə öz növbəsində Cəbrayıl şəhərində öldürülən 60 Azərbaycan əsgəri haqqında məlumatı yalan adlandırdı.

Ermənistan ordusunun Azərbaycanın 3 briqadasını mühasirəyə alması barədə bəyanatları da həmin vaxt hərbi ekspertlər tərəfindən şübhə ilə qarşılanırdı. Rusiya FSB-sinin keçmiş əməkdaşı, polkovnik İqor Strelkov 8 oktyabrda belə bir açıqlama vermişdi: “Mənə elə gəlir ki, müharibənin taleyinin bu şəhərdə həll olunduğu barədə məlumatlar şişirdilir. Hətta erməni qoşunları üç briqadanı mühasirəyə ala bilsələr belə, hansı ki, bu məlumat mənə heç inandırıcı gəlmir, o demək deyil ki, bu briqadalar yenidən mühasirəni yara bilməyəcək. Erməni tərəfinin Cəbrayıl istiqamətində göstərdiyi video görüntülər uzun məsafədən çəkilib və bu ərazi üç briqadanın toplanacağı bir yer ola bilməz. Hərbi baxımdan Azərbaycan qoşunlarının cənub-şərq istiqamətindəki yaratdığı dərin çıxıntını bağlayıb mühasirəyə almaq mümkündür.  Bunun üçün kifayət qədər qüvvə və vasitə lazımdır ki, hazırda bu erməni tərəfində yoxdur. Bundan başqa ciddi bir "amma" var. Havada üstünlük tamamilə Azərbaycan aviasiyasına məxsusdur və belə bir şəraitdə mühasirə qeyri-mümkündür”. Daha sonrakı hadisələr Strelkovun gümanının doğru olduğunu göstərir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov erməni əks-hücumu ilə bağlı  “REAL TV”-yə verdiyi müsahibəsində bunları deyirdi: “Paşinyan çıxışı ilə erməni xalqını aldatdı . Bütün məlumatları təhlil etdik. Dərhal general Bərxudarova Cəbrayıl ətrafındakı yüksəkliklərdə mövqelərini gücləndirmək əmri verdim. O, mənə düşmənin cəmləşməsi və hazırlanan hücum barədə məlumat verdi. Bərxudarov əlavə etdi ki, düşmən qüvvələri çox deyil. Düşündüm ki, bəlkə də döyüş kəşfiyyatı aparmaq istəyirlər. Mayis mənə hesabat verəcəyini söylədi. Əslində hücuma keçməyi belə bacarmadılar. Topçularımız onları yerindəcə məhv etdi. Mənim fikrimcə hərbçilərə nəyin bahasına olursa olsun Cəbrayıla çatmaq və götürmək vəzifəsi verilmişdi. Hücumun aparılmasından hiss olunurdu ki, bu əməliyyatın arxasında hərblə əlaqəsi olmayan şəxs durur. Yetərli qüvvə olmadığı üçün onlar sadəcə hücumu simulyasiya etdilər.” Bu əks hücumda iştirak edən başqa bir erməni könüllüsünün qeyd etdiyi kimi: “Bizim yuxarıdakılar çox pis insanlardır, onlar bizi Cəbrayıla hücum etməyə səsləyirlər, hansı ki, o artıq bizdə deyil.” Bu əks-hücum zamanı böyük itki verən erməni ordusu hücumu sona çatdırmadan geri çəkilməyə məcbur oldu. Eduard Erikson yazır: “Kampaniyanın bu mərhələsində Azərbaycan silahlı qüvvələrinin operativ və taktiki təşəbbüsü açıq şəkildə ortaya çıxdı. Azərbaycan oktyabrın 10-a qədər Cəbrayıl və yaxınlıqdakı bir çox kəndləri azad etdi. Bu tarixdən etibarən Ermənistanın əsas müdafiə xətti tam olaraq qırıldı. Erməni ordusu yüksək keyfiyyətli zirehli maşın və texnikadan əl çəkərək şimala doğru, Hadrut istiqamətində geri çəkildi. Bu da öz növbəsində Gəyən düzü istiqamətində hərəkət edən digər ordunun işini asanlaşdırdı.” Beləcə, 10 oktyabrda Cəbrayıl uğrunda müharibə başa çatdı.

 

Tərəflərin canlı və texniki itkiləri

Cəbrayıl istiqamətində döyüşlər gedən zaman daha bir dezinformasiya isə döyüşlərə komandanlıq edən Mayis Bərxudarovun əsir alınması xəbəri idi.  “Armenpress” xəbər agentliyinin yazdığı xəbərdə deyilir: “Azərbaycan tərəfi general-mayor Mayis Bərxudarovun əsir götürülməsi barədə məlumat verir. Bu barədə Azərbaycanın "Gənc Bozqurdlar" saytı məlumat yayıb. Saytın yazdığına görə Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Mayis Bərxudarov yaralanaraq əsir götürülmüşdür.” “Armenpress” xəbər agentliyinin istinad etdiyi “Gənc Bozqurdlar” səhifəsi əslində Azərbaycan dilində xəbərlər paylaşan erməni səhifəsi idi, müharibə başlayan ərəfədə isə adını dəyişdirmişdi. Bu xəbərin inandırıcılıq payı o qədər aşağı idi ki, hətta Ermənistan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyana bununla bağlı sual veriləndə faktiki olaraq bunu təkzib etmişdi: “Hazırda deyə bilərəm ki, bizim tərəfdə əsir və ya yaralı yoxdur. Bizim tərəfimizdə çox sayda Azərbaycan hərbçisinin cəsədi var, bunu qəti şəkildə nə  təkzib edə, nə də təsdiq edə bilmərəm”. 4 oktyabrda Ermənistan Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Şuşan Stepanyan “Feysbuk” səhifəsində bunları qeyd edir: “Müdafiə ordusu düşmənin bu gün başlayan genişmiqyaslı hücumunu yatırmağı bacardı. Qüvvələrimiz istiqamətlərdən birində əks-hücuma keçib. Cəbrayıl istiqamətində  Azərbaycan Hərbi Hava Qüvvələrinə aid 3 təyyarə vurulub.” Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə vurulan təyyarələr barədə məlumatı təkzib edir. Məlumatda deyilir: “Bir daha təkrar edirik ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın pilotsuz hava aparatları Ermənistan Silahlı Qüvvələrinin hərbi texnikasını məhv etməyə davam edir. Hərbi əməliyyatların video çəkilişləri pilotsuz təyyarələrimiz tərəfindən mütəmadi olaraq ictimaiyyətə təqdim olunur.” Lakin həmin gün Azərbaycanın bir Su-25 təyyarəsi vurulmuşdu. Müharibədən sonra Azərbaycan rəsmi olaraq bunu qəbul edir. Polkovnik-leytenant Elçin Məmmədov həmin hadisə ilə bağlı bunları deyir: “Həmin gün Su-25 hücum təyyarəsi pilotu Zaur Nudirəliyev təyin olunmuş döyüş tapşırığını yerinə yetirmək üçün Cəbrayıl istiqamətindəki hədəfə yaxınlaşdı. Bu zaman mərkəzi komandanlıq məntəqəsinə düşmənin hava hücumundan müdafiə sistemlərinin işə salındığı barədə məlumat daxil oldu, kəşfiyyata görə bu ərazidə düşmənin hava hücumundan müdafiə sistemi olmamalı idi. Nudirəliyevin vurulma ehtimalı yüksək olduğundan dərhal geri qayıtması əmr edildi. Nudirəliev nəzərdə tutulan hədəfə zərbə endirir, ancaq geri dönərkən onunla əlaqə kəsilir. Zaur Nudirəliyevin Su-25 təyyarəsi düşmənin hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, lakin əsir düşməmək üçün Nudirəliyev onu atmayıb. Ağır yaralansa da, düşən təyyarəni canlı qüvvəni və zirehli maşınlar istiqamətinə yönəldərək özü ilə birlikdə onları məhv edir.” Bu Azərbaycanın müharibədə itirdiyi yeganə Su-25 qırıcı itkisi idi. Təsdiq edilməmiş məlumatlara görə, Cəbrayıl istiqamətində RYAS atəşləri zamanı 200 nəfərə yaxın Azərbaycan əsgəri həlak olmuş, bir neçə texnika isə sıradan çıxarılmışdı. Bundan başqa ermənilər cəbhə istiqamətinə çox yaxın yerdə duran 2 ədəd 122 mm-lik D-30 haubitsanı vura bilmişdi.

Erməni tərəfdə isə itkilərin sayı qat-qat çox idi. Ermənistan MN-in verdiyi məlumata görə, 27 sentyabrdan oktyabrın 7-nə qədər bütün cəbhə boyu 280-dən çox erməni hərbçisi həlak olub. Cəbrayılda könüllü olaraq vuruşmuş Artur Ovannisyan isə bu rəqəmlərin həqiqəti əks etdirmədiyini bildirir. İlya Azar və Ovannisyanın dialoqu belə idi:

- Ermənistan rəhbərliyinin açıqlamalarına görə itki təxminən 200 nəfərdir. Bu həqiqətə bənzəyirmi? Ermənistan hakimiyyəti ölən əsgərlərin şəxsi məlumatlarını dərc edir, eyni zamanda, hücumun obyektiv olaraq daha çətin olduğunu nəzərə alaraq 3 mindən çox düşmən əsgərini məhv etdiklərini bildirir. Hansı ki, bu rəqəmlər ciddi şübhə doğurur.

- 200 nəfər gözümün qabağında öldü, bizim xətdə! Və ümumilikdə minlərlə ölü var!

Artur Ovannisyanın dedikləri əslində şişirtmə deyil. Ermənistan ordusunun İkinci Qarabağ müharibəsində verdiyi ümumi itkilərin 2530 faizi Cəbrayıl istiqamətində döyüşlərin payına düşür. Ümumilikdə, erməni ordusu cənub istiqamətində ən yaxşı hazırlıqlı əsgərlərini də burada itirdi. Müharibənin bitməsindən 1 il keçməsinə baxmayaraq hələ də Cəbrayılda erməni əsgərlərinin qalıqları tapılmaqdadır.

 

Analiz və nəticə

Cəbrayılın alınmasına qədər əksər hərbi ekspertlər ermənilərin güclü müqavimətinə əsaslanaraq kampaniyanın Azərbaycan üçün mənfi formada davam etdiyini bildirirdi. BBC icmalçıları qeyd edir: “Azərbaycan ordusu 9 oktyabr tarixinə qədər yeddi rayondan birinin inzibati mərkəzi olan Cəbrayıl şəhərini ələ keçirdi. Ordunun iki həftə ərzində aşdıqları ərazi cəbhə xəttindən 20 kilometr aralıda idi. Yəni, ilk günlərdə Azərbaycan qoşunlarının hücumunu sürətli adlandırmaq olmazdı.” Bununla belə, ehtiyatlı açıqlamalar verən hərbi ekspertlər də var idi. Yevgeni Krutikov yazır: “Hazırda hərbi əməliyyatları Ermənistan üçün uğurlu saymaq olar, ancaq bu nailiyyəti passiv uğur hesab etmək lazımdır. Bərxudarovun korpusu ciddi itki versə də geri çəkilmədi. İndi onlar Cəbrayılın yuxarı və şimalındakı ərazilərdəki erməni mövqelərinə hücum cəhdlərini davam etdirirlər.

Eduard Erikson Cəbrayıl döyüşlərinin kuliminasiya anı kimi erməni ordusunun 3 oktyabra qədər olan itkilərini qeyd edir: “Hərbi əməliyyatların qırılma nöqtəsi kimi 3 oktyabrı göstərmək olar. Ermənilər 3 oktyabra qədər yüzlərlə tank, top və çoxlu raket sistemləri, zirehsiz yük maşınları və nəqliyyat vasitələri itirdilər. Üstəlik, çoxlu silah-sursat anbarını, komanda məntəqəsi və kommunikasiya xətləri boyunca sursat və ərzaq tədarükündən məhrum oldular.

Azərbaycanlı konfliktoloq və tarixçi Arif Yunus Cəbrayıl döyüşlərini və ümumi hərbi kampaniyanı belə xarakterizə edir: “Azərbaycan birinci mərhələdə, ilk müdafiə xəttini qıranda ağır itkilər verdi. Bu ərazilərdə mina sahələri var, çətin idi. İkinci mərhələdə isə ermənilər böyük itkilər verdilər. Ermənilərin əsas səhvi müharibənin 5–7 gün davam edəcəyi və ən əsası, bu müddət ərzində Rusiyanın mütləq köməyə gələcəyini gözləməkləri idi. Müharibə bir ay yarım davam etdi və Rusiya artıq tamamilə məğlub olduqları anda gəldi. Müharibənin hələ ortalarında artıq uşaqlar orduya götürülməyə başlanmışdı. Bir çox erməni saytlarında əlində avtomat olan məktəbliləri görürdüm. Bu görüntü artıq erməni ordusunun nə cür ağır vəziyyətdə  olduğunu göstərirdi.”  

Polkovnik İqor Strelkov isə ermənilərin məğlubiyyətini öz güclərinə həddindən artıq çox arxayın olmaları və ümumi strateji planlara malik olmamaqla əlaqələndirir: “Strateji bir plan olmalıdır. Ermənilərin strateji planı hər şeyi müdafiə etməkdən ibarət idi. Onlar yaxşı möhkəmləndirilmiş sahələr qurmuşdular, amma nədənsə düşmənin hava üstünlüyü ümumiyyətlə nəzərə alınmamışdı. Nəticədə bütün tanklar, piyada döyüş maşınları, demək olar ki, bütün silahları açıq yerdə durduğu üçün rahatlıqla vuruldu. Bəli, yaxşı səngərlər, mina sahələri var idi, ancaq havadan hətta kamuflyaj belə yox idi. Onlar ümid edirdilər ki, müharibə aparmağı bacarmayan azərbaycanlıları yenidən məğlub edəcək və onları işğal olunmuş ərazilərə buraxmayacaqlar. Onların bütün cəbhə boyu inadlı müqaviməti 1939-cu ildə Polşa ordusunun Dansiq dəhlizindən Karpata qədər hər şeyi müdafiə etmək istəməsini xatırladır.” Onun fikrincə, ermənilərin bu münaqişədə əsas səhvləri yeni müharibəyə hazırlaşmamaları idi. Güclərinə tam arxayın olan ermənilər düşmənin sərhəd boyu möhkəmləndirilmiş əraziləri yarıb keçə biləcəyini ümumiyyətlə nəzərə almamışdılar: “Ən son texnologiyadan və qüvvələrin üstünlüyündən istifadə edən Azərbaycan ordusu Araz boyunca müdafiə xəttini yardıqdan sonra cəbhə dərhal çökdü. Arxa tərəfdə əvvəlcədən hazırlanmış möhkəmləndirilmiş sahələr, müqavimət qovşaqları yox idi. Azərbaycan qoşunları o andan etibarən əks-hücumları asanlıqla dəf edərək hər tərəfə hücum etməyə başladılar. Başqa bir səhv ermənilərin düşmənin tam hava üstünlüyü şəraitində əks-hücuma keçməyə çalışması idi. Onlar Cəbrayıla hücum etməkdənsə Hadrut istiqamətində yeni müdafiə xətləri qurmalı idilər”. Strelkovun səhv olaraq gördüyü sonuncu amili Seyran Ohanyan da qeyd edir: “Əlbəttə ki, biz güclü koalisiyaya qarşı mübarizə apardıq, amma inanıram ki, buna baxmayaraq qalib gələ bilərdik, xüsusən Cəbrayılın dağlıq meşə sahəsinin müxtəlif yerlərində və Hadrutda möhkəmlənə bilərdik.

Beləliklə, Cəbrayılın alınması ilə Azərbaycan ordusu 10 oktyabrdan etibarən şimal və qərb istiqamətdə sürətlə irəliləməyə başladı. Füzuli döyüşləri istisna olmaqla, Azərbaycan ordusunun ən çox itki verdiyi və müqavimətə rast gəldiyi döyüş Cəbrayıl oldu. Hərbi ekspert Ədalət Verdiyev də ikinci Qarabağ müharibəsində ən ağır döyüşlər gedən yerlərdən biri kimi Cəbrayılı qeyd edir. Cəbrayıl birinci Qarabağ müharibəsi zamanı da ən ağır döyüş gedən ərazilərdən biri olub. Lənkəran batalyonu ilə erməni ordusu arasında Cəbrayıl şəhəri uğrunda döyüşlərdə şəhər  3 dəfə əldən ələ keçmişdi. Nəticədə, Cəbrayıl şəhəri 20 avqustda tam olaraq erməni ordusu tərəfindən işğal edilir (Jiroxov, 2012:274). Vətən müharibəsi zamanı Cəbrayılda gedən döyüşlərdə hər iki tərəfdən nə qədər canlı qüvvənin iştirak etməsi bəlli deyil. Azərbaycan Prezidenti İlham Əliyevin 10 min 211 nəfəri “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etməsinə əsaslansaq, ümumi kampaniyada ehtiyat qüvvələrlə birlikdə 10 minə yaxın hərbçinin iştirak etdiyini söyləmək olar.

Qeydlər:

* Oktyabrın 8-də Ermənistan hökuməti "Hərbi vəziyyətin hüquqi rejimi haqqında" qanuna dəyişiklik  edilməsi barədə qərar qəbul edir. Sənəddə həmçinin qeyd olunur ki, Ermənistan polisi nəşr olunan mesajların və nəşrlərin silinməsini tələb etmək, "çap cihazlarını, yayım, səs gücləndirən texnika avadanlıqları və surət maşınlarını müvəqqəti olaraq müsadirə etmək və ya həbs etmək" səlahiyyətinə malikdir.

** Komitas Muradyan nəzərdə tutulur.

İstifadə edilən ədəbiyyat:

Жирохов, Михаил (2012) Меч и огонь Карабаха. Хроника незнаменитой войны. 19881994